Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1344/2023 27.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlu İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə cavabdehlər Cavabdeh1 və zamini Cavabdeh2 arasında bağlanmış 00051059 saylı, xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqavilələri üzrə yaranmış qalıq borc 546 manat, gecikdirilmiş hər günə görə hesablanmış 150 manat faiz olmaqla ümumilikdə 696 manat məbləğindəki pul vəsaitini və iddianın qaldırılması üçün ödənilmiş 30,40 manat, cavabdehlərdən tutularaq İddiaçı MMCyə ödənilməsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 və Cavabdeh2 arasında 00051059 saylı, xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqavilələri bağlanmışdır. Bu müqavilələr əsasında Alıcıya İddiaçı MMC tərəfindən müqavilədə qeyd olunan “Mal” satılmışdır. Alıcı Cavabdeh1 və zamini Cavabdeh2 isə öz növbəsində müqavilə şərtlərinə uyğun olaraq vaxtında ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdehlər ödənişlərində alqı-satqı müqaviləsinin şərtlərini pozaraq cədvələ uyğun ödəniş etməkdən yayınmışdır. Tərəflərindən Cavabdeh1 və zamini Cavabdeh2 dəfələrlə xəbərdarlıq etməylərinə baxmayaraq onlar, müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən imtina ediblər. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Belə ki, satıcı ilə alıcı arasında bağlanmış nisyə alqı-satqı müqaviləsindən irəli gələn ümumi 5.071,00 manat məbləğində bu günə qədər cavabdehlər Cavabdeh1 və zamini Cavabdeh2 4.525,00 manat ödənişi olmuş və hal-hazırda 546 manat məbləğində borcu qalmaqdadır. Cavabdehlər Cavabdeh1 və zamini Cavabdeh2 ilə İddiaçı MMC arasında bağlanmış nisyə-alqı satqı Müqaviləsinin 6.2-ci bəndinə əsasən Cavabdeh1 və zamini Cavabdeh2 ödənilməmiş borc məbləği 546 manat, gecikdirilən günlər üçün hesablanan faiz pulu 150 manat təşkil etməklə, cavabdehlərin müqavilə öhdəliyi üzrə ödəməli olduğu qalıq məbləğ 696 manat təşkil edir. Tərəflərindən Cavabdeh1 və zamini Cavabdeh2 ödənişin həyata keçirilməsi üçün müraciət olunsa da, nəticəsiz qalmış, cavabdehlər ödənişləri həyata keçirməkdən qərəzli şəkildə imtina etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5(beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 09 mart 2023-cü il tarixdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 göndərilməsinə sonuncu tərəfindən 15 mart 2023-cü il tarixdə rəsmi qaydada alınmasına baxmayaraq sonuncu iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30(otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında 00051059 saylı, xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqavilələri bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC mülkiyyətində olan mebelləri Cavabdeh1 satmağı, sonuncu isə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsinə görə sonuncu Cavabdeh1 tərəfindən alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin icra edilməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. İddiaçı MMC alqı-satqı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdehlər isə öhdəliklərini tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh1 aldığı malın 5.071,00 manat məbləğində dəyərindən 4.525,00 manatını ödəmiş, qalan 546 manatını isə ödəməmişdir. İddiaçı tərəfindən Cavabdeh1 və zamini Cavabdeh2 dəfələrlə xəbərdarlıq etməylərinə baxmayaraq onlar, müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən imtina etmişlər. İddiaçı MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30,40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu müddəaların tələblərinə və bağlanmış kredit və zamilik müqavilələrinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 İddiaçı MMC qarşısında Cavabdeh1 ilə birgə eyni həcmdə məsuliyyət daşıyırlar. İş üzrə iddiaçının təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış borc müqaviləsinə əsasən iddiaçıya olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, mülki məhkəmə icraatı qaydasında müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı dəbbə pulunu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azalda bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə tərəflər arasında bağlanmış nisyə-alqı satqı müqaviləsinin 6.2-ci bəndində gecikdirilmiş hər gün üçün gecikən aylıq ödənişin 1% məbləğində məhsula əlavə qiymət hesablanacağı müddəasını dəbbə pulu kimi qiymətləndirir və gecikdirilmiş 546 manat əsas məbləğə 50 manat məbləğində dəbbə pulunun cavabdehlərdən tutulamsını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30.40 manat dövlət rüsumu da onun xeyrinə cavabdehlərdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il tarixli, 00051059 saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 546 manat qalıq borc və gecikdirilmiş hər günə görə hesablanmış 50 manat cərimə olmaqla ümumilikdə 596 manat məbləğində borc və 30,40 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-1344/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1344/2023
27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver