Məhkəmə qərarları › İş №2(049)-2296/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2296/2023

31.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2296/2023 31.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X1 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın ləğv edilməsi və həmin aktın əsasında hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə 31 iyul 2023-cü il tarixdə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması" haqqında xx.xx.2023cü il tarixli ******* saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 1555.20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, o, **********06000 saylı kod üzrə qaz istehlakçısıdır. Sayğacla istehlak etdiyi qaza görə müəyyən qədər qalmış borcun ödənilməsinə çalışır. Müraciət əsasında «Azəriqaz» İB-yi «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» ******* saylı aktın yazıları oxunmayan və təsdiq edilməyən variantı iddiaçıya təqdim edilmişdir. Həmin akt məsuliyyət müəyyən edən akt olmadığından həmin aktda yazılanların istehlakçı üçün heç bir əhəmiyyəti də yoxdur. Çünki istehlakçı qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına cavabdeh deyildir. Evinin qaz xətti üzərində olan sayğacına edilən müdaxilə halına görə ona, Azəriqaz İB-nin Lənkəran RQİİ tərəfindən xx.xx.2023-cü il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli cərimə aktı tərtib edilmiş və həmin aktla ona 1555.20 manat cərimə hesablanmışdır. Aktda, ******* saylı qaz sayğacının “hesablama mexanizminin qapağı yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-sızıq izlərinin olması, sayğacın ilişərək işlədiyindən pomblar açılaraq daxilinə baxış keçirilməsi və hesablama mexanizminin hərəkətə gətirən dişli çarxın kənar təsir nəticəsində kəsildiyinin aşkar olunması qeyd edilmişdir. Nəticədə ona 12960 m3 həcmində itirilmiş qaza görə 1555.20 manat məbləğində cərimə hesablanmışdır. Cərimə aktından xəbərsiz olmuş və onu imza etməmişdir. Xəbəri olsaydı belə həmin aktı imza etməkdən imtina edəcəkdi. Çünki, o akt qaz sayğacına onun tərəfindən müdaxilə olunması ilə bağlı heç bir sübut göstərilmədən tərtib edilmişdir. “Qaz təhcizatı haqqında” qanuna əsasən istehlakçı olaraq qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına cavabdehlik daşımır. Bu səbəbdən Lənkəran RQİİ əməkdaşları tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli ******* nömrəli akt qanunsuzdur və həmin akt ləğv edilməli, ona hesablanmış 1555.20 manat məbləğində cərimə məbləği silinməlidir. Sadalananları nəzərə alaraq hazır ki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermişdir. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə «Azəriqaz» İstehsalat Birliyi nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərədən keçirib hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 mart 2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, “hesablama mexanizminin qapağı yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-sızıq izlərinin olması, sayğacın ilişərək işlədiyindən pomblar açılaraq daxilinə baxış keçirilməsi və hesablama mexanizminin hərəkətə gətirən dişli çarxın kənar təsir nəticəsində kəsildiyinin aşkar edilməsi və istismara yararsız olması” qeyd edilmiş və İtirilmiş qazın bərpası barədə hesablamalar aparılaraq istehlakçıya 12960 m3 qaz sərfiyyatı hesablanmışdır. Abonentin saldosundan görünür ki, istehlakçı 2023-ci ilin mart ayı üçün 1555.20 manat cərimə hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında hazırkı mübahisə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı deyildir. Çünki, iddiaçı barəsində tərtib edilmiş 31 mart 2023-cü il tarixli, ******* saylı aktdan müəyyən olunur ki, abonentin evinə quraşdırılmış qaz sayğacının hesablama mexanizminin qapağı yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-sızıq izlərinin olması, sayğacın ilişərək işlədiyindən pomblar açılaraq daxilinə baxış keçirilməsi və hesablama mexanizminin hərəkətə gətirən dişli çarxın kənar təsir nəticəsində kəsildiyi və istismara yararsız olduğu aşkar olunmuşdur. Buna görə də iddiaçı təqsirli hesab olunur və itirilmiş qaza görə hesablanmış ziyanın ödənilməsi tələb edilir. İddiaçı tərəf isə heç bir qanun pozuntusuna yol vermədiyi halda barəsində akt tərtib edilməsində Qaz idarəsinin təqsirli olduğunu bildirir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı mübahisə deliktdən yaranmışdır. Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iclasında iddiaçının sayğacındakı nasazlıqların onun təqsirli, hüquqa zidd əməlləri nəticəsində əmələ gəlməsi sübuta yetirtilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının qaz sayğacındakı nasazlıqlarında iddiaçının təqsirli olması sübuta yetirilmədiyi ücün onun barəsində hesablanmış cərimə ləğv edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını yoxlanması labaratoriyasında iddiaçıya məxsus qaz sayğacı Dövlət yoxlamasından keçmiş, yoxlama nəticəsində həmin sayğac yararsız hesab olunmuşdur. Buna görə də, sayğacın yararsız vəziyyətə düşməsi iddiaçının təqsiri üzündən baş vermədiyi üçün məhkəmə hesab edir ki, mübahisələndirilən akt əsassında hesablanmış 1555.20 manat cərimə məbləği ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərtbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumu 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında tutulur. İddianın qiyməti 1555.20 manat olduğundan dövlət rüsumu 35.56 manat təşkil eləyir. İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və iddia tələbi 1555.20 manat məbləğində borcun silinməsi hissəsində təmin edildiyindən həmin 35.56 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan tutularaq dövlət hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən «məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 77-ci maddəsinə əsasən «hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçının cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı aktın ləğv edilməsi və onun əsasında hesablanmış cərimənin silinməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh “Azəriqaz” İB-nin 31 mart 2023-cü il tarixli, ******* saylı aktı əsasında hesablanmış 1555.20 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. 35.56 manat dövlət rüsumu cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə aid edilsin və ondan tutularaq dövlət hesabına köçürülsün. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar