Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1333/2023 23.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X6 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ümumi istifadədə olan yolun qanunsuz zəbt edilmiş hissəsinin boşaldılması tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsi binasında 23 noyabr 2023-cü il tarixdə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı ümumi istifadədə olan yolun qanunsuz zəbt edilmiş hissəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, Gəgiran kəndi ərazisində 0,11 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. Həmin həyətyanı torpaq sahəsi valideynlərinin, ailə üzvərinin istifadəsində olmuşdur. Bu həyətyanı torpaq sahəsində ailə üzvlərinin yaşadığı 1981-ci ildə tikilmiş fərdi yaşayış evi yerləşir. Onun mülkiyyətində olan həyətyanı torpaq sahəsində yerləşən və 1981-ci ildə tikilmiş fərdi yaşayış evinə mülkiyyət hüququ atası X1 adına qeydə alınmışdır. Atası H. Orucov 2015-ci ilin iyul ayında vəfat etmişdir. Hazırda həmin evdə anası X5, qardaşı X3 və ailə üzvləri yaşayırlar. Mülkiyyətində olan Gəgiran kəndində yerləşən torpaq sahəsi sənədə əsasən 0,11 ha göstərilsə də, faktiki olaraq 0, 1058 ha-dır, yəni 42 kv.m azdır. Mülkiyyətində olan torpaq sahəsinin kənarında ümumi istifadə üçün yol nəzərdə tutulmuşdur. Bu yolun təxminən 40 metr uzunluğunda, 7 metr enində hissəsi qonşusu olan Cavabdeh tərəfindən zəbt olunmuşdur. Dəfələrlə Cavabdeh zəbt etdiyi yolu buraxmasl təklif və tələb olunsa da, sonuncu ümumu istifadədə olan yolun zəbt etdiyi hissəsini buraxmaqdan imtina etmişdir. Hələ üstəlik yolun zəbt etdiyi hissəsində tikinti işləri aparmışdır. Cavabdehin yolu zəbt etməsi ilə bağlı aralarında olan mübahisə bir neçə ildir ki, davam edir. Bununla bağlı yerli bələdiyyəyə, icra nümayəndəliyinə, polisə müraciət etsə də məsələ həllini tapmamışdır. Mübahisənin əvvəlki araşdırılmaları zamanı “Torpağın mülkiyyətə verilməsinə dair” JN 186A saylı Şəhadətnaməyə əsasən məlum olmuşdur ki, qanuni əsaslarla cavabdehin və ailə üzvlərinin mülkiyyətində 0,07 ha həyətyanı torpaq sahəsi vardır. Lakin cavabdeh 0,14 ha torpaq sahəsindən istifadə edir. Cavabdeh ümumi istifadə üçün nəzərdə tutulmuş yolun onun mülkiyyətində olan həyətyanı torpaq sahəsinin bərabərində yerləşən hissəsini zəbt etmişdir. İddia ərizəsinə əlavə etdiyi 1 nömrəli fotoşəkildə cavabdehin paya və məftildən olan çəpərini həyətlərində olan tövləyə birləşdirdiyi görünür. Həmin çəpərdən cənub (aşağı) və şərqə (sağ) tərəf olan torpaq sahəsi ümumi istifadə üçün nəzərdə tutulmuş yola aiddir və cavabdehin istifadəsindədir. İddia ərizəsinə əlavə edilmiş 2 nömrəli fotoşəkildə mülkiyyətində olan həyətyanı torpaq sahəsində yerləşən yaşayış evi və bir qədər uzaqda tövlə və çəpər görünür. Çəpərdən qərbə (sağa) tərəf olan yola aid hissə cavabdeh tərəfindən zəbt olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş 3 nömrəli fotoşəkildə yolun zəbt edilmiş hissəsində cavabdehin apardığı tikili görünür. İddia ərizəsinə əlavə edilmiş 4 nömrəli fotoşəkildə mülkiyyətində olan torpaq sahəsində yerlən mərhum atası X1 mülkiyyətində olan ailə üzvlərinin yaşadığı, 1981-ci ildə tikilmiş fərdi yaşayış evi görünür. Qeyd olunanları nəzərə alaraq məhkəmədən ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən mülkiyyətində olan, Lənkəran rayonunun Gəgiran kəndi ərazisində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsi və digər qonşu həyətyanı torpaq sahələri mülkiyyətçilərinin ümumi istifadəsi üçün nəzərdə tutulan yolun Cavabdeh tərəfindən zəbt edilmiş hissəsinin zəbtdən azad edilməsi, zəbt edilmiş hissəsində yerləşən qanunsuz tikililərin sökülərək yolun sərbəst istifadəyə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib onun təmin olunmamasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə tərəfləri dinləyib, iş materiallarını, ekspert rəyini araşdıraraq hesab edir ki, iddia tələbi əsasız olduğuna görə təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz əmlakın dövlət reyestrində 83 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydə alınmaqla Hüququqların Dövlət qeydiyyatın haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ÇİXARİŞdan görünür ki, Lənkəran rayonunun Gəgiran kəndi ərzisində 0.1058 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən sahəsi 60.40 kv.m. olan ev mülkiyyət hüququ əsasında iddiaçının mərhum atası X1 adına xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının atası X2 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. İşə əlavə edilmiş “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN-186A saylı, kodu 80209018 olan Şəhadənamənin surətindən görünür ki, Lənkəran Rayon Aqrar İslahat Komissiyasının 18 iyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə Lənkəran rayonunun Gəgiran kəndində, 0,07 ha həyətyanı torpaq sahəsi Cavabdeh və qeyrilərinin mülkiyyətlərinə verilmişdir. İşə əlavə edilmiş mütəxəssis və ekspert rəylərindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2- 2043/2023 saylı mütəxəssis rəyinə əsasən, tədqiqat obyektinə baxış keçirilərək İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, islahat zamanı kompleks yerquruluşu layihəsinə əsasən İddiaçı məxsus həyətyanı torpaq sahəsi ilə Cavabdeh məxsus həyətyanı torpaq sahəsi arasında gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Lakin müəyyən olunmuşdur ki, torpaq islahatına dair kompleks yerquruluşu layihəsində nəzərdə tutulan həmin gediş-gəliş yolu faktiki vəziyyətdə naturaya (yerə) uyğun gəlmir. Qeyd olunan uyğunsuzluğun yaranma səbəbi torpaq islahatına dair kompleks yerquruluşu layihəsi hazırlanan zaman torpaqların naturada (yerdə) faktiki istifadə vəziyyətini özündə əks etdirməməsidir. Eyni zamanda İddiaçı tərəfindən faktiki vəziyyətdə gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin kompleks yerquruluşu layihəsində nəzərdə tutulan həmin gediş-gəliş yolu ilə uyğun gəlməməsi müəyyən olunmuşdur. Belə ki, İddiaçı tərəfindən faktiki vəziyyətdə gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin bir hissəsi mövcud baza məlumatlarında yol kimi deyil, həyətyanı torpaq sahələri olması araşdırma zamanı müəyyən olunmuşdur. Beləliklə, qeyd olunun səbəblərə görə İddiaçı tərəfindən gediş- gəliş yolu kimi iddia edilən torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilibedilməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən, “Azərbaycan Respublikasında torpaq münasüibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanına uyğun olaraq, Lənkəran rayonu ərazisində mövcud olan mülkiyyətçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçülərək həmin sahələrdən faktiki ölçülərinin koordinatları müəyyənləşdirilmiş və Lənkəran rayonu, Gəgiran kəndinə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində torpaq sahələri faktiki istifadə vəziyyətinə uyğun təsvir edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən yerdə yol olması müəyyən edilməmişdir. Ekspert rəyinə əlavə edilmiş bildirşdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil eləyir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı mütəxəssis rəyinə görə 95 manat xidmət haqqı ödəmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılmasına görə 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, işə əlavə edilmiş digər sənədlərin mübahisənin həllinə təsir göstərməmələri nəzərə alınaraq onların tədqiqinə ehtiyac yoxdur. Beləliklə məhkəmə tərəflər arasında olan mübahisəyə qiymət verərək qeyd edir ki, mövcud baza məlumastlarına əsasən İddiaçı tərəfindən faktiki vəziyyətdə gediş-gəliş yolu kimi iddia ərizəsində göstərdiyi torpaq sahəsinin bir hissəsi yol kimi deyil, həyətyanı torpaq sahəsi kimi qeyd edilmiş və torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən onun tərəfindən gediş-gəliş yolu kimi iddia edilən yerdə yol olması müəyyən edilməmişdir. Buna görə də məhkəmə onun iddiasını əsassız sayır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında iddiaçı iddiasının əsaslı olduğunu sübuta yetirə bilməmiş, eləcə də, mütəxəssi və ekspert rəyləri ilə onun iddiasının əsassız olduğu məhkəmə iclasında sübuta yetirilmişdir. Buna görə də məhkəmə hesab edir ki, onun iddiası təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mütəxəssis rəyinə görə ödənilmiş 95 manat xidmət haqqı və iddia ərizəsinə məhkəmədə baxılmasına görə ödənilmiş 100 manat dövlət rüsumu, iddia təmin edilmədiyi üçün iddiaçının özünə, eləcə də 50 manat ekspertiza tədqiqatının dəyəri ona aid edilməli, ondan 50 manat ekspertiza tədqiqatının dəyəri tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı ümumi istifadədə olan yolun qanunsuz zəbt edilmiş hissəsinin boşaldılması tələbinə dair iddiası təmin olunmasın. Ekspertiza tədqiqatının dəyəri 50 manat İddiaçı aid edilsin və ondan tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X8
Məhkəmə qərarları › İş №2(049)-1333/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1333/2023
23.11.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver