Məhkəmə qərarları › İş №2(049)-2043/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2043/2025

28.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2043/2025 28.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, Hadıyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022 ci il tarixli 284801 saylı akt əsasında hesablanmış 778.74 manat, xx.xx.2023 cü il tarixli 291319 saylı akt əsasında hesablanmış 209.04 manat, xx.xx.2023-cü il tarxli 304636 saylı akt əsasında hesablanmış 266.91 manat və xx.xx.2024-cü il tarxli 351582 saylı akt əsasında hesablanmış 174.24 manat cərimənin Azəriişıq ASC tərəfindən silinməmiş hissəsinin, yəni ümumilikdə 1428.93 manat məbləğin onun **********00098 abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, Lənkəran rayonu, Separadi kəndində ata evində yaşayır. Atası 2015-ci ildə vəfat edəndən sonra təsərrüfata o başçılıq etmişdir. Ailənin heç bir gəliri yoxdur, özü heç yerdə işləmir. Ailəsini dolandırmaq üçün Bakı şəhərində fəhləliklə məşqul olur. Onlar evdə olmayan vaxtlarda Lənkəran işıq idarəsi tərəfindən yaşadığı evə aid **********00098 kodlu sayğaca aktlar yazılaraq cərimə edilmişdir. Belə ki, (284801 saylı akt ilə 778.74 AZN), ( 291319 saylı akt ilə 209.04 AZN), (304636 saylı akt ilə 266.91 AZN), (351528 saylı akt ilə isə 174.24 AZN) olmaqda ümumilikdə 1248.93 AZN cərimə təşkil edir. O, heç vaxt, heç bir kənar xətdən istifadə etməmiş, sayğacın xətlərinə də heç vaxt toxunmamışdır. İşıq sayğacı da küçədə yerləşir. Odur ki, bu aktlar saxta tərtib olunduğu üçün ləğv edilməli və cərimələr silinməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək həmin tələbin məzmununa uyğun izahat verib göstərdi ki, həmin ev bir otaqdan ibarətdir, özü çox vaxt Bakıda olduğu üçün evdə çox az elektrik enerjisi istifadə edir. Bakıda olanda evin işıq pulunu hər ay 5-10 manat olmaqla mütəmadi ödəyir. Evin qarşısındakı küçə işığın kəsilmiş kabeli onun qapısındakı dükanın qarşısında sallandığı üçün işıq idarəsinin işçiləri bunu görüb ona akt tərtib etmişlər. Ümumiyyətlə aktlar yazılarkən ondan heç nə soruşulmayıb və onun bu barədə məlumatı olmayıb. Sonradan karta pul vurarkən pulun cəriməyə çıxıldığını öyrənib. İşıq idarəsindən öyrənib ki, ona 1400 manat cərimə yazılıb. Əlavə olaraq bildirdi ki, o, elektrik xəttinə müdaxilə etməyib və yazılan aktları qanunsuz hesab edir. Bu səbəbdən məhkəmədən aktların əsasında yazılan cərimələrin silinməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iddianı qəbul etməyərək bildirdi ki, həmin aktar "xxxx" ASC-nin nümayəndələrinin iştirakı ilə tərtib olunmuşdur. Onlar məhkəməyə dəvət edilsələr də, hazırda xidmətlə bağlı ərazilərdə olduqları üçün məhkəmədə iştirak edə bilməyəcəklər. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: İş materiallarında olan xx.xx.2022-ci il tarixli 284801 saylı, xx.xx.2023-cü il tarixli 291319 saylı, xx.xx.2023-cü il tarixli 304636 saylı və xx.xx.2024-cü il tarixli 351582 saylı elektrik enerjisinin istifadə qaydalarının pozulması haqqında aktların surətlərində görünür ki, İddiaçı evinə sayğacdankənar xətt çəkərək X1 etdiyi qeyd edilmişdir. İş materiallarında olan “Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər” adlandırılan xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli sənədlərin surətindən görünür ki, sayğacdankənar X1 olunduğu üçün abonent İddiaçı ümumilkidə 1428.93 manat cərimə yazılmışdır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, “X1 Qaydaları”nın 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Həmin qaydaların 8.17-ci bəndində əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qaydaların 8.17-1-ci bəndində əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qaydaların 8.17-2-ci bəndində əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin qaydaların 8.1-ci bəndində əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, enerji təchizatı müəssisəsinin nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 284801 saylı, xx.xx.2023-cü il tarixli 291319 saylı, xx.xx.2023-cü il tarxli 304636 saylı və xx.xx.2024-cü il tarxli 351582 saylı aktlar istehlakçı, yəni hazırki iş üzrə iddiaçı tərəfindən imzalanmamış, onun aktı imzalamaqdan imtina etdiyi barədə aktda müvafiq qeydlər aparılmışdır. Bununla belə, enerji təchizatı müəssisəsinin iddiaçı tərəfindən yol verildiyini iddia etdiyi pozuntuların texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmış olması ilə bağlı sübutlar həmin müəssisə, yəni hazırki iş üzrə cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, iddiaçının elektrik enerjisindən sayğacdan kənar, yəni sui-istifadə etmiş olması cavabdeh tərəfindən iddia edildiyindən hazırki işdə həmin halları sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə düşür. Lakin cavabdeh məhkəməyə hər hansı sübut, o cümlədən, iddiaçı tərəfindən yol verildiyi iddia edilən pozuntuların texniki vasitələrlə qeydə alınmış olmasına dair foto və ya videoçəkilişi məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəflərin dəlillərini müqayisəli şəkildə araşdıraraq və qeyd olunan prosessual hüquq normalarının tələbləri ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, yuxarıda qeyd olunan aktlar tərtib edilərkən “X1 Qaydaları”nın qeyd olunan müddəlarının tələbləri pozulmuşdur. Ona görə də itirilmiş enerjinin dəyəri olaraq hər hansı məbləğdə vəsaitin istehlakçıdan tələb edilməsi əsassızdır. Həmin əsaslara və qeyd olunan qanunvericilik normalarının tələbinə görə məhkəmə qərara gəlir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 284801 saylı, xx.xx.2023-cü il tarixli 291319 saylı , xx.xx.2023-cü il tarxli 304636 saylı və xx.xx.2024-cü il tarxli 351582 saylı aktlar qanunvericiliyin tələblərinə cavab vermədiyinə və itirilmiş elektrik enerjisinin dəyəri olaraq hesablanmış borc da həmin aktlar əsasında tələb edildiyinə görə iddiaçının hazırki iddia tələbi təmin edilməli, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 284801 saylı, xx.xx.2023-cü il tarixli 291319 saylı , xx.xx.2023-cü il tarxli 304636 saylı və xx.xx.2024-cü il tarxli 351582 saylı aktlar əsasında iddiaçının hesabına işlənmiş borcun silinməsinə dair qətnamə qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərtbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumu 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında tutulur. İddianın qiyməti ümumilikdə 1428.93 manat olduğundan dövlət rüsumu 34.29 manat təşkil eləyir. İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və iddia tələbi tam sində təmin edildiyindən həmin 30.29 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan tutularaq dövlət hesabına köçürülməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 284801, xx.xx.2023-cü il tarixli 291319, xx.xx.2023-cü il tarixli 304636 və xx.xx.2024-cü il tarixli 351582 saylı aktlar əsasında hesablanmış borc 1428.93 manat ləğv edilsin. 30.49 manat dövlət rüsumu cavabdeh « Azərişıq” ASC-nə aid edilsin və ondan tutularaq dövlət hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar