Məhkəmə qərarları › İş №2(049)-2180/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2180/2023

05.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2180/2023 05.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı istehlakçının hüquqlarının müdafiəsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın ləğv edilməsi, həmin akt əsasında hesablanmış 1555.20 manat məbləğin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, Lənkəran rayonu Osaküçə kəndində yaşayır və “Azəriqaz” X1 X2 İdarəsində **********03790 nömrəli abonent kodu ilə qaz istehlakçısı kimi qeydiyyatdadır. Onunla “Azəriqaz” X1 X2 İdarəsi arasında qazın alqısatqısı barədə müqavilə bağlanmışdır. Onun heç bir təqsiri olmadığı halda “Azəriqaz” X1 X2 İdarəsi tərəfindən qanunsuz və əsassız olaraq barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən 1555.20 manat cərimə hesablanaraq ona sonradan bu barədə məlumat verilmişdir. Evinin qaz xətti üzərində olan ******* nömrəli qaz sayğacı xx.xx.2023cü il tarixdə növbəti dövlət yoxlması səbəbindən çıxarılmış və yerinə yeni qaz sayğacı quraşdırılmışdır. Əvvəlki sayğacın çıxarılması və yeni sayğac quraşdırılması barədə xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib edilərək ona həmin akta imza etməli olduğu bildirilmişdir. O, akta imza etmiş olsa da, həmin akt məsuliyyət müəyyən edən sənəd olmadığından onun üçün heç bir məsuliyyət yarada bilməzdi. Həmçinin, köhnə sayğac yenisi ilə əvəz olunarkən köhnə sayğacda qüsur olmamışdır. Çıxarılmış qaz sayğacının üzərində hər hansı müdaxilə halı da aşkar olunmamış, lakin həmin qaz sayğacı labarator yoxlamasına göndərilmiş və Dövlət laboratoriya aktına əsasən cavabdeh tərəfindən ona təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli cərimə aktı yazılmışdır. Həmin cərimə aktı ilə itirilmiş qazın bərpa edilməsi barədə göstəriş verilmişdir. O, istehlakçı olaraq qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına cavabdeh olmamaqla həmin sayğaca müdaxilə etməsi qanunvericiliyin tələbləri səviyyəsində sübut edilməmişdir. Küçə ərazisində quraşdırılan qaz sayğacına istənilən şəxs tərəfindən müdaxilə edilə bilər. Qaz sayğacı küçə ərazisində quraşdırıldığından istehlakçı onun üzərində yarana bilən hər hansı müdaxilə halına da cavabdeh deyildir. Zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlamasından keçirmək, habelə, həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq qaz paylayıcının vəzifələrinə aiddir. İstehlakçının təqsiri sübut edildiyi təqdirdə həmin vəzifələr istehlakçının hesabına, sübut edilməzsə, qaz paylayıcının hesabına yerinə yetirilməlidir. O, hesab edir ki, Lənkəran X2 İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktı əsassız və qanunsuzdur. Ona görə də iddia tələbinin təmin edilərək xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın ləğv edilməsi və həmin aktın əsasında yazılmış 1555,20 manat məbləğin silinməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə istinad etməklə məhkəməyə ərizə təqdim edib iddia tələbinin həcmini azaldaraq və tələbdə dəqiqləşmə apararaq “Azəriqaz” İB tərəfindən onun barəsində verilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesabına işlənmiş 12960 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 1555.20 manat borc məbləğinin silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı hazırki iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, o, istifadə etdiyi təbii qazın dəyərini həm köhnə, həm də yeni sayğac göstəricilərinə uyğun mütəmadi və tam şəkildə ödəmişdir. Yaşadığı evin qaz xəttinə quraşdırılmış sayğac onun iştirakı ilə dəyişdirilmişdir. O, qaz sayğacına heç bir müdaxilə etməmişdir. Qaz İstismar İdarəsinin nəzarətçisi tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə bildiriş tərtib edilərək ona təqdim edilir. Lakin nəzarətçi belə bir qüsur aşkar etməmişdir. xx.xx.2023-cü il tarixli aktla heç bir qanuni əsas olmadan ona 12960 kub metr təbii qaz sərfiyyatı hesablanmış və həmin sərfiyyata uyğun olaraq onun hesabına 1555.20 manat miqdarında debitor borcu daxil edilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən onun hesabına işlənmiş 12960 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 1555.20 manat debitor borc silinməlidir. Ona görə də hazırki iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini qərara almışdır. Məhkəmə araşdırılması zamanı iddiaçının izahatı, həmçinin, iş materiallarına əlavə edilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın, qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli aktın, təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın, dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamənin surətləri, abonentin saldosundan xx.xx.2023-cü il tarixə aid çıxarışla müəyyən edildi ki, “Azəriqaz” İB-nin Lənkəran X2 İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu Boladı kəndində iddiaçının yaşadığı fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli akt tərtib edilərək G-4T markalı ******* nömrəli sayğac çıxarılıb yeni sayğacla əvəz edilmiş və əvvəlki sayğac növbədənkənar Dövlət yoxlamasına göndərilmişdir. Yoxlamanın nəticələrinə dair tərtib edilən aktda sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzik-cızıq izləri olduğu, sayğacın istismara yararsız olduğu qeyd edilmişdir. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş həmin akt əsasında xx.xx.2023-cü il tarixli qərara əsasən iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 12960 kub metr müəyyən edilmişdir. Hazırda iddiaçı “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən onun barəsində verilmiş xx.xx.2023-cü il tarixli qərar əsasında onun hesabına işlənmiş 12960 kub metr itirilmiş təbii qazın və onun dəyəri olan 1555.20 manat debitor borcun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı iddia tələbinin əsası kimi qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli akta, təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2023-cü il tarixli ******* nömrəli akta və abonentin saldosuna istinad edərək yaşadığı evdə istifadə etdiyi təbii qazın dəyərini mütəmadi olaraq və tam şəkildə ödədiyini, sayğacda olan qüsurdan məlumatı olmadığını, sayğaca ən geci ayda bir dəfə nəzarətçi tərəfindən baxış keçirildiyini, lakin nəzarətçinin də belə bir qüsur aşkar etmədiyini bildirir. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinə etirazlarının əsası olaraq məhkəməyə hər hansı sübut təqdim etməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış G-4T markalı ******* nömrəli sayğaca istehlakçı tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə, məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş abonent saldosundan da görünür ki, həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı olaraq baxış keçirilməklə həmin əməkdaşların sayğacda yaranan qüsuru vaxtında görmək imkanları olmuşdur. İstehlak edilmiş təbii qazın dəyəri də istehlakçı tərəfindən vaxtaşırı olaraq ödənilmişdir. İddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış G-4T markalı ******* nömrəli sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə edildiyi sübuta yetirilməmiş, həmin hallar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarının 4.2-ci bəndində qeyd edilmişdir ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qərarıın 4.7-ci bəndində qeyd edilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qərarın 4.9-cu bəndində qeyd edilmişdir ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndində qeyd edilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndində qeyd edilmişdir ki, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. “Qazdan istifadə Qaydaları”na 2 nömrəli Əlavənin 2.1.9-cu bəndinə əsasən istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) paylayıcının vəzifələridir. Həmin Əlavənin 3.3-cü bəndinə əsasən paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Qeyd olunan hüquq normalarının məzmunundan da göründüyü kimi, istehlak edilmiş qazın dəyəri qaz paylayıcısı tərəfindən yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablanmalıdır. Bu isə qaz paylayıcısı tərəfindən qaz sayğacına ayda bir dəfə baxış keçirilməsi yolu ilə müəyyən edilə bilər. İstehlak edilmiş təbii qazın dəyəri istehlakçı tərəfindən ödənilmədiyi təqdirdə, qaz paylayıcı tərəfindən istehlakçıdan tələb edilir. Hazırki iş üzrə isə itirilmiş təbii qazın dəyəri kimi iddiaçıdan tələb edilən 1555.20 manat debitor borcun onun həmin dəyərə uyğun miqdarda təbii qazdan istifadə etməsi və ya təbii qazı israf etməsi, habelə, qaz sayğacına o və ya ailə üzvləri tərəfindən müdaxilə olunması nəticəsində yarandığı sübuta yetirilməmiş, həmin faktlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. İş materiallarına əlavə edilmiş abonentin saldosundan da görünür ki, iddiaçının yaşadığı evdə əvvəlki sayğac yeni sayğacla əvəz edildikdən sonra əvvəlki illərin və son ilin uyğun dövrlərində sərf edilmiş təbii qazın həcmində əhəmiyyətli artım müşahidə edilməmişdir. Təbii qazın həcmində artım müşahidə edilmədiyindən, iddiaçının təbii qazdan sui-istifadə edilməsi məqsədi ilə və ya digər hər hansı məqsədlə sayğaca müdaxilə etməsi, bununla da mənfəət əldə etmək niyyətində olması da məhkəmə araşdırması zamanı öz təsdqini tapmamışdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış G-4T markalı ******* nömrəli sayğaca istehlakçı tərəfindən müdaxilə edildiyi sübuta yetirilmədiyindən iddiaçının hazırki iddia tələbi təmin edilməli, “Azəriqaz” İB tərəfindən xx.xx.2023-cü il tarixli akt əsasında İddiaçı hesabına işlənmiş 12960 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 1555.20 manat debitor borcun silinməsinə dair qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla hazırki iddia tələbi üzrə ödənilməli olan 35.50 manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xx.xx.2023-cü il tarixli akt əsasında İddiaçı hesabına işlənmiş 12960 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 1555.20 manat debitor borc silinsin. Hazırki iddia tələbi üzrə ödənilməli olan 35.50 manat dövlət rüsumu məbləği cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar