Məhkəmə qərarları › İş №2(049)-1505/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1505/2024

22.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1505/2024 22.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qızına, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X4, X12, X8, X20, X22 və X1 qarşı «miras əmlak üzərində payların müəyyən edilməklə vərəsələr arasında bölüməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1998-ci il tarixli, 09 saylı qərarı ilə Lənkəran rayonunun Şağlaser kəndində yerləşən X21, X15, İddiaçı və Cavabdeh6 ümum birgə mülkiyyətinə verilmiş 0.18 ha həyətyanı torpaq sahəsinin mərhum X21 və mərhum X6 mülkiyyətində olmuş hissələrinə münasibətdə həmin torpaq üzərində onun payının müəyyən edilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırki mülki mübahisə üzrə cavabdehlər iddiaçının bacı və qardaşlarıdırlar. Mərhum atası X21 və X2 ilə 1950-ci illərdə ailə münasibətlərinə daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahlarından X16, iddiaçı özü, Cavabdeh2, X13, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X23 və Cavabdeh7 qızı dünyaya gəlmişlər. Onlardan X3 2010-cu ildə vəfat etmişdir. X2 09 mart 2003-cü il tarixdə, atası X21 isə 05 iyun 2011-ci il tarixdə vəfat elmişlər. X3 atasından əvvəl, anasından sonra yəni 12 may 2010-cu ildə vəfat etmişdir. Özü hazırda Litva Respublikasının vətəndaşı olsa da uzun müddətdir ki, Lənkəran rayonunun Şağlaser kəndində atasının evində ailəsi ilə birlikdə yaşayır və həyat yoldaşı Azərbaycan Respublikasının vətəndaşıdır. O, qanunvericiliyin tələbinə uyğun olaraq müvəqqəti qeydiyyata düşmüşdür və Azərbaycan Respublikasının vətəndaşlığını alamağa çalışır. Lənkəran rayonunda torpaq islahatı aparılmış və ona, mərhum valideynlərinə və qardaşı Cavabdeh6 Lənkəran rayon aqrar İslahat komissiyasının 16 may 1998-ci il tarixli 09 saylı qərarı Lənkəran rayonunun Şağlaser kəndində 0.18 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi ümumibirgə mülkiyyət olduğundan mərhum valideynlərimin paylarının müəyyən edilməklə sağ qalan vərəsələr arasında bölünməsi və ona çatan payın ayrılması üçün vərəsələrin könüllü qaydada gəlib öz paylarını tələb etməsi və ya paylarından imtina etməsi qanunvericiliyin tələbi olduğundan, onlar da heç biri bunu könüllü şəkildə etmədiyindən məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət edir. Əlavə olaraq, bildirir ki, hazırki iddia tələbi və ya ərizəsi ilə məhkəməyə müraciət etmədən öncə, mübahisə yaratmadan və ya açmadan qanuni əsaslarla, qanunvcrciliyin tələbin əsasən, ilki mübahisəni məhkəmədən kənar kateqoriya üzrə həll etməkdən ötrü cavabdehlərin özlərinə müraciət etmişdir. Lakin onlar Lənkəran rayon notariat kontoruna gəlməkdən imtina edərək onları həmin evə buraxmaqdan imtina etmişlər. Notariat kontoru tərəfindən xx.xx.2024-cü il tarixli 147 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi barədə məktub vermişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Bundan başqa qeyd edir ki, atası sağlığında ona evin böyük övladı olduğuna görə şifahi vəsiyyət edərək bütün əmlaklarla bağlı bacı və qardaşları arasında hər hansı mübahisənin olmaması üçün tədbir görrməyini, bütün məsələləri sülh yolu ilə həll etməyini vəsiyyət elmişdir. Lakin atası vəfat etdikdən sonra bacı qardaşları həmin torpaq sahəsindən öz paylarını nə qəbul, nə də imtina etmədiklərindən onun da həm mülkiyyətçi kimi, həm də vərəsə olaraq həmin torpaq üzərində hüquqlarını həyata keçirə bilmir. Məhkəmə iclasında İddiaçıiddia tələbini müdafiə edib iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1998-ci il tarixli 09 saylı qərarı ilə Lənkəran rayonunun Şağlaser kəndində mərhum valideynləri, o özü və qardaşı Cavabdeh6 ayrılmış 0.18 ha həyətyanı torpaq sahəsində mərhum atası tərəfindən inşa edilmiş fərdi yaşayış evində arvadı ilə birgə yaşadığını, evin bir hissəsində isə mərhum qardaşı Pənah İslamovun ailə üzvlərinin yaşadıqlarını, lakin hazırda onların Bakı şəhərində məskunlaşdıqlarını, digər bacı və qardaşlarının hər birinin özlərinin ayrı evləri olduğunu, bacısı Cavabdeh7 isə Rusiya Federasiyasında yaşadığını bildirərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X4, X12, X8, X20, X22 və X5, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qızı heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehlər və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: JN-119A, KOD 80224018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1998ci il tarixli 09 saylı qərarı ilə Lənkəran rayonunun Şağlaser kəndində 0.18 ha həyətyanı torpaq sahəsi X21, X15, İddiaçı və Cavabdeh6 mülkiyyətinə verilmişdir. “Ölüm haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X15 09 mart 2003-cü il tarixdə Lənkəran rayonu, Şağlaser kəndində ölmüşdür. “Ölüm haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X23 12 may 2010-cu il tarixdə Lənkəran rayonu, Şağlaser kəndində ölmüşdür. “Ölüm haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X21 05 iyun 2011-ci il tarixdə Lənkəran rayonu, Şağlaser kəndində ölmüşdür. “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 18 oktyabr 1959-cu il tarixdə Lənkəran rayonu, Şağlaser kəndində doğulmuşdur. Onun atası X21, anası isə X9r. MYİ ******* №-li Azərbaycan Respublikasının ərazisində Müvəqqəti Yaşamaq üçün İcazə Vəsiqəsinin surətindən görünür ki, Litva Respublikasının vətəndaşı İddiaçı verilmiş icazə xx.xx.2025-ci il tarixədək etibarlıdır. Lənkəran ŞİHB-nin Şağlaser KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, 122 №-li arayışdan görünür ki, X21 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Lənkəran rayonu Şağlaser kəndi olmuş və ailə üzvləri: arvadı 1935-ci il təvəllüdlü X15 (ölüb), 1957-ci il təvəllüdlü qızı X16, 1959-cu il təvəllüdlü oğlu İddiaçı, 1962-ci il təvəllüdlü qızı Cavabdeh2, 1964-cü il təvəllüdlü qızı X13, 1966-cı il təvəllüdlü X17, 1968-ci il təvəllüdlü Cavabdeh5, 1970-ci il təvəllüdlü Cavabdeh6, 1972-ci il təvəllüdlü X23 (ölüb) və 1975-ci il təvəllüdlü Cavabdeh7 qızından ibarətdir. Lənkəran Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin 12 fevral 2024-cü il tarixli, 147 №-li məktubundan görünür ki, vərəsələr arasında mübahisə yarandığından məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Lənkəran Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X14 və X10 nikahı haqqında akt qeydləri Lənkəran Rayon Qeydiyyat Şöbəsinin arxivində aşkar olunmamışdır. Lənkəran Rayon Qeydiyyat Şöbəsi tərəfindən təqdim edilmiş “Ölüm haqqında akt qeydi”nin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh2 xx.xx.2024-cü il tarixdə Lənkəran şəhərində ölmüşdür. “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X12 07 avqust 2003-cü il tarixdə Lənkəran rayonu, Şağlaser kəndində doğulmuşdur. Onun atası X23, anası isə X7r. “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 09 iyul 2002-ci il tarixdə Lənkəran rayonu, Şağlaser kəndində doğulmuşdur. Onun atası X23, anası isə X7r. “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 24 dekabr 2004-cü il tarixdə Lənkəran rayonu, Şağlaser kəndində doğulmuşdur. Onun atası X23, anası isə X7r. “Nikah haqqında şəhadətnamə”nin litva dilindən azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçıla Nümayəndə nikahı xx.xx.2012-ci il tarixdə Litva Respublikası Yonava rayonu, Mülki Metrikatsii şöbəsində 20 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra ərə İslamov, arvada İslamova soyadı verilmişdir. xx.xx.2024-cü il tarixli, ********** №-li mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmasından ötrü 100 manat dövlət rüsumu ödənilmişdir. Qeyd olunanlardan müəyyən olunur ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1998-ci il tarixli 09 saylı qərarı ilə Lənkəran rayonunun Şağlaser kəndində 0.18 ha həyətyanı torpaq sahəsi X21, X15, İddiaçı və Cavabdeh6 mülkiyyətinə verilmişdir. Mülkiyyətçilərdən Əzim İslamov xx.xx.2011, Zərifə Babayeva isə 09 mart 2003-cü il tarixdə vəfat etmişlər. Onların faktiki nikahından 9 nəfər övladı olmuş, həmin şəxslərdən Pənah Əzimov 12 may 2010-cu il tarixdə, Cavabdeh2 xx.xx.2024-cü il tarixdə vəfat etmişlər. Halhazırda Əzim İslamov və Zərifə Babayevanın faktiki nikahından doğulmuş 7 nəfər - X16, İddiaçı, X13, X17, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qızı adlı vərəsələri qalmışdır. Mərhum valideynləri ilə yanaşı həmin vərəsələrdən yalnız iki nəfərə – İddiaçı və Cavabdeh6 Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1998-ci il tarixli 09 saylı qərarı ilə 0.18 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üzərində inşa edilmiş edilmiş hazırda iddiaçı arvadı ilə birgə yaşayır. Qeyd olunan xüsusat məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehlər tərəfindən də təsdiq edilmişdir. Yalnız Cavabdeh6 sözügedən torpaq sahəsində inşa edilmiş miras qalmış özünün faktiki qəbul etdiyini məhkəməyə bildirsə də bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Hal-hazırda İddiaçı Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1998-ci il tarixli 09 saylı qərarı ilə Lənkəran rayonunun Şağlaser kəndində X21, X15, İddiaçı və Cavabdeh6 mülkiyyətinə verilmiş 0.18 ha həyətyanı torpaq sahəsindən özünün payı ilə yanaşı, mərhum valideynlərinin mülkiyyətində olmuş hissədən ona payın ayrılmasını tələb edir. Məhkəm aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə işin hallarına dair iddiaçının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və miras qoyan 2000-ci ildən sonra vəfat etdiyinə görə Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin normada təsbit edilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (Mülki Məcəllənin 1145 və 1146cı maddələri). Mülki Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər (Mülki Məcəllənin 1243.3 və 1245-ci maddələri). Sadalanan normaların məzmunundan göründüyü kimi vərəsəlik, ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən həmçinin nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsinvərəsənin-iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir. Məhkəmə diqqətə çatdırır ki, mirasın kütləsinə Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1998-ci il tarixli, 09 saylı qərarı ilə Lənkəran rayonu, Şağlaser kəndindən X21, X15, İddiaçı və Cavabdeh6 ümum birgə mülkiyyətinə verilmiş 0.18 ha həyətyanı torpaq sahəsinin iddiaçının mərhum valideynlərinə məxsus 2/4 hissəsi daxildir. Vərəsələr isə 9 nəfər olmaqla onlardan ikisi vəfat etmişdir. Hansı ki, vəfat etmiş vərəsələrin uşaqları məhkəmə tərəfindən üçüncü şəxs qismində işə baxılmasına cəlb edilmişdir. İddiaçının niyyəti özünə çatası payın müəyyən edilməsidir. Hansı ki, miras əmlak onun tərəfindən faktik qəbul edilmişdir. Bu halda əmlaka dair iddiaçının mərhum valideynlərindən qalmış 2/4 hissədə mirasdan payı vərəsələrin sayı 9 olduğundan 2/36 hissədə müəyyən edilməlidir. İddiaçı özünün əmlakda payı 1/4 hissə olduğundan ümumi əmlakdan onun payı 11/36 hissə olacaqdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 218.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmalıdır. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1998-ci il tarixli, 09 saylı qərarı ilə mülkiyyətə verilmiş Lənkəran rayonu, Şağlaser kəndində yerləşən 0.18 ha həyətyanı torpaq sahəsinin miras qalmış X21 və X11 məxsus 2/4 hissəsindən İddiaçı miras payı 2/36 hissə müəyyən edilsin. Ümumi əmlakdan İddiaçı payı 11/36 hissə müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkaran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar