Məhkəmə qərarları › İş №2(049)-1981/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1981/2023

25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1981/2023 25.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı2 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1 ədəd “Samsung 60a4soocx” markalı paltaryuyan və 1 ədəd “Samsung 40T5300” markalı televizor alınıb geri qaytarılmasını və ya 2080.00 manat dəyərində pulun tutularaq onlar iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsinə və ödədiyi 40.80 manat dövlət rüsumu cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı2 tələbini onunla əsaslandırmışdır ki, 14 noyabr 2022-ci il tarixdə, həmin dükandan 1 ədəd paltar yuyan “Samsunq 60A4SOOCX” markalı və 1 ədəd televizor “Samsunq 40T5300” markalı məişət texnikasını birlikdə cəmi 2080 (iki min səksən) manat qiymətinə cavabdehlər - Cavabdeh1 qızma, Cavabdeh2 və Cavabdeh3 qızma nisyə olaraq pulunu 20 gün müddətinə qaytarmaq şərti ilə satılmışdır. Lakin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 2080 manat dəyərində nisyə aldıqları məişət texnikasının özünü yaxud pulunu onlara vermir, verməkdən boyun qaçırır, dolayı yollarla yayınırlar. xx.xx.2022-ci il tarixdə, Cavabdeh1 bacısı əri adlandırdığı digər cavabdeh Astara rayonu Niləşə kənd sakini Cavabdeh2 ilə birlikdə İddiaçı2 işlədiyi Lənkəran şəhəri, H.Aslanov xiyabanı, 26 ünvanında yerləşən «Samsunq» elektronika məişət texnikası dükanına gəldilər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə birlikdə “Samsunq 60A4SOOCX” markalı 1 ədəd paltar yuyan və “Samsunq 40T5300” markalı 1 ədəd televizor, birlikdə cəmi 2080 manata razılaşıb almaq istədiklərini bildirdilər. Cavabdehlər, həmçinin ailənin başçısı qərar verən ağbirçək anası digər Cavabdeh3 ilə o iddiaçı arasında telefon bağlantısı da yaratdılar. Cavabdeh3 telefon vasitəsi ilə Cavabdeh1nm 297 manat sosial yardım və özünün isə 268 manat əmək pensiyası almasını eyni zamanda nikahı pozulmuş qızının 2000 manat yığılmış aliment borcunun birdəfəyə almasını bildirdilər. Eyni zamanda ailənin yaşayış dolanışıq xərclərinin isə onun oğlu tərəfindən ödənilməsini həll olunmasını telefon vasitəsi ilə Cavabdeh3 allaha, doğma vəfat edən rəhmətliklərinin qəbrinə goruna and içib dedi. Bununla bərabər Cavabdeh1 «sosial kartını» da könüllü olaraq borc tam bağlananadək dükanda saxlamağa razılıq verdi. Odur ki, İddiaçı2 ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli müqavilə imzalandı. xx.xx.2022-ci il tarixli müqavilədə, cavabdeh nisyə olaraq götürdüyü məişət texnikasının 2080 manat pulunu bir neçə dəfəyə ödəməyə öhdəlik götürmüşdür. xx.xx.2022-ci il tarixli müqaviləyə cavabdeh şəxsiyyət vəsiqəsinin surətini və sosial yardım kartını könüllü olaraq borc tam bağlananadək saxlamasından ötrü əlavə etdi. Bu səbəblərdən həmin gün qeyd olunan məişət texnikasını birlikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 satmışdır. 2 gündən sonra isə yəni xx.xx.2022-ci il tarixdə «Kapital Bank» Lənkəran Filahnda məlum oldu ki, cavabdehlər tərəfindən dükanda saxlanılması üçün Cavabdeh1 adına verilən «sosial kartı» uzun müddətdir ki, bağlanmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, sonra da ağbirçək anası Cavabdeh3 mobil telefon vasitəsilə zəng vurub əlaqə saxlmışlar. Cavabında cavabdehlər telefon vasitəsilə bildirdilər ki, burada qarşılıqlı razılaşma əsasında müqavilə bağlanmış əmlak götürülmüş, lakin nisyə alınmış məişət texnikasının pulunu ödəmək mümkün deyil. Bir sözlə mülki qaydada məhkəməyə müraciət edə bilərlər «məhkəmədə görüşərik» cavabını verdilər. Cavabdehlərdən aldıqları məişət texnikasının özünün qaytarılmasını və ya pulunun verilməsini xahiş etmiş, cavbdehlər isə həmin məişət texnikasının artıq satılması üçün hansısa dükana verdiklərini bildirdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı1, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məluat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş: xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh1 İddiaçı2 tərəfindən 2080 manat dəyərində 1 ədəd paltar yuyan “Samsunq 60A4SOOCX” markalı və 1 ədəd televizor “Samsunq 40T5300” markalı məişət texnikası almışdır. Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ağayev X1 şəhəri, S.Kazımbəyoğlu küçəsi ev 22 ünvanında oğlu İddiaçı1 ilə birlikdə yaşayır. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı tərəfindən 42 manat məbləğində dövlət rüsumu və 0,40 manat xdmət haqqı ödənilmişdir. İddiaçının izahatından və təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçı ilə Cavabdeh1 tərəfindən qaytarmaq şərti ilə 2080 manat dəyərində 1 ədəd paltar yuyan “Samsunq 60A4SOOCX” markalı və 1 ədəd televizor “Samsunq 40T5300” markalı məişət texnikası almışdır. İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, razılaşdırılmış malı Cavabdeh1 mülkiyyətinə vermiş, lakin sonuncu üzərinə götürdüyü malın dəyərini tam şəkildə ödəmək öhdəliyini yerinə yetirməmiş və nəticədə 2080 manat borcu qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin alqı-satqı müqaviləsini tənzimləyən müddəaları təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar Cavabdeh1 münasibətdə iddianın əsaslılığını təsdiq edir. Belə ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, müqavilə üzrə razılaşdırılmış əmlakı cavabdehin mülkiyyətinə vermişdir. Lakin cavabdeh həmin müqavilə üzrə aldığı əmlakın dəyərini tam şəkildə və vaxtında ödəməmiş, öhdəliyini icra etməmişdir. Məhkəmə iddia tələbini cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə əsaslı hesab etmir və bununla bağlı aşağıdakılar qeyd edir: Mülki Məcələnin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 471-ci maddəsinə görə zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, zamin zamin durduğu başqa şəxsin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürür və müqavilənin icra edilməsinə görə onunla birgə məsuliyyət daşıyır, o halda ki, tərəflər arasında yazılı zaminlik müqaviləsi bağlansın. Zaminlik müqaviləsinin yazılı şəkildə bağlanmaması həmin müqavilənin etibarsızlığına səbəb olur. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi Cavabdeh2 münasibətdə əsassızdır və rədd edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 2080 manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 40.80 manat pul alınaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməlidir və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə isə iddia rədd edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2080(iki min səksən) manat borc və məhkəmədə iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 40.80(qırx manat səksən qəpik) manat Cavabdeh1 alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. İddia cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar