Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1517/2025 31.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın bağışlama müqaviləsinin və onun əsasında verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın, həmçinin, Torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli 4Ə-1850 saylı daşınmaz əmlakın bağışlama müqaviləsinin və onun əsasında verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********33 reyestr nömrəli Çıxarışın, həmçinin, Torpaq sahəsinin planı və ölçüsü sənədinin dəyişdirilərək yeni verilmiş xx.xx.2021-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, AR ƏMDK DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli RX ******* seriyalı, ********** qeydiyyat nömrəli Çıxarış və xx.xx.2022-ci il tarixli A 691983 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Lənkəran şəhəri 43-cü məhəllədə yerləşən 0,185 hektar torpaq sahəsi, həmçinin, xx.xx.2018-ci il tarixli RX ******* seriyalı, ********** qeydiyyat nömrəli Çıxarış və xx.xx.2018-ci il tarixli A 330116 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən həmin ərazidə yerləşən 0,0125 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə onun adına qeydiyyata alınmışdır. Qeyd olunan ərazidə yerləşən torpaq sahələri ilə bağlı onunla cavabdeh arasında 2018-2021-ci illər ərzində torpaq mübahisələri olmuş, nəticədə uzun sürən məhkəmə çəkişmələrindən sonra Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-2056/2021 nömrəli qərarı ilə iş yekunlaşmışdır. Belə ki, hazırki iş üzrə cavabdehin ona qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılma barədə iddiasına 2019-cu ildə Lənkəran Rayon Məhkəməsində baxılaraq iddia tələbi qismən təmin edilərək onun Lənkəran şəhəri 43-cü məhəllədə yerləşən, Cavabdeh mülkiyyətində olan 0,1725 hektar torpaq sahəsinin 0,033 hektardan ibarət hissəsindən çıxarılması, həmin torpaq sahəsinin Cavabdeh təhvil verilməsi barədə qətnamə qəbul edilmişdir. Həmin qətnamə apellyasiya və kassasiya instansiyalarında qüvvədə qalmışdır. Qeyd olunan məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və onun tərəfindən heç bir maneə yaradılmadan qeyd-şərtsiz icra olunmuşdur. Həmin qərar icra olunarkən hazırki iş üzrə cavabdeh də heç bir etiraz bildirmədən akta imza etmişdir. Lakin cavabdeh sonradan qohumu Vüqar İmanverdiyevə etibarnamə verərək öz adından müəyyən sənədləşdirmə işlərinin aparılmasını yerinə yetirməyi ona həvalə etmiş, sonuncu isə iki torpaq sahəsi arasında sərhədi müəyyən edən hasarı sökməyə başlamışdır. 2021-ci ilin sonlarında 10 saylı Lənkəran Ərazi İdarəsinə etdiyi müraciət əsasında onun mülkiyyətində olan torpaq sahəsinin ön tərəfdən 3 metr enində olan hissəsinin avtomobil yoluna düşməsi müəyyən edilmişdir. Sənəd üzrə mülkiyyətində olan torpaq sahəsinin faktiki olaraq əskik olan hissəsi indiyədək də ona tanıdılmamışdır. Bundan əlavə, məhkəmə qərarının icrası ilə bağlı xx.xx.2021-ci il tarixdə icra sənədinin icrası barədə akt tərtib edilərkən və xx.xx.2022-ci il tarixdə torpaq sahəsinin yeni planı verilərkən torpaq sahələrinin sərhədləri, döngə nöqtələrinin koordinatları plan üzrə ziddiyyət təşkil etmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli A 691983 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində onun torpaq sahələri ümumilikdə 5 metr azaldılmışdır. Qeyd etdiyi 5 metr hissənin 3 metrdən ibarət hissəsi avtomobil yoluna, 2 metrdən ibarət hissəsi isə hazırki iş üzrə cavabdehin torpaq sahəsinə daxil edilmişdir. Qeyd olunan məsələlərə aydınlıq gətirilməsi üçün 10 saylı Lənkəran Ərazi İdarəsinə etdiyi müraciətə cavab olaraq ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Ona görə də o, hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə baxışı iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, o, hazırki iş üzrə cavabdehin qızının əri Vüqar İmamverdiyevlə birlikdə Lənkəran şəhəri 43-cü məhəllədə 0,37 hektar torpaq sahəsi əldə edib bir müddət şərik kimi işləmişlər. Sonradan həmin torpaq sahəsində hər biri öz payını müəyyən etmək qərarına gəlmiş, torpaq sahəsinin yarısı - 0,185 hektardan ibarət hissəsi 2009-cu ildə cavabdehin adına, qalan 0,185 hektardan ibarət hissəsi isə 2014-cü ildə onun öz adına rəsmiləşdirilmişdir. Bir müddət sonra cavabdehlə aralarında fikir ayrılığı yarandığına görə cavabdeh torpaq sahəsinin zəbtdən azad olunması tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmə çəkişməsi 2021-ci ilədək davam edərək yekun qərar qəbul edilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(049)-426/2019 nömrəli qətnaməsinin icrası çərçivəsində torpaq sahələrinin sərhəd nöqtələri müəyyən edilmiş və bundan sonra o, Vüqar İmamverdiyevlə birlikdə şərikli şəkildə həmin sərhədə mişar daşından hasar hörmüşdür. O, öz payına düşən torpaq sahəsində sahibkarlıq obyekti inşa edərək fəaliyyət göstərir. xx.xx.2024-cü il tarixdə obyektin işçiləri ona zəng edərək Vüqar İmamverdiyevin torpaq sahələrinin sərhədində mişar daşından inşa edilmiş hasarı sökdüyünü bildirmişlər. Həmin əraziyə gəlib bu barədə Vüqar İmamverdiyevdən soruşduqda o, özlərinə (sənəd üzrə Cavabdeh) məxsus torpaq sahəsinin bir hissəsinin zəbt edildiyini, hasarı söküb bir az irəlidə inşa edəcəyini demişdir. Vüqar İmamverdiyevlə aralarında olan mübahisə ilə bağlı o, AR DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bununla bağlı polis şöbəsində araşdırma aparılmış və xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra Cavabdeh ona qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması və üzərində tikilmiş tikililərin sökülməsi tələbi barədə iddia qaldırmışdır. O, həmin tələb üzrə Cavabdeh qarşı hazırki məzmunlu qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmiş və qarşılıqlı tələbə Cavabdeh iddia tələbi ilə birlikdə baxılması qanunamüvafiq hesab edilməmişdir. Bundan sonra o, hazırki məzmunlu müstəqil iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, hazırki iş üzrə cavabdehin onun tərəfindən zəbt olunduğunu iddia etdiyi torpaq sahəsi cavabdehin deyil, onun özünün xüsusi mülkiyyətində olan torpaq sahəsidir. Cavabdeh xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən əldə etdiyi 0,1725 hektar torpaq sahəsinə xx.xx.2021-ci il tarixli A 645985 nömrəli yeni Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilərkən əvvəlki sənədin göstəriciləri dəyişdirilərək yeni verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədində cavabdehə məxsus torpaq sahəsinin bir hissəsinin koordinatları onun mülkiyyətində olan torpaq sahəsinin koordinatları üzərinə işlənmişdir. Bu səbəbdən o, mülkiyyət hüquqlarının qorunması məqsədilə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçının vəkili və nümayəndəsi Vəkil da iddia tələbini müdafiə etdiyini bildirdi. O, məhkəmə baxışı iclasında həmin tələbin və iddiaçının izahatının məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh ona qarşı olan iddia tələbinə dair məhkəməyə etiraz ünvanlamış və həmin etirazını onunla əsaslandırmışdır ki, o, Lənkəran şəhəri 43-cü məhəllədə yerləşən, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********33 reyestr nömrəli Çıxarışa əsasən xüsusi mülkiyyətində olan 0,1725 hektar torpaq sahəsinin İddiaçı tərəfindən zəbt olunan hissəsinin zəbtdən azad olunması və həmin torpaq sahəsi üzərində inşa edilmiş qanunsuz tikililərin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Onun iddia tələbi məhkəmənin icraatına qəbul edildikdən sonra İddiaçı ona qarşı hazırki məzmunlu qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməmişdir. Onun xüsusi mülkiyyətində olan 0,1725 hektar torpaq sahəsinin bir hissəsi hazırki iş üzrə iddiaçı tərəfindən zəbt olunaraq orada tikililər inşa edilmişdir. O, torpaq sahəsinin boşaldması və həmin torpaq sahəsi üzərində inşa edilmiş qanunsuz tikililərin sökülməsi ilə bağlı iddiaçıya şifahi olaraq dəfələrlə müraciət etsə də, iddiaçı hər dəfə müxtəlif bəhanələrlə onun tələbinin icrasından yayınmışdır. Sonuncu dəfə müraciət edəndən iddiaçı həmin torpaq sahəsinin özünə məxsus olduğunu iddia edərək tikililəri sökməyəcəyini bildirdikdən sonra o, qeyd etdiyi iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Onunla iddiaçı arasında 2019-2021-ci illərdə torpaq sahəsinin zəbtdən azad olunması ilə bağlı məhkəmə çəkişmələri olmuş, lakin həmin məhkəmə mübahisəsi onun xüsusi mülkiyyətində olan torpaq sahəsinin hazırki iddia tələbində qeyd edilən ərazisi ilə deyil, fərqli bir ərazisi ilə əlaqədar olmuşdur. Həmçinin, əvvəlki tələb torpaq sahəsinin zəbtdən azad olunması barədə, hazırki tələbi isə torpaq sahəsinin zəbt olunan hissəsinin boşaldılması və həmin torpaq sahəsi üzərində inşa edilmiş qanunsuz tikililərin sökülməsi ilə bağlıdır. Qeyd olunan iş üzrə onun xüsusi mülkiyyətində olan ərazinin yerləşmə yeri ona göstərilərkən də həmin ərazidə tikililərin olduğu müəyyən edilmişdir. İddiaçının ona qarşı olan hazırki iddia tələbi ilə bağlı qeyd edir ki, Lənkəran şəhəri 43-cü məhəllədə yerləşən 0,37 hektar torpaq sahəsi 2008-ci ildə onun qızı İlhamə İmamverdiyevanın əri Vüqar İmamverdiyevin və hazırki iş üzrə iddiaçının vəsaiti hesabına şərikli qaydada alınmış, lakin onun adına rəsmiləşdirilmişdir. 2014-cü ildə onlar torpaq sahəsini razılıq əsasında öz aralarında bölüşdürmüşlər. İddiaçı payına düşən 0,185 hektar torpaq sahəsi ilə bağlı onlar arasında bağışlama müqaviləsi bağlanmışdır. Vüqar İmamverdiyevin payına düşən 0,185 hektar torpaq sahəsi isə onun öz adına rəsmiləşdirilmişdir. Bu barədə həm onun özünün, həm də İddiaçı adına mülkiyyət hüququnu tanıyan sənədlər verilmişdir. 2015-ci ildə isə 0,185 hektar torpaq sahəsinə bitişik 0,025 hektar torpaq sahəsini də Vüqar İmamverdiyev və hazırki iş üzrə iddiaçı şərikli qaydada almış, həmin torpaq sahəsi də onun öz adına rəsmiləşdirilmişdir. 2018-ci ildə 0,025 hektar torpaq sahəsindən iddiaçıya düşən payın əvəzində o, özünün xüsusi mülkiyyətində olan 0,185 hektar torpaq sahəsinin 0,0125 hektardan ibarət hissəsini iddiaçının öz razılığı ilə ona satmışdır. Beləliklə, onun özünün mülkiyyətində 0,1725 hektar və 0,025 hektar torpaq sahələri qalmışdır. İddiaçının adına rəsmiləşdirilmiş torpaq sahələri isə 0,185 hektar (bağışlama müqaviləsi əsasında əldə edilən) və 0,0125 hektar (alqı-satqı müqaviləsi əsasında əldə edilən) təşkil etmişdir. 2019-2021-ci illərdə məhkəmə çəkişməsi davam edən dövrdə 0,1725 hektar torpaq sahəsi onun özünün xüsusi mülkiyyətində olmuşdur. 2021-ci ildə o, özünün xüsusi mülkiyyətində olan 0,1725 hektar torpaq sahəsini qızı İlhamə İmamverdiyevaya bağışlamışdır. Qızının əri Vüqar İmamverdiyev həmin ərazidə uşaq əyləncə mərkəzi inşa etmk istədiyi üçün qızı da həmin torpaq sahəsini bağışlama yolu ilə öz ərinin adına rəsmiləşdirmişdir. Lakin sonradan zərurət yarandığı üçün qızının əri həmin torpaq sahəsini ona bağışlamaqla yenidən onun mülkiyyətinə qaytarmışdır. Hazırki iş üzrə iddiaçı həmin bağışlama müqaviləsinin tərəfi olmadığından onun ümumiyyətlə, həmin müqaviləni, habelə bu müqavilə əsasında tərtib edilmiş hüquqmüəyyənedici sənədləri mübahisələndirmək hüququ yoxdur. Ona görə də iddiaçının hazırki iddia tələbi əsasız və qanunusuzdur. Eyni zamanda, iddiaçı hazırki iddia tələbinin irəli sürülməsinə səbəb ola biləcək faktları 2021-ci ilin sonlarında bildiyini öz iddia tələbində də açıq-aşkar şəkildə qeyd etdirmişdir. Belə olan halda, iddiaçı həmin müqaviləni mübahisələndirmək üçün iddia müddətini də keçirmişdir. Qeyd etdiyi əsaslara görə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh sonuncu məhkəmə iclasına gəlməmiş, iştirak etdiyi məhkəmə baxışı iclasında ona qarşı olan iddia tələbini qəbul etmədiyini bildirmiş və etirazın məzmununa uyğun izahat verməklə yanaşı göstərmişdir ki, İddiaçının alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 0,0125 hektar torpaq sahəsinin faktiki vəziyyətdə də öz istifadəsində olması və həmin torpaq sahəsinin onun özünün xüsusi mülkiyyətində olan 0,1725 hektar torpaq sahəsinin koordinatlarından kənarda yerləşməsi mütəxəssis tərəfindən də müəyyən edilmişdir. O, bununla bağlı mütəxəssis rəyinin surətini də məhkəməyə təqdim etmişdir. 0,1725 hektar torpaq sahəsi xx.xx.2021-ci il tarixdə ona bağışlandıqdan sonra onun adına yeni mülkiyyət sənədi tərtib edilsə də, Torpaq sahəsinin planı və ölçüsü sənədi dəyişdirilməmişdir. Ümumiyyətlə, həmin torpaq sahəsinə dair əvvəllər Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilməmişdir. Cavabdeh iddia tələbinə etirazlarının əsası olaraq bağışlama müqaviləsinin qanuni əsaslarla bağlanaraq notariat qaydasında təsdiq edildiyini, qeyd etdiyi əsaslara görə iddiaçının ona qarşı olan iddia tələbini əsassız hesab edir və həmin tələbin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə mütəxəssis qismində məhkəməyə dəvət edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi X2 da məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi əsasında 0,1725 hektar torpaq sahəsinə dair hazırki iş üzrə cavabdehin adına hüquqmüəyyənedici sənədlər - xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********33 reyestr nömrəli Çıxarışın və həmin tarixli A 645985 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilsə də, Torpaq sahəsinin planı və ölçüsü sənədi, həmin sənəddə qeyd edilən torpaq sahəsinin koordinatları dəyişdirilməmişdir. Çıxarış sənədi verilərkən Torpaq sahəsinin planı və ölçüsü sənədinin də tərtib edilməsi məcburi deyildir və mülkiyyətçinin istəyindən asılıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli RX ******* seriyalı, ********** qeydiyyat nömrəli Çıxarışın və xx.xx.2022-ci il tarixli A 691983 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətlərindən görünür ki, Lənkəran şəhəri 43-cü məhəllədə yerləşən, iddiaçının xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən əldə etdiyi 0,185 hektar torpaq sahəsinə dair onun adına hüquqmüəyyənedici sənədlər tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və ona əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, hazırki iş üzrə cavabdeh Lənkəran şəhəri 43-cü məhəllədə yerləşən, özünün xüsusi mülkiyyətində olan 0,185 hektar torpaq sahəsinin 0,0125 hektardan ibarət hissəsini hazırki iş üzrə iddiaçıya satmış, alqı-satqı müqaviləsi notariat qaydasında tərtib edilərək təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli RX ******* seriyalı, ********** qeydiyyat nömrəli Çıxarışın və xx.xx.2018-ci il tarixli A 330116 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətlərindən görünür ki, Lənkəran şəhəri 43-cü məhəllədə yerləşən, iddiaçının xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi 0,0125 hektar torpaq sahəsinə dair onun adına hüquqmüəyyənedici sənədlər tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-2056/2021 nömrəli qərarının surətindən görünür ki, hazırki iş üzrə Cavabdeh hazırki iş üzrə İddiaçı qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbi ilə Lənkəran Rayon Məhkəməsində iddia qaldırmış, həmin tələbə məhkəmədə baxılaraq xx.xx.2019-cu il tarixli 2(049)-426/2019 nömrəli qətnaməyə əsasən iddia tələbi qismən təmin edilməklə Lənkəran şəhəri 43-cü məhəllədə yerləşən, Cavabdeh mülkiyyətində olan 0,1725 hektar torpaq sahəsinin 0,033 hektardan ibarət hissəsindən İddiaçı çıxarılması, həmin torpaq sahəsinin Cavabdeh təhvil verilməsi barədə qətnamə qəbul edilmişdir. Həmin iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Lənkəran rayon İcra və Probasiya şöbəsinin əməkdaşlarının və hazırki iş üzrə tərəflərin iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli “İcra sənədinin icrası” barədə aktın məzmunundan müəyyən edilir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(049)-426/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi xx.xx.2021-ci il tarixdə icra edilərək müvafiq akt tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin və ona əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, hazırki iş üzrə cavabdeh Lənkəran şəhəri 43-cü məhəllədə yerləşən, özünün xüsusi mülkiyyətində olan 0,1725 hektar torpaq sahəsini İlhamə İmamverdiyevaya bağışlamış, bağışlama müqaviləsi notariat qaydasında tərtib edilərək təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin və ona əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, İlhamə İmamverdiyeva hazırki iş üzrə cavabdeh tərəfindən ona bağışlanmış, özünün xüsusi mülkiyyətində olan, Lənkəran şəhəri 43-cü məhəllədə yerləşən, 0,1725 hektar torpaq sahəsini Vüqar İmamverdiyevə bağışlamış, bağışlama müqaviləsi notariat qaydasında tərtib edilərək təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin və ona əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, X1 şəhəri 43-cü məhəllədə yerləşən, özünün xüsusi mülkiyyətində olan 0,1725 hektar torpaq sahəsini hazırki iş üzrə cavabdehə bağışlamış, bağışlama müqaviləsi notariat qaydasında tərtib edilərək təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********33 reyestr nömrəli Çıxarışın və həmin tarixli A 645985 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətlərindən görünür ki, Lənkəran şəhəri 43-cü məhəllədə yerləşən, cavabdehin xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən əldə etdiyi 0,1725 hektar torpaq sahəsinə dair onun adına hüquqmüəyyənedici sənədlər tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş, Cavabdeh iddiasına dair 2(049)-2302/2024 nömrəli mülki iş üzrə iş üzrə verilmiş, xx.xx.2025-ci il tarixli ekspert rəyinin surətində qeyd edilmişdir ki, Cavabdeh xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı satdığı 0,0125 hektar torpaq sahəsi faktiki vəziyyətdə də sonuncunun öz istifadəsindədir və həmin torpaq sahəsi xx.xx.2021-ci il tarixli Çıxarışa, həmin tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Cavabdeh xüsusi mülkiyyətində olan 0,1725 hektar torpaq sahəsinin koordinatlarından kənarda yerləşir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları, həmçinin iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edildi ki, hazırki vəziyyətdə iddiaçının xüsusi mülkiyyətində Lənkəran şəhəri 43-cü məhəllədə yerləşən, 0,185 hektar və 0,0125 hektar torpaq sahələri vardır. Qeyd olunan ərazidə cavabdehə məxsus 0,1725 hektar torpaq sahəsi də yerləşir. Həmin torpaq sahəsi əvvəllər də eyni ölçüdə cavabdehə məxsus olmuş və o, həmin torpaq sahəsini xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən yenidən əldə etmişdir. Həmin bağışlama müqaviləsi əsasında qeyd olunan torpaq sahəsinə dair cavabdehin adına hüquqmüəyyənedici sənədlər hazırlanmışdır. Hazırda iddiaçı xx.xx.2021-ci il tarixli 4Ə-1850 saylı daşınmaz əmlakın bağışlama müqaviləsinin və onun əsasında verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********33 reyestr nömrəli Çıxarışın, həmçinin, Torpaq sahəsinin planı və ölçüsü sənədinin dəyişdirilərək yeni verilmiş xx.xx.2021-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı iddia tələbinin əsası kimi özünün xüsusi mülkiyyətində olan torpaq sahələrinə dair tərtib edilmiş hüquqmüəyyənedici sənədlərə istinad edərək cavabdehin xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən əldə etdiyi 0,1725 hektar torpaq sahəsinə xx.xx.2021-ci il tarixli A 645985 nömrəli yeni Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilərkən əvvəlki sənədin göstəricilərinin dəyişdirilərək yeni verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədində cavabdehə məxsus torpaq sahəsinin bir hissəsinin koordinatları onun özünün mülkiyyətində olan torpaq sahəsinin koordinatları üzərinə işləndiyini bildirir. Cavabdeh iddia tələbini qəbul etməyərək həmin tələbin rədd edilməsini xahiş edir. Cavabdeh iddia tələbinə etirazlarının əsası olaraq iddiaçı həmin bağışlama müqaviləsinin tərəfi olmadığından onun ümumiyyətlə, həmin müqaviləni, habelə bu müqavilə əsasında tərtib edilmiş hüquqmüəyyənedici sənədləri mübahisələndirmək hüququ olmadığını, eyni zamanda, iddiaçının həmin müqaviləni mübahisələndirmək üçün iddia müddətini də keçirdiyini, bununla yanaşı, bağışlama müqaviləsinin qanuni əsaslarla bağlanaraq notariat qaydasında təsdiq edildiyini, iddiaçının mülkiyyətində olan 0,0125 hektar torpaq sahəsinin faktiki vəziyyətdə də öz istifadəsində olması və həmin torpaq sahəsinin onun özünün xüsusi mülkiyyətində olan 0,1725 hektar torpaq sahəsinin koordinatlarından kənarda yerləşməsinin mütəxəssis tərəfindən də müəyyən edildiyini bildirir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbаycаn Respublikаsının Mülki Məcəlləsinin 6.2-ci mаddəsinə əsаsən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 666.1-ci mаddəsinə əsаsən bаğışlаmа müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1 və 668.1.1-ci mаddələrinin məzmununa görə daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bаğışlаmа etibаrlıdır. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2021-ci il tarixli 4Ə-1850 saylı daşınmaz əmlakın bağışlama müqaviləsinin predmeti olmuş 0,1725 hektar torpaq sahəsi əvvəllər də hazırki iş üzrə cavabdehin xüsusi mülkiyyətində olmuş və sonuncu həmin torpaq sahəsini xx.xx.2021-ci il tarixdə öz qızına bağışlamışdır. Sonradan cavabdehin qızı qeyd olunan torpaq sahəsini öz ərinə bağışlamış, bir müddət sonra isə həmin torpaq sahəsi sonuncu tərəfindən xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi əsasında yenidən cavabdehin mülkiyyətinə qaytarılmışdır. Hazırki iş üzrə iddiaçı bu proseslər çərçivəsində heç vaxt müqavilənin tərəfi və ya bağışlanan əmlakın mülkiyyətçisi olmamışdır. Bağışlama müqavilələri, o cümlədən, hazırda iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilərək notariat qaydasında təsdiq edilmişdir. İddiaçı hazırki iddia tələbində Vüqar İmamverdiyevlə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin nəticəsi olaraq onun özünün xüsusi mülkiyyətində olan torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqlarının pozulduğunu (məhdudlaşdırıldığını) iddia etsə də, məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçının mülkiyyətində olan 0,0125 hektar torpaq sahəsi faktiki vəziyyətdə də onun öz istifadəsində olmaqla, həmin torpaq sahəsi cavabdehin xüsusi mülkiyyətində olan 0,1725 hektar torpaq sahəsinin koordinatlarından kənarda yerləşir. Məhkəmə araşdırdığı faktlara məcmu halında və qeyd olunan hüquq normalarının tələbləri ilə əlaqəli şəkildə qiymət verərək iddiaçının hüquqlarının pozulması hallarının aşkar edilmədiyi, onun dəlillərinin heç bir sübutla təsdiqini tapmayan və hüquqi əsasa söykənməyən formal mülahizələrdən ibarət olması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, Vüqar İmamverdiyevlə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi iddiaçının ehtimal olunan hər hansı hüququnu pozmadığından həmin müqavilənin iddiaçının tələbi ilə bu və ya digər əsasla ləğv edilməsinə və ya etibarsız hesab edilməsinə hər hansı hüquqi əsas mövcud deyildir. Məhkəmə cavabdehin etiraz ərizəsində qeyd etdiyi, hazırkı iş üzrə iddia müddətinin keçdiyi barədə xüsusatlara münasibət bildirərək qeyd edir ki, iddiaçının hazırki iddia tələbləri əsassız hesab edildiyindən cavabdehin iddia müddətinin tətbiq edilməsi əsası ilə iddia tələbinin rədd edilməsi barədə vəsatətinin araşdırılmasına və həmin vəsatətdə qeyd edilən hallara hüquqi qiymət verilməsinə hər hansı lüzum qalmamışdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin hazırki iddia tələbində qeyd edilən əsaslarla ləğvi və ya etibarsız hesab edilməsinə hər hansı hüquqi əsas mövcud olmadığından iddiaçının hazırki iddia tələbinin Lənkəran şəhəri 43-cü məhəllədə yerləşən 0,1725 hektar torpaq sahəsinin Vüqar İmamverdiyev tərəfindən hazırki iş üzrə cavabdehə bağışlanması ilə bağlı həmin şəxslər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-1850 saylı daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair hissəsi təmin edilməməlidir. İddiaçı hazırki iddia tələbində xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi əsasında xx.xx.2021-ci il tarixli A 645985 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilərkən əvvəlki sənədin göstəricilərinin dəyişdirilərək yeni verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədində cavabdehə məxsus torpaq sahəsinin bir hissəsinin koordinatları onun özünün mülkiyyətində olan torpaq sahəsinin koordinatları üzərinə işləndiyini iddia etsə də, iş üzrə mütəxəssis qismində məhkəməyə dəvət edilmiş şəxs 0,1725 hektar torpaq sahəsinə dair cavabdehin adına xx.xx.2021-ci il tarixli A 645985 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilərkən həmin sənəddə qeyd edilən torpaq sahəsinin koordinatlarının dəyişdirilmədiyini bildirmişdir. İddiaçı özü də iddia tələbinin həmin hissəsinin əsası kimi istinad etdiyi halı, 0,1725 hektar torpaq sahəsinə dair əvvəllər hər hansı şəxsin adına Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş olduğunu sübut edə bilməmiş, məhkəməyə belə bir sənəd təqdim edilməmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********33 reyestr nömrəli Çıxarış xx.xx.2021-ci il tarixli 4Ə-1850 saylı daşınmaz əmlakın bağışlama müqaviləsi əsasında verildiyindən, həmçinin, xx.xx.2021-ci il tarixli A 645985 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi də həmin bağışlama müqaviləsi əsasında tərtib edildiyindən və qeyd olunan sənədlərin qanuni əsaslarla tərtib edilmədiyinə dair hər hansı hallar məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən hazırki iddia tələbinin bağışlama müqaviləsi əsasında verilmiş Çıxarışın, Torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsinə dair hissələri də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilmədiyindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumu məbləği də iddiaçının özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı Cavabdeh qarşı xx.xx.2021-ci il tarixli 4Ə-1850 saylı daşınmaz əmlakın bağışlama müqaviləsinin və onun əsasında verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********33 reyestr nömrəli Çıxarışın, həmçinin, Torpaq sahəsinin planı və ölçüsü sənədinin dəyişdirilərək yeni verilmiş xx.xx.2021-ci il tarixli xx.xx.2021-ci il tarixli A 645985 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsinə dair iddia tələbi təmin edilməsin. İddiaçı məhkəməyə müraciət etmək üçün ödədiyi 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzrə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(049)-1517/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1517/2025
31.07.2025 · Müqavilələrin dəyişdirilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver