Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-213/2025 23.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı istehlakçının hüquqlarının müdafiəsi tələbi barədə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Lənkəran X2 İdarəsi (bundan sonra mətndə Cavabdeh İB-nin Lənkəran RQİİ) tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 37608 kub metr qaz sərfiyyatı üzrə 4512.96 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, Lənkəran rayonu Göyşaban kəndində yaşayır. O, həmin evin təbii qaz istehlakçısıdır və Lənkəran RQİİ-nin Lənkəran Xidmət sahəsində **********00760 saylı abonent kodu ilə qeydiyyatdadır. O, istehlak etdiyi qazın dəyərini hər ay vaxtında ödəyir, hərdənbir az miqdarda borcu yaransa da, sonradan borcunu aradan qaldırır. Yaxın vaxtlarda yaşadığı əraziyə qaz idarəsinin əməkdaşları gəlib ona xx.xx.2023-cü il tarixdə 37608 kub metr əlavə qaz sərfiyyatı yazıldığını və həmin sərfiyyat üzrə 4512.96 manat borcunun yarandığını, yaranmış borcu ödəməli olduğunu demişlər. O da Cavabdeh İB-nin Lənkəran RQİİ-nə müraciət etmiş və sənədlərin surəti ona təqdim olunandan sonra məlum olmuşdur ki, Cavabdeh İB-nin Lənkəran RQİİ-nin əməkdaşları onun barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib etmişlər. Həmin aktda qeyd edilmişdir ki, evinin qaz sayğacının yoxlanılması zamanı guya sayğacdan kənar qeyri-qanuni xətt vasitəsilə təbii qazdan istifadə olunması aşkarlandığından ona 37608 kub metr əlavə qaz sərfiyyatı yazılmaqla 4512.96 manat məbləğində borc hesablanmışdır. Aktda qeyri-qanuni qaz xətdindən istifadə etdiyi qeyd olunsa da, akt tərtib edilərkən ona bu barədə məlumat verilməmiş, yalnız yoxlamanın nəticəsinə dair akt olduğu deyilərək imza etdirilmişdir. O, akta imza etsə də, orada nə yazıldığından xəbəri olmamış və aktın surəti ona təqdim edilməmişdir. Lənkəran RQİİ-dən onun yaşadığı əraziyə əməkdaşlar gələndən və bu barədə məlumatlı olandan sonra həmin idarəyə müraciət etmiş və ona borcunun silinməsinin yalnız məhkəmə qaydasında mümkün olduğu, bunun üçün məhkəməyə müraciət edə biləcəyi izah edilmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə prosesinin gedişində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə istinad etməklə məhkəməyə ərizə təqdim edib iddia tələbinin həcmini azaldaraq və tələbdə dəqiqləşmə apararaq Cavabdeh İB tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında onun hesabına işlənmiş 37608 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 4512.96 manat borc məbləğinin silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı hazırki iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, 2010-cu ildən hazırda yaşadığı Lənkəran rayonu Göyşaban kəndində ailəsi iilə birlikdə yaşayır. Cavabdeh İB-nin Lənkəran RQİİ ilə mərhum əri arasında qazın alqı-satqısı barədə müqavilə olmuşdur. Əri uzun müddət ağır yataq xəstəsi olmuş və 2023-cü ilin oktyabr ayında vəfat etmişdir. Evin qaz xəttini əri çəkdirmiş, onun bu barədə məlumatı və təsəvvürü olmamışdır. Əri xəstə olduğu vaxt Lənkəran RQİİ-nin əməkdaşları sayğaca baxış keçirmişlər. Sonradan onu Lənkəran RQİİ-nə çağırmışlar və o da gedib orada sənədlərə imza etmişdir. Lakin həmin sənədlərin nə barədə olmasını bilməmişdir. Əri evə qaz xətti çəkdirən vaxt bir ədəd dörd gözlü qaz plitəsi, bir ədəd su qızdırıcı və iki ədəd İran sobasından ibarət cihazların quraşdırılmasından məlumatı vardır. Onun yaşadığı evə kənar qaz xətti çəkilmiş olsa da, ondan heç vaxt istifadə olunmamışdır. O, cavabdeh tərəfin onun barəsində tərtib etdiyi aktla razılaşmır, həmin akt əsassız və qanunsuz olduğundan hesab edir ki, cavabdeh tərəfindən onun hesabına işlənmiş 37608 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 4512.76 manat debitor borc silinməlidir. Bundan əlavə, əsassız və qanunsuz tərtib edilən akt üzrə hesablanmış borc məbləği şişirdilmiş rəqəmdir. Çünki, sayğacdan kənar xətt olduğu məlum olsa da, həmin xətt istifadəsiz qalmış və bu səbəbdən də o qədər itirilmiş qaz və ya borc hesablanması mümkün deyildir. Həmçinin, onun hazırda həmin borcu ödəməyə maddi imkanı da yoxdur. Qeyd etdiklərinə əsasən hazırki vəziyyətinin də nəzərə alınmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, iddia tələbini əsassız hesab edir. Belə ki, iddiaçı Lənkəran rayonu Göyşaban kəndində yaşamaqla Lənkəran RQİİ-nin Lənkəran xidmət sahəsində **********00760 saylı kodla abonent qeydiyyatındadır. Lənkəran RQİİ-nin Lənkəran Xidmət Sahəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçıya məxsus yaşayış sahəsində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılarkən istehlakçıya məxsus sayğacdan kənar, təbii qazdan qeyri-qanuni olaraq istifadə məqsədi ilə xətt aşkar edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən iddiaçının abonent hesabına 37608 kub metr olmaqla 4512.96 manat qaz sərfiyyatı hesablanmışdır. Bundan əlavə, iddiaçı özü də xx.xx.2023cü il tarixdə Lənkəran RQİİ-nin rəisinə ünvanladığı ərizəsində göstərir ki, “qeyd olunan ünvanda təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 4513 manat borcu qəbul edir, bununla bağlı Lənkəran RQİİ-nə qarşı heç bir iddiası yoxdur və gələcəkdə də olmayacaqdır”. Qeyd etdiklərinə əsasən hesab edir ki, iddiaçının tələbi əsassızdır və həmin tələbin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırılması zamanı tərəflərin izahatı, həmçinin, iş materiallarına əlavə edilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın, dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamənin surəti, abonentin saldosundan xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixə aid çıxarışlarla müəyyən edildi ki, iddiaçı Lənkəran rayonu Göyşaban kəndində təbii qaz istehlakçısı kimi qeydiyyata alınmışdır. Cavabdeh İB-nin Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçının yaşadığı fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş və aktda abonentin “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyriqanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə etməsinin aşkar olunduğu qeyd edilmişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş həmin akt əsas götürülərək dəymiş ziyanın həcmi mövcud qaz işlədicilərinə uyğun olaraq PQ-4 markalı cihaza görə maksimum saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 365 gün, itirilmiş təbii qazın həcmi 10512 kub metr, qənaətli (qeyri-standart) su qızdırıcısına görə maksimal saatlıq qaz sərfi 3.4 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 365 gün, itirilmiş təbii qazın həcmi 22776 kub metr, İran sobası adlanan iki ədəd cihaza görə maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 120 gün, itirilmiş təbii qazın həcmi 4320 kub metr - ümumilikdə 37608 kub metr (1.2x24x365=10512, 2.6x24x365=22776, 1.5x24x120=4320, cəmi: 37608 kub metr) müəyyən edilməklə həmin akt əsasında cəmi 4512,96 manat debitor borcun ödənilməsi iddiaçıdan tələb edilmişdir. Hazırda iddiaçı Cavabdeh İB-nin əməkdaşları tərəfindən onun barəsində verilmiş xx.xx.2023-cü il tarixli qərar əsasında onun hesabına işlənmiş 37608 kub metr itirilmiş təbii qazın və onun dəyəri olaraq 4512.96 manat debitor borcun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı iddia tələbinin əsası kimi qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akta, təbii qazdan istifadə qaydalarının pozulması barədə tərtib edilmiş akta, abonentin saldosuna istinad edərək yaşadığı evdə istifadə etdiyi təbii qazın dəyərini mütəmadi olaraq ödədiyini, sayğaca kənar xətt qoşulu olsa da, həmin kənar xətdən istifadə olunmadığını bildirir və maddi vəziyyətinin də nəzərə alınmasını xahiş edir. Cavabdeh İB-nin nümayəndəsi iddiaçının yaşadığı ünvanda olan təbii qazdan sayğacdan kənar istifadə edilməsi halının aşkar olunduğunu və buna görə də itirilmiş təbii qazın dəyərinin bərpası üçün qanunvericiliyə uyğun olaraq hesabat aparıldığını, lakin yaranmış debitor borcun indiyədək də ödənilmədiyini bildirir. Cavabdeh İB iddiaçının iddia tələbinə etirazının əsasları olaraq, qaz sayğacının yoxlanılması haqqında aktın, təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın, dəymiş ziyanın bərpasına dair tələbnamənin surətlərini, abonentin saldosundan çıxarışları, iddiaçının borcu qəbul etməsi barədə ərizəsini məhkəməyə təqdim etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə tərəflərin iddia tələblərinə münasibətini nəzərə alaraq və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, Lənkəran RQİİ tərəfindən iddiaçının yaşadığı evdə təbii qazdan istifadə qaydaları yoxlanılarkən qaz xəttinə sayğacdan kənar qoşulma faktı aşkar edilmiş və bununla bağlı müvafiq akt tərtib edilmişdir. Qeyd olunan aktda iddiaçının yaşadığı evdə istifadə olunan qaz cihazlarının sayı və növü də göstərilmişdir. İddiaçı özü də həmin akta imza etmişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli aktda iddiaçıya məxsus evdə bir ədəd PQ-4, bir ədəd qənaətli (qeyri-standart) su qızdırıcısı və iki ədəd İran sobasından ibarət cihazlarda təbii qazdan sayğacdan kənar qoşulma ilə istifadə edildiyi qeyd edilmiş, iddiaçı özü də məhkəmə iclasında izahat verərkən ona məxsus evdə akta qeyd edilmiş sayda təbii qaz işlədicilərinin olduğunu, evin təbii qaz xəttinə sayğacdan kənar qoşulan xətt aşkar olunduğunu inkar etməmiş, kənar xəttin mərhum əri tərəfindən çəkildiyini, lakin həmin kənar xəttdən istifadə etmədiklərini bildirmişdir. İddiaçının yaşadığı evin təbii qaz xəttinə sayğacdan kənar qoşulma faktı aşkar olunması Cavabdeh İB tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə də öz əksini tapmışdır. Bu səbəbdən məhkəmə aktda qeyd edilən təbii qaz işlədicilərinin hamısının qaz xəttinə sayğacdan kənar qoşulma ilə istifadə edilmiş olması faktını sübuta yetirilmiş hesab edir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, iddiaçının yaşadığı evdə aşkar edilmiş, təbii qaz xəttinə sayğacdan kənar qoşulma faktları ilə bağlı qaz təchizatçısına dəymiş maddi ziyanın real məbləği iddiaçıdan tutularaq cavabdehin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə hazırki iş üzrə qaz təchizatçısına dəymiş maddi ziyanın miqdarını hesablayarkən ilk növbdə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh İB-nin Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktın nəticələrinə, həmin aktda qeyd edilən qaz işlədicisi cihazlarının sayı və çeşidinə, təbii qazdan istifadə müddətinə faktiki göstəricilərə uyğun şəkildə hüquqi qiymət verilməlidir. Eyni zamanda, iddiaçının yaşadığı evdə 2013-2025-ci illər ərzində təbii qazdan istifadə edilməsinin göstəriciləri ilə bağlı cavabdeh tərəfindən təqdim edilmiş abonent saldosundan da göründüyü kimi, istər iddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan əvvəlki dövrlər üçün, istərsə də, sonrakı, yəni sayğacdan kənar qoşulmuş qaz xətti ləğv edildikdən sonrakı dövrlər üçün istifadə edilmiş təbii qazın miqdarında əhəmiyyətli dərəcədə hər hansı dəyişikliyin olmaması da məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə iddiaçının yaşadığı evdə aşkar edilmiş, təbii qaz xəttinə sayğacdan kənar qoşulma faktı ilə bağlı qaz təchizatçısına dəymiş maddi ziyanın (qaz sərfiyyatı) miqdarını müəyyən edərkən qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən tərtib edilmiş aktda iddiaçının yaşadığı evdə təbii qaz işlədicisi olan cihazlardan faktiki istifadəyə görə sutkalıq 24 saat ərzində sərfiyyat hesablanmaqla, bu cür hesablanma “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarının tələbləri ilə əsaslandırılsa da, qaz işlədicilərindən gün ərzində mütəmadi olaraq 24 saat ərzində istifadə edilmiş olması inandırıcı deyildir. Belə ki, həmin qaz cihazlarının təyinatına görə bəziləri çay, yemək və digər qida növlərinin hazırlanmasında istifadə edildiyindən gün ərzində səhər yeməyi, nahar, şam yeməyi, habelə, uşaq qidaları, pəhriz qidalar, desert və sair ərzaqların hazırlanması üçün, digərləri isə isti su əldə edilməsi və istilik sisteminin təchizi üçün istifadə edildiyindən qeyd olunan qaz cihazlarından gün ərzində 24 saat ərzində intensiv şəkildə deyil, orta hesabla 12 saat ərzində istifadə edilməsi ağlabatandır. Bununla yanaşı, məhkəmə həmin qaz cihazlarının gündəlik tələbatda istifadə edilən avadanlıqlar olmasını nəzərə alaraq onlardan xx.xx.2023-cü il tarixli ******* nömrəli aktda qeyd edildiyinə uyğun şəkildə, bir ədəd PQ-4 və bir ədəd qənaətli (qeyri-standart) su qızdırıcısı üçün 365 gün, iki ədəd İran sobası üçün isə 120 gün ərzində istifadə edilmiş olması faktını qəbul edir. Qeyd olunan əsaslarla məhkəmə iddiaçının yaşadığı evdə təbii qaz xəttinə sayğacdan kənar qoşulmaya görə qaz sərfiyyatının miqdarını hər gün 12 saat üçün və akta uyğun şəkildə, müvafiq olaraq 365 gün və 120 gün ərzində hesablanmasını qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1.7-ci bəndində (hazırki iş üzrə tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiyasına görə) qeyd edilmişdir ki, qazpaylayıcı şəbəkədə qəza hallarının qarşısını almalı və nəticələrini aradan qaldırmalıdır. Həmin Qaydaların 5.6-cı bəndində qeyd edilmişdir ki, qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir. “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarına əsasən istehlakçı tərəfindən sayğacdan əvvəl qaz xəttinə qoşulma ilə qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bununla da, iddiaçının yaşadığı evdə təbii qazdan sayğacdan kənar qoşulma ilə istifadə edilməsinə görə xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında Cavabdeh İB-nə ödənilməli olan maddi ziyan (sərfiyyat) məbləği 1 ədəd PQ-4 markalı cihaz üçün 5256 kub metr (10512:2=5256) itirilmiş təbii qaz və onun dəyəri olan 630.72 manat (5256x0,12=630,72), qənaətli (qeyri-standart) su qızdırıcısı üçün 11388 kub metr (22776:2=11388) itirilmiş təbii qaz və onun dəyəri olan 1366.56 manat (11388x0,12=1366,56), İran sobası adlanan cihaz üçün 2160 kub metr (4320:2=2160) itirilmiş təbii qaz və onun dəyəri olan 630.72 manat (2160x0,12=259,20) həddində müəyyən edilməli, həmin miqdarlardan artıq hesablanmış itirilmiş təbii qaz və onun dəyəri olan debitor borc silinməlidir. “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarının “Qeyd” hissəsinə əsasən hesablanmış qazın dəyərinin ödənilməsi vaxtı istehlakçı tərəfindən qazdan istifadə qaydalarının pozulması aşkar olunan günə qədər ödənilmiş qazın dəyəri nəzərə alınmalıdır, yəni həmin məbləğ hesablanmış dəyərdən çıxarılmalıdır. Qeyd olunan hüquq normasının məzmununa əsasən məhkəmə qərara gəlir ki, iddiaçının yaşadığı evdə həmin dövr üçün, yəni qazdan istifadə qaydalarının pozulması aşkar olunan günə qədər ödənilmiş qazın dəyəri nəzərə alınmalı, hesablanmış 1925 kub metr istehlak edilmiş təbii qaz və onun dəyəri olan 241.08 manat (məhkəməyə təqdim edilmiş saldoya əsasən xx.xx.2023cü il tarixli ******* nömrəli akt tərtib edilməzdən əvvəlki bir il üçün - 2022-ci ilin fevral ayından 2023-cü ilin fevral ayınadək olan dövr üçün hesablanmış təbii qaz sərfiyyatı və onun dəyəri) iddiaçı tərəfindən ödənilən, yəni cavabdeh tərəfindən tələb edilən məbləğdən çıxılmalı, bununla da həmin məbləğ də silinməli olan debitor borca aid edilməlidir. Belə olan halda, iddia tələbi xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında PQ-4 markalı cihaza görə hesablanmış 10512 kub metr itirilmiş təbii qazın 5256 kub metrdən ibarət hissəsi və onun dəyəri olan 630.72 manat, qənaətli (qeyri-standart) su qızdırıcısına görə hesablanmış 22776 kub metr itirilmiş təbii qazın 11388 kub metrdən ibarət hissəsi və onun dəyəri olan 1366.56 manat və İran sobası adlanan cihazlara görə hesablanmış 4320 kub metr itirilmiş təbii qazın 2160 kub metrdən ibarət hissəsi və onun dəyəri olan 259.20 manat, eyni zamanda, həmin dövr üçün hesablanmış 1925 kub metr istehlak edilmiş təbii qaz və onun dəyəri olan 241.08 manat - cəmi 2497.56 manat debitor borcun silinməsi həcmində təmin edilməli, digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla hazırki iddia tələbi üzrə ödənilməli olan 44.97 manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddiaçı iddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli akt əsasında PQ-4 markalı cihaza görə hesablanmış 10512 kub metr itirilmiş təbii qazın 5256 kub metrdən ibarət hissəsi və onun dəyəri olan 630.72 manat, qənaətli (qeyri-standart) su qızdırıcısına görə hesablanmış 22776 kub metr itirilmiş təbii qazın 11388 kub metrdən ibarət hissəsi və onun dəyəri olan 1366.56 manat və İran sobası adlanan cihazlara görə hesablanmış 4320 kub metr itirilmiş təbii qazın 2160 kub metrdən ibarət hissəsi və onun dəyəri olan 259.20 manat, eyni zamanda, həmin dövr üçün hesablanmış 1925 kub metr istehlak edilmiş təbii qaz və onun dəyəri olan 241.08 manat - cəmi 2497.56 manat debitor borc silinsin. İddia tələbinin digər hissəsi təmin edilməsin. Hazırki iddia tələbi üzrə ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilməli olan 44.97 manat dövlət rüsumu məbləği Cavabdehndən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(049)-213/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-213/2025
23.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver