Məhkəmə qərarları › İş №2(049)-1370/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1370/2025

10.03.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1370/2025 10.03.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, İddiaçı Cavabdeh qarşı evə köçürülmə və maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2012-ci il tarixdə doğulmuş X1 və xx.xx.2014-cü il tarixdə doğulmuş X2 ilə birlikdə Lənkəran rayonu Bürcəli kəndində yerləşən evə köçürülməsi, cavabdeh tərəfindən törədilən maneənin aradan qaldırılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı 100 manat dövlət rüsumunu cavabdehdən tələb etsə də, iş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün cəmi 40 manat dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat miqdarında dövlət rüsumu ödənilir. İddiaçının hazırki tələbləri mənzil mübahisələri və maneələrin aradan qaldırılması ilə bağlı olmaqla, qiymətləndirilməyən iddia hesab olunduğuna görə həmin Qanunun qeyd olunan maddəsinin məzmununa əsasən müəyyən edilir ki, iddiaçı hazırki tələblərlə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəməli idi və onun ödədiyi 40 manat dövlət rüsumu həmin tələb üçün ödənilməli olan dövlət rüsumunu əhatə etmir. Yəni, iddiaçının ödədiyi 40 manat dövlət rüsumu hazırki iddia tələbləri üçün yetərli deyildir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı mediasiya təşkilatına 60 manat vəsait ödəmişdir. Qanunvericiliyə əsasən şəxsin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində ödədiyi vəsait onun məhkəməyə müraciət etmək üçün ödəməli olduğu dövlət rüsumuna hesablansa da və iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya təşkilatına müraciət etdiyi barədə sənədi işə əlavə etsə də, bu növ tələblər üzrə mediasiya prosesində iştirak tələb olunmadığından iddiaçının mediasiya prosesində ödədiyi 60 manat vəsait onun məhkəməyə müraciət etmək üçün ödəməli olduğu dövlət rüsumuna hesablana bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, iddiaçı iddia ərizəsinin sonunda - tələbin məzmununa aid hissədə cavabdeh tərəfindən törədilən maneənin aradan qaldırılmasını tələb etdiyini qeyd etsə də, cavabdeh tərəfindən nəyə maneə törədildiyi və həmin maneənin nədən ibarət olması iddia ərizəsinin məzmunundan və iş materiallarından dəqiq müəyyən edilmir. Bununla da iddiaçı qeyri-müəyyən tələblə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, iddiaçı iddia ərizəsində sübutların siyahısını göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.4-cü maddələrinin məzmununa görə ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri ərizədə göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş miqdarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd məhkəməyə təqdim olunmadığından, habelə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyinə və qeyri-müəyyən tələblə məhkəməyə müraciət edildiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilir ki, iddia ərizəsinin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada, həmçinin, ərazi və məhkəmə aidiyyəti qaydalarına riayət etməklə yenidən məhkəməyə müraciət etməsinə mane olmur. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün 40 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş 40 manat dövlət rüsumu da ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 114, 149, 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 40 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar