Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2048/2024 27.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Hüseynov Ruslan Şahvələd oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «alqı-satqı müqaviləsinin ləğv edilməsi və ödənilmiş pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış 13 oktyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh alqı-satqı müqaviləsinin predmeti olan “İkarus Avia 243-26" markalı ** EU *** dövlət qeydiyyat nişanlı avtobusun alınmasına görə ödənilmiş 6400 manat pulun, avtobusun evakuatorla daşınması üçün ödənilmiş 80 manat pulun, mütəxəssis rəyinə görə ödənilmiş 120 manat pulun və 87 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o öz şəxsi istifadəsi üçün avtobus almaq qərarına gəlib. 2023-cü ilin oktyabr ayının 13-də Lənkəran şəhərində H.Aslanov xiyabanı ilə gedərkən “Fotoşərq” adlanan ərazidə yolun kənarında “İkarus” markalı avtobusun dayandığını və arxa şüşəsində satılır yazısının yazıldığını görüb, sürücüyə yaxınlaşmışdır. Həmin avtobusun sürücüsü özünü Ədalət kimi təqdim etdi. O Ədalət adlı şəxsdən avtobusu neçəyə satdığını və avtobusun hansı vəziyyətdə olduğunu soruşmuşdur. Cavabadeh olan Cavabdeh avtobusu əvvəl 7000 manata satdığını desə də sonra bir az onunla danışıq aparandan sonra 6400 manata razılaşıblar. O avtobusu almamışdan əvvəl tanış ustanın yanına aparıb yoxlatdırmaq istəyib. Cavabdeh isə özünün yaxşı və tanış ustasının olduğunu demiş və həmin ustanı avtobusun dayandığı yerə çağırmışdır. Həmin usta ora gələndən sonra avtobusa baxmadan demişdir ki, narahat olmasın, bu avtobusu o özü yığıb, bu avtobusda heç bir problem yoxdur. Həmin usta özünü “Əfi” kimi təqdim etmişdir. O da həmin “Əfi” adlı ustaya inanıb, daha avtobusu yoxlatdırmağa aparmadan onunla razılaşmışdır. “Əfi” də ona demişdir ki, “narahat olma, nə problemi olsa, gətirər yanıma, həll edərəm”. O da oradan bir başa avtobusu sənədləşdirmək üçün Lənkəran şəhərində 5 saylı rayonlararası qeydiyyat imtahan və texniki baxış şöbəsinə getmişdir. Orada avtobus onun adına keçirilmiş və o, 6400 manat pulu cavabdehin oğlunun və qohumu X2 yanında cavabadeh olan Cavabdeh vermişdir. Sənədləşmədən sonra cavabdeh avtobusu “Dörd yol" deyilən əraziyə kimi sürüb, orada onlara təhvil vermişdir. Oradan da qohumu X4 avtobusu sürərək evlərinə aparıb onun həyətində saxlamışdır. Bir müddət keçəndən sonra 2023-cü ilin oktyabr ayının 17-də səhər avtobusu işə salmaq istəyəndə mühərrik işə düşməmişdir. Cavabdehlə telefon əlaqəsi saxlanılmış və ona avtobusun işə düşmədiyi bildirilmişdir. Cavabdeh mühərrikə dərman əlavə ediləndən sonra işə düşəcəyini bildirmişdir. O mühərrikə dərman əlavə etsə də, işə düşməmişdir. Bundan sonra avtobusu “Avtobaza"nın həyətinə aparmaq üçün evakuator çağırmış, 50 manat verib aparmışdır. Orada ustalar avtobusu görüb, tanımış, onun kustar üsulla yığıldığını və onun sahibinin də yalançı olduğunu bildirmişlər. Buna görə də ustalar heç avtobusa baxmamışlar. Beləliklə də avtobus orada 2024-cü ilin mart ayının 04-nə kimi qalmışdır. Bu müddət ərzində cavabdeh və onun ustası olan “Əfi” özləri də gəlib, avtobusu işə salmaq istəsələr də, işə sala bilməmişlər. Ona görə də cavabdehdən pulunu geri istəmiş və pulunu verin avtobusu aparmasını demişdir. O isə demişdir ki, pula torpaq alıb, satıb pulunu verər. Sonra aydınlaşdırmışdır ki, o, torpaq deyil, özü üçün “Qazel” markalı sərnişin daşıyan mikroavtobus almışdır. “Kamran" MMC tərəfindən qeyd olunan avtobusa baxış keçirilmiş və 19 oktyabr 2023-cü il tarixli rəyində qeyd etmişdir ki: 1 .Mühərrik nasaz haldadır. 2.Yanacaq nasosu nasaz haldadır. 3.Sürətlər qutusunda konstruksiya dəyişikliyi olunan “Zil" markalı sürətlər qutusu avtomaşın üzərinə quraşdırılmışdır. 4.Starter işləmir. 5.Mufta kustar usulu ilə quraşdırılıbdır. Bundan sonra o, həmin avtobusu işlək vəziyyətə gətirmək üçün "xxxx" MMC-nin qeyd etdiyi ehtiyat hissələrinin hazırki bazar qiymətini müəyyən etmək üçün Liman şəhər İstehsal-İstehlak Kooperativ Cəmiyyətinə müraciət edib. Qeyd olunan cəmiyyət tərəfindən bununla bağlı 12 mart 2024-cü il tarixli rəy verilmiş və həmin rəydə tələb olunan ehtiyat hissələrinin hazırki bazar qiymətinin 5950 manat olduğu müəyyən edilmişdir. Bundan sonra o evakuator çağırmış, 30 manat verib Abadlıq İdarəsinin rəisindən xahiş etdikdən sonra avtobusu həmin idarənin həyəinə aparıb qoymuşdur. Daha sonra bununla bağlı Lənkəran ŞRPŞ-yə müraciət edib. Orada ona bildirilmişdir ki, hazırki mübahisə mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış 13 oktyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi və Cavabdeh alqı-satqı müqaviləsinin predmeti olan “İkarus Avia 243-26" markalı ** EU *** dövlət qeydiyyat nişanlı avtobusun alınmasına görə ödənilmiş 6400 manat pulun, avtobusun evakuatorla daşınması üçün ödənilmiş 80 manat pulun, mütəxəssis rəyinə görə ödənilmiş 120 manat pulun və 87 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etmədiyini, cavabdeh “İkarus Avia 243-26" markalı ** EU *** dövlət qeydiyyat nişanlı avtobusun satışından əldə etdiyi pula özünə avtomobil aldığını, ona görə də hazırki vəziyyətdə pulu olmadığından iddiaçıya 6400 manat pulu qaytara bilmir. Nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsində avtobusun satış qiyməti 6000 manat göstərilsə də, İddiaçı həqiqətdə 6400 manat pul vermişdir. Əgər maddi imkanı olsaydı, iddiaçıya satdığı mikroavtobusu qəbul edib 6400 manat pulu iddiaçıya qaytarardı. Cavabdeh iddiaçı tərəfindən təqdim edilən və məhkəmə iclasında tədqiq edilən CD-R diskdə olan səs yazılarının ona məxsus olduğunu həmin danışıqların onunla Əvəz adlı şəxs arasında aparıldığını bildirmişdir. İddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X4 ifadəsində göstərdi ki, İddiaçı onun tanışıdır. İddiaçı Cavabdeh sonuncuya “İkarus Avia 243-26" markalı ** EU *** dövlət qeydiyyat nişanlı avtobusu 6400 manata almışdır. Avtobusun alğısatqısında, ümumiyyətlə avtobusun alınması ilə bağlı məsələlərdə əvvəldən axıra kimi iştirak etmişdir. Belə ki, iddiaçı ilə aralarında olan şifahi razılaşmaya əsasən iddiaçı avtobusun pulun verib öz adına almalı, o isə avtobusu idarə edib ailəsinin qazancını təmin edəcəkdi. Daha sonra aralarında olan razılaşmaya əsasən o, iddiaçı tərəfindən ödənilmiş pulu ona qaytarmalı idi. Lakin həmin avtobus alındığı gündən sonrakı günlərdə işə düşməmiş, bu barədə cavabdehi məlumatlandırmışdır. İddiaçı tərəfindən təqdim edilən və məhkəmə iclasında tədqiq edilən CD-R diskdə olan səs yazıları ona məxsusdur. Həmin danışıqlar onunla Cavabdeh arasında baş tutmuşdur. Həmin avtobus avtobazanın həyətinə evakuatorla gətirildikdən sonra Cavabdeh əvvəlcə avtobusu qəbul edib 3 ay sonra pulu qaytaracağı vədini versə də, sonradan fikrindən daşınmış, avtobusu təhvil almamış, pulu da geri qaytarmamışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı tərəfindən X3 “İkarus Avia 243-26" markalı ** EU *** dövlət qeydiyyat nişanlı avtobusun idarə olunması üçün etibarnamə 2 il 2 ay müddətinə verilib və xx.xx.2025-ci il saat 23:59-dək qüvvədədir. xx.xx.2023-cü il tarixli "xxxx" MMC tərəfindən verilmiş rəydən görünür ki, “İkarus Avia 243-26" avtobus markalı ** EU *** dövlət qeydiyyat nişanlı 1994-cü il buraxılışına olan avtobusa baxış keçirilmişdir. Baxış zamanı avtobusda olan nasazlıqlar: mühərrik nasaz haldadır işləmir, yanacaq nasosu nasaz haldadır, sürətlər qutusunda konstruksiya dəyişikliyi olunub, “ZİL” markalı sürətlər qutusu avtomaşın üzərinə quraşdırılmışdır, starter işləmir, mufta kustar üsulu ilə quraşırılıb. Azərbaycan Respublikası "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 07 №-li arayışdan görünür ki, 1994-cü il buraxılışlı “İkarus Avia 243-26" avtobus markalı ** EU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə evakuatorla "xxxx" ASC-nin ərazisinə təmir üçün gətirilmişdir. Sahibinə izah edilmişdir ki, cəmiyyət ixtisaslaşdırılmış təmir xidmətləri göstərmir və nəqliyyat vasitəsi ərazidən götürülməlidir. 04 mart 2024-cü il tarixdə həmin avtobus evakuatorla cəmiyyətin ərazisindən aparılmışdır. Liman şəhər istehsal-istehlak kooperativ cəmiyyəti avtomobil ehtiyat hisələrinin bazar qiymətinə dair xx.xx.2024-cü il tarixli rəydən görünür ki, təqdim olunmuş 1994-cü ildə istehsal edilmiş, “İkarus Avia 243-26" markalı avtobusun ikinci əl satış istismara yararlı mühərrikinin quraşdırılma ilə birgə təklif qiyməti 2800 manatdır. Təqdim olunmuş 1994-cü ildə istehsal edilmiş, “İkarus Avia 243-26" markalı avtobusun istismara yararlı yanacaq nasosunun quraşdırılması ilə birgə təklif qiymtəi 800 manatdır. Təqdim olunmuş 1994-cü ildə istehsal edilmiş, “İkarus Avia 243-26" markalı avtobusun ikinci əl satışı istismara yararlı sürətlər qutusunun quraşdırılma ilə birgə təklif qiyməti 1700 manatdır. Təqdim olunmuş 1994-cü ildə istehsal edilmiş, “İkarus Avia 243-26" markalı avtobusun ikinci əl satışı istismara yararlı starterinin quraşdırılma ilə birgə təklif qiyməti 350 manatdır. Təqdim olunmuş 1994-cü ildə istehsal edilmiş, “İkarus Avia 243-26" markalı avtobusun istismara yararlı muftasının quraşdırılma ilə birgə təklif qiyməti 300 manatdır. Cəmi 5950 manat. Liman şəhər istehsal-istehlak kooperativ cəmiyyəti tərəfindən verilmiş xidmət xərclərinə dair bildirişdən görünür ki, ehtiyat hissələrinin təklif qiymətinin müəyyən edilməsi üçün aparılmış qiymətləndirmənin dəyəri 120 manat təşkil edir. xx.xx.2024-cü il tarixli, 26981 №-li ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 87 manat dövlət rüsumu ödənilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli yazılı izahatından görünür ki, o özünə məxsus avtobus markalı maşınını satmaq məqsədilə satışa qoyub. Əvəz adlı bir şəxs ona yaxınlaşıb ondan maşını satdığını soruşmuşdur. O da maşınını satmaq istədiyini bildirmişdir. 2023-cü il oktyabr ayının 14 və 15 gəlib maşına baxmış və onunla razılaşmışdır. Oktyabrın 15-i saat 16 radələrində onunla birlikdə “Ləvəngi dairəsi”ndə onunla birlikdə maşınına əyləşib rayonlararası regional imtahan qeydiyyat və texniki baxış şöbəsinə gedərək rəsmi şəkildə alqı satqı yolu ilə maşınını ondan qəbul etmiş və ayrılmışlar. Özü maşını sürərək bəyənib və alıb. O, onu maşınını almağa məcbur etməyib. Maşını onun üçün həyat yoldaşı şəhid bacısı X1 alıb. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş “Nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi”ndən görünür ki, Cavabdeh mülkiyyətində olan “İkarus Avia 243-26" mikroavtobus markalı **-EU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 13 oktyabr 2023-cü il tarixində İddiaçı adına 6000 (altı min) manat müqabilində alğı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. İddiaçı tərəfindən CD-R diskdə olan səs yazılarından müəyyən edilir ki, Cavabdeh "xxxx" ASC-nin duracağında saxlanılan “İkarus Avia 243-26" avtobus markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtobusu götürüb həmin avtobusun satılması üçün verilmiş pulu avtobusu satdıqdan sonra geri qaytaracağını bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 570.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1-ci maddəsinə görə müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2-ci maddəsinə görə əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. 570.2-ci maddəsinə görə alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. 581.1-ci maddəsinə görə satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 587.2-ci maddəsinə görə əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1-ci maddəsinə görə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2-ci maddəsinə görə lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.5-ci maddəsinə görə əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 623.1-ci maddəsinə görə əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyri-qida məhsulunun ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Satıcı da dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. 623.2-ci maddəsinə görə alıcının malın dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə ödənilməlidir ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub saxlansın və həmin satıcıdan alındığına dair sübutlar olsun. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar iddianın əsaslılığını təsdiq edir. Belə ki, tərəflər arasında bağlanmış “Nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi”nə əsasən Cavabdeh mülkiyyətində olan “İkarus Avia 243-26" mikroavtobus markalı **-EU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 13 oktyabr 2023-cü il tarixində İddiaçı adına 6000 (altı min) manat müqabilində alğı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikası "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 07 №-li arayışı əsasında müəyyən edilir ki, 1994-cü il buraxılışlı “İkarus Avia 243-26" avtobus markalı ** EU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə evakuatorla "xxxx" ASC-nin ərazisinə təmir üçün gətirilmiş, ixtisaslaşdırılmış təmir xidmətləri göstərilmədiyi üçün nəqliyyat vasitəsi ərazidən 04 mart 2024-cü il tarixdə həmin avtobus evakuatorla cəmiyyətin ərazisindən aparılmışdır. İddiaçı tərəfindən CD-R diskdə olan səs yazıları əsasında müəyyən edilir ki, Cavabdeh "xxxx" ASC-nin duracağında saxlanılan “İkarus Avia 243-26" avtobus markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtobusu götürüb həmin avtobusun satılması üçün verilmiş pulu avtobusu satdıqdan sonra geri qaytaracağını bildirmişdir. Eyni zamanda məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, əgər maddi imkanı olsa, iddiaçıya satdığı mikroavtobusu ondan qəbul edib 6400 manat pulu iddiaçıya qaytarar. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Həmin normanın mənasına görə sübutların toplanması və təqdim edilməsi yükü, yəni sübutetmə vəzifəsi bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh ilə araında bağlanılmış 13 oktyabr 2023cü il tarixli alğı-satqı müqaviləsi ləğv edilməli, Cavabdeh alğı-satqı müqaviləsinin predmeti olan “İkarus Avia 243-26" markalı ** EU *** dövlət qeydiyyat nişanlı mikroavtobusun alınmasına görə ödənilmiş 6400 manat pul, mikroavtobusun evakuatorla daşınması üçün ödənilmiş 80 manat pul, mütəxəssis rəyinə görə ödənilmiş 120 manat pul və 87 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh ilə araında bağlanılmış 13 oktyabr 2023-cü il tarixli alğı-satqı müqaviləsi ləğv edilsin. Cavabdeh alğı-satqı müqaviləsinin predmeti olan “İkarus Avia 243- 26" markalı ** EU *** dövlət qeydiyyat nişanlı mikroavtobusun alınmasına görə ödənilmiş 6400 manat pul, mikroavtobusun evakuatorla daşınması üçün ödənilmiş 80 manat pul, mütəxəssis rəyinə görə ödənilmiş 120 manat pul və 87 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-2048/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2048/2024
27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver