Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-181/2023 12.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «inşa edilmiş çıxıntılı dam örtüyünün, həmin dam örtüyünə bərkidilmiş iki ədəd dəmir boruların və həyətyanı torpaq sahələrinin sərhədində olan daş hasara bitişik vəziyyətdə inşa edilmiş yarımçıq tikilinin cavabdehin öz vəsaiti hesabına sökülməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, zəbt olunmuş torpaq sahəsində inşa edilmiş dam örtüyünün, həm dam örtüyünə bərkidilmiş iki ədəd dəmir boruların və həyətyanı sahələrin sərhədinə bitişik vəziyyətdə inşa edilmiş yarımçıq tikilinin cavabdehin öz vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, həyat yoldaşı və iki uşağı ilə ünvan 1 ünvanında yaşayırlar. Mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yaşayış evləri, onun sağ tərəfində isə cavabdehə məxsus 0,03 ha torpaq sahəsində özünün yaşayış evi yerləşir. 2006-cı ilə qədər həmin həyətyanı torpaq sahələrini nəinki daş hasar, ümumiyyətlə heç nə ayırmırdı. Həmin dövrə qədər torpaq islahatı aparılmış və 0,03 ha torpaq sahəsi cavabdehin anası X1 mülkiyyətinə verilmişdir. Qalan torpaq sahəsi isə onun və ailə üzvlərinin istifadəsində olsa da, torpaq islahatı aparılarkən nəzərə alınmamışdı. O dövrdə torpaqla əlaqədar aramızda tez-tez yaranan mübahisələrə son qoymaq üçün 2006-cı ildə o öz vəsaitim hesabına torpaqlarını biri digərindən ayıran sərhəd boyunca təxminən 2,5 metr məsafədə torpaq sahəsini cavabdehin istifadəsində saxlamaqla daş hasar inşa etdirmişdir. İddia ərizəsinə əlavə olunan 1 saylı fotoşəkildən göründüyü kimi həmin daş hasarın sağ tərəfində, yəni ona aid həyətyanı torpaq sahəsində quyu inşa (1970-ci ildə) edilmişdir. Daş hasarın sol tərəfində isə 2006-cı ildə inşa etdirmiş olduğu su kranları vardır. Qeyd etdiyi daş hasarı inşa etdirməkdə məqsədi cavabdehin torpaqla əlaqədar qanunsuz müdaxilələrinə son qoymaq idi. Bir müddət aralarında münasibətlər sakit məcrada davam etsə də, bir neçə il keçdikdən sonra Cavabdeh yaşayış evinin pilləkəninin şərq tərəfində olmaqla təxminən 3 metr məsafədə çıxıntılı dam örtüyü inşa etdirdi. İddia ərizəsinə əlavə etdiyi 2 saylı fotoşəkildən göründüyü kimi həmin dam örtüyü sağ və sol tərəfdən dəmir borulara söykənir və yuxarıdan aşağı daş hasarla perpendikulyar vəziyyətdədir. Yəni həmin dam örtüyünün üstündən yağış suları, qış dövründə qar və buzlaşmış qar hissəcikləri toz-torpaqla qarışıq vəziyyətdə yuxandan aşağı birbaşa inşa etdirdiyim su kranının üstünə tökülür. Aşkar görünür ki, həmin hissədə qonşu təsirinə dözmək təmizlik baxımından acınacaqlı və habelə təhlükəlidir. Qar yağan vaxtlarda qar uçqununun və buzlaşmış vəziyyətdə olan qar hissəciklərinin yuxarıdan sürüşüb aşağıya, yəni birbaşa su kranının üstünə düşməsinin təhlükəli olmasını inkar etmək olmaz. Həmin dövrlərdə dəfələrlə bu barədə Cavabdeh irad tutmaqla tədbir görməsini, çıxıntılı vəziyyətdə inşa etdirdiyi dam örtüyünü kəsməklə, təxminən 2 metr məsafədə geri çəkməsini xahiş etsə də, bunun heç bir nəticəsi olmamışdır. Əksinə cavabdeh nəinki çıxıntılı vəziyyətdə olan dam örtüyünü və ona bərkidilmiş iki ədəd dəmir boruları geri çəkmədi, hətta bir müddət sonra həyətyanı torpaq sahələrini ayıran daş hasara bitişik vəziyyətdə təxminən 2,5 metr hündürlüyündə bünövrə inşa etdirdi. Cavabdeh həmin bünövrə üzərində yaşayış və ya qeyri-yaşayış sahəsi inşa etdirəcəyi əhəmiyyət kəsb etmir. Əhəmiyyət kəsb edən o haldır ki, Cavabdeh həmin bünövrə üzərində inşa etdirəcəyi divarları fotoşəkillərdən göründüyü kimi sol tərəfdə olan dam örtüyünə birləşdirəcəkdir. Təbii ki, həmin tikilinin sağ tərəfinin üzərində də dam örtüyü bərpa olunacaqdır. Belə bir vəziyyətdə keçmiş vaxtlarda ona və ailə üzvlərinə dəyən ziyan ikiqat artacaqdır. Çünki əvvəllər evin sol tərəfində götürülmüş dam örtüyündən yağış suları, qar və buzlaşmış qar hissəcikləri toz-torpaqla qarışıq vəziyyətdə daş hasarın sol tərəfində inşa etdirdiyi su kranının üstünə tökülməklə həmin su kranından istifadə etməsini mümkünsüz edirdisə, cavabdehin evinin şərq tərəfinin sağ yarımhissəciyinə bitişik vəziyyətdə olan bünövrənin üzərində divarlar inşa etdiriləndən sonra vəziyyətin daha acınacaqlı olacağı şübhə doğurmamalıdır. Çünki həmin hissədə də dam örtüyü inşa etdiriləndən sonra yağış suları, qar və buzlaşmış qar hissəcikləri toz- torpaqla qarışıq vəziyyətdə həm də istifadəmizdə olan quyunun və su aparatının üstünə töküləcəkdir. Ona görə də Cavabdeh onun və ailə üzvlərinin qanunla nəzərdə tutulmuş hüquqlarımızı pozması şübhə doğurmamalıdır. Cavabdehlə həyətyanı torpaq sahələrini ayıran daş hasar boyunca təxminən 2,5 metr məsafədə olan torpaq sahəsi cavabdehin mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin sərhədləri daxilində deyildir. O buna əmindir və hər bir halda bu barədə məlumatlı olduğundan qeyd edib. Bu halın fonunda fiziki və hüquqi şəxslərin ancaq öz mülkiyyətlərində olan torpaq sahəsində inşa etdirdikləri tikililərin onların mülkiyyətinə verilə biləcəyi baxımından həmin halları qeyd edib. Hesab edir ki, aralarında mübahisə davam edəcəyi halda bununla əlaqədar məhkəmə torpaqşünaslıq və məhkəmə tikinti texniki ekspertizasının təyin edilməsi və keçirilməsi barədə qərardad qəbul edilməsi istisna deyil. Bir halı da nəzərdən qaçırmaq olmaz ki, Cavabdeh həyətyanı torpaq sahəsində daş hasar boyunca təxminən 2,5 metr məsafədə torpaq sahəsinin onun mülkiyyətində olub olmamasından asılı olmayaraq hüquqlarımızın pozulması halı mövcuddur. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun çıxış etmiş, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatları dinləyib, iddia ərizəsində göstərlənlərlə iş materiallarında olan sənədləri qarşılıqlı şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışdan və «Fərdi yaşayış evinin Texniki Pasportu»ndan görünür ki, ünvan 2 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/8118 №-li, 31 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, Lənkəran şəhəri, Müzəffər Nəsirli küçəsində yerləşən Cavabdeh istifadəsində olan torpaq sahəsi üzərində inşa edilmiş mübahisəli tikililərin (iddiaçının hasarına bitişik birinci mərtəbədə mişar daşından inşa edilmiş mətbəx, ikinci mərtəbəsi dəmir dirəklər bərkidilərək taxta konstruksiyalardan dam örtüyü quraşdırılmaqla inşa edilmiş) hündürlüyünün 5.9 metr təşkil etməsini və iddiaçının sərhəd hasarına bitişik inşa edilməsini nəzərə alaraq, həmin tikililərin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun inşa edilmədiyi müəyyən edilmişdir. Lənkəran şəhəri, Müzəffər Nəsirli küçəsində yerləşən Cavabdeh istifadəsində olan torpaq sahəsi üzərində, iddiaçıya məxsus sərhəd hasarına bitişik inşa edilmiş 3.8 metr uzunluğunda hasarın hündürlüyünün 2.6 metr olmasını nəzərə alaraq, həmin hasarın Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 73cü maddəsinin tələblərinə uyğun inşa edilmədiyi müəyyən edilmişdir. Cavabdeh istifadəsində olan torpaq sahəsi üzərində inşa edilmiş birinci mərtəbəsi mətbəx, ikinci mərtəbəsi açıq eyvan tikilisinin dam örtüyünün bir enişli olmasını, atmosfer çöküntülərinin iddiaçıya məxsus torpaq sahəsi istiqamətində axıdılmasını, dam örtüyünə navalca quraşdırılmamasını nəzərə alaraq, həmin dam örtüyündən axan atmosfer çöküntüləri (yağış, qar və s.) iddiaçıya məxsus məişət işlərində istifadəsi nəzərdə tutulan sanitar qovşağına və quraşdırılmış su kranına zərər vura bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh qonşu torpaq sahələrində inşa edilmiş fərdi yaşayış evində yaşayırlar. Cavabdeh özünün istifadəsində olan torpaq ilə iddiaçının torpaq sahəsi arasında yerləşən daş hasa bitişik yarımçıq tikili və həmin tikilinin üzərində dəmir borulara bitişik dam örtüyü inşa etmişdir. İddiaçı cavabdehin özünün istifadəsində olan torpaq sahəsində inşa edilmiş həmin yarımçıq tikilinin və həmin tikilinin üzərində dəmir borulara bitişik dam örtüyününü sökülməsini tələb edir. Cavabdeh isə iddianın əsassız olduğunu və rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1 və 170.2-ci maddələrinə əsasən: 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinə əsasən: 69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil: 69.1.1. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla); 69.1.2. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə. 69.2. Ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Nəqliyyat yollarında, ümumi istifadədə olan yaşıllıqlarda və su sahələrində də ara məsafələrinin olmasına yol verilir. Hər iki tərəfdən becərilə bilən torpaq sahələrində isə ara məsafələri yalnız həmin torpaq sahələrinin ortasına qədər nəzərdə tutulur. 69.3. Ara məsafəsi sahələrinin kəsişməsinə yol verilmir. Bu qayda, biri-birinə münasibətdə 75 dərəcədən çox bucaq altında yerləşən xarici divarlar arasındakı məsafələrə şamil olunmur. 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. 69.5. Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.1. divar hündürlüyünün 0,6 hissəsi; 69.5.2. kənd ərazilərində və xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi; 69.5.2-1. bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; 69.5.3. yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi. 69.6. Divarlarının hündürlüyü 1 metrdən çox olmayan tikililərin və ya tikili hissələrinin xarici divarlarının önündə ara məsafəsi sahələrinin saxlanılması zəruri deyil. Bundan əlavə, divarlarının hündürlüyü 3 metrdən, sahəsi 25 kvadratmetrdən çox olmayan və yalnız qarajlardan və ya yanaşı otaqlardan ibarət olan, yerli təchizat məqsədlərinə xidmət edən və ya ictimai nəqliyyat ərazilərində yerləşən binaların yaxud bina hissələrinin önündə ara məsafəsi sahəsinin saxlanılması da zəruri deyil. 69.7. Tikinti obyektinin layihələndirilməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır: 69.7.1. mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması; 69.7.2. torpaqlardan səmərəli istifadə məqsədilə layihə sənədlərinə uyğun olaraq obyektlərin birləşdirilməsinin mümkünlüyü; 69.7.3. layihəçilərin təklifi nəzərə alınmaqla, qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə obyektlərin tikintisinin iki paralel və qapalı (boşluqları olmayan) divar və ya ortaq divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü; 69.7.4. yeni tikiləcək obyektlərin divarının qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə mövcud olan binanın divarına birləşdirilməsinin mümkünlüyü. 69.8. Ara məsafəsi ilə bağlı müfəssəl qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 73.4-cü maddəsinə əsasən qonşu torpaq sahələrinin şaquli planlaşdırılması zamanı atmosfer yağıntılarının və suvarma sularının bir qonşunun torpağından digərinə axmaması üçün müvafiq tədbirlər görülməlidir. Atmosfer yağıntılarından yaranan suların sahənin relyef mürəkkəbliyi ilə əlaqədar qonşu ərazilərdən keçməklə kənarlaşdırılması şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki hüquq nəzəriyəsində ənənəvi olaraq iki klassik iddia növündən, yəni vindikasiya və neqator iddiasından istifadə edilir. Mülki Məcəllənin 157.4-cü maddəsi əşya hüquqlarının neqator iddiası qaydasında müdafiə edilməsini tənzimləyir. Neqator iddiasına görə, mülkiyyətçi sahiblikdən məhrum edilməklə bağlı olmayan pozuntulara son qoymağı pozuntu törədəndən məhkəmə vasitəsilə tələb edir. Bu iddia mülkiyyətçinin əşyaya sahiblik hüququnun itirilməsi ilə bağlı deyil. Neqator iddiası yalnız mülkiyyət hüququnun həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Bu hallar əşyaya sahiblik səlahiyyətinin yox, yalnız əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olur. Neqator iddianın verilməsinə əsas olan həmin hallar mülkiyyətçinin əşyaya sahiblik səlahiyyətini pozmur və onu bu səlahiyyətdən məhrum etmir. Deməli, neqator iddia əşyaya sahiblik səlahiyyətinə malik olan mülkiyyətçinin əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. İşin faktiki hallarından müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının hasarına bitişik birinci mərtəbədə mişar daşından inşa edilmiş mətbəx, ikinci mərtəbəsi dəmir dirəklər bərkidilərək taxta konstruksiyalardan dam örtüyü quraşdırılmaqla inşa edilmiş tikilinin ümumi hündürlüyünü 5.9 metr təşkil edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.1-ci maddəsinin tələbi baxımından həmin tikili ilə iddiaçı tərəfindən inşa edilmiş daş hasar arasında ən azı (5.9 metr x 0,6) 3,54 metr ara məsafəsi olmalıdır ki, cavabdeh həmin normanın tələbinə riayət etməyərək ara məsafəsi saxlamamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Mülki Məcəllənin 157.4-cü maddəsinin dispoziya şərtlərinə uyğun olduğundan iddia qismən təmin edilməli, mübahisələndirilən tikililər tam şəkildə deyil, iddiaçı ilə cavabdehin istifadəsində olan torpaq sahələri arasında inşa edilmiş daş hasardan 3,7 m ara məsafəsinə qədər hissədə sökülməlidir. Məhkəmə cavabdehin iddiaya qarşı etirazının iddianın rədd edilməli olması barədə dəlillərinə qiymət verərək, məhkəmə hesab edir ki, həmin dəlillər hər hansı sübutla öz təsdiqini tapmadığından iddianın rədd edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Digər tərəfdən iddiaçı tərəfindən iddianın əsaslılığını təsdiq edən kifayət qədər sübut məhkəməyə təqdim edilsə də, cavadehlər iddianın əsassızlığını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişlər. Belə ki, MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh istifadəsində olan, ünvan 1 ünvanında torpaq sahələri arasında yerləşən daş hasara bitişik, Cavabdeh tərəfindən inşa edilmiş yarımçıq tikili, habelə inşa edilmiş dam örtüyü və həmin dam örtüyünə bərkidilmiş iki ədəd dəmir borular (başlanğıcı daş hasardan hesablanmaqla 3,7 metr ara məsafəsi hissəsində) Cavabdeh öz vəsaiti hesabına sökülməlidir. Məhkəmə həmçinin onu da qeyd edir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh istifadəsində olan, ünvan 1 ünvanında torpaq sahələri arasında yerləşən daş hasara bitişik, Cavabdeh tərəfindən inşa edilmiş yarımçıq tikili, habelə inşa edilmiş dam örtüyü və həmin dam örtüyünə bərkidilmiş iki ədəd dəmir borular (başlanğıcı daş hasardan hesablanmaqla 3,7 metr ara məsafəsi hissəsində) Cavabdeh öz vəsaiti hesabına sökülsün. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-181/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-181/2023
12.04.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver