Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-209/2025 03.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi,İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul və dəymiş maddi zərərin əvəzinin tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında xx.xx.2025-ci il tariuxdə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2022-ci ilin iyul tarixindən 2024cü ilin iyun ayına qədər olan dövr üçün ödənilməmiş 36000 manat pulun, eyni zamanda ödənilmiş 231 manat dövlət rüsumunun, avtomobil cavabdehin istifadəsində olduğu zaman sonuncu tərəfindən yol hərəkəti qaydaları pozulması nəticəsində onun tərəfindən ödənilmiş 884.7 manat pulun, avtomobilin cavabdehin istifadəsində olduğu zaman avtomobilə dəymiş zərərin əvəzi olaraq 10027 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi, eləcə də cavabdehə verilmiş “Nissan Sunny” markalı, **-XN-*** dövlət nömrə nişanlı avtomobilin saz və işlək vəziyyətdə ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında, xx.xx.2022-cü il tarixdə “ilkin alqı-satqı müqaviləsi” bağlanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən, tərəflər müqavilədə müəyyən edilmiş şərtlərlə özünə məxsus olan, “Lexus LX470 minik” markalı **-DJ-*** dövlət nömrə nişanlı avtomobilin ilkin alqı-satqı müqaviləsini və gələcəkdə əsas alqı-satqı müqaviləsini bağlamağı öhdələrinə götürmüşlər. Avtomobilin satış qiyməti 57500 manat müəyyən edilmişdir. Cavabeh müqavilənin 2.1-ci bəndində müəyyən edilən pulun 100 manatını müqavilə bağlandığı anında nəğd, 3500 manatının xx.xx.2022-ci il tarixdə, qalan 53900 manatını isə müqavilənin 2.3-cü bəndində müəyyən edilmiş qaydada iddiaçıya ödəyir. Cavabdeh qalan 53900 manat pulu 36 ay müddətində hər ayın 14-ü, 1500 manat olmaqla iddiaçıya bank kartı və ya notariusun depozit hesabı vasitəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli məbləğ 5 gün gecikdirilərsə avtomobil geri alınacaq və ödənilən məbləğ cavabdehə qaytarılmayacaq. Cavabdeh tərəfdən xx.xx.2022-ci il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 1800, xx.xx.2022-ci il tarixdə 1500, xx.xx.2022-ci il tarixdə 1500, xx.xx.2022-ci il tarixdə 1500 və xx.xx.2022-ci il tarixdə 1000 olmaqla cəmi 7300 manat pul ödənilmişdir. Eyni zamanda bildirir ki, avtomobil ona 2024-cü ilin iyun ayında cavabdeh tərəfindən evakuatora yüklənərək göndərilmişdir. Avtomobil ona nasaz vəziyyətdə qaytarılmışdır. Cavabdehin müqavilə üzrə ona ödədiyi sonuncu ödəniş xx.xx.2022-ci il tarixində olmuş, həmin tarixdə avtomobil qaytarılan 2024-cü ilin iyun ayına qədər 24 ay ərzində olan ödənilməmiş pul məbləği 36000 manat təşkil edir. Avtomobil cavabdehin istifadəsində olan zaman yol hərəkəti qaydaları pozulmuş və 884.7 manat cərimə toplanmışdır. Həmin cərimələr onun tərəfindən ödənilmişdir. Avtomobil ona nasaz vəziyyətdə çatdırıldıqdan sonra “X2” MMC-də müayinə edilmiş və məlum olmuşdur ki, avtomobil yararsız vəziyyədədir və avtomobilin təmir üçün 10027 manat pul tələb olunur. Baxmayaraq ki, avtomobil cavabdehə tam saz və işlək vəziyyətdə verilmişdir. Bundan əlavə bildirir ki, o, cavabdehə “Nissan Sunny” markalı, **- XN-*** dövlət nömrə nişanlı avtomobil də vermişdir. Qeyd edilən avtomobil də ona saz vəziyyətədə geri qaytarılmamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin həcminin azaldılması və işə qiyabi icraat qaydasında baxılmasına dair ərizə verərək “Nissan Sunny” markalı, **-XN-*** dövlət nömrə nişanlı avtomobilin tələbi istisna olmaqla digər tələblərini müdafiə etdiyini və cavabdehin məhkəmə iclasına gəlmədiyini nəzərə alaraq işə qiyabı icraat qaydasında baxıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli ayrıca qərardadı ilə iddiaçının ərizəsi təmin olunaraq hazırki mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır Məhkəmədə tədqiq olunan sübutlar : xx.xx.2022-cü il tarixli “İlkin alqı-satqı müqaviləsi”ndən görünür ki, tərəflər arasında “Lexus LX470 minik” markalı, **-DJ-*** dövlət nömrə nişanlı avtomobilin gələcəkdə əsas alqı-satqı müqaviləsini bağlamaq şərti ilə ilkin müqavilə bağlanmışdır. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Lexus LX470 minik” markalı, **-DJ-*** dövlət nömrə nişanlı avtomobil mülkiyyət hüququ əsasında iddiaçının adına dövlət qeydiyyatına alınmışdır. Etibarnamənin surətindən görünür ki, iddiaçı “Lexus LX470 minik” markalı, **-DJ-*** dövlət nömrə nişanlı avtomobili idarə etmək üçün cavabdehə etibar etmişdir. Etibarnamənin müddəti xx.xx.2025-ci il tarixdə bitir. DİN-nin DYP Web Portalından edilmiş çıxarışdan görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Lexus LX470 minik” markalı, **-DJ-*** dövlət nömrə nişanlı avtomobili idarə etməklə 23 dəfə yol-hərəkət qaydalarını pozmuş və ona ümumilikdə 884.70 manat cərimə hesablanmışdır. “Motor House” şirkətinin xx.xx.2024-cü il tarixli ********* nömrəli servis kartından görünür ki, iddiaçı “Lexus LX470 minik” markalı, **-DJ-*** dövlət nömrə nişanlı avtomobilin diagnostikası və digər yoxlanışları üçün 100.39 manat ödəmişdir. “Motor House” şirkətinin xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktından görünür ki, “Lexus LX470 minik” markalı, **-DJ-*** dövlət nömrə nişanlı avtomobilin görüləcək işlərinə, ehtiyyat hissələrinin alışına 10027 manat vəsait tələb olunur. Bildirişdən görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə pretenziya ilə müraciət edərək mübahisənin məhkəmədənkənar həll olunmasını xahiş etmişdir. Elektron portaldan görünür ki, iddiaçı hazırki iddia ərizəsinin verilməsi üçün 213 manat dövlət rüsumu ödəmişdir. İddiaçının xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, iddia tələbini azaldaraq “Nissan Sunny” markalı, **-XN-*** dövlət nömrə nişanlı avtomobilin tələbi istisna olmaqla digər tələblərini müdafiə etdiyini və cavabdehin məhkəmə iclasına gəlmədiyini nəzərə alaraq işə qiyabı icraat qaydasında baxıb qətnamə çıxarılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə işdə olan materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının pul və zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə tələbi tərəflər arasında bağlanılmış xx.xx.2022-cü il tarixli “Lexus LX470 minik” markalı, **-DJ-*** dövlət nömrə nişanlı avtomobilin satışı barədə “ilkin alqı-satqı” müqavilədən irəli gəlir. Yuxarıda qeyd olunan müqavilənin bəndləri aşağıdakılardır: 1.2. Tərəflər bu müqavilədə müəyyən edilmiş şərtlərlə Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2021-ci il tarixdə, BA № 119965 qeydiyyat nömrəsi olan Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinə əsasən Satıcı - İddiaçı məxsus olan, LEXUS LX470 MİNİK markalı, ban JTJHT00WX74020691, buraxılış ili 2006, dövlət nömrə nişanı **-DJ-*** olan avtomobili Alıcı Cavabdeh ilə ilkin alqı-satqı müqaviləsinin hal-hazırda bağlanmasını və gələcəkdə əsas alqı-satqı müqaviləsini bağlamağı öhdələrinə götürürlər. 2.1. Avtomobilin satış qiyməti 57500 manat müəyyən edilir. 2.2. “Alıcı” 2.1 -ci bənddə müəyyən edilən pulun 100 manatını müqavilə bağlandığı anında nəğd, 3500 manatını xx.xx.2021-ci il tarixdə, qalan 53900 manatını isə Müqavilənin 2.3-cü bəndində müəyyən edilmiş qaydada “Satıcı’ya ödəyir. 2.3. “Alıcı" qalan 53900 manatı 36 ay müddətində hər ayın 14-ü, 1500 manat olmaqla “Satıcı”ya, bank kartı vasitəsi ilə və ya notariusun depozit hesabı vasitəsi ilə ödəməyi öhdəsinə götürür. Əgər ödənilən məbləğ verilən tarixdən 5 gün gecikərsə avtomobil geri alınacaq və ödənilən məbləğ “Alıcı”ya qaytarılmayacaq. 2.4. "Satıcı" avtomobilin qiyməti ona tam ödənildikdən sonra AR DİN DYPİ tərəfindən nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayış alaraq avtomobili “Alıcıya” satmağı, əsas (alqı-satqı) müqaviləsini bağlamağı, Avtomobili “Alıcı”nın adına rəsmiləşdirməyi və ya nəqliyyat vasitəsinə sərəncam hüququna dair etibarnamə verməyi öhdəsinə götürür. 2.5. "Satıcı" müqavilənin şərtlərinə əməl etməyib avtomobiliı satmaqdan imtina edərsə, avtomobil üçün “Alıcı"ya onun ödədiyi məbləğin hamısını qaytarmağı öhdəsinə götürür. 2.6. "Alıcı” avtomobili almaqdan imtina edərsə, avtomobil üçün ödədiyi məbləğdən ona heç bir məbləğ qaytarılmayacaq. 2.8.“Satıcı" avtomobili işlək vəziyyətdə "Alıcı'nın istifadəsinə nəqliyyat vasitəsinin istifadə hüququna dair etibanamə ilə verir. Bu zaman avtomobil ilə törədilmiş qəzaya görə məsuliyyəti "Alıcı” ödəyir. 2.9.“Alıcı" avtomobili işlək və saz vəziyyətdə saxlamağı öz üzərinə götürür və bununla əlaqədar bütün xərcləri özü çəkir. Həmçinin avtomobilin geri qaytarılarsa onu götürdüyü vəziyyətdə geri qaytarmağı öhdəsinə götürür. 3.1.Müqavilə notarial qaydasında təsdiq edildiyi andan qüvvəyə minir və müddəaları tərəflər üçün məcbur olur. 5.1.Tərəflərin bu müqavilə üzrə mübahisələri onların razılığı, bu razılıq olmadıqda isə məhkəmə qaydasında həll edilir. 7.1.Tərəflərin bu müqavilədən və Azərbaycan Respublikasının qüvvədə olan mülki qanunvericiliyindən irəli gələn hüquqlara malikdirlər və vəzifələr daşıyırlar. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları–fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu–pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor–borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması–öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin məcəllənin 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1 -ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə cavabdehin iddiaya qarşı etiraz və öz sübutlarını təqdim etmədiyini nəzərə alaraq hesab edir ki, iddiaçının təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənməli, onun dəlillərini nəzərə alıb qiyabi adlanan qətnamə çıxarmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlarla kifayətlənərək qeyd edir ki, iddiaçı ilkin alqısatqı müqaviləsinin şərtlərinə əməl etmiş, 57500 manat qiymətləndirdikləri “Lexus LX470 minik” markalı, **-DJ-*** dövlət nömrə nişanlı avtomobili pulunu hissə-hissə, hər ayın 14nədək ödəmək şərti ilə cavabehə vermiş, ilk vaxtlar cavabdeh müqavilənin şərtlərinə əməl etsə də, sonradan, vaxtaşırı ödəməli olduğu ödəmələri etməmiş, nəticədə ödənilməmiş 36000 manat borcu yaranmışdır. Buna görə də həmin 36000 manat cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, “Lexus LX470 minik” markalı, **-DJ-*** dövlət nömrə nişanlı avtomobil cavabdehdə olduğu müddət ərzində o, yol hərəkəti haqqında Qanunun tələblərini pozaraq, ümumilikdə 884.70 manat məbləğində cərimələnmiş və həmin cərimələr iddiaçı tərəfindən ödənilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, 884.70 manat məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə onu da qeyd edir ki, “Lexus LX470 minik” markalı, **-DJ-*** dövlət nömrə nişanlı avtomobil cavabdehə saz vəziyyətdə təhvil verildiyi halda o, onu nasaz vəziyyətdə iddiaçıya qaytarmış, həmin avtomobili saz vəziyyətə gətirmək üçün 10027 manat vəsait tələb olunur. Avtomobil cavabdehdə olduğu zaman nasaz vəziyyətə düşdüyündən, onun bərpası üçün nəzərdə tutulan 10027 manat vəsait cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 231 manat dövlət rüsumu cavabdehə aid edilməli və sonuncudan alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. NƏTİCƏ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ödənilməmiş 36000 manat borc, cərimələr görə ödənilmiş 884.70 manat məbləğində pul və maddi zərərin əvəzi olan 10027 manat, cəmi 46911.70 manat məbləğində pul, eləcə də iddiaçı tərəfindən ödənilmiş 231 manat dövlət rüsumu, cəmi 47142.70 manat alınaraq, İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Lənkəran Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №2(049)-209/2025
Lənkəran Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(049)-209/2025
03.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver