Məhkəmə qərarları › İş №2(049)-1985/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1985/2024

24.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1985/2024 24.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X1, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü haqqında məsələyə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyənetdim: Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1990-cı il tarixdə ona yazılmış əmək kitabçasının, xx.xx.1978-ci il tarixdə 34 saylı peşə məktəbi tərəfindən verilmiş attestatın və xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Lənkəran tikiş fabrikində işlədiyi illərdə Lənkəran dövlət arxivi tərəfindən verilmiş faktlar və əmrlərin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarını nəzərdən keçirib hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizəçi hazırki ərizəsinin məzmununda ona aid olan, onun əmək fəaliyyəti dövrünü əks etdirən sənədlərin bəzilərində adının “Asiyə” əvəzinə “Asiya” və ya “Asya” kimi qeyd edildiyini, bu səbəbdən ona pensiya təyin edilmədiyini, qeyd olunan sənədlərin ona məxsus olması faktının məhkəmə qaydasında müəyyən edilməsini də həmin əsaslara görə xahiş etdiyini bildirmişdir. Belə ki, ərizəçi hazırki ərizəsinin təsviri və əsaslandırıcı hissələrində qeyd etmişdir ki, yaşa görə əmək pensiyası təyin edilməsi üçün ƏƏSMN-nin tabeliyində DSMF publik hüquqi şəxsin 15 saylı Lənkəran-Astara regional ərazi filialına müraciət etmiş, onun əmək fəaliyyəti dövrünü əks etdirən sənədlərdə adı ilə bağlı uyğunsuzluq olduğundan həmin uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Halbuki, adı çəkilən orqandan ərizəçiyə verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunun məzmunundan müəyyən edilir ki, ərizəçiyə yaşa görə əmək pensiyasının təyin edilməsindən onun adı ilə bağlı uyğunsuzluq olduğuna görə deyil, ərizəçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının qanunvericilikdə tələb olunan pensiya kapitalından az olması, bu məbləğin pensiya təminatına imkan verməməsi əsası ilə imtina edilmişdir. Həmçinin, həmin məktubda göstərilmişdir ki, “...ərizəçinin əmək kitabçasında qeyd edilmiş xx.xx.1990-cı il tarixindən xx.xx.1999-cu il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (xx.xx.1990-cı il tarixində işə qəbul əmri və xx.xx.1999-cu il tarixində işdən azad olunma əmri latın qrafikası ilə yazıldığı, əmrlərdə müəssisə rəhbərinin imzası olmadığı və xx.xx.1999-cu il tarixli işdən azad olunma əmri 1 nömrəli olduğu üçün) həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Lənkəran filialı tərəfindən ərizəçiyə verilmiş arxiş arayışında isə Lənkəran tikiş fabrikinə aid əmrlər kitabında ərizəçiyə aid olan xx.xx.1990-cı il tarixli 53 nömrəli əmrin başqa xəttlə yazıldığı qeyd edilmişdir. Göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə pensiya təyin edilməsindən ərizəçinin hazırki ərizəsində qeyd etdiyi əsasla deyil, tamamilə fərqli bir əsasla imtina edilmiş, onun adında olan uyğunsuzluq (qrammatikada eyni adın bir hərf səhvi ilə fərqli yazılışı, tələffüzdə isə, ümumiyyətlə, nəzərə çarpmayan fərq) qətiyyən mübahisələndirilməmiş, ərizəçiyə adı ilə bağlı uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilməmişdir. Adında olan uyğunsuzluq ərizəçiyə pensiya təyin edilməsi üçün maneə olsaydı belə ərizəçinin məhkəməyə müraciət etməzdən əvvəl hüquqmüəyyənedici sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsi üçün müvafiq orqana müraciət etməsini, həmin orqan tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmiş olmasını, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmamasını təsdiq edən sənəd hazırki işə əlavə edilməmişdir. Bu isə qeyd olunan hüquqi əhəmiyyətli faktın ərizəçiyə münasibətdə mütləq şəkildə məhkəmədə müəyyən olunmalı olduğunu deməyə əsas vermir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bununla yanaşı, qanunvericiliyin tələbinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli 03 nömrəli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Eyni zamanda, həmin Qərarda qeyd edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunan əsaslara görə hazırki ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda, ərizəçiyə izah edilir ki, ərizənin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət edilməsinə mane olmur. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Ərizə qaytarıldığına görə ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu da ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, qəraraaldım: Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzə əsasən ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə qaytarılsın. Qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar