Məhkəmə qərarları › İş №2(049)-1341/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1341/2023

25.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1341/2023 25.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı X1 İstismar İdarəsinin qərarının ləğv edilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 İstismar İdarəsinin Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli xx.xx.2023-cü il tarixli aktın, həmin aktın xx.xx.2023-cü il tarixli tələbnaməsi üzrə 1440 kub metr qaz üzrə hesablanmış 172.80 manat haqqın istehlakçı tərəfindən ödənilməsi tələbi barədə qərarın ləğv olunması və həmin qərar əsasında hesablanmış 172.80 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Lənkəran rayonu Veravul kəndində yerləşən, özünə məxsus fərdi yaşayış evində yaşayır. Yaşadıqları evdə elektrik enerjisi və təbii qazdan istifadə edirlər. 2022-ci ilin ortalarında qaz idarəsinin əməkdaşları onların istifadə etdikləri qaz sayğacını dəyişdirmişlər. Sayğacın dəyişdirilməsinin dəqiq tarixini bilmir, çünki həmin vaxt o, evdə olmamış, həm də qaz idarəsinin xx.xx.2023-cü il tarixdə ona təqdim etdiyi "qaz sayğacının çıxanlması, quraşdırılması və istismara qəbulu haqqında" ******* saylı aktın surətində aktın tərtib olunma tarixi də oxunmur. Bu ilin fevral ayında onun 172.80 manat cərimə olunduğu məlum olmuş və o, X1 İdarəsinə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə həmin idarədən sənədlərin surətini ona təqdim etmişlər. Qərar və ona əlavə edilmiş sənədlərdən məlum olumuşdr ki, yaşadığı evin qaz xəttindən çıxarılmış sayğac götürüləndən bir neçə ay sonra xx.xx.2023-cü il tarixdə laboratoriyada yoxlanılmışdır. Yoxlama aktında qeyd edilmişdir ki, sayğacdan qaz keçir, lakin hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğacın zavod seriya nömrəsi yazılmış lövhə yararasız vəziyyətdədir. Xətalar təyin edilə bilmədi. Hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirildi, kənar təsir izləri aşkar edilmədi. Sayğac istismara yararsızdır. Təqdim olunmuş sənədlərdən də görünür ki, sayğaca müdaxilə olunmamışdır. Hesablama mexanizminin xəttdən keçən qazın həcmini qeyd etməməsinə isə abunəçi məsuliyyət daşımır. Digər tərəfdən hesablama mexanizminin qazın həcmini qeyd etməməsi həqiqəti əks etdirmir. Abonentin saldosu adlı sənəddən də görünür ki, əvvəlki sayğac işlədilərkən qaz sərfiyyatı qeyd edilmiş, onun tərəfindən istehlak edilmiş qazın dəyəri tam şəkildə ödənilmişdir. Qaz xəttində 2022-ci ilin yanvar ayında əvvəlki sayğac, 2023-cü ilin yanvar ayında isə yeni quraşdırılmış sayğac olmuşdur. 2022-ci lin yanvar ayında sərfin məbləği 12,72 manat, 2023-cü ilin yanvar ayında sərfin məbləği də 12,96 manat olmuşdur. Göründüyü kimi, 2022-ci ilin və 2023-cü ilin yanvar ayında qaz sərfiyyatı demək olar ki, eyni olmuşdur. Bu da əvvəlki sayğacın keçən qazın həcmini qeyd etməməsi barədə nəticənin əsassız olduğunu təsdiq edir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək tələbin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə istinad etməklə məhkəməyə ərizə təqdim edib iddia tələbini dəqiqləşdirərək “Azəriqaz” İB tərəfindən onun barəsində verilmiş xx.xx.2023-cü il tarixli akt əsasında hesabına işlənmiş 1440 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 172.80 manat borc məbləğinin silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iddiaçı hazırki iddia tələbini müdafiə etdiyini bildirdi və həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, o, istifadə etdiyi təbii qazın dəyərini həm köhnə, həm də yeni sayğac üzrə sərfiyyat göstəricilərinə uyğun və tam şəkildə mütəmadi olaraq ödəmişdir. Yaşadığı evin qaz xəttinə quraşdırılmış sayğac onun iştirakı olmadan dəyişdirilmişdir. O, qaz sayğacına heç bir müdaxilə etməmişdir və sayğacın istismara yararsız olması barədə hər hansı məlumatı yoxdur. Qaz İstismar İdarəsinin nəzarətçisi tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə bildiriş tərtib edilərək ona təqdim edilir. Lakin nəzarətçi belə bir qüsur aşkar etməmidir. Onun sayğacda olan nasazlıqdan əvvəlcədən məlumatı olmamışdır. xx.xx.2023-cü il tarixli qərarla heç bir qanuni əsas olmadan ona 1440 kub metr təbii qaz sərfiyyatı hesablanmış və həmin sərfiyyata uyğun olaraq onun hesabına 172.80 manat miqdarında debitor borcu daxil edilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən onun hesabına işlənmiş 1440 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 172.80 manat debitor borc silinməlidir. Ona görə də hazırki iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini qərara almışdır. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı iddiaçının izahatı, həmçinin, iş materiallarına əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın, qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli, təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın, dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamənin surətləri, abonentin saldosundan xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərə aid çıxarışlarla müəyyən edildi ki, “Azəriqaz” İB-nin X1 İstismar İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə Lənkəran rayonu Veravul kəndində iddiaçının yaşadığı fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair xx.xx.2022-ci il tarixli ******* nömrəli akt tərtib edilərək G-4 markalı ******* nömrəli sayğac çıxarılaraq yeni sayğacla əvəz edilmiş və əvvəlki sayğac növbədənkənar Dövlət yoxlamasına göndərilmişdir. Yoxlamanın nəticələrinə dair tərtib edilən xx.xx.2023-cü il tarixli ******* nömrəli aktda qeyd edilmişdir ki, sayğacdan qaz keçir, lakin hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğacın zavod seriya nömrəsi yazılmış lövhə yararasız vəziyyətdədir. Xətalar təyin edilə bilmədi. Hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirildi, kənar təsir izləri aşkar edilmədi. Sayğac istismara yararsızdır. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akt əsasında xx.xx.2023-cü il tarixli qərara əsasən iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 1440 kub metr müəyyən edilmişdir. Hazırda iddiaçı “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən onun barəsində verilmiş xx.xx.2023-cü il tarixli qərar əsasında onun hesabına işlənmiş 1440 kub metr itirilmiş təbii qazın və onun dəyəri olan 172.80 manat debitor borcun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı iddia tələbinin əsası kimi qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli akta, təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2023-cü il tarixli ******* nömrəli akta və xx.xx.2022-ci il tarixli abonentin saldosuna istinad edərək yaşadığı evdə istifadə etdiyi təbii qazın dəyərini mütəmadi olaraq və tam şəkildə ödədiyini, sayğacda olan qüsurdan məlumatı olmadığını, sayğaca ən geci ayda bir dəfə nəzarətçi tərəfindən baxış keçirildiyini, lakin nəzarətçinin də belə bir qüsur aşkar etmədiyini bildirir. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinə etirazlarının əsası olaraq məhkəməyə hər hansı sübut təqdim etməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: İddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış G-4 markalı ******* nömrəli sayğaca istehlakçı tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə, məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş abonent saldosundan da görünür ki, həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı olaraq baxış keçirilməklə həmin əməkdaşların sayğacda yaranan qüsuru vaxtında görmək imkanları olmuşdur. İstehlak edilmiş təbii qazın dəyəri də istehlakçı tərəfindən mütəmadi olaraq ödənilmişdir. İddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış G-4 markalı ******* nömrəli sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə edildiyi sübuta yetirilməmiş, həmin hallar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarının 4.2-ci bəndində qeyd edilmişdir ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qərarıın 4.7-ci bəndində qeyd edilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qərarın 4.9-cu bəndində qeyd edilmişdir ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndində qeyd edilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndində qeyd edilmişdir ki, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. “Qazdan istifadə Qaydaları”na 2 nömrəli Əlavənin 2.1.9-cu bəndinə əsasən istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) paylayıcının vəzifələridir. Həmin Əlavənin 3.3-cü bəndinə əsasən paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Qeyd olunan hüquq normalarının məzmunundan da göründüyü kimi, istehlak edilmiş qazın dəyəri qaz paylayıcısı tərəfindən yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablanmalıdır. Bu isə qaz paylayıcısı tərəfindən qaz sayğacına ayda bir dəfə baxış keçirilməsi yolu ilə müəyyən edilə bilər. İstehlak edilmiş təbii qazın dəyəri istehlakçı tərəfindən ödənilmədiyi təqdirdə, qaz paylayıcı tərəfindən istehlakçıdan tələb edilir. Hazırki iş üzrə isə itirilmiş təbii qazın dəyəri kimi iddiaçıdan tələb edilən 172.80 manat debitor borcun onun həmin dəyərə uyğun miqdarda təbii qazdan istifadə etməsi və ya təbii qazı israf etməsi, habelə, qaz sayğacına o və ya ailə üzvləri tərəfindən müdaxilə olunması nəticəsində yarandığı sübuta yetirilməmiş, həmin faktlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. İş materiallarına əlavə edilmiş abonentin saldosundan da görünür ki, iddiaçının yaşadığı evdə əvvəlki sayğac yeni sayğacla əvəz edildikdən sonra əvvəlki illərin və son ilin uyğun dövrlərində sərf edilmiş təbii qazın həcmində artım müşahidə edilməmişdir. Təbii qazın həcmində artım müşahidə edilmədiyindən, iddiaçının təbii qazdan sui-istifadə edilməsi məqsədi ilə və ya digər hər hansı məqsədlə sayğaca müdaxilə etməsi, bununla da mənfəət əldə etmək niyyətində olması da məhkəmə araşdırması zamanı öz təsdqini tapmamışdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış G-4 markalı ******* nömrəli sayğaca istehlakçı tərəfindən müdaxilə edildiyi sübuta yetirilmədiyindən iddiaçının hazırki iddia tələbi təmin edilməli, “Azəriqaz” İB tərəfindən xx.xx.2023-cü il tarixli akt əsasında İddiaçı hesabına işlənmiş 1440 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 172.80 manat debitor borcun silinməsinə dair qətnamə qəbul edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xx.xx.2023-cü il tarixli akt əsasında İddiaçı hesabına işlənmiş 1440 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 172.80 manat debitor borc silinsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar