Məhkəmə qərarları › İş №2(049)-1636/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1636/2023

05.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1636/2023 05.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X2 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçının cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktın ləğv edilməsi və həmin aktın əsasında hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə 05 iyun 2023-cü il tarixdə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması" haqqında xx.xx.2022ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 518.40 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yaşayır və **********00000 saylı kod üzrə qaz istehlakçısıdır. Yaşadığı ev mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin evin öz qaz xətti və öz sayğacı vardır. O, həmişə də mütəmadi olaraq qaz pulunu vaxtıvaxtında ödəmişdır. Qaz sayğacı onun evinə çoxdan qoyulmuş və heç bir problem də olmamışdır. "Azəriqaz” İB-nin Lənkəran RQİİ-nin əməkdaşları da hər ay gəlib sayğacı yoxlamışlar. 31 yanvar 2022-ci il tarixdə "Azəriqaz” X1 RQİİ-nin əməkdaşları yaşadığı ünvanda bir sıra evlərin sayğacını dəyişdirmişlər. Sayğacların nə üçün dəyişdirildiyini soruşduqda "Azəriqaz" X1 RQİİ-nin əməkdaşları bildirdilər ki, həmin sayğaclar köhnəlib və növbəti dövlət yoxlamasına göndərilməlidir. "Azəriqaz" əməkdaşları tərəfindən Elestr tipli G-4 markalı ******* nömrəli sayğac dəyişdirilərək yenisi ilə əvəz olundu və köhnə sayğac dəyişdirilərkən sayğacın üzərində plomb var idi. Bunu "Azəriqaz" İB-nin Lənkəran RQİİ-nin əməkdaşları da gördülər. Elestr tipli G-4 markalı ******* nömrəli sayğac dəyişdirildikdən sonra sayğacın dəyişdirilməsi barədə "Azəriqaz” X1 RQİİ-nin əməkdaşları tərəfindən yerindəcə xx.xx.2022-ci il tarixli ******* nömrəli akt tərtib olundu və o, həmin akta imza etmişdir. Son bir həftə ərzində qaz borcunu ödəyərkən ona məlum oldu ki, "Azəriqaz” İB-yə guya 518 manat 40 qəpik borcu vardır. O, borcun nədən yarandığını örənmək üçün “Azəriqaz” İB-nin Lənkəran RQİİ-nə getmiş və orada ona bildirdilər ki, köhnə sayğaca baxış keçirilərkən guya sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzikcızıq izləri var. Bununla bağlı xx.xx.2022-ci il tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Həmin aktda göstərilmişdir ki, guya o, həmin akta imza etməkdən imtina etmişdir. Halbuki, onun belə bir aktdan xəbəri olmamışdır. Belə ki, köhnə Elestr tipli G-4 markalı ******* nömrəli sayğac "Azəriqaz" İB-nin Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən açılaraq dəyişdirilmiş və həmin vaxtı sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi deşilməmişdir. Belə ki, sayğaca hər hansı bir xarici müdaxilə olsaydı Azəriqaz əməkdaşları bu barədə tərtib etdikləri xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın "sayğacın və plombların toxunulmazlığına cavabdeh şəxs" qrafasında qeyd edərdilər və ona hər hansı bir məlumat verərdilər. Göründüyü kimi həmin aktda belə bir qeyd yazılmamışdır. Bundan başqa qaz sayğacı onların həyətindən kənarda yerləşdiyindən qaz sayğaclarının təhlükəsizliyinə və işlək vəziyyətdə saxlanmasına “Təbii qazdan istifadə qaydaları” və “Qaz Təchizatı” haqqında qanunvericilik aktlarına görə fiziki şəxs olaraq o, yəni istehlakçı yox, paylayıcı "Azəriqaz" İB-yi məsuliyyət daşıyır. Təqsirli şəxs müəyyən edilmədən, qanunsuz olaraq, Dövlət Laboratoriya rəyinə əsasən «Azəriqaz» İB-yi Lənkəran RQİİ tərəfindən ona “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixdə ******* nömrəli cərimə aktı tərtib edilmişdir. Aktın tərtib edilməsindən xəbəri belə olmadığı halda həmin akta imza etməkdən imtina etdiyini qeyd etmişlər. Azəriqaz" İB-nin Lənkəran RQİİ-nin əməkdaşları xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə ona qaz borcunun ödənilməsi ilə bağlı bildiriş-xəbərdarlıq verilmişdir. Lakin həmin bildirişlərdə qaz borcunun olması göstərilməmişdir. Cərimə aktına əsasən xx.xx.2022-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamə sənədi tərtib edilmiş, Dövlət laboratoriya aktı “əsas səbəb” kimi götürülərək, təqsirli şəxs müəyyən edilmədən, 90 gün üçün ona 4320 m3 həcmində itirilmiş qaz, yəni 518 manat 40 qəpik məbləğində cərimə tətbiq edilmişdir. Ona görə də hesab edir ki, Lənkəran RQİİ əməkdaşları tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli ******* nömrəli akt qanunsuzdur və həmin akt ləğv edilməli, ona hesablanmış 518 manat 40 qəpik məbləğində cərimə məbləği silinməlidir. Sadalananları nəzərə alaraq hazır ki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermişdir. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, «Azəriqaz» İstehsalat Birliyi nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə «Azəriqaz» İstehsalat Birliyi nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərədən keçirib hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktın surətindən görünür ki, İddiaçı yaşadığı Lənkəran rayonu, Liman şəhərində yerləşən fərdi yaşayış evində quraşdırılmış “Elster” tipli G4 marakalı, ******* nömrəli köhnə sayğac ”Zenner” tipli, G-4 markalı, **********8 nömrəli təzə qaz sayğacı ilə əvəz olunmuşdur. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 fevral 2022-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik cızıq izləri vardır, sayğac istismara yarasızdır və İtirilmiş qazın bərpası barədə hesablamalar aparılaraq istehlakçıya 4320 m3 qaz sərfiyyatı hesablanmışdır. Abonentin saldosundan görünür ki, istehlakçı 2022-ci ilin fevral ayı üçün 518.40 manat cərimə hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında hazırkı mübahisə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı deyildir. Çünki, iddiaçı barəsində tərtib edilmiş 28 fevral 2022-ci il tarixli, ******* saylı aktdan müəyyən olunur ki, abonentin fərdi evinə quraşdırılmış qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi, daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması və sayğacın istismara yarasız olduğu aşkar olunmuşdur. Buna görə də iddiaçı təqsirli hesab olunur və itirilmiş qaza görə hesablanmış ziyanın ödənilməsi tələb edilir. İddiaçı tərəf isə heç bir qanun pozuntusuna yol vermədiyi halda barəsində akt tərtib edilməsində Qaz idarəsinin təqsirli olduğunu bildirir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı mübahisə deliktdən yaranmışdır. Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iclasında iddiaçının sayğacındakı nasazlıqların onun təqsirli, hüquqa zidd əməlləri nəticəsində əmələ gəlməsi sübuta yetirtilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının qaz sayğacındakı nasazlıqlarında iddiaçının təqsirli olması sübuta yetirilmədiyi ücün onun barəsində hesablanmış cərimə ləğv edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını yoxlanması labaratoriyasında iddiaçıya məxsus qaz sayğacı Dövlət yoxlamasından keçmiş, yoxlama nəticəsində həmin sayğac yararsız hesab olunmuşdur. Buna görə də, sayğacın yararsız vəziyyətə düşməsi iddiaçının təqsiri üzündən baş vermədiyi üçün məhkəmə hesab edir ki, mübahisələndirilən akt əsassında hesablanmış 518.40 manat cərimə məbləği ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərtbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumu 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında tutulur. İddianın qiyməti 518.40 manat olduğundan dövlət rüsumu 30 manat təşkil eləyir. İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və iddia tələbi 518.40 manat məbləğində borcun silinməsi hissəsində təmin edildiyindən həmin 30 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan tutularaq dövlət hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən «məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 77-ci maddəsinə əsasən «hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçının cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı aktın ləğv edilməsi və onun əsasında hesablanmış cərimənin silinməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh “Azəriqaz” İB-nin 28 fevral 2022-ci il tarixli, ******* saylı aktı əsasında hesablanmış 518.40 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. 30 manat dövlət rüsumu cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə aid edilsin və ondan tutularaq dövlət hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar