Məhkəmə qərarları › İş №2(049)-2/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2/2023

25.08.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2/2023 25.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Lənkəra rayon Şiləvar bələdiyyəsinə və Lənkəran rayon 1 saylı notariat ofisinə qarşı «daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayon 1 saylı notariat ofisində, Lənkəra rayon Şiləvar bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış 20 fevral 2020-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Lənkəran rayonu, Şiləvar kəndində yerləşən ümumi sahəsi 48.0 kv.m olan qeyri-yaşayış binasını xx.xx.2019-cu il tarixdə hərrac yolu ilə UNİBANK KB ASC 31000 manat məbləğində pul ödəməklə almış və bununla bağlı aralarında xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 29 saylı notariat ofisində alqısatqı müqaviləsi bağlanmışdır. Bundan sonra həmin qeyri-yaşayış binası xx.xx.2019-cu il tarixdə adına dövlət qeydiyyatına alınmış və bu barədə çıxarış verilmişdir. Həmin qeyriyaşayış binasının yerləşdiyi 0,00535 ha torpaq sahəsi onun istifadəsinə verilmiş və bu onun adına verilmiş çıxarışda da öz əksini tapmışdır. Lakin 2021-ci ilin noyabr ayında bilmişdir ki, Lənkəran rayon Şiləvar bələdiyyəsi həmin qeyri-yaşayış binanın yerləşdiyi torpaq sahəsini iş üzrə Cavabdeh1 satmışdır. Baxmayaraq ki, bələdiyyə həmin torpaq sahəsini artıq bir dəfə 2013-cü il tarixdə iş üzrə Cavabdeh1 satmış, cavabdeh də həmin torpaq sahəsini UNİBANK KB ASC-yə girov qoyaraq kredit götürmüş, sonra krediti ödəyə bilmədiyi üçün həmin torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləsən qeyri-yaşayış binasını o, yuxarıda qeyd etdiyi kimi hərrac yolu ilə UNİBANK KB ASC-dən almışdır. Buna baxmayaraq Lənkəran rayon Şiləvar bələdiyyəsi yenidən həmin qeyri-yaşayış binasını və binanın yerləşdiyi torpaq sahəsini 20 fevral 2020-ci il tarixdə alqı-satqı yolu ilə cavabdeh olan Cavabdeh1 satmışdır. Beləliklə, Lənkəran rayon Şiləvar bələdiyyəsi tərəfindən onun hüquqları pozulmuşdur. Lənkəran rayon Şiləvar bələdiyyəsi tərəfindən Lənkəran rayonu, Şiləvar kəndində yerləşən ümumi sahəsi 48,0 kv.m olan qeyri-yaşayış binasının və həmin binanın yerləşdiyi 0,0063 ha torpaq sahəsinin satılması ilə bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Ona görə də hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Yuxarıda qeyd etdiklərinə əsasən hesab edir ki, onun iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək bildirmişdir ki, hesab edirlər ki, ümumiyyətlə iddiaçının hazırki tələblə, yəni Cavabdeh1lə bələdiyyə arasında bağlanan alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbi ilə müraciət etmək hüququ yoxdur. Çünki mübahisələndirilən alqı-satqı müqaviləsi üzrə torpaq sahəsini Cavabdeh1 Lənkəran rayonu Şiləvar bələdiyyəsində almış, bələdiyyənin həmin torpaq sahəsinə hüquqları isə xx.xx.2013-cü il tarixdə dövlət reyestrində qeydə alınmışdır. İddiaçı hüquqları isə xx.xx.2019-cu il tarixdə reyestrdə qeydə alınmışdır. Göründüyü kimi sözügedən müqavilənin əsasını və bələdiyyə tərəfindən alqı-satqı müqaviləsinin bağlanmasına əsasən verən hüquqmüəyyənedici sənəd daha əvvəl verilmişdir. Sonrakı hüquqlar, yəni cavabdehin mülkiyyət hüquqları isə həmin sənəddən irəli gələn prezumpsiyadan irəli gəlmişdir. Mübahisələndirilən alqı-satqı müqaviləsinin bağlanmasına əsas isə Cavabdeh1 hələ 2013-cü ildə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən keçirilən hərracın qalibi olması və bununla bağlı Şiləvar bələdiyyəsinin mülkiyytətində olan 0,0063 ha torpaq sahəsinin onun mülkiyyətə verilməsinə dair qərar olmuşdur. Bu hərracdan sonra Cavabdeh1 tərəfindən sözügedən torpaq sahəsinin dəyəri tam olaraq ödənilmişdir. İş materiallarından da göründüyü kimi, hazırda Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsinin mülkiyyətə alınmasına dair prosedurlar hələ 2013-cü ildən başlamış, hərrac keçirilmiş və bundan sonra Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Şiləvar bələdiyyəsi tərəfindən müvafiq qərarlar qənul edilmişdir. Bundan əlavə, iddiaçının özünün də bildirdiyi kimi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı xüsusi mülkiyyətinə verilən, sahəsi 48 kv.m olan qeyri-yaşayış sahəsi, hələ onun mülkiyyətinə keçmədən bir neçə il əvvəl məhv olmuş və o, əmlakı 2019-cu il tarixdə əldə edərkən həmin əmlak naturada mövcüd olmamışdır. Cavabdeh1 isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən xx.xx.2020-ci il tarixli çıxarışla özünə məxsus torpaqda yeni qeyri-yaşayış sahəsi tikmişdir. Göründüyü kimi, Cavabdeh1 nisbətdə ilkin hüquqverən sənəd kimi mübahisəli alqı-satqı müqaviləsinin bağlanmasına əsas olmuş Şiləvar bələdiyyəsinin adından daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 2013-cü il tarixli çıxarış, hərracın nəticələri və bunun əsasında qəbul edilən qərarlar olmuş və Cavabdeh1 hüquqları həmin çıxarışdan irəli gələn prezumpsiyadan yaranmışdır. Bu baxımdan hazırki iş üzrə verilən ekspert rəyi də, sadəcə olaraq torpaq sahəsi və üzərində olan tikilinin koordinatlarının müəyyən edilməsi hissəsində istisna olmaqla, qalan hissələrdə heç bir əhəmiyyət kəsb etmir. Çünki, hazırki mübahisə hüquqi məslələrdən irəli gəlir və bu da qanunvericiliyin tələblərinə uyğun həll edilməlidir. Qanunveriliciliklə isə uyğun prosedurları keçməklə ilkin əldə edən şəxsin üstünlüyü təsbit olunmuşdur. Göstərilənlərə əsasən iddianı əsassız hesab edir və rədd edilməsini xahiş edirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdehlər Lənkəra rayon Şiləvar bələdiyyəsi və Lənkəran rayon 1 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Belə ki, iş materiallarından olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Lənkəran rayonunun Şiləvar kəndində 0,08137 ha sahibkarlıq məqsədli torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Lənkəran rayonu Şiləvar bələdiyyəsinin adına dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon Torpaq hərrac və müsabiqə komissiyasının torpaq hərrac və ya msabiqənin nəticələri barədə 20 dekabr 2013-cü il tarixli 369 saylı Protokolundan görünür ki, Lənkəran rayonunun Şiləvar kəndi ərazisində Şiləvar bələdiyyəsinə məxsus 0,0063 ha torpaq sahəsinə dair keçirilən açıq torpaq hərracının qalibi Cavabdeh1 olmuş və torpaq sahəsinin dəyəri 350 manat onun tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən 27 dekabr 2013-cü il tarixli şəhadətnamədən görünür ki, Lənkəran rayonunun Şiləvar kəndi ərazisində Şiləvar bələdiyəsinə məxsus 0,0063 ha torpaq sahəsinə dair keçirilən açıq torpaq hərracının qalibi Cavabdeh1 olmuş və bu Lənkəran hərrac və müsabiqə komissiyasında xx.xx.2013-cü il tarixdə 160 nömrə ilə qeydə alınmışdır. Lənkəran rayon Şiləvar bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış AN-İ ******* saylı, 20 fevral 2020-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Lənkəran rayonunun Şiləvar kəndi ərazisində yerləşən satıcı Şiləvar bələdiyəsinə məxsus 0,08137 ha torpaq sahəsinin 0,0063 ha hissəsi 350 manat dəyərində alıcı Cavabdeh1 satılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Lənkəran rayonunun Şiləvar kəndində 0,0063 ha sahibkarlıq məqsədli torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına dövlət reyestrində qeydə alınmışdır. "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanmış ƏN-358 saylı, 25 iyul 2019-cu il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Lənkəran rayonunun Şiləvar kəndi ərazisində yerləşən satıcı "xxxx" KB ASC-yə məxsus 48 kv.m qeyri-yaşayış sahəsi 31000 manat dəyərində alıcı İddiaçı satılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Lənkəran rayonunun Şiləvar kəndində 0,00535 ha torpaq sahəsində (dövlət mülkiyyəti) yerləşən 48 kv.m ölçüdə qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 28 aprel, 10/249 saylı rəyindən görünür ki, mütəxəssis rəyinə əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı xüsusi mülkiyyətinədə olan Lənkəran rayonu, Şiləvar kəndi ərazisində yerləşən 48 kv.m qeyri-yaşayış sahəsinin yerləşdiyi t0.00535 ha orpaq sahəsinin koordinatları ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh1 mülkiyyətinə verilən Lənkəran rayonu, Şilıvar kəndi ərazisində yerləşən 0.0063 ha torpaq sahəsinin koordinatlarının üst-üstə düşdüyü müəyyən edilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı xüsusi mülkiyyətinə verilən qeyri-yaşayış sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh1 mülkiyyətinə verilən Lənkəran rayonu, Şiləvar kəndi ərazisində yerləşən torpaq sahəsinin üzərində yeni tikilən qeyri-yaşayış sahəsi ilə eyni olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş ekspertizanın dəyəri 50 (əlli) manatdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2013-cü il tarixdə Lənkəran rayonunun Şiləvar kəndində 0,08137 ha sahibkarlıq məqsədli torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Lənkəran rayonu Şiləvar bələdiyyəsinin adına dövlət reyestrində qeydə alınmışdır. Sözügedən torpaq sahəsinin 0,0063 ha hissəsinə dair 20 dekabr 2013-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon Torpaq hərrac və müsabiqə komissiyası tərəfindən keçirilən hərracın qalibi Cavabdeh1 olmuş və torpaq sahəsinin dəyəri 350 manat onun tərəfindən ödənilmişdir. Hərracın nəticələri Lənkəran hərrac və müsabiqə komissiyasında xx.xx.2013cü il tarixdə 160 nömrə ilə qeydə alınmaqla bu barədə müvafiq şəhadətnamə verilmişdir. Həmin hərracın nəticələrinə uyğun olaraq Lənkəran rayon Şiləvar bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış AN-İ ******* saylı, 20 fevral 2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə Lənkəran rayonunun Şiləvar kəndi ərazisində yerləşən 0.0063 ha torpaq sahəsi Şiləvar bələdiyyəsi tərəfindən Cavabdeh1 satılmışdır. Hazırda sahibkarlıq məqsədli həmin torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına dövlət reyestrində qeydə alınmışdır. Həmçinin "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanmış ƏN-358 saylı, 25 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Lənkəran rayonunun Şiləvar kəndi ərazisində yerləşən "xxxx" KB ASC-yə məxsus 48 kv.m qeyri-yaşayış sahəsi 31000 manat dəyərində İddiaçı satılmışdır. Hazırda qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət reyestrində qeydə alınmışdır. Sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin koordinatları Cavabdeh1 məxsus torpaq sahəsinin koordinatları üst-üstə düşür. Məhkəmə ilk növbədə qeyd edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında göstərilir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Mülkiyyətin bir növü kimi bələdiyyə mülkiyyətində olan torpaqların idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla onların mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri «Bələdiyyə torpaqlarının idarə edilməsi» haqqında Qanunla tənzimlənir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, «Bələdiyyələrin əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 7.3 və 7.3.3-cü bəndlərinə əsasən xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə verilir. Həmin Qanunun 6.5-ci bəndinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Həmin Qanunun 6.2-ci maddəsində bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsinin bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirildiyi qeyd olunmuşdur. Həmin müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Qeyd olunan maddələrin məzmunundan göründüyü kimi, bələdiyyə torpaqları üzərində mülkiyyət hüquqlarının əldə edilməsinin ümumi qaydası kimi, onların açıq torpaq hərracları və ya müsabiqələri yolu ilə əldə edilməsi nəzərdə tutulmuşdur. Göstərilənlər əsasən məhkəmə Lənkəran rayon Şiləvar bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış AN-İ ******* saylı, 20 fevral 2020-ci il tarixli Daşınmaz əmlakın alqısatqı müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun olaraq etibarlılığına işin faktiki halları və hüquqi əsasları baxımından qiymət verərək qeyd edir ki, Cavabdeh1 tərəfindən alınan 0,0063 ha torpaq sahəsinə dair bələdiyyənin mülkiyyət hüququ təsbit edildiyindən və həmin torpaq sahəsi onun üzərində yerləşən qeyri-yaşayış sahəsi iddiaçıya satılmamışdan əvvəl cavabdeh tərəfindən açıq torpaq hərracı yolu ilə əldə edildiyindən həmin müqavilənin etibarsız sayılması üçün mötəbər əsaslar mövcüd deyildir, ona görə də etibarsız hesab edilə bilməz. Eyni zamanda məhkəmə, hazırki mübahisə üzrə mülkiyyət hüququnun, o cümlədən torpağa mülkiyyət hüququnun yaranması əsaslarını və qaydalarını müəyyən edən qanunvericilik normalarının nəzərdən keçirilməsini zəruri hesab edir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququnun və onun ayrı-ayrı elementlərinin yaranması qaydası, eləcə də torpaq münasibətlərinin tənzimlənməsi Konstitusiya, mülki, torpaq və digər qanunvericilik aktları ilə müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsi, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsi və torpaq sahəsi üzərində hüquqlarının müdafiəsi və s. Torpaq Məcəlləsinə uyğun olaraq həyata keçirilir. Torpaq münasibətlərinin obyekti torpaq sahəsi və onun üzərində hüquqlardan ibarətdir. Torpaq Məcəlləsinin 4-cü maddəsinə görə, torpaq sahəsi dedikdə, dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsi başa düşülür. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində isə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alğı-satqısı, vərəsəlik qaydasında keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlər əsasında yaranır. Mülki Məcəllənin mülkiyyət hüququnun anlayışını və məzmununu müəyyən edən 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il qərarında qeyd olunur ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər. Yuxarıda qeyd olunan normalar baxımından qeyd olunmalıdır ki, iddiaçı qeyri-yaşayış binasını mülkiyyətinə alsa da, onun altındakı torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuşdur. Belə ki, iddiaçıdan daha əvvəl, yəni xx.xx.2013-cü il tarixdə Lənkəran rayonunun Şiləvar kəndində 0,08137 ha sahibkarlıq məqsədli torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Lənkəran rayonu Şiləvar bələdiyyəsinin mülkiyyətinə verilmiş, sözügedən torpaq sahəsinin 0,0063 ha hissəsinə dair 20 dekabr 2013-cü il tarixdə keçirilən hərracın qalibi Cavabdeh1 olmuş və torpaq sahəsinin dəyəri onun tərəfindən ödənilmişdir. Hərracın nəticələri qeydə alınmaqla bu barədə müvafiq şəhadətnamə verilmişdir. Bu hal isə daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Sonradan həmin hərracın nəticələrinə uyğun olaraq Cavabdeh1 tərəfindən hazırda mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.2-ci maddəsində qeyd olunur ki, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. İşin müəyyən olunmuş hallarından və qeyd edilən normalardan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestrinə əsasən iddiaçıdan əvvəl Lənkəran rayon Şiləvar bələdiyyəsi hazırki mübahisə predmeti olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin tam paylı mülkiyyətçisi olmaqla buna dair reyestr çıxarışı qüvvədə olmuşdur. «İnsan Hüquqları haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə də, Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Lənkəra rayon Şiləvar bələdiyyəsinə və Lənkəran rayon 1 saylı notariat ofisinə qarşı «daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Lənkəra rayon Şiləvar bələdiyyəsinə və Lənkəran rayon 1 saylı notariat ofisinə qarşı «20 fevral 2020-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat İddiaçı tutulub dövlət büdcəsinin X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ**********0000003944 SFİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar