Məhkəmə qərarları › İş №2(049)-1508/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1508/2025

22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1508/2025 22.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbinə» dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş ziyan olan 1.090 manat, hüquqi yardımla əlaqədar ödədiyi 320 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32 manat pul vəsaitinin alınıb, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2024-cü ilin iyul ayının ortalarında sosial şəbəkələrin birində ikinci əl satışı kimi qayınanasının evi üçün mebel görmüş və həmin vaxt da evlərində təmir işləri olduğundan təmir bitəndən sonra otağa yeni mebel almaq istədiyindən məlumatlı olduğundan həmin mebelləri almağını təklif etmişdir. Qeyd olunan əlaqə nömrəsi ilə əlaqə saxlamış və onunla danışan şəxs adının Elnur olduğunu və həmin mebellərin də Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində özünə məxsus obyektdə yerləşdiyini bildirmişdir. O, da növbəti gün onun dediyi ünvana gedib və aralarında olan razılaşmaya əsasən həmin mebellərə görə 850 manat, bundan əlavə də həmin mebellərin otaqda quraşdırılması üçün zövqünə uyğun əlavə materiallara tələbat olduğundan əlavə materiallara görə də 240 manat cavabdehə ödəməli idi və onun dediyi kimi şirkətin ustaları razılaşdığı gündə gəlib mebelləri quraşdıracaqdılar. O, cavabdehə qeyd olunan məbləği ödəyib (aralarında olan vatsap mesajlaşma şəbəkəsində səs yazılarında bunu etiraf edir) və evlərində təmir işləri getdiyindən 10-15 gün sonra həmin mebellərin ünvana çaldırılması barədə razılığa gəliblər. Təmir işləri bitəndən sonra onunla əlaqə saxlayıb mebellərin gətirilməsini xahiş edib. Bir neçə gün mebellərin gətirilməsini yubadıb və nəhayət 2-3 gün sonra həmin mebelləri yaşadıqları evin həyətində yerləşdiriblər. Quraşdırılma barədə soruşduqda isə ona əlaqə nömrəsi verib usta ilə əlaqə saxlamağını bildirmişdir. Usta ilə əlaqə saxlayandan sonra hər dəfəsində bir bəhanə gətirərək onu aldatmışdır. Nəhayət bir neçə gün keçəndən sonra usta səhər saatlarında onlara gələrək mebellərə baxış keçirmiş və bu qaydada quraşdırmağın qeyri-mümkün olduğunu bildirərək mebellərin yenidən sexə qaytarılaraq ölçü işlərinin aparılmasının zəruri olduğunu bildirmişdir. Bir neçə gün də gözlədikdən sonra mebellərin bir hissəsi ölçü işlərinin aparılması üçün sexə qaytarılmışdır. Elnurla yenə də əlaqə saxlayıb və ona bildirmişdir ki, həyətdə qalan digər mebellər də sexə gətiriləcək və ustanın dediyi kimi hazırlanıb usta tərəfindən quraşdırılacaq. Bir neçə gün də onu bu qaydada aldatmış və nəticə etibarilə nə aparılan mebellər qaytarılmış nə də ki, digər mebellər ölçü işləri üçün sexə aparılmışdır. Nəhayət Elnuru yığıb ona iradını bildirib və artıq mebelləri qaytarmaq istədiyini onun nəzərinə çatdırıb əvəzində də onun Elnura verdiyi 1.090 manat pulu tələb edib. O, isə əlindən nə gəlirsə, hara gəlirsə şikayət etməyini bildirmişdir. Bu günə kimi də, mebellər quraşdırılmayıb (hansı ki, artıq o, özü bu gün mebellərin daha quraşdırılmasını istəmir, artıq başqa şirkətdən yeni mebellər sifariş etmişdir və quraşdırılıb) nə də ki, verdiyi pul ona qaytarılmayıb. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlava olara bildirmişdi ki, iddia ərizəsində qeyd edilənlər, yəni cavabdehin, iddiaçının qarşısında 1.090 manat pula dair öhdəliyinin yarandığı məhkəmə sübut kimi təqdim etdiyi CD diskdə olan iddiaçı ilə cavabdeh aralarında vhatsaph mesajlaşma şəbəkəsindəki səs yazılarından aydın görünür və sübut olunur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan, iddiaçının nümayəndəsi tərəfindən sübut kimi məhkəməyə təqdim edilmiş CD diskdə olan 8 dəqiqə 40 saniyəlik video materiala məhkəmə iclasında baxış keçirilərək, tədqiq edilən zaman müəyyən edildi ki, həmin video material mobil telefonun ekranından (video screen recorder) qeydə alınmışdır. Mobil telefonda olan “Vhatsapp” ani mesajlaşma sistemində iki şəxsin arasında səsli mesajlaşma aparılır. Videonu qeydə alan şəxsin səsli mesaj göndərdiyi digər şəxs (Elnur Masennik kimi qeydə alınmış) şəxslə aralarında mebel alqı-satqısı ilə əlaqədar danışıqlar aparılır. Qarşı tərəf mebelin satışı ilə əlaqədar ondan 850 manat və 240 manat, ümumilikdə 1.090 manat pul adığını və aralarında olan alış-veriş alınmadığında həmin vəsaiti ona geri qaytaracağını bildirir. İddiaçı ona satılan mebelin yarasız olduğunu bildirir, qarşı tərəf də mebein geri qaytarılmasına razılıq bildirir və sonrakı danışıqlardan belə müəyyən edilir ki, satılan mebel satıcı tərəfindən geri alınmışdır. İlk tərəf danışıqlarda qarşı tərəfə müxtəlif tarixlərdə həmin vəsaitin ona qaytarılmasını tələb edir, qarşı tərəf də pulu qaytaracağına dair vədlər verir. Video materialın sonunda qarşı tərəfin (Elnur Masennik) qeydə alındığı mobil nömrə görüntülənir. Həmin nömrə: ***-***-**-**-dir. “”Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, ***- ***-**-** mobil nömrəsi iş üzrə Cavabdeh adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş ödəniş qəbzinin surətindən görünür ki, hazırki iddia tələbi üzrə İddiaçı tərəfindən 32 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran rayon Vəkil bürosunun vəkili Vəkil ilə İddiaçı arasında bağlanmış “hüquqi yardımın göstərilməsi” haqqında xx.xx.2025-ci il tarixli müqavilədən,, EM-2425VK-10476/25 saylı orderdən və ödəniş qəbzindən görünür ki, tərəflər arasında hüquqi yardımla əlaqədar müqavilə bağlanaraq, həmin müqavilədə xidmət haqqı 320 manat göstərilmiş və İddiaçı tərəfindən həmin ödəniş edilmişdir. İddia tələbindən görünür ki, tərəflər arasında yaranmış mübahisə borc müqaviləsinin icra edilməməsindən irəli gəlir ki, bu tələbi qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 575.1-ci maddəsinə əsasən, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. 575.2-ci maddəsinə əsasən, satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. 578.1.-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. 580.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyaları müqaviləyə uyğun gəlməyən çeşiddə verdikdə alıcı onları qəbul etməkdən və ödəməkdən imtina edə bilər, ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Beləliklə məhkəmə baxışı zamanı işin faktiki hallarından müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında mebelə dair alqı-satqı olmuşdur. İddiaçı tərəfindən cavabdehə həmin alqı-satqı ilə əlaqadar 1.090 manat pul vəsaiti ödənilmişdir. Sonradan iddiaçının etirazına əsasən cavabdeh ona satdığı mebelləri geri qaytarmışdır. Cavabdeh həmin alqı-satqı nəticəsində iddiaçıdan aldığı 1.090 manat pul vəsaitini ona qaytaracağını vəd etmişdir. Cavabdeh tərəfindən həmin pul vəsaitinin iddiaçıya geri qaytarılmasına dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlardan müəyyən olunur ki, iddiaçı tərəfindən aldığı mebellər geri qaytarılsa da cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, ödənilmiş 1.090 manat pulu qaytarmalı olduğu halda onu qaytarmamışdır. MPM-nin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1 maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 121.1 maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1.090 manat manat, hüquqi yardım üçün ödənilmiş xərcə dair 200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32 manat, cəmi 1.322 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1.090 manat manat, hüquqi yardım üçün ödənilmiş xərcə dair 200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32 manat, cəmi 1.322 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar