Məhkəmə qərarları › İş №2(049)-2173/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-2173/2024

05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-2173/2024 05.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən – Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlu İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2.200 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdi ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, “Elektron məhkəmə” İnformasiya sistemində əldə edilmiş məlumatdan müəyyən edilmişdir ki, İddiaçı (VÖEN № **********) və Cavabdeh (VÖEN № **********) vergi ödəyicisi olan şəxslərdir. Həmçinin iddia tələbinin məzmunundan və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, iddia tələbi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, qeyd edilən məbləği cavabdehdən mopedin satışı ilə əlaqadar aralarında olan alqı-satqı münasibətinə dair tələb edir. Bu haldan belə müəyyən edilir ki, hazırki iddia ərizəsində qeyd edilən tələb tərəflər arasında sahibkarlıq fəaliyyəti ilə əlaqadar olan münasibətdən yaranan mübahisədən irəli gəlir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, hazırkı mülki iddia kommersiya məhkəməsinə aid olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. "İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 11 -ci bəndinə əsasən, MPMin 1 -ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin Qərarın 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri,) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 14-cü bəndinə əsasən, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Həmin Qərarın 13-cü bəndinə əsasən, Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Qanunvericilyin yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman hər üç meyarın mövcud olması imperativ norma kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi iş üzrə iddiaçı və cavabdeh sahibkarlıq subyektidirlər. Həmçinin iş üzrə iddiaçının tələbi pul tələbi ilə əlaqadar olmasına baxmayaraq mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqadardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3 maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı mövcud iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya qeyd edilən məsələ ilə əlaqadar aidiyyəti üzrə kommersiya məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya hazırki iddia tələbi ilə aidiyyəti üzrə kommersiya məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar