Məhkəmə qərarları › İş №2(049)-1563/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1563/2025

26.08.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1563/2025 26.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərov Raqib Rüstəm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Lənkəran Şəhər İcra Hakimiyyətinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında hazırlıq iclasını keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 10 yanvar 1978-cı il tarixdə Lənkəran şəhəri, M.M.Axund küç, ev 143 ünvanda doğulmuş və Lənkəran şəhəri, M.M.Axund küç, ev 143 ünvanda yaşayan X2nun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1978-ci il tarixdə Lənkəran rayon Aşağı-Nüvədi qəsəbəsində anadan olmuşdur və hazırda da yuxarıda qeyd etdiyi ünvanda həyat X1 ilə birlikdə yaşayır. X2 xx.xx.1978-ci il tarixdə ünvan 2 ünvanda anadan olmuşdur. X1 hərbi xidmət keçməkdən ötrü 1998-ci il tarixdə həkim müayinəsindən keçən zaman tanımadıqları insanlarla dava edərək Pisixi travma yaşamışdır. Valideyinləri və o onu bununla əlaqədar bütün müalicələrini etmişlər. Lakin olunan müalicələrin heç bir nəticəsi olmamışdır. Ona görə də yoldaşı hazırda Lənkəran şəhər Psixiatriya xəstəxanasında qeydiyyatdadır və müalicəsini davam edir, onun bütün təmizlik və əlavə işlərini o görür. Lakin yoldaşı hər hansı bir hüquqlarının həyata keçirilməsindən ötrü hüquqi sənədləşmənin aparılmasında yəni sosial yardım sənədləşdirmə işlərinin görülməsində çətinliklər yaranır və çətinliklərin aradan qaldırılmasından ötrü ondan başqa heç kimi olmadığından onu, yəni onu X2na qəyyum təyin edilməsində ona köməklik göstərmələrini xahiş etdi. Oradan ona məsləhət bildirlər ki, o bununla bağlı gərək məhkəməyə müraciət etsin. Ona görə də hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun məzmunlu izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq maraqlı şəxs Lənkəran Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəyə əlavə edilmiş və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş: AZ-İ № 562225 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X3 nikahı 10 mart 2010-cu il tarixdə Lənkəran Rayon Qeydiyyat Şöbəsində 149 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. X5 məxsus olan AA0621961 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, o, xx.xx.1978-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Lənkəran ŞDSMF tərəfindən verilmiş 282231 saylı vəsiqənin surətindən görünür ki, Lənkəran ŞDSMF tərəfindən əlillik haqqında vəsiqə 22 oktyabr 2018-ci il tarixdə X5 verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü X5 şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəliyi aşkar olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 92 nömrəli arayışdan görünür ki, Ərizəçi həyat yoldaşı Lənkəran şəhəri, M.M.Axund küçəsi ev 107-də qeydiyyatda olan X9 xx.xx.1998-ci ildən “Şizofreniya paronid forma” diaqnozu ilə Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında Qeydiyyatdadır. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 2148 saylı rəyindən görünür ki, X4 şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəliyi aşkar olunmuşdur. X4 qeyd olunan ağır əqli gerilik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Məhkəmə baxışında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi X2nda şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəliyi aşkar olunmuşdur. Bu səbəbdən o, fəaliyyət qabliyyəti olmayan hesab edilməlidir. İşin göstərilən halları ekspert rəyi və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, qardaşbacıların) ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1978-ci il tarixdə ünvan 5 ünvanında yaşayan X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə etməklə Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar