Məhkəmə qərarları › İş №2(049)-2355/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2355/2024

19.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2355/2024 19.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1585 manat məbləğində pulun və ödənilmiş 35 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, o fiziki şəxs olaraq 6 saylı Ərazi Vergilər Baş İdarəsindən vergi ödəyicisi kimi qeydiyyatdan keçərək Lənkəran rayonunun Digah kəndində yerləşən Fuqran mebel mağazasını işlədir. O fəaliyyət göstərdiyi Lənkəran rayonunun Digah kəndində yerləşən Fuqran mebel mağazasında Cavabdeh xx.xx.2023-cü il tarixində ümumu dəyəri 2860 manat olan 1 ədəd Samsumg VVVV60A4S00 markalı paltaryuyan maşın və 1 ədəd LG markalı ** UQ ***06LF markalı televizoru 318.60 manat ödəniş etməklə satmış. Belə ki, xx.xx.2023-cüil tarixində Cavabdeh mağazaya yaxınlaşaraq yuxarıda adları qeyd olunmuş malları almaq istədiyini bildirib,cavabdeh tərəfindən 318.60 manat ilkin ödəniş edilməklə qalan 2541.40 manat pulu 18 ay müddətinə aylıq 141.19 manat olmaqla ödəməyi öhdəsinə götürmüş, onunla nisyə-alqı satqı müqaviləsi bağlanılaraq həmin mallar ona satılmışdır. Razılaşmaya əsasən cavabdeh borcunu müəyyən edilən müddətdə xx.xx.2023-cü ildən başlayaraq 18 ay müddətində hər ay 141.19 manat olmaqla 19.08,2024-cü il tarixə qədər ödəməyi öhdəsinə götürmüşdür.Lakin cavabdeh aldığı məhsulların ümumi məbləğindən cəmi 956.40 manat ödəniş etmiş, qalan məbləği bu günə kimi tam ödəməmiş və ticarət mərkəzinə 1585 manat borcu qalmışdır. Bundan sonra müxtəlif vaxtlarda borcun ödənilməsi barədə dəfələrlə mobil telefondan zənglər etməyimə baxmayaraq cavabdeh tərəfindən həmin borcun ödənilməsi yerinə yetirilməmişdir. Cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq məktubu göndərmişdir. Məktubda yaranmış borc məbləğinin qısa zaman ərzində qaytarılmasını tələb edilmişdir. Lakin ötən müddət ərzində cavabdeh qalan borcundan heç bir ödəniş etməmişdir. Cavabdehə dəfələrlə xəbər göndərməyimə baxmayaraq o, mağazaya olan borcunu ödəmir. Ona görə də mülki qaydada məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. xx.xx.2023-cü il tarixli müqaviləsinin ayrılmaz hissəsi olan ödənişi cədvəli 1 saylı Əlavədən görünür ki, borc alan Cavabdeh 18 ay müddətində hər ay 141.19 manat, son ayda 141.19 olmaqla xx.xx.2023-cü il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2023-cü il tarixdə etməklə götürülmüş borcu qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli müqaviləsinin ayrılmaz hissəsi olan ödənişi cədvəli 1 saylı Əlavədən görünür ki, borc alan Cavabdeh 18 ay müddətində hər ay 141.19 manat, son ayda 141.19 manat olmaqla xx.xx.2023-cü il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2023-cü il tarixdə etməklə götürülmüş borcu qaytarmağı öhdəsinə götürmüşdür. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı tərəfindən 35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 416-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlardan müəyyən olunur ki, iddiaçı ümumu dəyəri 2860 manat olan 1 ədəd Samsumg VVVV60A4S00 markalı paltaryuyan maşın və 1 ədəd LG markalı ** UQ ***06LF markalı televizoru satıb. İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, aldığı malların 1580 manat pulunu qaytarmalı olduğu halda qaytarmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi yuxarıda qeyd olunan işinin faktiki hallarını sübuta yetirir. Cavabdeh isə məhkəmə iclasında gəlməmiş, həmçinin iddianın təmin edilməsini istisna edən əks sübutlarını məhkəməyə təqdim etməmişdir. MPM-nin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1585 manat manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 35 manat pul alınaraq, İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1585 manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 35 manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar