Məhkəmə qərarları › İş №2(049)-2234/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2234/2024

20.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2234/2024 20.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X2, iddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı X3 İstismar İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış cərimənin silinməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehnə qarşı X3 İstismar İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında əsasında hesablanmış borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Lənkəran şəhəri, M.R.Vaqif- M.ünvan 1 ünvanında yaşayır və sözügedən evin qaz istehlakçısıdır. Qaz sayğacı iddiaçının adınadır. xx.xx.2023-cü il tarixində Cavabdeh X3 istismarı idarəsinin işçiləri yaşadığı ünvanda olmuş və qaz sayğacına texniki baxış keçirdikdən sonra sərfıyyata uyğun sayğac quraşdırılması və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması barədə akt tərtib etmişlər. Əgər aktda qeyd olunan cihazların həqiqətən də hamısını eyni vaxtda işlətsəydi sayğac buna tab gətirə bilməzdi. Aktda siyahıya alınan cihazların evində həqiqətəndə qoşulduğunu qəbul edir. Lakin onlar heç bir zaman hamısı eyni vaxtda işlətmir. Məsələn qazla olan su qızdırıcısı hamam üçün istifadə olunarkən onlardan yalnız biri istifadə olunur. Belə ki, eyni zamanda iki hamamdan istifadə edilməsi absurddur. Bundan əlavə sayğac cihazı artıq 5 ildən yuxarıdır ki, yaşadığı Lənkəran şəhəri, M.R.Vaqif-M.ünvan 1 ünvanında quraşdırılmışdır. Buna baxmayaraq bu zamana qədər heç bir xəbərdarlıq olunmamışdır. Lakin məlumdur ki, hər 6 aydan bir quraşdırılan cihazla bağlı yoxlama keçirilərək problemlərin aşkarlanması həyata keçirilməlidir. Qeyd olunan ünvanda isə nə cihaz quraşdırıldığı vaxt təlimat verilməmiş, nə də bu 5 il müddətində bizə heç bir irad bildirilməmişdir. İdarənin səlahiyyət çərçivəsinə daxil olan işlərin tam şəkildə yerinə-yetirilməməsi-hazırki anlaşılmazlığa və onlar tərəfindən sözügedən aktın tərtib olunaraq borcun yaranmasına səbəb olmuşdur. Ona görə də hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada elektron kabinetdə bildiriş yerləşdirilməklə xəbərdar edilmiş, lakin cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış X3 İstismar İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktda göstərilmişdir ki, Lənkəran şəhəri M.R.Vaqif-M.ünvan 3 ünvanında yerləşən İddiaçı məxsus evin sayğacında istifadə olunana qaz cihazları sayğacın maksimal saatlıq qaz buraxma qabiliyyətinə uyğun gəlmir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında 10260 m3 itirilmiş qaza görə ziyan dəymişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, qaz sayğacına müdaxilə edilməsi əsası ilə istehlakçıya borc hesablanmasına dair qərar qəbul etmiş Cavabdeh İB konkret olaraq məhz istehlakçı tərəfindən müdaxilə edilməsinə dair sübut təqdim etməmişdir. Halbuki, MPM-nin 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə bununla bağlı bildirir ki, qaz paylayıcısının nümayəndələrinin tərtib etdikləri xx.xx.2023-cü il tarixli, ******* saylı akta görə sözügedən qaz sayğacında istehlakçının istifadəsində olan dövrdə hər hansı bir müdaxilənin olmasının müəyyən edilməsi mümkünsüzdür. Belə ki, iddiaçının təsərrüfatına aid olan sözügedən qaz sayğacı onun təsərrüfatı, yəni həyəti daxilində yox, küçədə quraşdırılmışdır ki, belə olan halda da həmin sayğaca kənar şəxslərin müdaxiləsi də istisna deyildir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsin 8-ci bəndində göstərilmişdir ki, Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndində göstərilir ki, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qazdan istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 4-cü bəndinə əsasən Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.Qaz sayğacları Xidmət tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. Qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sənaye qaz qurğusu olan istehlakçının qaza olan tələbatında dəyişiklik baş verdikdə və bu zaman qaz sayğacının dəyişdirilməsinə əsaslandırılmış zərurət yarandıqda, qaz paylayıcısının və EN-in birgə iştirakı ilə qaz sayğacı bu Qaydaların 4.2-ci bəndinin tələblərinə uyğun dəyişdirilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, qəbul edilməsi üçün əsas olmuş hallar cavabdeh tərəfindən sübut edilmədiyindən iddia təmin edilməli, Cavabdeh X3 İstismar İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış cərimə silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X3 İstismar İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş 19 oktyabr 2023-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış cərimə silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar