Məhkəmə qərarları › İş №2(049)-1735/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1735/2025

23.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1735/2025 23.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı tərəfindən tərtib edilmiş 30 may 2024- cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi, 31 may 2024-cü il tarixli qərarın ləğv edilməsi, habelə həmin akta və qərara əsasən hesablanmış 4320 kubmetr ziyanın, yəni 519 (beş yüz on doqquz) manat (borcun) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, o Lənkəran rayonu, Şağlaser kəndində yaşayır. Hər bir vətəndaş kimi, o da aylıq ödəniş şərti ilə təbii qazdan istifadə edir. Lakin 2024-cü ilin mart ayında X6 İstismar İdarəsinin Cavabdeh Lənkəran xidmət sahəsinin Lənkəran rayonu Şağlaser kəndindəki fərdi yaşayış evinə sayğacın istifadə müddətindən 5 il keçdiyindən baş çəkmişlər və bununla bağlı tərtib olunmuş sənədə oğlu X5 tərəfindən imza qoyuldu. Sonradan ona məlum oldu ki, onun iştirakı və xəbəri olmadan 30 may 2024cü il tarixli MSK-0639 JNə-li Aktına əsasən G-4 markalı **********4 Xb-li sayğaca baxış keçirlmiş və tərtib olunmuş müvafiq akta əsasən güya onun tərəfimdən müdaxilənin olduğu göstərilmişdir. Hadisənin baş verdiyi tarixdən 10 ay keçəndən sonra qeyd olunan akta 17 mart 2025-ci il tarixli əsli ilə düzdür ştampı vurulub və ünvanına göndərilmişdir. O sayğaca heç bir müdaxilə etməəyib. Əsassız olaraq Cavabdeh X6 İstismar İdarəsinin X6 İstismarı İdarəsi 30 may 2024-cü il tarixli, ******* nömrəli akt tərtib olunub və həmin aktda qeyd olunub ki, sayğacın çıxış plastmas borusu fiziki təsir nəticəsində deşilib. Bunun nəticəsində isə güya qaz sayğacına müdaxilə olunduğu üçün xətalar normadan artıqdır, sayğac minimal sərfıyyatda 100 % nisbi xətayla işləyir və keçən qazın həcmini qeyd etmir. Burada sual yaranır ki, əgər fiziki müdaxilə olunubsa sayğaca, həmin fiziki təsir hansı vasitə ilə olunub, əgər sayğac istismara yararsız olubsa və buna görə keçən qazın həcmini qeyd etmir. Burada sual yaranır ki, əgər fiziki müdaxilə olunubsa sayğaca, həmin fiziki təsir hansı vasitə ilə ollunub, əgər sayğac istismara yararsız olubsa və buna görə keçən qazın həcmini qeyd etmirsə, 2024-cü iliin mart ayına qədər yazılmış hesablar əsasında necə ödənişlər edib? 31 may 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən G-4 markalı qaz sayğacın nominal qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası məqsədilə barəsində 4320 kubmetr həcmində dəymiş ziyan hesablanmışdır. Həmin akt cavabdeh tərəfindən onun məlumatı və iştirakı olmadan tərtib olunmuşdur. Ümumiyyətlə ona qarşı tərtib olunmuş akt absurtdur və onun mənafemə ziddir. Əlavə olaraq qeyd etmək istəyir ki, o istifadə etdiyi təbii qazın dəyərini hər ay davamlı olaraq ödəyib. Qaz sayğacına müdaxilə olunması barədə məlumatı olmamış və müdaxilə olunubsa da onun tərəfindən müdaxilə olunması sübuta yetirilməmişdir. Bundan əlavə fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı evdən kənarda quraşdırılmış və sayğac heç bir qoruyucu örtüklə örtülməmişdir, sonradan özüm sayğacı qoruyucu örtüklə örtüb. Mübahisəli akt tərtib olunan zaman iştikarım təmin edilməmiş, yalnız cari ilin mart ayında bundan xəbər tutub "Azəriqaz” X4 X7 İdarəsinin X6 İstismarı İdarəsinə gedərək aktı əldə edib. Tərəfindən qaz sayğacına müdaxilə edilməsi, onun təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, ona əlavə pul hesablanmışdır. "Azəriqaz” İstehsalat Birliyinin yerli regional idarələrinin istehlakçının barəsində tədbir görməsi və istehlakçını məsuliyyətə cəlb etməsi kimi səlahiyyətləri yoxdur, buna görə də onların tərtib etmiş olduqları akt yazıldığı gündən etibarsız əqddir. Məhkəmənin hazırlıq iclasında iştirak edilmiş İddiaçı iddia tələbinə uyğun çıxış etmiş və ardınca ərizə ilə müraciət edərək iddia həcminin azadaraq hesablanmış 4320 kubmetr ziyanın, yəni 519 manat borcun silinməsini xahiş etmişdir. Məhkəmənin baxış iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş və ərizə göndərərək onun iştirakı olmadan iclasının keçirilməsini və tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lənkəran ŞİHB-nın Şağlaser kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Quliyeva X2 rayonun Şağlaser kəndində yaşayır və qeydiyyatdadır. Azəriqaz İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması» haqqında 30 may 2024-cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı istifadəsində olan sayğacının çıxış plastmas borusu deşilib. Sayğac istifadəyə yararsızdır. Abonentin saldosundan görünür ki, İddiaçı 2024-cü ilin may ayında 518.40 manat borc hesablanmışdır. xx.xx.2024-cü il tarixli ******* saylı «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktın surətindən görünür ki, İddiaçı yaşadığı Lənkəran rayonu Şağlaser kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış Zenner G4 markalı **********4 saylı qaz sayğacı GCZ G4 markalı ******* saylı qaz sayğacı ilə əvəz olunmuşdur. Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli 50044 nömrəli müqavilədən görünür ki, Cavabdeh X6 istismar idarəsi ilə istehlakçı İddiaçı arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, aşağıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək qeyd edir ki, qaz sayğacına müdaxilə edilməsi əsası ilə istehlakçıya borc hesablanmasına dair akt tərtib etmiş Cavabdeh İB-nin nümayəndəsi iclasa gəlməyərək məhkəmə iclasında həmin müdaxilənin konkret olaraq məhz istehlakçı tərəfindən edilməsini sübut edə bilməmişdir. Halbuki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 8, 8-1 və 9-cu bəndlərində göstərilmişdir ki, bu Qanunun 13-cü maddəsinin 8- 1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. «Qazdan istifadə qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 4.9-cü bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin qərarın 4.2, 4.7, 4.8 və 6.7-ci bəndlərinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin normalarda imperativ qaydada müəyyən olunmuşdur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamalıdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunduğundan, həmçinin qəbul edilməsi üçün əsas olmuş hallar cavabdeh təşkilat tərəfindən sübut edilmədiyindən iddia təmin edilməli, Cavabdeh X6 İstismar İdarəsinin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» tərtib etdiyi 30 may 2024-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 519 manat məbləğində borc silinməlidir. MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddianın qiyməti 519 təşkil etdiyindən «Dövlət rüsumu haqqında» Qanunun 8.1.1-ci maddəsinə görə iddianın qiyməti 1000 manatadək olduduqdan ödənilməsi müəyyən olunmuş dövlət rüsumunun məbləği 30 manat təşkil edir. İddia əsaslı olduğundan cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 259, 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X6 İstismar İdarəsinin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» tərtib etdiyi 30 may 2024-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 519 manat məbləğində borc silinsin. Cavabdehndən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemindən yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar