Məhkəmə qərarları › İş №2(049)-173/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-173/2023

10.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-173/2023 10.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «qanunsuz aktın ləğv edilməsi və cərimənin silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərişıq ASC-nin əməkdaşı Nazim Qurbanov tərəfindən 09 iyun 2022-ci ildə yazılmış NDM № 028302 aktı ləğv edərək həmin akt əsasında ona yazılmış 706 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o ünvan 1 ünvanda da yaşayır. Əlavə olaraq Lənkəran rayonu Siyabli kəndində kiçik bir bağ evi vardır. Çox az hallarda orada 1-2 həftə, bəzən isə daha az müddətdə qalır. Bu ilin avqust ayında yay tətili üçün həmin evdə yaşamağa başladılar. 18 avqustda kəndin nəzarətçisi sayğacın göstərişini qeyd edərək qəbzi ona verəndə orada 733 manat olduğunu görmüş, bunun səbəbini həmin nəzarətçidən soruşanda onun özünün də bundan məlumatsız olduğunu bilmişdir. Daha sonra Lənkəran regional işıq idarəsinə müraciət etmişdir. Orada ona təqdim edilən aktın surətindən məlum olmuşdur ki, 09 iyun 2022-ci ildə Nazim Qurbanov tərəfindən onların sayğaca baxış keçirilmiş və guya sayğacdan kənar xətt aşkar edilmişdir. Aktın özündə də qeyd edilmişdir ki, işıqlar söndüyü üçün gərginliyi ölçmək mümkün olmamışdır. O həmin evdə yaşamır. Akt yazılan tarixdə də həmin ünvanda yaşayıb olmamışdır. Sayğacı da küçədə yerləşdirmişlər. Yaşayış olmayan evdə kənar xətt kimə və nə üçün lazım ola bilər. Nazim Qurbanov özü də aktda qeyd etmişdir ki, gərginliyi ölçmək mümkün olmamışdır. Əlbətdəki yaşayış olmayan evdə elektrik enerjisindən istifadə olunmursa xətlərdə gərginlik də ola bilməz. Amma nədənsə akt yazıb vətəndaşı nahaq yerə cərimə edə bilirlər. Nazim Qurbanov aktı təkbaşına imzalamışdır. Çünki əgər həqiqətən də kənar xətt var idisə qonşulardan çağıra və şahid kimi akta imza etdirə bilərdilər. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə bildirmişdir ki, 09 iyun 2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərərfindən İddiaçı istifadəsində olan Lənkəran rayonu, Siyablı kəndində yerləşən fərdi yaşayış evinin sayğacına baxış keçirilmiş, sayğaca baxış zamanı müəyyən edilmişdir ki, abonent sayğacın giriş xəttinin izolyasiya qatını soyaraq budaqlanma vasitəsi ilə sayğacdan kənar xətt çəkmişdir. Bununla bağlı həmin tarixdə 028302 №-li akt tərtib edilmiş və akt əsasında vurulmuş zərərin məbləği 708,86 manat hesablanmışdır. Lakin əməkdaşlar tərəfindən foto və videoçəkiliş aparılmadığından həmin materialları təqdim edə bilmir. Qeyd olunan akt qanuni və əsaslı tərib edilmişdir. Buna görə də iddia əsassızdır və rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, NMD seriyalı 028302 №-li aktdan görünür ki, 09 iyun 2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərərfindən İddiaçı istifadəsində olan Lənkəran rayonu, Siyablı kəndində yerləşən fərdi yaşayış evinin sayğacına baxış keçirilmiş, sayğaca baxış zamanı müəyyən edilmişdir ki, abonent sayğacın giriş xəttinin izolyasiya qatını soyaraq budaqlanma vasitəsi ilə sayğacdan kənar xətt çəkmişdir. İşıqlar söndüyünə görə gərginliyi ölçmək olmadı. İddiaçı adına qeydə alınmış abonə haqqı Arayışdan görünür ki, elektrik enerjisindən istifadə qaydalarını pozduğuna görə X1 xx.xx.2022-ci il tarixdə 708.88 manat borc hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı yaşadığı Lənkəran rayonu, Siyablı kəndində yerləşən fərdi yaşayış evinin elektrik sayğacına baxış keçirilmiş və baxış zamanı sonuncunun evinə gedən elektrik sayğacının izoliyasiya qatını soyaraq budaqlanma vasitəsi ilə sayğacdan kənar xətt çəkmişdir. İşıqlar söndüyünə görə gərginliyi ölçmək olmayıb. Bununla bağlı xx.xx.2022-ci il tarixli, NMD 028302 №-li Akt tərtib edilmiş və həmin Akt əsasında 708.88 manat vurulmuş ziyan məbləği hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 oktyabr tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” Qaydalarının 8.17-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-1-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qaydaların 8.17-2-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qeyd olunan Qaydalardan görünür ki, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizatı müəssisəsinin nümayəndəsi istehlakçının iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. Hazırki iş üzrə tərtib edilmiş 09 iyun 2023-cü il tarixli Aktdan isə görünür ki, “Elektrik enerjisindən istifadə” Qaydalarının tələblərinə zidd olaraq tərtib edilmiş, akt abonent – istehlakçı İddiaçı iştirakı ilə tərtib edilməmiş, onun iştirakı ilə tərtib edilməsə belə, akta yol verilmiş pozuntu ilə əlaqədar texniki vasitələrdən (foto və ya videoçəkiliş əlavə edilməmiş, əlavə edilsə belə cavabdehin nümayəndəsi tərəfindən foto və ya videoçəkiliş materialları məhkəməyə təqdim edilməmişdir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli, NMD 028302 №-li “Elektrik enerjisindən istifadə” Qaydalarının tələblərinə uyğun şəkildə tərtib edilməsinin sübuta yetirilməsi vəzifəsi iddiaçının deyil, onu tərtib edən cavabdeh "xxxx" ASC-nin üzərinə düşdüyündən, cavabdeh tərəfindən isə bununla bağlı hər hansı sübut təqdim edilmədiyindən qeyd olunan aktın qanunveriliciyin tələblərinə uyğun tərtib edlmiş akt kimi tanınması istisna olunur və buna görə də iddia əsaslıdır və "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli akt ləğv edilməlidir. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, xx.xx.2022-ci il tarixli, NMD 028302 №li Akt əsasında 708.88 manat vurulmş ziyan hesablanmasına baxmayaraq, iddiaçı 706 manat cərimənin silinməsini tələb etdiyindən məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbi baxımından 706 manat hesablanmış cərimənin silinməli olması qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə işüzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, NMD seriyalı, 028302 №li aktı ləğv edilsin və həmin akta əsasən hesablanmış 706 manat cərimə silinsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar