Məhkəmə qərarları › İş №2(049)-174/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-174/2023

01.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-174/2023 01.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçının iştirakı ilə, İddiaçının cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022 ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin aktın əsasında hesablanmış cərimənin silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması" haqqında xx.xx.2022 ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 1036.80 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Lənkəran rayonu, Liman şəhəri, H.Aslanov 41B ünvanda yaşamaqla **********20000 saylı kodla “Azəriqaz” X1 X5 İdarəsində qaz istehlakçısı kimi qeydiyyatdadır. Qaz sayğacı ilə istehlak etdiyi qazın pulunu həmişə ödəmişdir. Lakin uzun müddətdir ki, xəstədir və çox vaxtı xəstəxanalarda müalicə olunur. ”Abonent Saldosu” sənədi üzrə onun 1875.66 manat debitor borcunun olması göstərilmişdir. Həmin borc məbləğinin 832.20 manatı qaz sayğacı ilə istehlak etdiyi qaza görə yaranan borcdur. Qalan 1036.80 manat borc isə qanunsuz və əsassız yazılmış borcdur. Çünki “Azəriqaz” X1 X6 İdarəsi 30 iyun 2022-ci il tarixdə, ******* nömrəli aktla ona qanunsuz və əsasız cərimə tətbiq etmişdir. Belə ki, həmin aktın tərtib edilməsi xəbərini Rusiya Federasiyasının Moskva şəhərində olduğu vaxtı ona çatdırmışlar . O da məcbur olub məhkəmədə istehlakçı hüquqlarını müdafiə etmək məqsədi ilə Lənkərana gəlmişdir. Bu məqsədlə cərimə sənədlərinin təsdiq edilmiş surətlərini almışdır. xx.xx.2022-ci il tarixdə yaşadığı ünvanda qaz işçiləri borcu olanlara “smart” tipli qaz sayğacı quraşdırarkən onlardan onun evinə də “smart” tipli qaz sayğacı quraşdırmalarını xahiş etmişdir ki, borcunun çox olduğu üçün karta yüklədiyin pulun 50 %-i borca silinsin. Onlar da köhnə “Elster” tipli, G-4 markalı, 10310088 nömrəli qaz sayğacını çıxardaraq yerinə “smart” tipli təzə qaz sayğacı quraşdırmışlar. Bu barədə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında”kı xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt tərtib etmişlər. Çıxarılan qaz sayğacının üzərində heç bir müdaxilə halı olmadığından o, aktı imzalamışdır. Ona verilən Dövlət laboratoriya aktının 22-ci sırasında evinin qaz təchizatı xətti üzərindən çıxarılmış 10310088 nömrəli qaz sayğacı üzrə “sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-sızıq izlərinin olması, qaz itkisi, müdaxilə” rəyi yazılmışdır. Dövlət laboratoriya aktı əsasında 30 iyun 2022-ci il tarixdə “Azəriqaz” İB Lənkəran X6 İdarəsi tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli cərimə aktı tərtib edilmişdir. Aktda, istehlakçının həmin akta imza etməkdən imtina etməsi qeyd edilmişdir. Həmin cərimə aktı əsasında tərtib edilmiş 30 iyun 2022-ci il tarixli “Tələbnamə” sənədi üzrə qaz sayğacının nominal qaz sərfi 4 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə 8640 m3 həcmində itirilmiş qazın bərpası göstərişi verilmiş və ona 1036.80 manat cərimə tətbiq edilmişdir. “Qaz Təchizatı haqqında ” Qanunun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 və 180 saylı Qərarlarının, onunla bağlanmış qazın alqı-satqısı barədə müqavilənin tələblərinə əsasən ona tətbiq edilmiş 30 iyun 2022-ci il tarixli, "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında”kı ******* saylı cərimə aktı qanunsuz və əsassızdır. Ona görə də həmin akt ləğv edilməli, cərimə məbləği silinməlidir. Həmin aktla heç cür razılaşa bilməz. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022 ci il tarixli, ******* saylı aktın ləğv edilməsini xahiş etdi. Cavabdeh «X2» nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, «X2» nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə «X2» nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş: xx.xx.2022-ci il tarixli «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktın surətindən görünür ki, İddiaçı yaşadığı Lənkəran rayonu, Liman şəhəri, H.Aslanov 41B ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış Elster tipli, G-4 markalı, 10310088 nömrəli qaz sayğacı,”Smart” tipli təzə qaz sayğacı ilə əvəz olunmuşdur. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 iyun 2022-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilmiş, həmçinin daxili qulaqcıqlarında əzik-cızıq izlərinin aşkar edilməsinə əsasən itirilmiş qazın bərpası barədə hesablamalar aparılaraq istehlakçı İddiaçı 8640 m3 qaz sərfiyyatı hesablanmışdır. Abonentin saldosundan görünür ki, istehlakçı İddiaçı 2022-ci ilin iyun ayı üçün 1036.80 manat cərimə hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında hazırkı mübahisə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı deyildir. Çünki, iddiaçı barəsində tərtib edilmiş 30 iyun 2022-ci il tarixli, ******* saylı aktdan müəyyən olunur ki, abonentin fərdi evinə quraşdırılmış qaz sayğacında hesablama mexanizminin daxili qulaqcıqlarında əzik və cızıq izləri aşkar olunmuşdur. Buna görə də iddiaçı təqsirli hesab olunur və itirilmiş qaza görə hesablanmış ziyanın ödənilməsi tələb edilir. İddiaçı tərəf isə heç bir qanun pozuntusuna yol vermədiyi halda barəsində akt tərtib edilməsində Qaz idarəsinin təqsirli olduğunu bildirir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı mübahisə deliktdən yaranmışdır. Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iclasında sübuta yetirildi ki, iddiaçının sayğacı onun təqsirli, hüquqa zidd əməlləri nəticəsində deyil, sayğacın hesablama mexanizminin daxili qulaqcıqlarında əzik və cızıq izləri nəticəsində sayğac sərfiyatı qeydə almamışdır. Məhkəmə hesab edir ki, iddiaçı qaz sayğacının hesablama mexanizminin daxili qulaqcıqlarında əzik və cızıq izləri aşkar olunmasında iddiaçının təqsirli olması sübuta yetirilmədiyi ücün onun barəsində hesablanmış cərimə ləğv edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını yoxlanması labaratoriyasında iddiaçıya məxsus qaz sayğacı Dövlət yoxlamasından keçmiş, yoxlama nəticəsində həmin sayğac yararsız hesab olunmuşdur. Belə ki, həmin sayğacın yararsız olma səbəbi sayğacda hesablama mexanizminin daxili qulaqcıqlarında əzik və cızıq izləri aşkar edilməsi olmuşdur. Buna görə də, sayğacın yararsız vəziyyətə düşməsi iddiaçının təqsiri üzündən baş vermədiyi üçün məhkəmə hesab edir ki, mübahisələndirilən akt ləğv edilməli və əsassız hesablanmış 1036.80 manat cərimə məbləği ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən «məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 77-ci maddəsinə əsasən «hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «X2»nə qarşı aktın ləğv edilməsi və əsassız yazılmış cərimənin silinməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh “Azəriqaz” İB-nin 30 iyun 2022-ci il tarixli, ******* saylı aktı və həmin akt əsasında hesablanmış 1036.80 manat məbləğ ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar