Məhkəmə qərarları › İş №2(049)-1975/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1975/2024

20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1975/2024 20.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, İddiaçı Cavabdeh qarşı «alqı-satqı müqaviləsinin etibarsızlığı və ödənilmiş pul» tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış 13 oktyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh alqı-satqı müqaviləsinin prdmeti olan “İkarus Avia 243-26” markalı **-EU-*** dövlət qeydiyyat nömrə nişanlı avtobusun alınmasına görə ödənilmiş 6400 manat pulun, avtobusun evakuatorla daşınması üçün ödənilmiş 80 manat pulun, mütəxəssis rəyinə görə ödənilmiş 120 manat pulun və 87 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Hazırki iddia tələbindən görünür ki, iddiaçı iddia tələbində eyni zamanda alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qiymətləndirilməyən iddia olduğundan yuxarıda qeyd olunan Qanunun tələbi baxımından məhkəməyə iddia verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Halbuki, iddia ərizəsindən və müvafiq mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın verilməsi üçün 87 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi İddiaçı iddia verilməsi üçün qanunla müəyyən edilmiş dövlət rüsumunun məbləğindən az məbləğdə rüsum ödəmişdir. Buna görə də belə nəticəyə gəlirəm ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda iddiaçıya izah edilməlidir ki, MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur, yəni iddiaçı məhkəmənin hazırki qərardadında göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün 87 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş 87 manat dövlət rüsumu ona qaytarılmalıdır. MPM-nin 152.2 və 152.3-cü maddələrinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 152.1, 152.1.7, 152.2, 152.3, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı «alqı-satqı müqaviləsinin etibarsızlığı və ödənilmiş pul» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 87 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçı iddia ərizəsinin geri qaytarılmasına səbəb olan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə hüququ vardır. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar