Məhkəmə qərarları › İş №2(049)-2000/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2000/2023

10.08.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2000/2023 10.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili X2, İddiaçı2, Cavabdeh2, cavabdeh Lənkəran rayon 1 saylı notariat ofisinin nümayəndəsi Nümayəndə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Lənkəran rayon 1 saylı notariat ofisinə qarşı “daşınmaz əmlakın bağışlanmasına dair müqavilənin və onun əsasında verilmiş mülkiyyət hüququna dair Çıxarışın etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Lənkəran rayon 1 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 oktyabr 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanmasına dair müqavilənin və onun əsasında verilmiş mülkiyyət hüququna dair DƏDRX- dən Çıxarışın etibarsız etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 27 oktyabr 2017-ci il tarixli notarial qaydada təstiq olunmuş Daşınmaz Əmlakın Bağışlanma müqaviləsi ilə Lənkəran rayonu, Aşağı Nüvədı qəsəbəsində yerləşən ümumi sahəsi 108.4 kv.m. olan tərdi yaşayış evini və **********98-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən paylı mülkiyyət üzrə 0.11 ha torpaq sahəsini X1 bağışlamışdır. 27 oktyabr 2017-ci il tarixli notarial qaydada təsdiq olunmuş Daşınmaz Əmlakın Bağışlanma müqaviləsi və onun əsasında verilmiş hüquqmüəyyənedici sənədlər etibarsızdır. Belə ki, Cavabdeh3 öz arvadı Cavabdeh2 əmlakı bağışlayan zaman paylı torpağm mülkiyyətçiləri olan X9 və X3 razılıqları olmamışdır. Onlar sözügedən müqaviləni bağlayan zaman X9 və X3 vəfat etməsindən sui-istifadə edərək mirası qəbul edə biləcək vərəsələrin razılığını almayaraq onları bilərəkdən prosessdən kənar saxlamışdırlar. Cavabdeh3 əmlakı Cavabdeh2 bağışlayan zaman paylı torpağa münasibətdə əməliyyatlar aparmalı idi. Onlar həmin əmlakı vərəsələrin razılığı olmadan özgəninkiləşdirərək paylı mülkiyyəti qanunsuz olaraq mənimsəmişdirlər. Əmlak üzərində əməliyyatlar aparılmamışdan öncə qanunamüvafıq olaraq ilk öncə vərəsəlik işı açılmalı ıdı. Torpaq üzərində paylı mülkiyyətçilərdən biri olan mərhum X9 İddiaçı1 Zəkəriyyə oğlunun anası digər paylı mülkiyyətçi mərhum X6 isə onun qardaşıdır. İddiaçı2 münasibətdə isə X9 onun qayınanası, X6 onun əri olmuşdur. Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində yerləşən torpaq sahəsi bağışlanan zaman birinci növbədə torpaq üzərində mülkiyyət payları olan şəxslərin razılığı olmalı ıdı. İddiaçılar vəfat etmiş şəxslərin vərəsələri olduqlarına baxmayaraq əməliyyatlar zamanı onlar işə cəlb edilməmiş və bunun əsasında da cavabdehlər tərəfindən vərəsəlik hüquqları kobud şəkildə pozulmuşdur. Bağışlanma müqaviləsini bağlayan zaman qanunun tələbləri nəzərə alınmadığından hesab edirlər ki, hazırkı iddianı qaldırmaqda subyektiv hüquqları vardır. Bu səbəbdən də pozulmuş hüquqlarının qanun çərçivəsində bərpa edilməsindən ötrü məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətindədirlər. Cavabdeh3 məhkəmənin təşəbbüsü ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmişdir. Məhkəmə baxışında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili X7 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin ediməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin ediməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı iş üzrə cavadeh Cavabdeh2 izahatında bildirdi ki, Cavabdeh3 onun həyat yoldaşıdır və onlar xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurublar. Cavabdeh3 2017-ci ildə Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində yerləşən tam mülkiyyət hüququ ilə özünə məxsus olan fərdi yaşayış evini və birgə mülkiyyətdə olan ümumi torpaq sahəsində özünə məxsus hissəni notariat ofisində rəsmiləşdirdiyi bağışlama müqaviləsi əsasında ona bağışlamışdır. Hazırda daşınmaz əmlakdan ona bağışlanılan hissə onun adına rəsmiləşdirilmidir və xüsusi mülkiyyətindədir. İddiaçıların ona qarşı iddia tələbləri tamamilə əsassızdır. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı iş üzrə cavadeh Lənkəran rayon 1 saylı notariat ofisinin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, Lənkəran rayon 1 saylı notariat ofisində rəsmiləşdirilmiş 4Ə-1526 reyestr nömrəli, 27 oktyabr 2017-ci il tarixli “daşınmaz əmlakın bağışlanması”müqaviləsi əsasında Həsənov X8 rayonu, Aşağı Nüvədi qəsəbəsində yerləşən tam mülkiyyət hüququ ilə oözünə məxsus olan ümumi sahəsi fərdi yaşayış evini və birgə mülkiyyətdə olan ümumi sahəsi torpaq sahəsində özünə məxsus hissəni həyat yoldaşı Cavabdeh2 bağışlamışdır. Xüsusi notarius tərəfindən bağışlama müqaviləsi rəsmiləşdirilərkən qanunvericiliyin tələblərinə riayət edilmişdir. Belə ki, Cavabdeh3 ümumi mülkiyyətində olan daşınmaz əmlakdan özünə məxsus olan payı həyat yoldaşına bağışladığından digər birgə mülkiyyətçilərin bağışlamaya dair razılıqları tələb edilmədiyindən onların razılığı alınmamışdır. İddia tələbi əsassız olduğundan təmin edilməməsini məkəmədən xahiş etdi. Məhkəmə baxışında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Cavabdeh2 onun həyat yoldaşıdır. Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən tərtib edilərək təqdiq edilmiş 4Ə-1526 reyestr nömrəli, 27 oktyabr 2017-ci il tarixli “daşınmaz əmlakın bağışlanması” müqaviləsi əsasında Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində yerləşən “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən tam mülkiyyət hüququ ilə özünə məxsus olan ümumi sahəsi 108.4 kv.m olan fərdi yaşayış evini və birgə mülkiyyətdə olan ümumi sahəsi 0,11 ha olan torpaq sahəsində özünə məxsus hissəni Cavabdeh2 bağışlamışdır. O, birgə mülkiyyətdə olan daşınmaz əmlakdan yalnız özünə məxsus olan hissəni həyat yoldaşına bağışlamışdır. Belə olan halda digər birgə mülkiyyətçilərin razılığı tələb olunmurdu. İddiaçı1 onun oğludur. Zakirin də bu bağışlamadan xəbəri var idi və hətta mərhum anası X4 ona düşən vərəsəlik payını qəbul etməməsi və gələcəkdə həmin əmlaka dair heç bir iddia və tələbinin olmayacağı barədə notarial qaydada ərizə təsdiqlədərək ona təqdim etmişdir. İddia tələbinin tamamilə əsassız olduğu üçün təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. İş materiallarına əlavə edilmiş Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən tərtib edilərək təqdiq edilmiş 4Ə-1526 reyestr nömrəli, 27 oktyabr 2017-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görüür ki, həmin müqavilə əsasında Həsənov X8 rayonu, Aşağı Nüvədi qəsəbəsində yerləşən ƏMDK yanında DƏDRX-nin 10 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə tərtib edilmiş **********98-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən tam mülkiyyət hüququ ilə ona məxsus olan ümumi sahəsi 108.4 kv.m olan fərdi yaşayış evini və birgə mülkiyyətdə olan ümumi sahəsi 0,11 ha olan torpaq sahəsində özünə məxsus hissəni Cavabdeh2 bağışlamışdır. İş materiallarına əlavə edilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində yerləşən ümumi sahəsi 108.4 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə, həmin ünvanda yerləşən ümumi sahəsi 0,11 ha olan torpaq sahəsi isə birgə mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olmuşdur. Torpaq sahəsinin digər birgə mülkiyyətçiləri X11 və X6 olmuşlar. İş materiallarına əlavə edilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2019-cu il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində yerləşən ümumi sahəsi 108.4 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə, həmin ünvanda yerləşən ümumi sahəsi 0,11 ha olan torpaq sahəsi isə birgə mülkiyyət hüququ ilə Cavabdeh2 məxsusdur. Torpaq sahəsinin digər birgə mülkiyyətçiləri X11 və X5r. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin və ölüm akt qeydindən çıxarışın surətindən müəyyən edilir ki, X6 xx.xx.2016-cı il tarixdə, X9 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 ilə Cavabdeh2 xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. İş materiallarına əlavə edilmiş İddiaçı1 Zəkəriyyə oğlu tərəfindən Lənkəran rayon notariat kontoruna ünvanlanmış və notarial qaydada təsdiqlənmiş ərizənin surətindən görünür ki, həmin ərizə ilə İddiaçı1 bildirmişdir ki, “anası X4 ona düşən vərəsəlik payını qəbul etməmişdir, etmir və gələcəkdə həmin əmlaka dair heç bir iddiası və tələbi olmayacaqdır.” İş materiallarına əlavə edilmiş nikah akt qeydindən çıxarışın surətindən görünür ki, X6 ilə Həsənova (Fərəcova) Dildarə Tofiq qızı 02 aprel 2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və tərəflərin verdikləri izahatlarla müəyyən olunmuşdur ki, Lənkəran rayon 1 saylı notariat ofisində rəsmiləşdirilmiş 4Ə-1526 reyestr nömrəli, 27 oktyabr 2017-ci il tarixli “daşınmaz əmlakın bağışlanması”müqaviləsi əsasında Həsənov X8 rayonu, Aşağı Nüvədi qəsəbəsində yerləşən tam mülkiyyət hüququ ilə özünə məxsus olan fərdi yaşayış evini və birgə mülkiyyətdə olan torpaq sahəsindən özünə məxsus hissəni həyat yoldaşı Cavabdeh2 bağışlamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1 maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin məcəllənin 213.2 maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin məcəllənin 222.2-ci maddəsinə əsasən, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Məhkəmə belə qənaətə gəlir ki, Mülki Məcəllənin 222.2-ci maddəsinin məzmunu birgə mülkiyyətdə olan daşınmaz əmlakın tam hissəsinə dair sərəncam vermə zamanı bütün mülkiyyətçilərin razılığını özündə ehtiva edir. İşin faktiki hallarından müəyyən edilir ki, Cavabdeh3 sözügedən bağışlama müqaviləsi əsasında daşınmaz əmlakın tamını deyil, yalnız özünə məxus olan hissəsini bağışlamışdır. Eyni zamanda daşınmaz əmlakın digər birgə mülkiyyətçilərinin payı isə həmin əmlakda açıq qalmışdır və əmlakın qeyd edilən hissəsinin bağışlanması həmin əmlaka dair miras qoymuş şəxslərin paylarının vərəsəlik qaydasında qəbulu ilə əlaqadar vərəsələrinin hüquqlarını pozmamışdır. Mülki Məcəllənin 218.1 maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Qanunvericilikdə ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçilərinin almaqda üstünlük hüququ nəzərdə tutulsa da ümumi mülkiyyətdə olan əmlakın satılması və bağışlanması ilə əlaqədar belə bir üstünlük hüququ nəzərdə tutulmamışdır. Mülki məcəllənin 219.1 maddəsinə əsasən, ümumi mülkiyyət hüququndakı pay, əgər tərəflərin razılaşmasında ayrı vaxt nəzərdə tutulmayıbsa, müqavilənin bağlandığı andan müqavilə üzrə əldə edənə keçir. Həmin məcəllənin 219.2 maddəsinə əsasən, doğurduğu hüquqlar dövlət qeydiyyatına alınmalı olan müqavilə üzrə ümumi mülkiyyət hüququndakı payın keçməsi anı həmin hüquqların dövlət qeydiyyatına alındığı vaxtdan müəyyənləşdirilir. Məhkəmə hesab edir ki, iddiaçıların tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Normanın məzmunundan müəyyən olunur ki, hər bir şəxs öz seçdiyi tərəflə məzmununu sərbəst müəyyənləşdirdiyi qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilir. Bir qayda olaraq müqavilə şərtləri tərəflərin razılaşması əsasında müəyyən edilir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun X.Xəlilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 18 iyun 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 yanvar 2009-cu qərarında qeyd olunur ki, qüvvədə olan MM-in 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin X.Xəlilov tərəfindən mübahisələndirilən müqavilələr bağlandığı dövrdə qüvvədə olmuş 157.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, əmlak onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əvəzli əldə edildikdə və əldə edən bunu bilmədikdə (vicdanlı sahib) mülkiyyətçi bu əmlakı əldə edəndən ancaq o halda tələb edə bilər ki, əmlak mülkiyyətçinin özü tərəfindən və ya mülkiyyətçinin sahibliyə verdiyi şəxs tərəfindən itirilmiş və ya onların hər hansı birindən oğurlanmış olsun və ya özlərinin iradəsindən asılı olmayaraq başqa yolla onların sahibliyindən çıxmış olsun. Beləliklə, qanunun tələblərinə görə mülkiyyətçi əmlakı əldə edəndən geri tələb etmək üçün əmlakın özünün və ya mülkiyyətçi tərəfindən əmlakın verildiyi şəxsin sahibliyindən qeyd olunan səbəblər ucbatından çıxdığına dair sübutlar təqdim etməlidir. Vicdanlı əldə edən isə əmlakı əvəzli əldə etdiyini, həmin əmlakın onu özgəninkiləşdirmək hüququna malik olmayan şəxs tərəfindən əldə olunduğunu bilmədiyini və bilmək iqtidarında olmadığını sübut etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Lənkəran rayon 1 saylı notariat ofisinə qarşı “daşınmaz əmlakın bağışlanmasına dair müqavilənin və onun əsasında verilmiş mülkiyyət hüququna dair Çıxarışın etibarsız hesab edilməsi” tələbi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia rədd edildiyindən iddiaçılar tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Lənkəran rayon 1 saylı notariat ofisinə qarşı “daşınmaz əmlakın bağışlanmasına dair müqavilənin və onun əsasında verilmiş mülkiyyət hüququna dair Çıxarışın etibarsız hesab edilməsi” tələbi barədə iddiası təmin edilməsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu onların özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar