Məhkəmə qərarları › İş №2(049)-1824/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1824/2025

25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1824/2025 25.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlak, əmlak olmadığı təqdirdə pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh sonuncunun nisyə aldığı 1 ədəd SAMSUNG RB35CG5000S9 markalı soyuducu və 1 ədəd QUİCKS 1033 markalı qızdırıcı məişət texnikalarının geri qaytarılması və ya onların dəyərindən 100 manat çıxılmaqla, yerdə qalan 1350 manat pulunun, iddia qaldırılması üçün ödədiyi 40.80 manat məbləğində dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İş yeri Lənkəran şəhəri, H.Aslanov xiyabanı, 26 ünvanında yerləşən "Samsung" firma mağazasıdır. Fiziki şəxs və VÖEN-i ********** olmaqla vergi ödəyicisidir. xx.xx.2025-ci il tarixdə cavabdeh mağazaya qardaşı oğlu adlandırdığı Rahim adında onların tanıdığı bir oğlanla gəlib satış qiyməti 1419 manat olna bir ədəd SAMSUNG soyuducu və satış qiyməti 31 manat olan bir ədəd QUİKCS 1033 markalı qızdırıcı, cəmi 1450 manat qiymətində olan malları almaq istədiyini bildirmişdir. O, bildirmişdir ki, malları rəsmi kredit yolu ilə alsa, sosial müavinət ala bilməyəcəkdir. Buna görə də onlar cavabdehin əmək təqaüdü kartını mağazada saxlayıb, 2 aya borclarını tam bağlayacaqlarını və bu mümkün olmadığı təqdirdə isə ona hər ay 100 manat kartdan çıxarmaqla ödəyəcəklərinə söz vermişlər. O, onlara istədikləri ümumi məbləği 1450 manat olan 1 ədəd SAMSUNG RB35CG5000S9 markalı soyuducu və 1 ədəd QUİKCS 1033 markalı qızdırıcı nisyə satmışır. Birinci ay xx.xx.2025-ci il tarixdə onlar 100 manat ödəmişlər. Bundan sonra onların ona verdikləri telefon nömrələri hamısı bağlı olmuşdur. Bir dəfə telefona cavab verib özünü Fatmanın qızı Sevanə adlandıran qız, pul lazım olduğuna görə soyuducunu satdıqlarını, kartı isə bağlayacaqlarını, pulu verməyəcəklərini bildirmişdir. Nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” **********7 №-li arayışdan görünür ki, iddiaçı SAMSUNG mağazasının sahibi kimi təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə xx.xx.2014-cü il tarixdə uçota alınmasını təsdiq edilmişdir. Tərəflər arasında xx.xx.2025-ci il tarixdə bağlanmış müqavilədən görünür ki, ümumi məbləğ 1450 manat olan 1 ədəd SAMSUNG RB35CG5000S9 markalı soyuducu və 1 ədəd QUİKCS 1033 markalı qızdırıcı cavabdehə nisyə olaraq satılmış, xx.xx.2025-ci il tarixdə həmin məbləğdən 100 manat ödənilmişdir. İddiaçının məhkəmə iclasında təqdim etdiyi, surəti isə iş materiallarında olan plastik kartdan görünür ki, həmin kart cavabdehə məxsusdur. Qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 40.80 manat dövlət rüsumu ödəmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının satdığı məhsulların dəyərinin qaytarılmaması ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş əmlak, əmlak olmadığı təqdirdə pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 600.4 -cü maddəsində göstərilmişdir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, əmlak, əmlak olmadığı təqdirdə pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunmuş və tərəflər arasında xx.xx.2025-ci il tarixdə bağlanmış müqavilə ilə müəyyən olunur ki, cəmi 1450 manat məbləğində olan 1 ədəd SAMSUNG RB35CG5000S9 markalı soyuducu və 1 ədəd QUİKCS 1033 markalı qızdırıcı iddiaçı tərəfindən cavabdehə nisyə satılmış, xx.xx.2025-ci il tarixdə həmin məbləğdən 100 manat ödənilmişdir. İddiaçı bir satıcı olaraq üzərinə düşən öhdəliyi tam yerinə yetirərək nisyə satdığı əmlakı cavabdehə təhvil verdiyini təsdiqləyən subutlarını məhkəməyə təqdim etsə də, cavabdeh məhkəmə iclasına gələrək üzərinə götürdüyü öhdəliyi icra etdiyinə dair sübutlarını təqdim etməmiş, eləcə də qanunla müəyyən edilmiş müddət ərzində iddiaya qarşı etiraz verməmişdir. Buna görə də məhkəmə iddiaçının təqdim etdiyi sübutlarla kifayətlənərək hesab edir ki, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə hesab edir ki, 1450 manat dəyərində malın nisyə verildiyi, həmin məbləğdən 100 manat ödənildiyi məhkəmə iclasında tam sübuta yetirildiyindən, cavabdehdən nisyə aldığı əmlak, həmin əmlak olmadığı təqdirdə 1350 manat pul alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddianın verilməsinə görə, iddiaçı tərəfindən 40.80 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və ondan tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Bir ədəd SAMSUNG RB35CG5000S9 markalı soyuducu və bir ədəd QUİCKS 1033 markalı qızdırıcı, onlar olmadığı təqdirdə 1350 manat məbləğində pul və ödənilmiş dövlət rüsumu məbləği olan 40.80 manat Cavabdeh alınsın və İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar