Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-179/2025 23.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdehlər Cavabdeh4 vəkili və nümayəndəsi, Cavabdeh3 isə vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı pul tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 (iddia ərizəsində adı səhvən “Telman” yazılmışdır) və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 35800 manat pulun və dövlət rüsumu kimi ödənilmiş məbləğin cavabdehlərdən birgə qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, həmkəndlisi Cavabdeh1 ona Lənkəran rayonundan olan şəxslərin nisyə kartof almaq istədiklərini demişdir. Aralarında bir qədər söhbət etdikdən sonra o, həmin şəxslərə (hazırki iş üzrə cavabdehlərə) nisyə kartof verməyə razılaşmış və sonra da həmin şəxslər ondan nisyə kartof götürməyə başlamışlar. Bir müddət nisyə alver etmişlər. Son olaraq 2023-cü ilin may ayının 20-də həmin şəxslərə 35800 manat dəyərində kartof vermişdir. O, həmin şəxsləri həmkəndlisi Cavabdeh1 vasitəsilə, ona etibar edərək tanımışdır. Cavabdehlər bu günə kimi onun pulunu verməkdən müxtəlif bəhanələr gətirməklə yayınırlar və bu barədə aralarında çoxsaylı telefon danışıqları olmuşdur. Hətta, son dəfə onlarla söhbət edərkən aralarında gedən danışığı mobil telefonla qeydə aldırmışdır. Həmin çəkiliş zamanında cavabdehlər hamısı ona 35800 manat borclu olduqlarını etiraf etmişlər. O, pulu cavabdehlərdən tələb etsə də, cavabdehlər borcu qaytarmadıqları üçün məhkəməyə müraciət etmişdir. Hazırda o, cavabdehlərdən 35800 manat pulun və ödəmiş olduğu dövlət rüsumunun tutulmasını xahiş edir. İddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, həmkəndlisi Cavabdeh1 onu Cavabdeh2, X2 və Cavabdeh4 ilə tanış etmişdir. Kartof alqı-satqısı ilə əlaqədar ilk olaraq o, Rəşad, Pərvin, Tərlan və Ülfətlə görüşüb onlarla razılaşmış və həmin şəxslər bu işdə şərik olmuşlar. Şərik olan və razılaşmada iştirak edən həmin şəxslərdən biri - Tərlan atası Tələti onunla tanış edib özünə aid olan işlərlə atasının məşğul olacağını demiş və bu qayda ilə də davam etmişlər. Sonra da Tərlanın şərikləri ilə birgə Tələt də bütün alqı-satqı işlərində iştirak etmişdir. Ümumilikdə onlara 11 maşın kartof satmış və onlar birinci maşındakı məhsulun pulunu tam ödəmiş, digərlərinin pulunu isə hissə-hissə verəcəklərini desələr də, razılaşmaya əməl etməmişlər. Ondan malı götürən üç nəfər olmuş, həmin şəxlər Rəşad, Ülfət və Telmandır (yəni Tələt). Tərlan isə, yalnızca razılaşmada şərikləri Pərvin, Rəşad və Ülfətlə birlikdə söhbətdə iştirak etmiş və sonra da öz işlərini atası Tələtə həvalə etdiyi üçün ondan kartof alan şəxs həmişə Tələt olmuşdur. O, cavabdehlərə çürük, yəni istifadəyə yararsız mal verməmiş, onlar aldıqları malı hər dəfə özləri baxıb götürmüşlər. Cavabdeh qismində iddia tələbi irəli sürdüyü Mayıl ondan bilavasitə mal almamışdır və özünün ona pul borcu yoxdur. Hazırki mübahisədə Mayılı da cavabdeh qismində qeyd etməsinin səbəbi onu digər cavabdehlərlə məhz Mayılın tanış etməsi ilə əlaqədardır. Belə ki, o, cavabdeh qismində qeyd etdiyi digər şəxsləri - Ülfət, Tələt və Rəşadı Mayılın vasitəsilə tanımış və bundan sonra həmin şəxslərə 11 maşın kartof satmışdır. İlk maşındakı kartofu məhsulunu 2023-cü ilin may ayında satmış və pulunu tam ödəmişlər, sonrakı 10 maşın kartofun pulunu tam olaraq ödəməmişlər. Bir maşın kartof, təxminən, 10000 manat edir. O, kartofun 1 kiloqramını əvvəlcə 50 qəpiyə, sonra isə 30-35 qəpiyə razılaşmaqla satmışdır. Sonuncu 1 maşın kartofu 2023-cü ilin iyul ayında onlara satmış və həmin məhsulun dəyəri, təxminən, 6000-7000 manat təşkil etmişdir. Cavabdehlərlə aralarında olan danışıqlarla bağlı videoçəkiliş var və həmin videoçəkilişdə Ülfət, Tərlan, Rəşad, həmçinin, Pərvinin qardaşı iştirak edir. Həmin şəxslər razılaşma öhdəliklərinə tam əməl etməyərək ona olan borclarını ödəməmişlər və ona görə də o, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd etdikləri nəzərə alınmaqla, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 da iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında iddiaçının izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh4 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, şərikləri Tərlan, Pərvin və Ülfətlə birgə hazırki iş üzrə İddiaçıla danışıqları olmuş, birlikdə kartof alqı-satqısı barədə razılaşmışlar. Orucov X1 atasıdır. Fikrətlə razılaşmada o, Tərlan, Pərvin və Ülfət iştirak etmişlər. Tərlan Rusiya Federasiyasında olduğu üçün mal alqı-satqısında atası Tələt iştirak etmişdir. İddiaçıdan, təxminən, 10-12 maşın məhsul almışlar. Aldıqları malların hamısının dəyərini ödəmişlər. Ödəmələri bəzən bank vasitəsilə köçürmüş, bəzən də nağd olaraq əlbəəl vermişlər. Aldıqları malların içərisində xarab olan mallar olmuşdur. 1 maşın kartof məhsulu, demək olar ki, tamamilə xarab olmuş və atılmış, xarab olan məhsulların dəyəri ödənilməmişdir. Kartofun alqı-satqı qiyməti mövsüm içərisində dəyişir. Belə ki, mövsümün əvvəlində 1 kiloqram kartof məhsulunun dəyəri 70 qəpikdən başlasa da, sonradan 30-35 qəpiyə qədər azalır. Orta hesabla, 1 kiloqram kartof məhsulunun dəyəri 50 qəpikdən hesablansa 1 maşın məhsulun dəyəri, təxminən, 10000 manat təşkil edir. Ancaq həmin məhsulun Rusiyaya daşınması, gömrük haqqı və digər xərclər də nəzərə alınmaqla 20 tonluq 1 maşın kartofun maya dəyəri 20000 manat təşkil edir. Fikrət onlarla danışıqları zamanı videoçəkiliş etdirdiyini onlara deməmiş və o, həmin çəkilişdən xəbərsiz olmuşdur. Çəkiliş zamanı orada olan şəxslər Fikrətlə yanaşı, onun özü, Ülfət, Pərvinin qardaşı Samir və Tərlanın atası Tələt olmuşdur. O, Fikrətlə aralarında kartof alqı-satqısına dair razılaşma olduğunu etiraf edir, lakin onun iddiaçıya borcu yoxdur və tələbi əsassız hesab edir. Cavabdeh3 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, iş üzrə cavabdeh qismində cəlb edilməsinin səbəbini özü də başa düşə bilmir. Çünki, onun iddiaçıya heç bir borcu yoxdur və onunla aralarında hər hansı razılaşma olmamışdır. Onun oğlu Tərlan Orucov öz şərikləri Rəşad, Pərvin və Ülfətlə birlikdə iddiaçı ilə kartof alqı-satqısı barədə razılaşmış, ona da tapşırmışdır ki, ona verilən məhsula baxıb sonra təhvil alsın. O da oğlunun dediyi kimi, ona kömək etmək məqsədilə iddiaçının verdiyi məhsulun təhvil almasında iştirak etmiş, həmin işdə onun vəzifəsi yalnız məhsula baxıb təhvil almaq olmuşdur. O, pul məsələlərində iştirak etməmiş və bu barədə heç kimlə razılaşması yoxdur. Həmçinin, digər şəxslərlə şərik və ya ortaq deyil, yalnız işin təşkilində onlara kömək etmişdir. O, təxminən, 4-5 maşın məhsulun göndərilməsində iştirak etmiş, göndərilən mallardan çürük, yəni istifadəyə yararsız çıxan məhsul da olmuşdur. O, tərəflər arasında məhsulun qiyməti ilə bağlı razılaşmalara və digər məsələlərə qarışmamış, məhsulun satış məbləğindən də məlumatı olmamışdır. O, sadəcə işə nəzarət etmiş və məhsulun keyfiyyətinə baxmışdır. Cavabdehlər Cavabdeh4 vəkili və nümayəndəsi, Cavabdeh3 isə vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və həmin cavabdehlərin izahatlarının məzmununa uyğun izahat verərək, həmçinin, onların izahatlarına əlavə olaraq göstərmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş video görüntü sübut qismində qəbul edilməməli, həmin sübut əsassız hesab edilməlidir. Belə ki, həmin video görüntü 35800 manat borca dair yeganə dəlildir, lakin həmin video görüntü tam deyildir. İddiaçı tərəf həmin görüntüləri yalnız iş üzrə öz xeyrinə olan hissələrdə köçürərək məhkəməyə təqdim etmişdir. Eyni zamanda, həmin görüntülər gizli çəkilmiş və orada olan şəxslər çəkilişdən xəbərsiz olmuşlar. Bundan əlavə, iddiaçı qeyd olunan video görüntülərin olduğu diski işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində deyil, iş məhkəmə baxışına təyin olunduqdan sonra məhkəməyə təqdim etmişdir. Qeyd etdiyi əsaslara görə Cavabdeh4 və Cavabdeh3 qarşı iddia tələbini əsassız hesab edir və həmin tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar məhkəmə iclaslarına gəlməmiş, gəlmədiklərinin səbəbləri barədə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişlər. Məhkəmə həmin cavabdehlərin məhkəməyə gəlməmələrinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. İddiaçının məhkəməyə təqdim etdiyi video görüntülərin olduğu diskə məhkəmə prosesinin gedişində tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin video görüntüdə masa arxasında bir neçə nəfər əyləşib çay içərək söhbət edir. Həm iddiaçı, həm də cavabdeh tərəf həmin görüntüdə olan şəxslərin hazırki iş üzrə İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 Pərvinin qardaşı Samir olduğunu təsdiq edirlər. Həmin şəxslər arasında iddiaçıdan nisyə olaraq alınmış kartof məhsulunun dəyərinin ödənilməsi ilə bağlı danışıq və müzakirələr gedir. Danışıqlar zamanı Cavabdeh2 Cavabdeh3 oğlu Tərlana da mobil telefon vasitəsilə, səs gücləndiricidən istifadə edilməklə zəng edir və onunla da həmin mövzu ətrafında hamının eşidəcəyi tərzdə söhbətlər aparılır. Bu zaman həmin şəxslərin görüntüləri və danışıqları digər şəxs tərəfindən kənardan (yaxın məsafədən və hər kəsin görüb-eşidəcəyi tərzdə) mobil telefonla qeydə alınır və hərdən həmin şəxsin də müzakirə olunan mövzu barədə danışıqları eşidilir. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edildi ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 2023-cü ilin may ayında Cavabdeh1 vasitəsilə hazırki iş üzrə iddiaçı ilə tanış olmuşlar. Tərəflər arasında olan qarşılıqlı razılığa əsasən kartof məhsulunun nisyə olaraq (dəyəri sonradan ödənilmək şərti ilə) alqı-satqısı barədə (iddiaçı satıcı qismində, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 isə alıcı qismində) razılaşmışlar. İddiaçıdan nisyə olaraq alınmış məhsulun dəyəri tam şəkildə ödənilmədiyindən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün 197.40 manat dövlət rüsumu ödəmişdir. Hazırda iddiaçı nisyə olaraq satılmış kartof məhsulunun dəyərinin ödənilməmiş qalan hissəsi olaraq 35800 manat pul və dövlət rüsumu kimi ödənilmiş məbləğin cavabdehlərdən birgə qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələbinin əsası olaraq cavabdehlərlə aralarında olan şifahi danışıq və razılaşmlara, həmçinin, sonrakı danışıqların qeydə alındığı video görüntülərə istinad edir. Cavabdehlərdən Cavabdeh4 iddia tələbini qəbul etməyərək iddiaçıya borcu olmadığını, iddiaçıdan satın alınmış məhsulun dəyərini tam olaraq ödədiklərini, məhsulun bir qisminin xarab olduğu üçün atıldığını və dəyərinin ödənilmədiyini bildirsə də, xarab olduğunu iddia etdiyi məhsulun miqdarı və dəyəri, həmun məhsula kimin cavabdeh olması haqda iddiaçı ilə olan razılaşması, danışıqları barədə, habelə, xarab olmayan məhsulun dəyərinin tam olaraq ödənildiyi barədə qeyd etdiyi xüsusatları təsdiq edə biləcək hər hansı sənəd və ya digər sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh3 da iddia tələbini qəbul etməyərək məhsulun alqı-satqısına hər hansı aidiyyətinin olmadığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sənəd və ya digər sübut təqdim etməmişdir. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə məhkəməyə gəlməmiş, eyni zamanda, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişlər. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 571-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. Yolda olduğu vaxt satılmış əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, alqı-satqı müqaviləsində və ya işgüzar dövriyyə adətlərində ayrı qayda nəzərdə tutulmayıbsa, alqı-satqı müqaviləsinin bağlandığı andan alıcıya keçir. Əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riskinin malın birinci daşıyıcıya təhvil verildiyi andan alıcıya keçməsi barədə müqavilə şərti alıcının tələbi ilə məhkəmə tərəfindən o halda etibarsız sayıla bilər ki, müqavilənin bağlandığı anda satıcı əşyanın itirildiyini və ya zədələndiyini bilirdi və ya bilməli idi, lakin bu barədə alıcıya məlumat verməmişdir. Həmin Məcəllənin 598.1 və 598.2-ci maddələrinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 500.1 və 50.2-ci maddələrinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, 2023-cü ilin may ayında tərəflər arasında kartof məhsulunun nisyə alqı-satqısı (iddiaçı satıcı qismində) ilə bağlı müəyyən razılaşma və sövdələşmələr olmuş, lakin sonradan məhsulun dəyərinin ödənilməsi ilə bağlı tərəflər arasında narazılıq və fikir ayrılığı yarandığından iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırki iddia tələbinin prosessual əsasları, o cümlədən, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi, tərəflər arasında olan danışıqların qeydə alındığı video görüntülərin olduğu diskin məhkəməyə təqdim edilmə məqamı ilə bağlı cavabdehlərin izahatlarında göstərdikləri xüsusatlarla bağlı ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, tərəflər, o cümlədən, cavabdehlər özləri də iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş video görüntülərin olduğu diskin saxta (dəyişdirilmiş, bu və ya digər şəkildə təhrif edilmiş və sair) olduğunu iddia etməmiş, həmin görüntülərin onların danışıqlarına aid olduğunu inkar etməmişlər. Tərəflər arasında olan danışıqların qeydə alındığı video görüntülərin gizli çəkilməsi və orada olan şəxslərin çəkilişdən xəbərsiz olmaları barədə cavabdehlərin izahatlarında göstərdikləri xüsusatlarla bağlı məhkəmə qeyd edir ki, video görüntülərin olduğu diskə məhkəmə prosesinin gedişində tərəflərin özlərinin iştirakı ilə baxış keçirilərkən danışıqların gedişatından və məzmunundan çəkilişin aşkar şəkildə aparıldığı və danışıqlarda iştirak edən hər kəsin bundan xəbərdar olduğu açıq-aydın bəlli olur. Eyni zamanda, həmin video görüntülərdə əksini tapan danışıq və müzakirələr hazırki iş üzrə tərəflər arasında və məhz hazırki iddia tələbində mübahisə predmetinə aid olan mövzu ilə əlaqədar olmaqla, başqa bir işdə deyil, hazırda araşdırılan, danışıqlarda bilavasitə iştirak edən şəxslər arasında olan mülki mübahisədə sübut növü kimi təqdim edilmişdir. Həmin əsaslara görə məhkəmə iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi, tərəflər arasında olan danışıqların qeydə alındığı video görüntülərin olduğu disklə bağlı cavabdehlərin etirazlarını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hazırki iddia tələbinin maddi əsasları ilə bağlı qeyd edir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, Cavabdeh1 tərəflər arasında olan danışıq, razılaşma və sövdələşmələrdə, məhsulun alqı-satqısında, dəyərinin nağd və ya nisyə (sonradan hissə-hissə verilmək şərti ilə) ödənilməsində şəxsən və ya bilavasitə iştirak etməmişdir. İddiaçı özü də hazırki məhkəmə araşdırması zamanı etiraf etmişdir ki, Cavabdeh1 ondan bilavasitə mal almamışdır və özünün ona pul borcu yoxdur. Hazırki mübahisədə Cavabdeh1 da cavabdeh qismində qeyd etməsinin səbəbi onu digər cavabdehlərlə məhz Cavabdeh1 tanış etməsi ilə əlaqədardır. Lakin bununla bağlı məhkəmə qeyd edir ki, həmin cavabdehin digər cavabdehləri iddiaçı ilə tanış etməsi onun tərəflər arasında olan razılaşmalardan və ya razılaşmanın pozulmasından əmələ gələn öhdəliklərə görə məsuliyyət daşıması kimi qiymətləndirilə bilməz. İddiaçı ilə Cavabdeh1 arasında olan danışıq və razılaşmalarda digər cavabdehlərin öz öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə, Cavabdeh1 onların iddiaçının qarşısındakı öhdəliklərinə görə məsuliyyəti öz üzərinə götürdüyünü vəd etməsi halları məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı mötəbər sübutlarla müəyyən edilmişdir ki, iddiaçıdan kartof məhsulunun nisyə olaraq satın alınması (dəyəri sonradan hissə-hissə ödənilmək şərti ilə) barədə tərəflər arasında olan danışıq, razılaşma və sövdələşmələr iddiaçı ilə məhz cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında olmuş, iddiaçı kartof məhsulunu da məhz həmin şəxslərə təhvil vermişdir. İddiaçıdan nisyə olaraq kartof məhsulu aldıqlarını adı çəkilən cavabdehlər özləri də inkar etmirlər və bununla bağlı danışıqların olduğu video görüntü də həmin faktı təsdiq edir. Lakin məhsulun dəyərinin tam olaraq ödənilib-ödənilmədiyi hazırki iş üzrə mübahisə predmeti olmaqla, məhsulun dəyərinin ödənildiyini sübut etmək vəzifəsi (sübutetmə yükü) məhz cavabdehlərin üzərinə düşür. Cavabdehlər isə iddiaçıya borclu olmadıqlarını iddia etsələr də, iddiaçıdan nisyə olaraq satın aldıqları kartof məhsulunun dəyərinin sonradan tam olaraq ödənildiyini və ya buna görə ödənilməmiş qalan borcun miqdarını təsdiq edə biləcək mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişlər. Eyni zamanda, cavabdehlər iddiaçıdan alınmış məhsulun bir hissəsinin (Cavabdeh4 deməsinə görə 1 maşın kartof məhsulunun) çürük, yəni istifadəyə yararsız olan məhsul olduğunu bildirsələr də, bununla bağlı sübutlar da məhkəməyə təqdim edilməmiş, əksinə, Cavabdeh3 iddiaçının onlara təhvil verdiyi məhsulun keyfiyyətinə özünün nəzarət etdiyini, satın alınmış məhsulu yoxlayıb təhvil aldığını təsdiq etmişdir. Məhsulun sonradan xarab olması halında iddiaçıya məlumat verildiyi və baş verə biləcək bu cür hallarda xarab olmuş məhsula görə maddi məsuliyyətin iddiaçının üzərində olması barədə tərəflər arasında hər hansı razılaşmanın olması halları da müəyyən edilməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara bir-biri ilə əlaqəli şəkildə və məcmu halında qiymət verərək iddiaçı tərəfindən nisyə satılmış kartof məhsulunun dəyərinin sonradan tam olaraq ödənilmədiyi, nisyə alınmış məhsullara görə ödənilməmiş qalan məbləğin 35800 manat miqdarında olduğu faktlarını sübuta yetirilmiş sayır və hesab edir ki, həmin məbləğə görə məhz cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 maddi məsuliyyət daşıyırlar. Qeyd olunan əsaslara görə və məhkəmənin müəyyən etdiyi hallarla əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin iddiaçı tərəfindən nisyə satılmış kartof məhsulunun dəyərinə görə ödənilməmiş qalan 35800 manat pulun tutulmasına dair hissəsi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 münasibətdə təmin edilməli, həmin məbləğ adı çəkilən cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməli, iddia tələbi digər Cavabdeh1 münasibətdə isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normalarının tələbinə görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məzmunu və hansı cavabdehlərə münasibətdə təmin edildiyi nəzərə alınmaqla, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 197.40 manat dövlət rüsumu məbləği də məhz cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 birgə qaydada tutularaq iddiaçıya ödənlməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və, Cavabdeh4 birgə qaydada 35800 manat pul və iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 197.40 manat dövlət rüsumu, cəmi 35997.40 manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi Cavabdeh1 dair hissədə təmin ediməlsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(049)-179/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-179/2025
23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver