Məhkəmə qərarları › İş №2(049)-233/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-233/2025

10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-233/2025 10.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi ilə, iddiaçı İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən etibardan sui-istifadə etməklə dələduzluq yolu ilə ona vurulmuş faktiki zərərə görə 2000 manat pul məbləğinin və dövlət rüsumuna görə ödədiyi 40 manat pulun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən alqı-satqı ofisində makler kimi fəaliyyət göstərən Cavabdeh ilə tanış olmuş və cavabdehin şirin dilinə aldanaraq ilkin ödəniş və ya beh adı ilə cavabdeh ondan xx.xx.2021-ci il tarixdə işlədiyi alqı-satqı ofisində 2.000 ( iki min ) manat pul almışdır. Sonradan Cavabdeh verdiyi sözə əməl etməmiş, götürdüyü öhdəliyi yerinə yetirməmiş və onun telefon zənglərinə cavab verməməyə, onunla görüşməkdən yayınmağa başlayanda anlamışdır ki, cavabdeh onun etibarından sui-istifadə etmiş və dələduzluq yolu ilə 2.000 ( iki min ) manat pulunu ələ keçirərək mənimsəmişdir. Dərhal aidiyyatı üzrə Cavabdeh ona qarşı törətdiyi qanunsuz hərəkətlərinə dair hüquq-mühafizə orqanlarına rəsmi ərizə ilə müraciət etmiş. Şikayət ərizəsi araşdırılmaqdan ötrü əvvəlcə Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində, daha sonra Xətai RPİ-nin İstintaq Şöbəsində davam etdirilmişdir. İstintaq zamanı məlum olmuşdur ki, Cavabdeh bir neçə dəfə məhkumluq həyatı yaşasa da, islah olunmayıb və ondan savayı da başqa vətəndaşları aldadaraq pullarını ələ keçirib, mənimsəmişdir. O həm istintaq zamanı, həm də cavabdeh barəsində həbs qətimkan tədbiri seçiləndən sonra Xətai Rayon Məhkəməsində zərərçəkmiş kimi tanınmış və bir neçə dəfə məhkəmə iclaslarında zərərçəkmiş kimi iştirak edərək halal pulunu tələb etmişdir. Lakin bu günə kimi halal pulunu əldə edə bilməmişdir. Buna görə dəfələrlə cavabdehin qardaşı ilə telefonla danışmağının da xeyiri olmamışdır. Hətta Cavabdeh Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin tabeçiliyində olan Cəzaçəkmə Müəssisələrindən hansıda cəzaçəkməsi məqsədilə aidiyyatı qurumlara etdiyi müraciətlərin də faydası olmamış və cavabdeh “cəzaçəkmə yerinin ona bildirilməsinə etiraz etmişdir”. Bütün bunlardan sonra onun mülki qaydada Məhkəməyə müraciət etməkdən başqa yolum qalmamışdır. Cavabdeh yuxarıda qeyd olunanlara baxmayaraq o günə kimi məndən aldığı pulunu qaytarmamışdır və qaytarmaq fikrində də deyildir. Ona görə də, iddiası təmin edilməsini, ünvan 2 ünvanında qeydiyyatında olan və faktiki ƏN-nin PX-in CM-nin birində cəza çəkən Cavabdeh 2.000 ( iki min ) manat pul əsas vəsaitin və 40 ( qırx ) manat pul ödənilmiş dövlət rüsumunun, cəmi olaraq 2.040 (iki min qırx) manat pulun alınıb ona, yəni İddiaçı verilməsinə dair məhkəmədən qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, cavabdehin cəzaçəkmə müəssisəsində olub-olmamasını aydınlaşdırmaq üçün xx.xx.2025-ci il tarixdə AR ƏNPX X7 sorğu verilmiş, bundan sonra AR ƏNPX X3 Elektron ünvan elektron poçt ünvanına daxil olmuş xx.xx.2024-cü il tarixli məktubun və ona əlavə edilmiş qəbzin surətindən (skan edilmiş formasından) məlum olur ki, AR ƏNPX X2 və 13 dekabr 2024-cü il tarixdə “2(049)- 4303/2024 nömrəli xx.xx.2024-cü il tarixli” məhkəmə bildirişini aldığının təsdiqini öz imzası ilə S.A.A adını qeyd etmişdir. AR ƏNPX X3 Elektron ünvan electron poçt ünvanına daxil olmuş məktubun və ona əlavə edilmiş qəbzin surətinin (skan edilmiş formasının) əsli xx.xx.2025-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinə daxil olmuşdur. İddiaçı məhkəmənin hazırlıq iclasında iştirak edərək mülki işə baxılmasını, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixdə keçiriləcək məhkəmə iclasında iştirakı olmadan baxılmasını, xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə verərək (qeyri-rəsmi iş günü olduğundan təxirə salınmış) xx.xx.2025-ci il tarixdə təyin olunmuş məhkəmə iclasında iştirakı olmadan baxılmasını xahiş etmişdir. Həmçinin İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddia ərizəsinin təmin olmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Baki Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(011)- 161/2024 saylı hökmdən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən görünür ki, Cavabdeh ona görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri təqsirli bilinib, məhkum edilmişdir ki, o, özgənin əmlakını əvəzsiz və qanunsuz əldə etmək məqsədi ilə X4, X10, X9 və İddiaçı etibardan sui-istifadə edərək ipoteka yolu ilə mənzil alınmasında köməklik göstərəcəyi barədə yalandan vəd verib aldadaraq nağd pul vəsaitini alıb ələ keçirməklə zərərçəkmiş şəxslər X5, X13, X11 və İddiaçı müxtəlif məbləğlərdə xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Cavabdeh özgənin əmlakını əvəzsiz və qanunsuz əldə etmək məqsədi ilə İddiaçı etibardan sui-istifadə edərək ipoteka yolu ilə mənzil alınmasında köməklik göstərəcəyi barədə yalandan vəd verib aldadaraq 25 aprel 2021-ci il tarixdə saat 15 radələrində ünvan 5 ünvanda yerləşən icarəyə götürdüyü alqı-satqı ofisində İddiaçı guya ilkin ödəniş və sair xərclər üçün 2.000 (iki min) manat nağd pul vəsaitini alıb ələ keçirməklə zərərçəkmiş şəxs İddiaçı 2.000 (iki min) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Cavabdeh ona Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsidi bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək göstərmişdir ki, (İddiaçı qarşı hissədə) İddiaçı təxminən 2021-ci ilin aprel ayında tanımışdır. Rasim bir nəfər tanışı vasitəsi ilə onun yanına gəlib ipotekaya həyət evi almaq istədiyini bildirmişdir. Həmin vaxtda X8 onun ofisinə gələrək onun ünvanına nalayiq ifadələr işlədib, səs-küy salmış və pula ehtiyacı olmuşdur. O, X1 istəmişdir. Buna görə də o, Rasimə bunu həll edə biləcəyini demişdir. Lakin, Rasimin fərdi olaraq işlədiyi üçün həmin ipotekanın alınmasından ötrü ilkin ödəniş olaraq 7.000 manat pul lazım olacağını demişdir. Rasim isə o qədər pulu verməyəcəyini, 2000 manat verəcəyini qalan 5000 manatı isə notariusda hissə-hissə verəcəyini demişdir. O da Rasimlə razılaşmışdır. 25 aprel 2021-ci il tarixdə saat 15 radələrində işlədiyi ünvan 6 ünvanında ofısdə 2000 manat pul almış və 3-4 ay ərzində bu məsələni həll edəcəyini demişdir. O, həmin 2000 manat pulun 1000 manatını X5 vermiş, 1000 manata isə evin kirayəsini və ofisin icarəsini vermişdir. O, qeyd olunan şəxslərin pulunu qaytara bilmədiyindən ölkəni tərk etmişdir. Daha sonra axtarışla tutulmuşdur. Cavabdeh əməlindən peşman olmasını və yaşını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli, 1(011)-161/2024 saylı Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hökmün qanuni qüvvəsini alıb-almamasını aydınlaşdırmaq üçün xx.xx.2025-ci il tarixdə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə sorğu verilmişdir. Sorğuya əsasən xx.xx.2025-ci il tarixdə cavab olaraq bildirilmişdir ki: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(011)-161/2024 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin hökm Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)-1227/2024 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 1(049)-161/2024 saylı hökmü 25 sentyabr 2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-161/2024 nömrəli, 25 sentyabr 2024cü il tarixli qanuni qüvvəyə minmiş hökmün icrası barədə göstərişdən görünür ki, 25 sentyabr 2024-cü il tarixdə hökm qanuni qüvvəyə minmişdir. AR Mülki-Prosessual Məcəlləsinin 42-ci maddəsinə əsasən cinayət işindən əmələ gələn mülki iddia, əgər o, cinayət işinin icraatı zamanı verilməmişdirsə və yaxud həll olunmamışdırsa, bu Məcəllə ilə müəyyən olunmuş mülki məhkəmə icraatının qaydaları üzrə baxılmaq üçün verilir. AR Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. AR Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. İddia tələbinin qanuni əsasını AR Mülki Məcəlləsinin 1097.1-ci maddəsidir. Həmin maddənin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. AR Mülki Məcəllənin 1096.1-ci maddəsində mülki hüquq pozuntusunun anlayışı verilmişdir. Həmin normada qeyd olunur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Hazırki işin hallarından göründüyü kimi Cavabdeh cinayət əməli, yəni etibardan suiistifadə etməklə dələduzluq nəticəsində İddiaçı 2040 manat ziyan vurulmuş. Məhkəmə tədqiq etdiyi sənədlər, işin halları ilə belə nəticəyə gəlir ki, Cavabdeh vurulmuş ziyandan ödəniş etməmişdir. AR MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2000 manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 40 manat pul alınaraq, İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia əsaslı olduğundan təmin edilsin. Etibardan sui-istifadə etməklə dələduzluq nəticəsində vurulmuş ziyana görə 2000 manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 40 manat Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar