Məhkəmə qərarları › İş №2(049)-2162/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2162/2024

31.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2162/2024 31.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X3 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023 tarixli ******* N-li akt əsasında hesablanmış 3110.40 manat qaz borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Lənkəran rayonu, Şovu kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı ev mülkiyyət hüququ üzrə özünə məxsusdur. Həmin evin öz qaz xətti və öz qaz sayğacı vardır. Həmişə də mütəmadi olaraq qaz pulunu vaxtı-vaxtında ödəmiş və heç vaxt qaza görə borcu olmamışdır. Qaz sayğacı onların evinə çoxdan qoyulmuş və heç bir problemi də olmamışdır. 15 dekabr 2023-cü il tarixdə X4 İstismarı İdarəsinin əməkdaşları onların evinə gələrək akt tərtib etmişlər ki, guya o, qaz sayğacından əvvəl qeyri-qanuni xətt çəkərək təbii qazdan istifadə etmiş və bu barədə 15 dekabr 2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edib getmişlər. Həmin akt əsasında da, 30 dekabr 2023-cü il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edərək qeyd edilmişdir ki, qaz sayğacının maksimal saatlıq qaz sərfinin 6 m/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğ ödənilməlidir. Beləliklə də 6x12x360=25920 kub.metr itirilmiş qaz sərfiyyatı hesablamışdır. Baxmayaraq ki, o, hər hansı sayğacdan kənar qeyri-qanuni qaz xətti çəkməmişdir. Həmin boru qaz işçilərinin özləri tərəfindən o vəziyyətə gətirilmişdir. O, necə həmin sayğacdan kənar xəttdən istifadə etmişdir ki, yerli qaz idarəsinin işçiləri hər ay gəlib, yoxlama aparıb, sayğacın sərfiyyatının qeydiyyatını aparmışlar. Bununla da X4 İstismarı İdarəsinin əməkdaşlarının tərtib etdikləri aktda qeyd etdikləri 25920 kub.metr qaz sərfiyyatına görə onun üçün 3110.40 manat məbləğində cərimə hesablamışlar. O, həmin aktla razı deyildir. Hesab edir ki, X4 İstismarı İdarəsinin əməkdaşlarının tərtib etdikləri akt qanunsuzdur və onun əsasında hesablanmış cərimə pulu silinməlidir. Əlavə olaraq o, barəsindəı tərtib edilmiş “İnzibati xəta haqqında” protokolun surətini təqdim edərək bildirmişdir ki, həmin kənar xəttə görə o, Energetika Nazirliyi tərəfindən İXM-nin 282.1-ci maddəsdi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmiş və həmin cərimə tərəfindən xx.xx.2024-cü il tarixdə ödənilmişçdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 40118 saylı qazın alqı-satqı müqaviləsindən görünür ki, qaz X1 Sahəsi müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı, İddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəyir. Azəriqaz İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması» haqqında xx.xx.2023cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı qaz sayğacından əvvəl qeyri-qanuni xətt çəkərək təbii qazdan istifadə edir. Abonentin saldosundan görünür ki, İddiaçı 2023-cü ilin dekabr ayı üçün 3110.40 manat borc hesablanmışdır. DVD diskindəki görüntülərdən görünür ki, İddiaçı evinə quraşdırılmış sayğacdan əvvəl, yerin altı ilə, görünməz halda boru ilə həyətinə qaz borusu çəkilmiş, həmin boru işlək vəziyyətdədir. MN ******* nömrəli “İnzibati xəta Haqqüında” Protokolun surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı yaşadığı Lənkəran rayonu, Şovu kəndində yerləşən fərdi yaşayış evində qaz paylayıçı şəbəkəyə qoşulmaqla təbii qazı talamış, nəticədə ziyan vurmuşdur. Buna görə də o, İXM-nin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. "xxxx" ASC-nin qəbzindən görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı barəsində İXMnin 282.1-ci maddəsi ilə tərtib edilmiş protokolda göstərilmiş 100 manat məbləğində cəriməni ödəmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, aşağıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddia əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əssən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qanunun tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İddianın təmin edilməsi və ya rədd edilməsi üçün ilkin olaraq delikt törədilib-törədilməməsi halı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh Şirkətə ziyanın vurulmasını, vurulmuş ziyanın miqdarını, ziyanın abonent (iddiaçı) tərəfindən vurulduğunu, onun qanunazidd hərəkətlərinin olmasını və bu hərəkətlərlə ziyan arasında səbəbli əlaqənin olmasını sübuta yetirmək cavabdeh şirkətin üzərindədir. «Qaz təchizatı» haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən həmin Qanunun 13-cü maddəsinin 8- 1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Həmin maddənin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. “Qazdan istifadə Qaydaları”nın 6-cı bəndinə əsasən: 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Məhkəmə qeyd edir ki, İXM-nin 282.1-ci maddəsinə əsasən təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəməı iclasında İddiaçı qaz paylayıçı şəbəkəyə qoşulmaqla təbii qazı talaması, buna görə də İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilməsi tam sübuta yetirilmişdir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh X4 İstismar İdarəsinin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» tərtib etdiyi xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 3110.40 manat məbləğində borc silinməməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və MPM-nin 259, 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemindən yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar