Məhkəmə qərarları › İş №2(049)-1752/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1752/2025

21.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1752/2025 21.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi evindən çıxarılmaları tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmaları tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən Hüquqların Dövət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2017ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışla ona məxsus olan 0.0269 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 181.0 m2 , yaşayış sahəsi 48.4 m2 , köməkçi sahəsi 132.6 m2 olan 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə ərizə təqdim edib iddia tələbini dəqiqləşdirərək Hüquqların Dövət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın yanlışlıqla RX seriyalı ******* nömrə yazıldığını, məhkəmənin həmin çıxarışı RX seriyalı **********67-10301 nömrədə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1992-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Onun qeydiyyatı ünvan 2 ünvanı olsa da, yaşadığı yer anası və qardaşlarının yaşadığı yer, yəni ünvan 3 ünvanındadır. O, hazırda ailəsilə birlikdə Almaniyada yaşayır. Cavabadehlər Cavabdeh1 onun bibisi, Cavabdeh2 həmin bibisinin yoldaşı, Cavabdeh3 və Cavabdeh4 isə bibisinin qızlarıdır. Bibisi Cavabdeh1 çoxdan ailə qurmuş və Lerik rayonuna gəlin köçmüşdür. ünvan 4 ünvanı onun mərhum babası, yəni ata anasının ev ünvanı olmuş, həmin ünvanda (həyətdə) iki ev yerləşmiş, babası hələ sağlığında sözügedən evi, yəni ümumi sahəsi 181.0 m2, yaşayış sahəsi 48.4 m2, köməkçi sahəsi 132.6 m2 olan 2 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evini ona bağışlamışdır. Babasının ona bağışladığı həmin evə dair Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli Çıxarış da verilmişdir. X12 xəstə olanda bibisi Cavabdeh1 atasına qulluq etmək üçün demək olar ki, hər həfdə gəlib həmin mənzildə qalmışdır. Sonradan bibisi həmin mənzildə daimi qalmağa başlamışdır. Onun ayrıca evləri olduğu üçün, bibisinin hər həftə Lerikə gedib-gəlməsinin çətin olmasını, həm babasının səhətini, həm də ki, qohumların sözünü nəzərə alıb bibisi Cavabdeh1 babasına baxması üçün ona məxsus evdə qalmasına icazə vermişdir. Daha sonra bibisinin ailəsi də gəlib həmin evdə məskunlaşmışlar. Babası 2014-cü ildə vəfat edəndən sonra yenə də böyüklərin sözü ilə bibisi və onun ailəsinin ev tapana kimi bir müddət evində qalmalarına razılıq vermişdir. xx.xx.2017-ci il tarixdə atası xəstəlikdən vəfat etmişdir. Bundan sonra da o yenə də bibisi və onun ailəsinə kirayə ev tapana kimi evində qalmalarına icazə vermişdir. Lakin, son bir il ərzində artıq cavabdehlərə dəfələrlə evini boşaltmaları üçün müraciətlər etsə də, cavabdehlər evindən çıxmaq istəmirlər və evdən çıxarılacaqları təqdirdə özlərini yandıracaqları ilə onun anasını hədələyirlər. Odur ki, məcbur qalıb iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. **********367-10301 reyestr nömrəli əmlaka dair xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış və onun verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətlərinin verilməsi ilə bağlı məhkəmə tərəfindən edilmiş sorğuya da Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən cavab məktubu göndərilmişdir. Məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək bildirdi ki, o, iddiaçının anası, həm də onun nümayəndəsidir. Mübahisə olunan ev onun mərhum qaynatasının olmuş və o, həmin evi qaynatası sağlığında onun həyat yoldaşı X1 bağışlamışdır. Səyavuş isə həmin evi xx.xx.2017-ci il tarixdə oğlu Valehə bağışlamışdır. Onun əri X6 xx.xx.2017-ci il tarixdə xəstəlikdən vəfat etmişdir. Qaynatası xəstə olduğu vaxt Lerik rayonunda yaşayan qızı Cavabdeh1 ona qulluq etmək üçün Lənkəran şəhərinə gəlib-getməsin deyə ona hazırda mübahisə olunan evdə yaşamağa icazə vermişlər. Təranə də ailəsilə birlikdə uzun müddətdir ki həmin evdə yaşayır və hətta oğlu Valeh atası, yəni onun əri X6 dünyadan köçdükdən sonra da cavabdehlərə müvəqqəti olaraq həmin evdə yaşamağa icazə vermişdir. Lakin, xeyli vaxtdır cavabdehlərə evlərini tərk etmələrini bildirsələr də, könüllü olaraq onlar evdən çıxmırlar və müxtəlif bəhanələr gətirərək, ona hədə-qorxu gələrək həmin evdə yaşamağa davam edirlər. Odur ki, məcbur olub məhkəməyə müraciət etmişlər, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclaslarına gəlməmiş, lakin məhkəməyə ərizə və etiraz göndərərək onun iştirakı olmadan işə baxılaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh1 etirazında göstərmişdir ki, xx.xx.1966-cı ildə ünvan 5 ünvanda yerləşən ev onun valideynlərinə məxsusdur. Onun hazırda 59 yaşı var və 59 ildir valideynlərinə məxsus olan həmin evdə yaşayır. Orada 4 qız uşağı dünyaya gətirmişdir. İki qızı həmin evdən gəlin köçmüş, 2 qızı isə hazırda həmin ünvanda onunla bir ailədə yaşayır. O, həmin evdə doğulduğu üçün, həmin evdə qeydiyyatdadır. İddiaçının və onun nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmir və tələblə razı deyil. Belə ki, validenynlərinə məxsus olan miras evdə onun vərəsə kimi yaşamaq hüququ var. Həm də valideynlərinin bütün övladlarının (vərəsələrin) həmin evdə məcburi payı var. X13 uzun illər yataq xəstəsi olmuşdur və onun yanında yaşamaqla bərabər, ona yataq xəstəsi kimi 20 il xidmət etmişdir. O, 1987-ci ildə Lerik rayonun vətəndaşı Cavabdeh2 Şövlət oğlu ilə ailə həyatı qurmuş, Lerik rayonuna gəlin getsə də atasının istəyi ilə həyat yoldaşı ilə onun yanında yaşamışdır. Hətta atası sağ olarkən vəsiyyətnamə yazmış, yaşadığı evi vəsiyyətnamə ilə vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə evdən oğurlanmışdır. Atası öləndən sonra onu aldadaraq imza etdirmişlər. Sonradan başa düşmüşdür ki, evi qardaşının oğlu X4 adına keçiriblər. İddiaçı hazırda Almaniyada yaşayır, onun Lənkəranda 2 yerdə 4 və 5 otaqlı evi var. Bütün bu xoşagəlməz iddialar anası Aybənizin tələbidir. O, atasının vərəsəsi olmaqla ondan qalan miras əmlakdan pay istəyir, həm də bu miras payı onun bacıları da tələb edirlər. O, həmin evdə doğulub böyümüşdür. Ailə qurduqdan sonra da ailəsilə bərabər 30 ilə kimi atasına məxsus olan evdə yaşamış, hazırda da orada yaşayır. Həmin ev uçulmaq və dağılmaq vəziyyətində olanda həyat yoldaşı ilə həmin evi əsaslı təmir etmişlər, ora həyət qapısı qoydurmuşlar. İddiaçı onlara qarşı ədalətsiz olaraq iddia qaldırır və onun iddia tələbində böyük haqsızlıq görünür. İddia tələbinin heç bir hüquqi əsası olmadığı üçün iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş Şahid bildirdi ki, İddiaçı xalasıdır. Bacısı Nümayəndə X6 ilə ailəli olmuşdur və Valeh də onların övladıdır. Hazırki mübahisə olunan ev bacısının qaynatası tərəfindən onun yeznəsi Səyavuşa hədiyyə edilmişdir və Səyavuş da oğlu Valehə bağışlamışdır. Cavabdeh1 onun bacısı Aybənizin balduzu, Aybənizin oğlu, yəni iş üzrə iddiaçı Valehin bibisidir. Təranə Lerik rayonuna gəlin köçmüş, uzun müddət orada yaşamış və sonra onun mərhum atası, İsrafil Məmmədov xəstə olduğu üçün ona qulluq etməkdən ötrü hazırki mübahisə olunan evdə yolu uzaq olduğu üçün ailəsilə birgə yaşamışdır. Bacısı oğlu da buna etiraz etməmiş, hətta babası İsrafil və atası Səyavuş belə dünyasını dəyişdikdən sonra da bibisi Təranə və onun ailə üzvlərinin atası tərəfindən ona bağışlanmış hazırki mübahisə olunan evdə yaşamalarına razılıq vermişdir. Təranənin övladları uzun müddət Azərbaycandan kənarda, Rusiya Federasiyasında yaşamışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclaslarına gəlməmiş, həmçinin iddiaya dair öz etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişlir. Odur ki, məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş: xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli ƏMDX yanında DƏDK və RPHŞnin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan **********67-10301 reyestr nömrəli Çıxarışdan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 0.0269 ha torpaq sahəsi və ümumi sahəsi 181 kv.m olan fərdi yaşayış evi İddiaçı məxsusdur. Bu barədə daşınmaz əmlakın dövlət reyestində 46 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydiyyata alınmışdır və hüququn yaranması əsası onun bağışlanmasıdır. ƏMDK yanında DƏDRX-nin 10 saylı ərai idarəsinin xx.xx.2017-ci il tarixli 12431 inventar nömrəli texniki pasportu və ona əlavə olunan torpaq sahəsinin planından görünür ki, **********67-10301 reyestr nömrəli ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli 2 otaqlı, ümumi sahəsi 181.0 m2 , yaşayış sahəsi 48.4 m2 , köməkçi sahəsi 132.6 m2 olan fərdi yaşayış evinin hüquq subyekti İddiaçıdur. xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.0155 ha torpaq sahəsi və həmin torpaq sahədə yerləşən ümumi sahəsi 181 kv.m olan fərdi yaşayış evi tam olaraq mülkiyyətçisi X6, yəni hədiyyə edən tərəfindən hədiyyə alan İddiaçı bağışlanmışdır. AZ-İ № 505074 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2012-ci il tarixdə kəskin ürək çatışmamazlığından ölmüşdür. AZ-İ № 889492 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə kəskin qaraciyər komasından ölmüşdür. 388561 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 və X2 xx.xx.1990-cı il tarixdə Lənkəran şəhər Nikah evində 164 nömrəli nikah akt qeydi ilə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. 382121 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 Şövlət oğlu və X7 xx.xx.1987-cı il tarixdə 73 nömrəli nikah akt qeydi ilə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Cəbiyev, arvada Cəbiyeva soyadı verilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırda mübahisəyə səbəb olmuş ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 181.0 m2 olan fərdi yaşayış evi əvvəlki mülkiyyətçisi X6 tərəfindən xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən oğlu İddiaçı hədiyyə olunmuşdur. xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli ƏMDX yanında DƏDK və RPHŞ-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan **********67-10301 reyestr nömrəli Çıxarış üzrə ünvan 1 ünvanında yerləşən 0.0269 ha torpaq sahəsi və ümumi sahəsi 181 kv.m olan fərdi yaşayış evi İddiaçı məxsusdur və bu barədə daşınmaz əmlakın dövlət reyestində 46 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydiyyata alınaraq hüququn yaranması əsas onun bağışlanması göstərilmişdir. Həmin evin mülkiyyətçisi İddiaçı cavabdehlərin ona məxsus evdən könüllü olaraq çıxmadıqlarını, evi özlərinin faktiki istifadəsinə keçirdiklərini və bu səbəbdən mülkiyyətində olan fərdi yaşayış evinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərancam vermək hüquqlarını həyata keçirə bilmədiyini bildirir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşin göstərilən halları işdə iştirak edən şəxslərin izahatı və iş materiallarında olan sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29cu maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki hüquq nəzəriyyəsinə görə ənənəvi olaraq iki klassik iddia növündən, yəni vindikasiya və neqator iddiasından istifadə edilir. Mülki Məcəllənin 157.2-ci maddəsi əşya hüquqlarının vindikasiya qaydasında müdafiə edilməsini tənzimləyir. Mülki hüquq nəzəriyyəsində vindikasiya iddiası adlanır. Vindikasiya iddiası dedikdə, öz əşyası üzərində faktiki sahibliyi itirən mülkiyyətçinin həmin əşyanı naturada özgəsinin (başqa şəxsin) qanunsuz sahibliyindən geri tələb etməsi başa düşülür. Qeyd olunan hüquq normasının dispozisiya şərtlərini hazırki iş üzrə müqayisəli şəkildə tədqiq etdikdə aşağıdakılar müəyyən olunur:

1. Şəxs tələb edilən əmlakın mülkiyyətçisi olmalı - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən iddiaçı tələb edilən torpaq sahəsinin və fərdi yaşayış evinin mülkiyyətçisidir.

2. Mülkiyyətçi öz əşyası üzərində faktiki sahibliyi itirməli – iddiaçı xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli ƏMDX yanında DƏDK və RPHŞ-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan **********67-10301 reyestr nömrəli Çıxarış üzrə ünvan 1 ünvanında yerləşən 0.0269 ha torpaq sahəsi və ümumi sahəsi 181 kv.m olan fərdi yaşayış evinə sahibliyi həyata keçirmək imkanından məhrumdur.

3. Mülkiyyətçinin sahiblikdən məhrum olduğu əşya başqa şəxsin (özgəsinin) sahibliyinə keçməli - ünvan 1 ünvanında yerləşən 0.0269 ha torpaq sahəsi və ümumi sahəsi 181 kv.m olan fərdi yaşayış evi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən faktiki olaraq istifadə etməklə onların sahibliyindədir.

4. Özgə şəxsin əşyaya faktiki sahibliyi qanunsuz olmalı – Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 faktiki olaraq istifadə etdiyi ünvan 1 ünvanında yerləşən 0.0269 ha torpaq sahəsi və ümumi sahəsi 181 kv.m olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir, bu da onu deməyə əsas verir ki, cavabdehlər iddiaçıya məxsus torpaq sahəsinə və fərdi yaşayış evinə qanunsuz sahibliyi həyata keçirlər.

5. Mülkiyyətçinin sahiblikdən məhrum olduğu və özgəsinin qanunsuz sahibliyinə keçdiyi əşya naturada saxlanmalı – mübahisə predmeti torpaq sahəsi olduğundan iddiaçı əmlakını naturada tələb edir.

6. Geri tələb olunan əşya yalnız fərdi əlamətləri ilə müəyyən edilən əşya (fərdimüəyyən əşya) olmalı – mübahisənin predmeti olan torpaq sahəsi və yaşayış evi fərdi müəyyən edilən əşya hesab olunur.

7. Əşyanın mülkiyyətçisi və faktiki sahib bir-birilə öhdəlik hüquq münasibətlərində, məsələn, müqavilə münasibətlərində olmamalı – tərəflər arasında mübahisəli torpaq sahəsi və yaşayış evi ilə əlaqədar hər hansı öhdəlik münasibətləri mövcud deyil, digər tərəflər bununla əlaqədar məhkəməyə hər hansı sübut təqdim etməmişlər. “İnsan Hüquqları haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə, Cavabdeh1 tərəfin iddiaya dair mülahizələrinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh1 etirazlarının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə sübut təqdim etməmişdir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, qanuni əsası olduğundan iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı məxsus ünvan 1 ünvanında 0.0269 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 181.0 kv.m olan yaşayış sahəsi 48.4 kv.m, köməkçi sahəsi 132.6 kv.m olan iki mərtəbəli iki otaqlı fərdi yaşayış evindən çıxarılaraq həmin ev İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı məxsus ünvan 1 ünvanında 0.0269 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 181.0 kv.m olan yaşayış sahəsi 48.4 kv.m, köməkçi sahəsi 132.6 kv.m olan iki mərtəbəli iki otaqlı fərdi yaşayış evindən çıxarılsınlar və həmin ev İddiaçı təhvil verilsin. İddiaçı tərəfindən işin məhkəməyə verilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar