Məhkəmə qərarları › İş №2(049)-1348/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1348/2023

11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1348/2023 11.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X1, iddiaçının nümayəndəsi: Nümayəndə1 Firduddin qızı, cavabdehin nümayəndəsi: Nümayəndə2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “Əsas və faiz borcunun qaytarılması” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2636.65 manat əsas, 277.12 manat faiz borcu, cəmi 2913.77 manat pul vəsaiti və 49.14 manat məbləğində dövlət rüsumu tuutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 1018 saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-İB-71 saylı, 09 aprel 2018-ci il tarixli təhvil-təslim aktına əsasən "xxxx" QSC-yə verilmişdir. Borc Müqaviləsinin 2.2-ci bəndinə əsasən borc alan "Kirby" firmasının istehsalı olan "Sentria" modelli ********** seriya № li avadanlığın (avtomatik yuyucu) alınması məqsədilə Bank 3029 (üç min iyirmi doqquz) manat məbləğində pul vəsaitinin verilməsini öhdəsinə götürmüşdür. (2.4.bənd) "Borcalan" bu Müqaviləyə əsasən borcu qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada borcu və bank gəlirləri üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən borc vəsaitindən istifadə müddətinin axımı "Borcalan”ın ssuda hesabına borc vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. (4.3 bəndi) "Borcalan"a verilən borc vəsaitindən istifadə müddəti 24 (iyirmi dörd) aydır. Qeyd olunan Borc müqaviləsinin 5.1-ci bəndinə əsasən borc üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün avadanlıqdan istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 20%-lə hesablanır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh banka hazırda olan əsas borcu üzrə 2636.65 (iki min altı yüz otuz altı manat, 65 qəpik) manat, faiz borcu üzrə 277.12 (iki yüz yetmiş yeddi manat, 12 qəpik) manat, cəmi 2913.77 (iki min doqquz yüz on üç manat, 77 qəpik) manat məbləğində təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehǝ şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan borc müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, "xxxx" QSC onun adından çıxış edən törəmə müəssisəsi olan "X3 Edilməsi Agentliyi" MMC tərəfindən Cavabdeh qarşı "əsas və faiz borcunun qaytarılması" tələbinə dair iddia ərizəsi ilə Lənkəran rayon Məhkəməsinə müraciət edilmişdir. Lənkəran rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(049)- 2571/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-649/2020 saylı, 18 fevral 2020-ci il tarixli qərardadı ilə Cavabdeh apellyasiya şikayətinin qismən təmin edilməsi, Lənkəran rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(049)-2571/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Bildirmək istərdik ki, Lənkəran rayon Məhkəməsi tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərin əsilləri "xxxx" QSC-yə xx.xx.2023-cü il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Bundan başqa bildirmək istəyirik ki, borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında "fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanın təsir dairəsinə düşmüşdür. Qeyd olunan Fərmanın 6-cı bəndində banklara tövsiyyə edilir ki, Bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar 1 ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; Borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Fərmanda göstərilən məsələlər öz həllini tapanadək Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qaldıqda, bu yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Belə ki, analoji mübahisələr mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşmiş olduğumuz maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına ola bilməz. Bundan başqa borclu Cavabdeh restruktuzasiya müqaviləsi bağlanılması üçün 04 sentyabr 2020-ci il tarixdə təklif məktubu ünvanlanaraq məlumat verilmiş, lakin borclu tərəfindən restruktuzasiya müqaviləsi bağlanması üçün Cəmiyyətə rəsmi heç bir münasibət bildirilməmişdir. Odur ki, hesab edirik ki, "xxxx" QSC tərəfindən cavabdehə qarşı ilkin iddia verilməsi üçün nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. İddiaçı QSC-nin Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz və cərimənin, ödənilmiş dövlət rüsumunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 188/14 saylı, 17 aprel 2014-cü il tarixli kredit müqaviləsinə 01 noyabr 2018-ci il tarixə Cavabdeh oğlunun İddiaçı Qapalı Səhmdar Cəmiyyəti qarşısında əsas borc üzrə 2636.65 (iki min altı yüz altı manat, 65 qəpik) manat, faiz borcu üzrə 277.12 (iki yüz yetmiş yeddi manat, 12 qəpik) olmaqla, cəmi 2913.77 (iki min doqquz yüz on üç manat, 77 qəpik) manat məbləğində pul vəsaitin və həmçinin ödənilmiş 49,14 (qırx doqquz manat, 14 qəpik) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik xidmət haqqının cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 Firduddin qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini, iddia müddətinin tətbiqinə dair ərizənin isə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi üzrə iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin İslam Bankçılıq Departamenti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 188/14 saylı "Vakala" Borc Müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh oğluna 24 (iyirmi dörd) ay müddətinə 20% dərəcəsi ilə 3029 (üç min iyirmi doqquz) manat məbləğində pul vəsaiti verilmişdir. Müqavilənin bitmə tarixi 17 aprel 20116-cı il tarixdir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin 22 dekabr 2017-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh həmin tarixə əsas borc üzrə 2636.65 (iki min altı yüz otuz altı manat, 65 qəpik) manat, faiz borcu üzrə 277.12 (iki yüz yetmiş yeddi manat, 12 qəpik) manat, cəmi 2913.77 (iki min doqquz yüz on üç manat, 77 qəpik) manat məbləğində olmaqla, 17 may 2014-cı il tarixdə Cavabdeh tərəfindən həyata keçirilmişdir. İş materiallarına əlavə edilmiş 02 oktyabr 2018-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə öhdəliyinin icra edilməsi tələb edilmiş, əks təqdirdə müvafiq borc məbləğinin ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi ilə bağlı cavabdeh şəxsə məlumat vermişdir. İş materiallarına əlavə olunmuş 27 fevral 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, məhkəmədə iddia qaldırmaq üçün İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Bank olmayan Kredit təşkilatı tərəfindən 49,14 manat dövlət rüsumu ödəniş edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 554.1 və 554.4-cü maddələrinə əsasən-müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. Müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Qeyd olunan Məcəllənin 372.1 və 372.2-ci maddələrinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Həmin Məcəllənin 373.3-cü maddəsində göstərlir ki, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra-Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh oğlu ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı işin hallarından, xüsusilə də iddiaçın ərizəsindən də müəyyən olunur ki, tərəflər arasında müqavilə 17 aprel 2014-cü il tarixdə bağlanmış, müqavilənin bitmə tarixi də 17 aprel 2016-cı il tarix kimi göstərilmiş, iddiaçı tərəfin hazırkı iş üzrə tələbi Lənkəran rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(049)-2571/2019 saylı qətnaməsi ilə təmin edilmiş, lakin Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-649/2020 saylı, 18 fevral 2020-ci il tarixli qərardadı ilə xx.xx.2019-cu il tarixli 2(049)-2571/2019 saylı qətnaməsi ləğv edilmiş və iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Eyni zamanda iddiaçı tərəfindən 04 sentyabr 2020-ci il tarixdə təklif məktubu ünvanlanaraq məlumat verildiyi, lakin borclu tərəfindən restruktuzasiya müqaviləsi bağlanması üçün Cəmiyyətə rəsmi heç bir münasibət bildirilməməsi göstərilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, 04 sentyabr 2020-ci il tarixli bildiriş iş materiallarına əlavə edilsə də, həmin bildirişin cavabdehə çatdırılması və ya göndərilməsi barədə hər hansı sənəd əlavə edilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı qanunla nəzərdə tutulmuş iddia müddətini yəni üç illik iddia müddətini ötürməklə iddia tələbi irəli sürmüş, bu səbəbdən də hazırkı iş üzrə iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən məhkəmə iddianın rədd edilməsi nəticəsinə gəlir. Qeyd olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “Əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Bank olmayan Kredit təşkilatına aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar