Məhkəmə qərarları › İş №2(049)-1505/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1505/2025

15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1505/2025 15.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlu, İddiaçı Cavabdeh qarşı «borc» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi verərək, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, imei kodları 1)**********83906, 2)**********83914 olan "Xiaomi Redmi 12C" markalı telefon üçün 180 (yüz səksən) manat ödənilməmiş əsas borc və 100 (bir yüz) manat hesablanmış cərimə və faizlər olmaqla ümumilikdə 280 (iki yüz səksən) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsinə əsasən, imei kodları 1) **********83906, 2) **********83914 olan "Xiaomi Redmi 12C" markalı telefon almış və nəticədə 432 (dörd yüz otuz iki) manat borc yaranmışdır. Cavabdeh ötən müddət ərzində bu müqavilə üzrə əslində ödəməli olduğu 432 (dörd yüz otuz iki) manat borcdan cəmi 252 (iki yüz əlli iki) manat ödəniş etmişdir. Sonradan isə borcunu ödəməkdən boyun qaçıraraq müqavilənin şərtlərini pozmuşdur. Beləliklə, cavabdehlə qarşılıqlı bağlanan alqı-satqı müqaviləsi üzrə dəyəri 432 (dörd yüz otuz iki) manat (yəni 12 ay 36 manat hissəli ödənməli) imei kodları 1)**********83906, 2)**********83914 olan "Xiaomi Redmi 12C" smartfonu üçün alqı-satqı müqaviləsində göstərilən qaydada ödənişlərini yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında 180 (yüz səksən) manat əsas, 100 (bir yüz) manat borca hesablanmış cərimə və faizlər olmaqla ümumilikdə 280 (iki yüz səksən) manat borcu yaranmışdır. Cərimə və faizlər maliyyə və ödəniş cədvəlinin qeyd hissəsində cavabdehin ödənişləri vaxtında ödəməməklə uzun müddət gecikdirməsi nəticəsində iddiaçını kommersiya qazancından məhrum etdiyinə görə dövrün bazar qiymətləndirməsinə əsasən güzəştli olaraq 100 manat hesablanmışdır. Cavabdeh ilə bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktından görünür ki, cavabdeh alqı-satqı predmeti olan məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışıqlarında, həmçinin, göndərdiyimiz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması üçün cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsək də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olunduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. xx.xx.2025-ci il tarixdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə göndərilməsinə və cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixində qəbul olunmasına baxmayaraq sonuncu iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş sənədləri Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından qiymətləndirib, habelə həmin sənədləri iddia ərizəsi ilə qarşılıqlı təhlil edib tətbiq edilməli olan maddi hüquq normaların istinadən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında dəyəri 432 manat olan imei kodları 1) **********83906, 2) **********83914 olan "Xiaomi Redmi 12C" markalı telefon alınmasından ötrü müqavilə bağlanılmışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 432 manat dəyərində olan, 0 manat ödəyərək aldığı imei kodları 1) **********83906, 2) **********83914 olan "Xiaomi Redmi 12C" markalı telefon üçün 12 ay müddətinə hər ay 36 manat ödəməli olduğu halda, cəmi 252 manat ödəmiş onun 180 manat əsas, 100 manat cərimə, cəmi 280 manat borcu yaranmışdır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş üzrə iddiaçının təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış borc müqavilələrinə əsasən iddiaçıya olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə istinad olunanlara əsasən hesab edir ki, işin hallarına görə 100 AZN cərimə pulu əsas borcla müqayisədə tənasübsüz surətdə yüksək məbləğdir, həmin məbləğin ödənilməsi ədalətsizliyə səbəb ola bilər. Odur ki, məhkəmə dəbbə pulunun cavabdehdən 18 AZN həcmində tutulmasını daha ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, imei kodları 1)**********83906, 2)**********83914 olan "Xiaomi Redmi 12C" markalı telefon üçün 180 manat ödənilməmiş əsas borc və 18 manat hesablanmış cərimə və faizlər olmaqla ümumilikdə 198 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar