Məhkəmə qərarları › İş №2(049)-2074/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2074/2025

23.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2074/2025 23.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə «akt əsasında yazılmış cərimənin silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli nömrəli 010787 №-li akt əsasında ona yazılmış 943,20 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Lənkəran rayonu Şirin Quyu kəndində yaşayır. 1 həftə əvvəl işıq idarəsinin kənd üzrə nümayəndəsi sayğacları yoxlayaraq ev sahiblərinə borc barədə qəbz vermişdir. Onun sayğacına da baxdıqdan sonra ona verdiyi qəbzdə əlavə 943,2 manat borc yazıldığını görub. Səbəbini soruşduqda isə xx.xx.2025-ci il tarixində ona cərimə aktı yazıldığını bildirmişdir. Cərimənin hansı səbəbə yazıldığını soruşsa da aktın onun tərəfindən yazılmadığını və ona görə də heç nə deyə bilməyəcəyini bildirmişdir. Bütün bu qeyd etdiklərini onun abonent dövriyyəsində aydın şəkildə görmək olur. İddiaçı dərhal Lənkəran Cənub RETSİ-nə müraciət edib. Oradan da aktın idarə işçiləri deyil, Bakıdan gələn nümayəndələr tərəfindən vazıldığını deyərək ona heç bir məlumat verməyiblər. Sadəcə aktın surətini verərək onu yola salıblar. Elektrikə görə heç vaxt borcu olmayıb, evində heç bir kənar xətt olmayıb, sayğaca müdaxilə etməmiş, möhürünü qırmamışdır. Elektrik işlərindən isə ümumiyyətlə başı çıxmır. Həmin aktın da nə səbəbə yazıldığını bilmir. Aktın yazılmasından xəbəri olmamışdır. Əgər o, hər hansı kənar xətt çəkmiş olsaydı, onlar akt yazılan zaman onu çağırıb həmin kənar xətti ona göstərməli idilər. Lakin heç vaxt belə bir şey olmamışdır. Aktın özü isə onun və ya şahidlərin iştirakı olmadan tərtib edilib. Bu səbəbdən də hesab edir ki, həmin akt əsassızdır və yazılmış cərimə məbləği silinməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin nümayənəsi X1 məhkəməyə elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nüamyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, № 010787 saylı Aktdan görünür ki, Lənkəran rayonu, Şirin Quyu kəndində yaşayan İddiaçı istifadəsində olan elektrik sayğacına baxış keçirilən zaman müəyyən olunmuşdur ki, sağacın giriş faza xəttinin yuvasına əlavə xətt qoşularaq, sayğacın çıxış faza xətti üzərində quraşdırılmış açarın çıxışına bərkidilməklə sayğac dövriyyədən kənarlaşdrılmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Beləki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, abunəçi mərhum İddiaçı istifadə etdiyi Lənkəran rayonu, Şirin Quyu kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına kənar elektrik xəttinin qoşulduqu aşkar olunduğu üçün üçün "xxxx" ASC-nin nümayəndələri tərəfindən akt tərtib edilmiş, həmin akta uyğun olaraq abunəçi İddiaçı borc hesablanmışdır. xx.xx.2025-ci il tarixli Akt tərtib edilərkən qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 oktyabr tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” Qaydalarının 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İşin faktiki hallarından müəyyən edilmişdir ki, İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli, № 010787 saylı akt imzalanmamışdır. Həmçinin həmin aktın İddiaçı təqdim edilməsi ilə əlaqadar cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 -ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə göstərilən maddi hüquq normalarını hazırkı hüquq münasibətinə tətbiq edərək qeyd edir ki, cavabdeh İddiaçı qanuna zidd əməlinin olması, tələb olunan maddi ziyanla onun qanunazidd əməli arasında səbəbli əlaqənin olması iş materiallarında olan mötəbər və təkzibolunmaz sübutlarla təsdiq olunmur. Ona görə də vurulmuş zərər üçün zərərçəkən qarşısında o, tam məsuliyyət daşımamalıdır. xx.xx.2025-ci il tarixli, № 010787 saylı akta yol verilmiş pozuntu ilə əlaqədar texniki vasitələrdən istifadə edilməklə çəkilmiş foto və ya video material əlavə edilməmişdir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, tərtib edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 oktyabr tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” Qaydalarına rəayət edilmədiyindən, yəni 2 nəfə hal şahidinin iştirakı təmin olunmadığından iddia təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, № 010787 saylı akt əsasında hesablanmış borc silinməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə işüzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, 010787 saylı akt əsasında abonent İddiaçı hesablanmış 943,20 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar