Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2165/2023 03.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı «aktın ləğv edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz" İstehsalat Birliyinə qarşı “aktın ləğv edilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 mart 2023-cü il tarixli, ******* nömrəli aktın ləğv edilməsi, həmin akt əsasında ona hesablanmış 1555 manat 20 qəpik cərimə məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, **********01760 saylı abonent kodu ilə “Azəriqaz” X2 X3 İdarəsində bundan sonra “Azəriqaz” İB Lənkəran RQİİ təbii qaz istehlakçısı kimi qeydiyyatdadır. Sayğacla istehlak etdiyi qaza görə heç bir borcu yoxdur. "Azəriqaz “ İB Lənkəran RQİİ tərəfindən evinin qaz xətti üzərində olan qaz sayğacına edilən müdaxilə halına görə xx.xx.2023-cü il tarixli, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli cərimə aktı tərtib edilmiş və həmin aktla ona 1555 manat 20 qəpik məbləğində cərimə hesablanmışdır. Həmin akt qanunsuz və əsassız olduğundan ləğv edilməli və hesablanmış cərimə məbləği silinməlidir. Onların qanunsuz və əsassız olmasını aşağıdakılarla təsdiq və sübut edir. Azəriqaz” İB Lənkəran RQİİ işçiləri xx.xx.2023-cü il tarixdə yaşadığı ünvanda evinin qaz xətti üzərində olan 10348302 nömrəli qaz sayğacını növbəti dövlət yoxlaması səbəbindən çıxartmış və yeni qaz sayğacı quraşdırmışlar. Aidiyyəti üzrə tərtib edilmiş ******* nömrəli akta iddiaçı imza etmiş, çıxarılan qaz sayğacının üzərində hər hansı bir müdaxilə halı olmadığından həmin aktda müdaxilə barədə qeydlər də edilməmişdir. Sayğac çıxarılarkən müdaxilə halı aşkar olunsa belə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” 80 saylı (bundan sonra 80 saylı qərar) qərarının 4.8-ci bəndinə əsasən qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına cavabdeh olmadığımdan həmin müdaxiləyə də cavabdeh deyildir. Bu səbəblərdən Azəriqaz“ İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında”kı xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktı ləğv edilməli və həmin akt əsasında İddiaçı hesablanmış 1555 manat 20 qəpik cərimə məbləği silinməlidir. Odur ki, tərtib edilmiş akt əsassızdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh təşkilat məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, 27 fevral 2023-cü ildə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib olunaraq, qaz sayğac yenisi ilə əvəz edilmiş və tərtib edilmiş 31 mart 2023-cü il tarixli ******* №-li “təbii qazdan istifadə qaydalarının pozulması” haqqında aktla «sayğacın membranı hərəkətə gətirən qollar mexaniki zərbə nəticəsində öz oxundan çıxmışdır, sayğac istismara yararsızdır.” müəyyən edilmişdir. Ona görə də istehlakçı İddiaçı 12960 kub metr qaz itkisinə görə 1555,20 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarına əsasən qaz paylayıcısı alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs, istehlakçı isə alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmçinin, sayğacların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən sayğaclar müvafiq örtüklə örtülməli və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Lakin, hazırkı mübahisə üzrə iddiaçıya məxsus fərdi yaşayış evinin qaz sayğacının kənar müdaxilədən qorunması üçün sayğac müvafiq örtüklə örtülməmiş, bununla da “Azəriqaz” İstehsalat Birliyi qaz paylayıcısı kimi öz üzərinə düşən vəzifəsini icra etməyərək qanunvericiliyin şərtlərini pozmuşdur. Eyni zamanda “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları sayğaca müdaxilənin edilməsini müəyyən edərkən hal şahidlərinin iştirakı olmadan, foto və ya digər texniki vasitələrdən istifadə edilmədən mübahisəli aktı tərtib etmişlər. Halbuki, qanunvericiliyin tələbinə əsasən hüquq pozuntusunun olması faktı aşkar olunduğu halda dərhal istehlakçıya məlumat verilməli və həmin pozuntunun kim tərəfindən törədilməsi müəyyən edilməlidir. Lakin, hazırkı mübahisə üzrə sayğaca müdaxilə müəyyən olunsa da, həmin hüquq pozuntusunun kim tərəfindən törədilməsi müəyyən olunmamış və buna dair “Azəriqaz” İstehsalat Birliyi tərəfindən sübutlar təqdim edilməmişdir. «Qazdan istifadə qaydaları»na 2 nömrəli əlavədə verilmiş qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqaviləninin 2.1.7-ci bəndinə əsasən istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) paylayıcının vəzifəsidir. Paylayıcı yalnız qaz sayğacının göstəricisinə əsasən istifadə olunan qazın həcminin və dəyərinin tam və dəqiq uçotunu aparmalıdır. Bundan başqa, itirilmiş qazın bərpası ilə bağlı tərtib edilmiş sənəddə 90 gün hesabat dövrü göstərilsə də, nəzərə alınmamışdır ki, qaz sayğacı bilavasitə küçə qaz xəttinin üzərində quraşdırılmış və paylayıcının işçiləri tərəfindən qaz sayğacının göstəricilərinin çıxarılması üçün ayda bir dəfədən az olmayaraq qaz sayğacına baxış keçirilir və bu zaman istehlakçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi, eləcə də həmin müdaxilənin qaz paylayıcının işçiləri tərəfindən aşkar edilməməsi halları istisna edilir. Bundan başqa, həmin aktda qeyd olunmuş əməlin bilavasitə abonent və ya onun ailə üzvləri tərəfindən törədilməsi, qaz sayğacının hesablayıcı mexanizminin sıradan çıxması, eləcə də qaz sayğacından keçən qazın sayğac tərəfindən qeydə alınmaması anlamına gələ bilməz. Yuxarıda qeyd olunduğu kimi, fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plombların cavabdehliyini birmənalı şəkildə qaz paylayıcı daşıdığından, həmçinin, qaz sayğacının sıradan çıxmasında bilavasitə istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübut edilmədiyindən qaz sayğacında aşkar olunan hər hansı nasazlığa görə istehlakçı barəsində heç bir sanksiya tədbiq edilə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19 sentyabr 1995-ci il tarixli, 1113 saylı Azərbaycan Respublikasının Qanunu 3-cü maddəsinə əsasən istehlakçının öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə haqlıdır. Həmin qanunun 14-cü maddəsinin 1-ci bəndinə əsasən bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdir. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Qeyd olunan Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, müdaxilənin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi sübuta yetmədiyindən iddia təmin edilməklə “Azəriqaz” X1 X4 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 31 mart 2023-ci il tarixli, ******* nömrəli qanunsuz və əsassız aktın ləğv edilməsi, həmin akt əsasında istehlakçı İddiaçı hesablanmış 1555 manat 20 qəpik hesablanmış borc silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. “Azəriqaz” X1 X4 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 31 mart 2023-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt ləğv olunsun. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı (abonent kodu: **********01760) hesablanmış 1555 manat 20 qəpik borc silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-2165/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2165/2023
03.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver