Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1432/2023 23.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1300 manat məbləğində pulun və ödənilmiş 33 manat dövlət rüsumu alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o fəaliyyət göstərdiyi Lənkəran şəhəri, Z.Əliyeva küçəsində yerləşən mağazasında Cavabdeh1 xx.xx.2022-ci il tarixində 1300 manat dəyərində 43 diaqanallı POWERFUL markalı, modeli PTVLE47DM4BLA olan televizor satmışdır. xx.xx.2022-ci il tarixdə İrşadova X1 İlkin Mail oğlu ilə mağazasına yaxınlaşaraq ona bildirdi ki, oğlunun ad günü üçün internetə bağlanan televizor almaq istəyir. O onlara televizoru kreditlə sata biləcəyini bildirdi. Lakin, Cavabdeh1 və Cavabdeh2 nağd pullarını olmadığını, Cavabdeh1 sosial aldığını, kreditlə televizor almaq istədiyini bildirdi. Cavabdeh1 ona bildirdi ki, əgər onun adına krediti rəsmiləşdirsə sosialını kəsəcəklər. Odur ki, öz razılığı ilə sosial kartını qoyub həmin kartdan 100 manatını qaytarmasını, qalan pulu isə həyətlərində sitrus (limon, mandarin) ağacları var yaxın vaxtlarda onların meyvəsin satıb borcu birdəfəlik bağlayacağını bildirmişdir. O da Cavabdeh1 ilə razılaşmış və 1300 manat dəyərində 43 diaqanallı POWERFUL markalı, modeli PTVLE47DM4BLA olan televizoru Cavabdeh2 yanında nisyə alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satmışdır. Cavabdeh2 da ona bildirdi ki, Cavabdeh1 kartına hər yayın sonunda sosial oturacaq və o da buna zamindir. Daha doğrusu onun öz razılığı ilə ona verdiyi sosial kardan pulu çıxarıb 100 manatını cavabdehin özünə, qalanını isə televizorun pulundan çıxmağını bildirdi. Lakin ayın sonunda ona məlum oldu ki, Cavabdeh1 ona verdiyi sosial kart bağlanmışdır. Bundan sonra müxtəlif vaxtlarda borcun ödənilməsi barədə dəfələrlə mobil telefondan zənglər etməyinə baxmayaraq cavabdehlər tərəfindən həmin borcun ödənilməsi yerinə yetirilməmişdir. O bununla bağlı Lənkəran ŞRPŞ-yə ərizə ilə müraciət etmiş, Lənkəran ŞRPŞ-də Cavabdeh1 verdiyi izahatında ondan 1300 manat məbləğində televizor aldığını etiraf etmiş və pulu hissə-hissə ödəyəcəyini bildirmişdi. Cavabdehlərə borcun ödənilməsi barədə 18 fevral 2023-cü il tarixində xəbərdarlıq bildirişi göndərmiş və həmin xəbərdarlıq bildirişini 25 fevral 2023-cü il tarixində qəbul etmişdir. Bildirişdə yaranmış borc məbləğin qısa zaman ərzində qaytarılmasını tələb etmişdir. Lakin ötən müddət ərzində cavabdehlər ona olan borcundan heç bir ödəniş etməmişlər. Cavabdehlərə dəfələrlə xəbər göndərməyinə baxmayaraq onlar, ona olan borcunu ödəmirlər. Ona görə də o məcbur qalıb mülki qaydada məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məluat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş: Nisyə satış müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı tərəfindən 1300 manat dəyərində 43 diaqanallı POWERFUL markalı, modeli PTVLE47DM4BLA olan televizor almışdır. Lənkəran ŞRPŞ-də Cavabdeh1 verdiyi izahatdan görünür ki, təqribən 1 ay bundan öncə Lənkəran şəhərinə adını bilmədiyi Elektronika mağazasından şəxssən 1300 manat dəyərində televizor pulunu hissə-hissə ödəməklə götürüb yəni onda olan sosial kartını ona verib ki, borcundan çıxsın. Lakin 15 gün sonra sosial müavinətini kəsmişlər. O da borcundan heçnə həmin mağazaya ödəyə bilməmişdir. Cavabdeh1 borcun ödənilməsi barədə 18 fevral 2023-cü il tarixində xəbərdarlıq bildirişi göndərilmiş və həmin xəbərdarlıq bildirişini 25 fevral 2023-cü il tarixində qəbul etmişdir. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı tərəfindən 33 manat məbləğində dövlət rüsumu və 0,40 manat xdmət haqqı ödənilmişdir. İddiaçının izahatından və təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçı ilə Cavabdeh1 tərəfindən 12 ay ərzində qaytarmaq şərti ilə 1300 manat dəyərində 43 diaqanallı POWERFUL markalı, modeli PTVLE47DM4BLA olan televizor almışdır. İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, razılaşdırılmış malı Cavabdeh1 mülkiyyətinə vermiş, lakin sonuncu üzərinə götürdüyü malın dəyərini tam şəkildə ödəmək öhdəliyini yerinə yetirməmiş və nəticədə 1300 manat borcu qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin alqı-satqı müqaviləsini tənzimləyən müddəaları təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar Cavabdeh1 münasibətdə iddianın əsaslılığını təsdiq edir. Belə ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, müqavilə üzrə razılaşdırılmış əmlakı cavabdehin mülkiyyətinə vermişdir. Lakin cavabdeh həmin müqavilə üzrə aldığı əmlakın dəyərini tam şəkildə və vaxtında ödəməmiş, öhdəliyini icra etməmişdir. Məhkəmə iddia tələbini Cavabdeh2 münasibətdə əsaslı hesab etmir və bununla bağlı aşağıdakılar qeyd edir: İddiaçı Cavabdeh2 qarşı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh2 tərəflər arasında bağlanmış müqaviləyə imza etmiş və bununla da zamin kimi öhdəliyin icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Mülki Məcələnin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 471-ci maddəsinə görə zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, zamin zamin durduğu başqa şəxsin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürür və müqavilənin icra edilməsinə görə onunla birgə məsuliyyət daşıyır, o halda ki, tərəflər arasında yazılı zaminlik müqaviləsi bağlansın. Zaminlik müqaviləsinin yazılı şəkildə bağlanmaması həmin müqavilənin etibarsızlığına səbəb olur. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Hazırki işin hallarından isə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh2 arasında yazılı zaminlik müqaviləsi bağlanmamış, Cavabdeh1 arasında bağlanmış müqaviləyə zamin kimi İlkin adının yazılmasını isə tərəflər arasında arasında bağlanmış zaminlik müqaviləsi hesab etmək olmaz. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi Cavabdeh2 münasibətdə əsassızdır və rədd edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 1300 manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 33 manat pul alınaraq, İddiaçı ödənilməlidir və Cavabdeh2 münasibətdə isə iddia rədd edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1300(bir min üç yüz) manat borc və məhkəmədə iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 33(otuz üç) manat Cavabdeh1 alınaraq İddiaçı verilsin. İddia Cavabdeh2 münasibətdə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-1432/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1432/2023
23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver