Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-174/2024 27.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “təhlükə mənbəyi olan predmetin sökülməsi, atmosfer çirklərinin və yağış sularının axıdılmasının qarşısının alınması və hər il kompensasiya ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olmaqla tikinti qaydaları gözlənilmədən cavabdehlə onların torpaq sahələrini ayıran mərz divarının üzərində inşa edilmiş evin dam örtüyünün iddiaçıların torpaq sahəsinə düşən hissəsinin, habelə torpaq sahəsində hasara birləşdirilmiş qəzalı vəziyyətdəki təhlükə mənbəyi olan dəmir borunun cavabdehin hesabına sökülməsi, həmin dam örtüyünün üzərində toplanan atmosfer tozlarının və yağış sularının onlara aid torpaq sahəsinə axıdılmasının qarşısının alınmasından ötrü dam örtüyünə su toplayıcı novların quraşdırılması və ya qeyd olunan işlərin dəyərinin cavabdehdən alınaraq onlara ödənilməsi, həmçinin torpaq sahəsi ilə ara məsafəsi gözlənilmədən tikinti aparıldığı və onların bu qayda pozuntularına dözmək məcburiyyətində olduqlarına görə cavabdeh tərəfindən onlara hər il 1.500 manat kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Lənkəran şəhəri Qala xiyabanı 170 ünvanında yaşayırlar. Lənkəran Rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 10 saylı qərarı ilə onlara Lənkəran şəhəri ərazisində bizə 0.04 ha həyətyanı torpaq sahəsi verilmişdir. 2020-ci il tarixdən isə həmin torpaq üzərində tikinti layihəsi təsdiq edilməklə yaşayış evi tikərək orada yaşayırlar. Yaşadıqları ev Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli **********30-10301 reyestr nömrəsi ilə öz adlarına qeydiyyata alınmış və Çıxarış verilmişdir. Cavabdeh mülkiyyətində olan evlə iddiaçıların evi arasında olan sərhədini müəyyənləşdirən hasar divarının üzəri qanunsuz olaraq artırılaraq həmin mənzil sahəsinə qatılmış və sərhəd hasar divarından həmin mənzilin divarı kimi istifadə olunmaqdadır. Tikinti qaydalarının kobud şəkildə pozulması nəticəsində inşa edilmiş evin dam örtüyünün iddiaçıların mülkiyyətində olan sahəyə uzadılması, dam örtüyünün evlərinin həyətinə meyilli formada olması və dam örtüyünün su toplayıcı novlarının əksər hissəsinin olmaması, qalan hissələrinin isə yararsız halda olması səbəbindən dam örtüyünün üzərinə toplanan bütün atmosfer tozları yağış suları ilə qarışaraq palçıq halında həyətlərinə axmaqdadır. Eyni zamanda dam örtüyündən axan palçıqlı sular qış aylarında donaraq sırsıra buz kütləsi halına gəlir və hasarın üzərində tikilən cavabdehə məxsus evin damından hər an onların üzərinə düşərək xəsarət yetirə biləcək böyük təhlükə mənbəyinə çevrilir. Bundan başqa həmin hasarın onların həyətinə düşən hissəsinə ağır dəmir boru quraşdırılmışdır ki, yüksək təhlükə mənbəyi olan həmin boru qəzalı vəziyyətdərir və onlar həmin nəhəng borunun üzərlərinə aşma qorxusu ilə yaşayırlar. Dəfələrlə cavabdeh şəxsə onlar tərəfindən yaradılan təhlükənin qarşısının alınması və həyətlərinə axıdılan palçıqlı yağış sularının dayandırılması, onlara aid dam örtüyünün mülkiyyətlərində olan sahəyə keçən hissəsinin sökülməsi, eləcə də yüksək təhlükə mənbəyi olan qəzalı vəziyyətdə olan ağır dəmir borunun sökülməsini və ya həmin dam örtüyünün üzərində toplanan atmosfer tozlarının və yağış sularının bizə aid torpaq sahəsinə axıdılmasının qarşısının alınmasından ötrü dam örtüyünə su toplayıcı novların quraşdırılması xahiş etsək də cavabdeh iddiaçıların xahişinə məhəl qoymur və onları nalayiq ifadələrlə təhqir edir. Cavabdeh mülkiyyətində olmaqla tikinti qaydaları gözlənilmədən cavabdehlə onların torpaq sahələr mərzi ayıran mərz divarının üzərində inşa edilmiş cavabdehə məxsus ev onların mülkiyyət hüquqlarını, eyni zamanda təhlükəsiz yaşama hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermişdir. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X1 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermişdir. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdilər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0,0322 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 87 kv.m. yaşayış sahəsi İddiaçı1 xüsusi mülkiyyətindədir. Məhkəmənin təşəbbüsü ilə təyin edilmiş mühəndis-texniki ekspertizasına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən təqdim edilmiş 3-16-16/2-10/1520 №-li, 13 iyun 2024-cü il tarixli rəyindən görünür ki,: - Mərkəzdə torpaq sahələrinə dair baza məlumatları olmadığından qeyd olunan sualların həlli məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin mütəxəssisləri tərəfindən qərardadda qoyulmuş suallarla əlaqədar tərtib edilən torpaq sahəsinə dair faktiki koordinatların, baza məlumatlarının və mütəxəssis rəyinin Mərkəzə təqdim edilməsi barədə vəsatət verilmişdir. Vəsatətdə qeyd olunan əlavə materiallar təqdim olunmadığından qərardadın birinci və ikinci sualları üzrə tədqiqat aparmaq mümkün olmamışdır. - İş üzrə Cavabdeh məxsus olan yaşayış evinin dam örtüyünün 0,5 metr enində 22 metr uzunluğunda çıxıntı hissəsi İddiaçı1 faktiki istifadəsində olan torpaq sahəsinin ərazisində quraşdırıldığı müəyyən edilmişdir. Dam örtüyünün vahid konstruksiya şəklində inşa edilməsini nəzərə aldıqda həmin hissənin sökülməsinin mümkün olmadığı müəyyən edilir. - İş üzrə Cavabdeh məxsus olan fərdi yaşayış evinin fasad divarına bitişik (yer səthindən yuxarı səviyyədə) İddiaçı1 faktiki istifadəsində olan torpaq sahəsi istiqamətində dəmir borunun mövcud olduğu müəyyən edilmişdir. Həmin borunun ətrafda olan tikililər və ya insan həyatı üçün təhlükə yaradıb-yaratmaması məsələsinin müəyyən edilməsi məhkəmə tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının predmetinə aid olmadığıgdan bu barədə tədqiqat aparılmadı. - Cavabdeh məxsus fərdi yaşayış evinin iddiaçının torpaq sahəsi istiqamətində dam örtüyündə bir hissədə navalça olmadığından (navalça quraşdırılan hissədə yararsız vəziyyətdə olduğundan) həmin damın üzərində toplanan atmosfer tozları və yağış sularının İddiaçı1 torpaq sahəsinin ərazisinə axdığı müəyyən edilmişdir. Həmin hissədə atmosfer tozları və yağış sularının İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinin ərazisinə axmasının qarşısının alınması üçün Cavabdeh məxsus olan fərdi yaşayış evinin iddiaçının torpaq sahəsi istiqamətində dam örtüyündə mövcud olan navalça bərpa edilməklə (və ya yenilənməklə) və navalça quraşdırılmayan hissəyə navalça quraşdırmaq yolu ilə aradan qaldırıla bilər. Ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Məhkəmə iddiaçıların izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh məxsus fərdi yaşayış evinin iddiaçının torpaq sahəsi istiqamətində dam örtüyündə bir hissədə navalça olmadığından (navalça quraşdırılan hissədə yararsız vəziyyətdə olduğundan) həmin damın üzərində toplanan atmosfer tozları və yağış sularının İddiaçı1 torpaq sahəsinin ərazisinə axır. Həmin hissədə atmosfer tozları və yağış sularının İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinin ərazisinə axmasının qarşısının alınması üçün navalçanın quraşdırılması zəruridir. İddiaçıların iddia tələbində qeyd etdikləri dəmir borunun kimin mülkiyyətində olan torpaq sahəsində olması və təhlükəli olub-olmaması məhkəmə araşdırması zamanı müəyyənləşdirilə bilməmişdir (ekspert rəyinə əsasən). Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 170.3. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. 170.4. Bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. 172.1. Qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin. 172.2. Torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. 172.3. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə belə qənaətə gəlir ki, atmosfer tozları və yağış sularının İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinin ərazisinə axmasının qarşısının alınması üçün Cavabdeh məxsus olan fərdi yaşayış evinin iddiaçının torpaq sahəsi istiqamətində olan dam örtüyündə mövcud olan navalça Cavabdeh hesabına bərpa edilməli və navalça quraşdırılmayan hissəyə navalça quraşdırılmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin onu da qeyd edir ki, MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qismən təmin edildiyindən ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 manatı iddiaçılar İddiaçı1 və İddiaçı2, 50 manat hissəsi isə Cavabdeh aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 350, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh məxsus olan fərdi yaşayış evinin İddiaçı1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən torpaq sahəsi istiqamətində olan dam örtüyündə Cavabdeh hesabına mövcud olan navalça bərpa edilsin və navalça quraşdırılmayan hissəyə navalça quraşdırılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğin 50 (əlli) manatı iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada, 50 (əlli) manat hissəsi isə Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-174/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-174/2024
27.08.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver