Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1982/2024 01.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı istehlakçının hüquqlarının müdafiəsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli, 073366 saylı aktın etibarsız hesab edilməsi, həmin akt əsasında hesablanmış 508.20 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC abonentinin istifadə etdiyi elektrik enerjsinin haqqını həmişə vaxtında ödəmişdir. İşıq puluna görə də heç vaxtı borcu olmamışdır. 2-3 gün bundan əvvəl Lənkəran elektrik şəbəkəsinin işçiləri onun 2017-ci ildən 508.20 manat işıq pulu borcunun qaldığını bildirərək evinə gələn elektrik xəttini şəbəkədən ayıraraq çıxıb getmişlər. Bununla əlaqədar Lənkəran elektrik şəbəkəsinə müraciət etmişdir. Ona bildirilmişdir ki, 2017-ci il də sayğacdan kənar xətt çəkdiyi üçün cərimələnmişdir. Ona verilən aktın surətində qeyd edilmişdir ki, abonent sayğacdan kənar xətt çəkərək X1 edir. Onun evində heç bir kənar xətt olmayıb. Hər ay da istifadə etdiyi işığın pulunu ödəmişdir. O, başa düşə bilmir ki, onu niyə cərimə etmişlər. Bu illər ərzində də bununla bağlı ona heç kim heç nə deməyib, bildiriş göndərilməyib. Həmçinin aktın yazılmasından xəbəri olmamışdır, aktın surətini də bu yaxınlarda ona veriblər. Aktda hal şahidlərinin imzası yoxdur. Akt “X1 Qaydaları”nın 8.33cü bəndi pozulmaqla tərtib edilmişdir. Həmin Qaydalara görə Məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Bu akt isə hal şahidlərinin iştirakı olmadan qanunsuz şəkildə yazılıb. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, qeyd olunan akt qanuni və əsaslı tərtib edilmişdir. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli, R 073366 №-li Aktdan görünür ki, İddiaçının yaşadığı Lənkəran rayonu, Moloja kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, fərdi yaşayış evində abonent sayğacdan kənar birbaşa olaraq X1 edir. Abonent hesabından çıxarışdan görünür ki, xx.xx.2017-ci il tarixli, R 073366 №-li akt əsasında İddiaçı 508.20 manat borc hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, “X1 Qaydaları”nın 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Həmin qaydaların 8.17-ci bəndində əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qaydaların 8.17-1-ci bəndində əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qaydaların 8.17-2-ci bəndində əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin qaydaların 8.1-ci bəndində əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, iddiaçının elektrik enerjisindən sayğacdan kənar, yəni sui-istifadə etmiş olması cavabdeh tərəfindən iddia edildiyindən hazırki işdə həmin halları sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə düşür. Lakin cavabdeh məhkəməyə hər hansı sübut, o cümlədən, iddiaçı tərəfindən yol verildiyi iddia edilən pozuntunun texniki vasitələrlə qeydə alınmış olmasına dair foto və ya videoçəkilişi məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəflərin dəlillərini müqayisəli şəkildə araşdıraraq və qeyd olunan prosessual hüquq normalarının tələbləri ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, xx.xx.2017-ci il tarixli, R 073366 №-li Akt tərtib edilərkən “X1 Qaydaları”nın qeyd olunan müddəlarının tələbləri pozulmuşdur. İtirilmiş elektrik enerjisinin dəyəri olaraq 508.20 manat vəsait də xx.xx.2017-ci il tarixli, R 073366 №-li Akt əsasında tələb edildiyindən məhkəmə hesab edir ki, istehlakçıdan itirilmiş enerjinin dəyəri olaraq hər hansı məbləğdə vəsaitin tələb edilməsi əsassızdır. Həmin əsaslara və qeyd olunan qanunvericilik normalarının tələbinə görə məhkəmə qərara gəlir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli, R 073366 №-li Akt qanunvericiliyin tələblərinə cavab vermədiyinə və itirilmiş elektrik enerjisinin dəyəri olaraq hesablanmış 508.20 manat borc da həmin akt əsasında tələb edildiyinə görə iddiaçının iddia tələbi təmin edilməli, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli akt əsasında iddiaçının hesabına işlənmiş itirilmiş elektrik enerjisinin dəyəri olaraq hesablanmış 508.20 manat borcun silinməsinə dair qətnamə qəbul edilməlidir. İddia tələbinin "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli, R 073366 №li aktın etibarsız hesab edilməsinə dair hissəsi üzrə icraata məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə xitam verildiyi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2017-ci il tarixli, R 073366 №-li Akt əsasında İddiaçı hesabına işlənmiş itirilmiş elektrik enerjisinin dəyəri olaraq hesablanmış 508.20 manat borc məbləği silinsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-1982/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1982/2024
01.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver