Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-23/2025 29.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “136000 manat pul və 426 manat dövlət rüsumu” tələbinə dair mülki işin məhkəmə hazırlıq iclasını məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “136000 manat pul və 426 manat dövlət rüsumu” tələbini irəli sürərək, Cavabdeh Nadir oğlundan 136000 (bir yüz otuz altı min) manat məbləğində pulun və tərəfindən dövlət rüsumu kimi ödənilmiş 426 (dörd yüz iyirmi altı) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarilmasınıxahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1968-ci il tarixində Cəlilabad şəhərində doğulub. Hazırda ailə üzvləriylə birlikdə Cəlilabad şəhərində yaşayır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla ailəsini dolandırır. Cavabdehi 2018-ci ildən tanıyır. Belə ki, cavabdeh kartof məhsulunun alqı-satqısı ilə məşğul olduğundan dəfələrlə Cəlilabad şəhərinə gələrək müxtəlif şəxslərdən kartof məhsulu alırdı. Həmin vaxtlarda cavabdehlə tanış olub və aralarında səmimi dostluq münasibətləri yaranmışdır. Cavabdeh ona müraciət edərək aldığı kartof məhsullarının qablaşdırılması üçün ona kağız kartof paketi (kisə) lazım olduğunu bildirmişdir. O da həmin işlə məşğul olduğu üçün ona kağız kartof paketi (kisə) verməyi razlışadı. 2023-cü ilin may-iyun ayları ərzində cavabdehə 1 ədədi 0,80 manat olmaqla 57000 manatlıq kağız kartof paketini (kisə) yapışqan bantı (skoç) ilə birlikə nisyə olaraq satıb. Cavabdeh aldığı həmin kağız kartof paketinin (kisə) və yapışqan bantın pulunu (skoç) iki ay müddətində ödəyəcəyini bildirmişdir. Bundan başqa, Cavabdeh Cəlilabad şəhərində müxtəlif şəxslərdən aldığı kartof məhsulunu Rusiya Federasiyasına satmaq üçün göndərirdi. 2023-cü ilin may-iyun ayları ərzində cavabdeh aldığı 480 ton kartof məhsulunu Rusiya Federasiyasına göndərmək istədiyini, lakin həmin kartof məhsulunu göndərmək üçün lazım olan gömrük rüsumunu ödəməyə pulunun olmadığını və gömrük rüsumunun ödənilməsi üçün lazım olan məbləğin verilməsində ona köməklik göstərməsini məndən xahiş etmişdir. Cavabdehlə səmimi münasibətləri olduğundan və ona etibar etdiyi üçün onunla razılaşaraq cavabdehin 24 TİR-da olan 480 ton kartof məhsulunun Rusiya Federasiyası göndərilməsi üçün lazım olan 54740 manat məbləğində gömrük rüsumu tərəfimdən ödənilmişdir. Bundan başqa, cavabdehin İran İslam Respublikasından Rusiya Federasiyasına göndərdiyi tərəvəz məhsulları üçün 56000 manat məbləğində gömrük rüsumu tərəfimdən ödənilmişdir. Cəmi ödədiyi gömrük rüsumu 110740 manat təşkil etmiş, cavabdeh həmin məbləğdən 30000 manatını ona ödəmiş, lakin 80740 manat ödənilməmiş gömrük rüsumu qalmışdır. Bunu təsdiq edəcək gömrük bəyannamələri də vardır ki, onları ərizəsinə əlavə edir. Eyni zamanda cavabdehin xahişi üzərinə ödədiyi gömrük rüsumlarının pul vəsaitini iki ay müddətində ödəyəcəyini bildirsə də, bu günə kimi borclu olduğu ümumilikdə 136000 manat pulu ona qaytarmamışdır. O cavabdehdən borclu olduğu pulu qaytarmasını dəfələrlə tələb etsə də, cavabdeh hər dəfə bəhanələr gətirərək borcunu qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etməli olub. Cavabdeh nümayəndəsi Nümayəndə2 vasitəsilə iddiaya qarşı məhkəməyə ünvanladığı etirazında bildirmişdir ki, onun iddiaçı ilə uzun illərdir ki, ticarət əlaqələri var. İddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, guya iddiaçı ona 57.000 manat dəyərində kağız kartof paketini və yapışqan bantı 1 ədədi 0.80 manat olmaqla 2023-cü ilin may-iyun (2 ay) aylarında verib. Bu da 71.250 ədəd kartof paketi edir. 2 ay ərzində 71.250 ədəd kartof paketini içi dolu kartofla bir şəxs tərəfindən Rusiya Federasiyasına aparıb satmaq qeyri-mümkündür. Bu azmış kimi hələ iddiaçı ona 57.000 manat borcu olduğu halda heç bir qazanc əldə etmədən ona görə 110.740 manatda gömrük rüsumu ödəyib. Burdan da sübuta yetir ki, iddiaçının iddia ərizəsində göstərdiyi xüsusatlar yalandır. Əslində onun iddiaçıya kağız kartof paketinə və yapışqan bantına görə 30.000 manat borcu olub. Bu da 2023-cü ilin may-iyun ayında yaranan borc deyil. Çünki onun 1 sezona o qədər malı vurmağı üçün maddi dövriyyəsi yoxdur. Həmin 30.000 borc illərdən qalma hissə-hissə yığılan borclardır və o da həmin borcu qaytarmışdır. Çünki iddiaçı bu borca görə onu çox narahat etdiyindən onun borcunu qaytarmış və onunla daha ticarət əlaqəsinə girməmişdir. Bu hal səs qeyidlərində də öz əksini tapır ki, iddiaçı səs qeydlərinin birində ona bildirir: “Mənimlə daha alver etmirsən.” Onun pulu onda qalanda o, həmişə ticarəti onunla edirdi. Borcu vermək barədə onu sıxandan sonra borcu qaytarmış və onunla ticari əlaqələrini kəsmişdir. Əslində iddiaçının elə bu iddianı qaldırmağının səbəbi də budur ki, onu borclandırsın və o da məcbur qalıb onunla ticari əlaqələrə girsin. Gömrük rüsumlarına münasibətdə isə onun əvəzinə iddiaçı heç bir gömrük rüsumu ödəməyib. İddiaçının məhkəməyə təqdim etdiyi gömrük bəyannamələri xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixləri əhatə edir. Lakin iddiaçı iddiasında bildirir ki, bu borclar 2023-cü ilin may-iyun aylarında yaranıb. Eyni zamanda bildirmək istəyir ki, bir sezona onun iddia ərizəsində göstərilən qədər malı Rusiya Federasiyasında qəbul edib satmağı mümkün deyil. İddia ərizəsində göstərilənlər hamısı yalandır, həqiqəti əks etdirmir. İddiaçı 100000(yüz min) ABŞ dolları məbləğində borcu olmayıb. Bu borc 30000(otuz min) manat olub və o, hazırda həmin borcu ödəmişdir. İddiaçı heç bir borcu yoxdur. O, iddiaçıya 2023-cü ilin ticarət sezonunda ona olan 30.000 manat borcu ödəyib bitirəcəyini bildirmişdir. Lakin ticarətdə ziyan etdiyindən İddiaçı olan 30.000 manat məbləğində borcunu qaytarmağı bir az gecikdirmişdir. İddiaçı də ona olan borcunu qaytarmaqdan ötrü kriminal qüvvələrə müraciət etmiş və onların təkidi ilə görüşmüşlər. İddiaçı kriminal qüvvələrə müraciət edən vaxtdan sonra dəfələrlə İddiaçı zəng etsə də o, zənglərinə cavab verməyib. Təkcə bir dəfə kriminalların göstərişi ilə və onun kriminallara təkidi ilə ona olan borcu Kənan adlı şəxsə verməyi barədə ona səs yazısı göndərdi. Bu səs yazılarını, eyni zamanda kriminal şəxslərlə olan görüşmədəki səs yazılarını məhkəməyə təqdim etmişdir. Həmin görüşmədən bir müddət sonra onun biznes şəriki İddiaçı borclu olduğu 30.000 manat borcu İddiaçı dediyi Kənan adlı şəxs tərəfindən göndərilən adamlara ödəyib. Məhkəməyə təqdim olunan, onun 100000 (yüz min) ABŞ dolları məbləğində olan borcunun etirafı barədə səs qeydinə münasibətdə bildirir ki, həmin səs qeydini o, kriminalların təkidi və hədə-qorxusu ilə atmışdır. Onlar onu inandırmışlar ki, bu səsi İddiaçı göndərsin. Çünki İddiaçı də borcları var. Həmin borclu olduğu şəxslərə onun səsini qulaq asdıracaq. Amma o, 30.000 manat borcunu ödəyəcəkdir. Kriminalların ona necə hədə-qorxu gəlmələri barədə səs qeydlərini də məhkəməyə təqdim etmişdir. Heç kim qazancı olmadan kiməsə əvvəl 57.000 manat, bu borc qala-qala yenidən 110.740 manat nisyəyə pul verməz. Hələ bu ticarətlə məşğul olan adam ola. Çünki ticarətçilər həmişə əllərində nağd pul saxlayırlar ki, ticarətdən qazanc əldə etsinlər. Yəni ki, bu miqdarda pulu nisyəyə vermirlər. Eyni zamanda məhkəmənin nəzərinə çatdırır ki, İddiaçı ona borcu var. Bu barədə özünün ona göndərdiyi səs qeydini məhkəməyə təqdim etmişdir. İddiaçı hazırda ona qarşı 136.000 manat pul tələbi ilə bağlı qaldırdığı iddia tələbi ona olan borcunun bağlaması məqsədini güdür. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı, onun nümayəndələri Nümayəndə1 və Vəkil məhkəmə iclasına gəlməmiş, sonuncular məhkəməyə ünvanladıqları ərizələrdə işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişlər . Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh və onun nümayəndəsi Nümayəndə2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlərr. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçı və cavabdehin və onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş İddiaçı nümayəndələri Nümayəndə1 və Vəkil ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək bildirmişlər ki, cavabdehin iddiaçıya borclu olduğu 30000 manatı ödəməsi mübahisə olunmayan haldır. Belə ki, cavabdehin həmin borcu ödəsə də, qalan 136000 manatı ödəməmiş, məhkəməyə təqdim edilmiş maddi daşıyıcıda olan səsli mesajlarda iddiaçıya 100000 ABŞ dolları borcu olmasını etiraf etmişdir. Həmin səsli mesajlaşmalardan sonra cavabdeh 30000 manat ödəmiş, qalan pulu isə ödəməmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia tələbini etiraf etməmiş, etirazın dəlillərini müdafiə edib onun məzmununa uyğun çıxış edərək qardaşı İqbal Kazımovun İddiaçı cəmi 30000 manat borcu olduğunu və həmin borcu ödədiyini qeyd edərək iddiaçı tərəfindən məhkəməyə təqdim olunan, qardaşı Cavabdeh iddiaçıya 100000 (yüz min) ABŞ dolları məbləğində olan borcunun etirafı barədə səs qeydinə münasibətdə bildirmişdir ki, qardaşı həmin səsli mesajı iddiaçının tərəfində olan müəyyən kriminal qüvvələrin təkidi və hədə-qorxusu ilə iddiaçıya göndərmişdir. Həmin halın araşdırılması üçün müvafiq ekspertiza təyin edilməsi barədə məhkəməyə vəsatət təqdim etmişdir. Verilən suallara cavab olaraq, Elşən Kazımov qardaşının kriminal meylli şəxslərin ona hədə-qorxu gəlməsinə baxmayaraq onlardan ehtiyat etdiyi üçün hüquq mühafizə orqanlarına müraciət etmədiyini göstərmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin vəsatətinə əsasən şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Cəlilabad rayonu Maşlıq kəndində yaşayır. Cavabdeh 2015-ci ildən tanıyır. Cavabdeh uzun illərdir onun yaşadığı və Cəlilabad rayonunun digər kəndlərindən kartof məhsulu alaraq Rusiya və Ukrayna bazarlarına satmaq üçün aparmışdır. Məhsulu nisyə alıb satışından həyata keçirdikdən sonra onların pulunu qaytarmışdır. Hazırda Cavabdeh ona və digər təsərrüfat sahiblərinə borcu vardır. 2023-cü ilin aprel ayının 13-də Cavabdeh onun yaşadığı kəndə gəlib ondan Rusiya və Ukrayna bazarlarına satmaq üçün kartof məhsulu tapmasını xahiş etmişdir. O da Cavabdeh sifarişi ilə Maşlıq kəndindən təqribən aprel ayının 17-dən may ayının 15-dək 360000 (üç yüz altmış min) manat dəyərində kartofu onun üçün təşkil etmişdir. Eyni zamanda, Cavabdeh ondan Muğan kəndinə anbara getməsini, İddiaçı onun üçün kartof məhsulunu yığmaq üçün kisə və yapışqan bant götürməsini xahiş etmiş, o, həmin anbara getmiş və Cavabdeh telefonla Ə.Məmiyevə zəng edərək onun üçün kisə və yapışqan bant verməsini və öz adına nisyə yazılmasını xahiş etmişdir. Bundan sonra bir neçə dəfə “Qazel” markalı yük avtomobili ilə kisə və yapışqan bant onun yaşadığı həyətə daşınmışdır. Onun vasitəsilə İddiaçı nisyə alınmış kisə və yapışqan bantın təqribi qiyməti 32800 (otuz iki min səkkiz yüz) manat təşkil edir. İ.Kazımov rayonun başqa kəndlərindən də nisyə kartof aldığı üçün başqa şəxslər vasitəsilə də kisə və yapışqan bant almışdır. Lakin həmin kisə və yapışqan bantların nə qədər və hansı məbləğdə olmasından məlumatı yoxdur. İş materiallarında olan: xx.xx.2023-cü il tarixli, ********** №-li mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 426 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 mart 2025-ci il tarixli, 3-16-16/2-4/15-xx/xx/2025 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim olunmuş 01 ədəd “BİNGO” markalı CD-R diskdə olan tədqiqatı tələb olunan 59 və 60 nömrəli mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 01 ədəd “BİNGO” markalı CD-R diskdə olan tədqiqatı tələb olunan 59 və 60 nömrəli mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Cavabdeh məxsusdur. Ekspertizaya təqdim olunmuş 01 ədəd “BİNGO” markalı CD-R diskdə olan tədqiqatı tələb olunan 59 və 60 nömrəli mübahisəli fonoqramlardakı danışıqlarda iştirak edən diktorun danışıq anında emosional və psixofizioloji vəziyyə nisbi ekstremallıq müşahidə olunmur, danışıqlarda fiziki təsir əlamətləri aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş 01 ədəd “BİNGO” markalı CD-R diskdə olan tədqiqatı tələb olunan 59 və 60 nömrəli mübahisəli fonoqramlardakı Cavabdeh məxsus danışıqlarda psixoloji təsir və təzyiq əlamətləri müəyyən olunmur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədiqiqatının dəyəri 250 manat təşkil edir. Məhkəmə iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə hesab edir ki, iddia tələbinin 57000 manat hissəsinə münasibətdə hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1, ödənilmiş gömrük rüsumları ilə bağlı hissəsinə münasibətdə isə həmin Məcəllənin 1092.1-ci maddəsi təşkil edir. Mülki Məcəllənin 600.1-ci maddəsinə qeyd edilir alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsində deyilir ki, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə: 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında şifahi olaraq nisyə alqı-satqı üzrə münasibətlər yaranmışdır. Cavabdeh iddiaçıdan nisyə kisə və yapışqan bant almış və iddiaçı cavabdehin əvəzinə gömrük rüsumları ödəmişdir. Cavabdeh iddiaçıya cəmi 30000 manat borcu olduğunu və ödədiyini bildirmişdir. İddiaçı tərəf cavabdehin ona 30000 manat pul ödəməsini inkar etmir. Başqa sözlə, cavabdehin iddiaçıya 30000 manat pulu ödəməsi işin mübahisə olunmayan halıdır. Cavabdeh iddiaçıya 100000 (yüz min) ABŞ dolları borcu olması ilə bağlı iddiaçıya göndərdiyi səsli mesajı iddiaçının tərəfində olan müəyyən kriminal qüvvələrin təkidi və hədə-qorxusu ilə göndərdiyini bildirir. Bununla bağlı kriminal meylli şəxslərin ona hədə-qorxu gəlməsinə baxmayaraq onlardan ehtiyat etdiyi üçün hüquq mühafizə orqanlarına müraciət etmədiyini göstərir. Lakin həmin xüsusatlar cavabdehin vəsatəti əsasında təyin edilmiş komlpeks məhkəmə-psixoloji və məhkəmə-fonoskopik ekspertizasının rəyi ilə tam şəkildə təkzib edilir. Azərbaycan Respublikası MPM-nin 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir. Məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbində qeyd etdikləri, şahid ifadəsi, cavabdehlə olan telefon danışıqları ilə öz təsdiqini tapmışdır. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1 və 76.2-ci maddələri). Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə görə, ər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 136000 manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 426 manat pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu baxımdan məhkəmə müəyyən edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri 250 manat məbləğində məhkəmə xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 136000 (bir yüz otuz altı min) manat məbləğində pul və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 426 (dörd yüz iyirmi altı) manat pul alınaraq İddiaçı verilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində məhkəmə xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-23/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-23/2025
29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver