Məhkəmə qərarları › İş №2(049)-2404/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2404/2023

05.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2404/2023 05.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X4, iddiaçılar: İddiaçı2, İddiaçı3, iddiaçıların vəkili və nümayəndəsi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil, cavabdeh X3 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh X1 qarşı miras əmlakın vərəsələr arasında bölünməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mərhum atası X5 mülkiyyətində olmaqla ondan miras qalmış və Lənkəran rayonu, Darquba kəndində 0,11 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaq və zaldan ibarət evin və eləcə də həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 72,6 kv.metr yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin və torpaq sahəsinin vərəsələr arasında bərabər qaydada bölünərək payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx xxx 1989-cu il tarixdə Lənkəran şəhərində doğulmuş atası X9, anası isə X2 olmuşdur. Ondan başqa valideynlərinin xx xxx 1983-cü il tarixdə Kahveci (Quliyeva) Günay Şirvan qızı, xx xxxxxx 1984-cü il tarixdə İddiaçı3, xx xxxx 1986-cı İİ tarixdə İddiaçı2 adlı 3 qızları olmuşdur. Bacıları İddiaçı3 və İddiaçı2 ailə qurmaqla başqa təsərrüfatda yaşayırlar. Cavabdeh əvvəl uzaq qohumları olan Biləsuvar sakini Əli adlı şəxslə ailəli olmuş, həmin münasibətdən 1 qızı vardır. Ərindən boşandıqdan sonra cavabdeh Türkiyə Respublikası vətəndaşı Sərvət Kahveci ilə ailəli olmuş və həmin şəxs onun üçü Lənkəran rayonu Liman şəhərində 1 otaqlı ev almışdır. Valideyinlərindən Lənkəran rayonu, Darquba kəndində yerləşən 1 mərtəbəli, 2 otaq və zalda ibarət ev qalmışdır. Bundan əlavə olaraq atasının mülikyəttində olan torpaq sahəsində o zəhmətilə 2 mərtəbəli, 2 otaq və zaldan ibarət ev tikdirmişdir. Köhnə evin sənədi olmasa da, həmin təzə ev atasının adına sənədləşdirilmişdir anası X2 05 noyabr 2022-ci il tarixdə, atası X10 isə 05 fevral 2023-cü il tarixdə vəfat etmişlər. İş üzrə Cavabdeh Lənkəran rayonu Liman şəhərində 1 otaqlı evi olmaqla orada yaşasa da, dəfələrlə orada dava dalaş etdiyinə görə qonşuların şikayətləri əsasında həmin evdən çıxaraq ata mülkünə gəlib həyətdə olan sənədi olmayan köhnə evə köçmüş və həmin vaxtdan sonra onların ailəsinin qara günləri başlamışdır. Belə ki, cavabdeh heç bir səbəb olmadan dava-dalaş salmış, doğma anasını belə vurmuş və ona xəsarətlər yetirmişdir. Bu barədə dəfələrlə polis şöbəsinə şikayə edilmiş, lakin anası hər dəfə qızıdır deyə şikayətləri geri götürmüşdür. Anası hətta gedib yaxınlıqda xadimə işlədiyi universitet binasında gecələməli olmuşdur. Nəhayət anası çəkdiyi dərddən küçədə vəfat etmişdir. Bacımızdır deyə onlar dərinə getməsinlər deyə şikayət etməmişlər. Cavabdeh hətta anasının hüzr məclisini normal keçirilməyinə də imkan verməmişdir. Yas məclisinə gələnlərin bəziləri geri qayıtmalı olmuşdur. Nəticədə camaata valideynlərin tikdirdiyi evdə məclisi keçirməyə imkan verməmiş və onlar şəraitsiz yas mərasimini birtəhər keçirmişlər. Daha sonra evin qarşısındakı darvazanı bağladı və evə keçməyə belə imkan vermədi. İddiaçıları yalnız kiçik bir cığırla həyətə girə bilmiş, anasının vəfat etməsinə kimi cavabdeh o evə girib paltarlarını götürərkən anasını söydüyündən o dözə bilməyib onun boğazını sıxdığından o, ondan polisə şikayət etmiş, onu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məhkəmə məsuliyyətinə vermiş yə məhkəmənin hökmü ilə 1500 manat cərimə edilmişdir. Həmin vaxt ataları Şirvan Quliyev evə girib paltarları götürmək istədikdə ona da imkan vermədi və polis çağırmışdır. Atası da məcbur galıb Bakı şəhərinə qardaşının evinə gedib orada yaşamağa başlamış və Bakı şəhərində vəfat etmişdir. Cavabdeh doğma atasının da yas məclisini öz evində keçirməyə imkan verməmiş, qazı və işığı kəsmiş və atalarının da yas məclisini təzə tikdirdiyi və şəraiti olmayan evdə keçirməyə məcbur qalmışlar. Cavabdeh həmin vaxtlar da dəfələrlə polisə əsassız şikayətlər etmiş və yas məclisini də normal keçirə bilməmişlər. Hazırda cavabdeh onun və digər bacılarının böyüyüb boyabaşa çatdığı evinə girməyə qoymayır. Onda psixi pozuntular olmağla mütəmadi olaraq özəl xəstəxanalarda müaliclərdə olmuşdur. Cavabdehin ucbatından böyüyüb boya-başa çatdığı həyətə gedə bilmirlər. Belə ki, cavabdeh onları görər-görməz hücum çəkir, onlara nalayiq söyüşlərlə söyüb təhqir edir, layiq olmadığı sözləri onlara deyir, valideynlərinin ruhlarını təhqir edir, iş o həddə çatmışdır ki, halal-haram bilməyən cavabdeh valideynlərin yas məclisləri üçün qonşulardan aldığı qab-qacaqları belə həmin şəxslərə qaytarmayır, onlarda da həyətə qoymayır ki, həmin əmlakları sahiblərinə qaytarsınlar. Ümumiyyətlə onunla söhbət etmək belə mümkün deyil, dərhal onlara hücum çəkib atılır və dalaşır. Atasının mülkiyyətində olan 0,11 ha torpağ sahəsi üzərində tikilmiş köhnə evin, yəni hazırda cavabdehin yaşadığı evin sənədi olmasa da, tərəfindən atasının adına tikdirilmiş ümumi sahəsi 72,6 kv.metr olan 2 otaqlı və dəhlizdən ibarət fərdi yaşayış evi atası X5 adına olmaqla ona Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Lənkəran şəhər Ərazi İdarəsi tərəfindən bu barədə 77 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydiyyata alınaraq bu barədə ona 16 yanvar 2020-ci il tarixdə çıxarış verilmişdir. Yəni sözügedən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evləri miras kütləsinə aiddir. Cavabdehlə bir yerdə yaşamaq mümkün olmadığından və mirasdan iddiaçılara çatan paydan istifadə edə bilmədiklərindən, hazırkı iddia ilə məhkəməyə müraciət edib miras əmlakın vərəsələr olaraq onların aralarında bölünməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı3 iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili X11 iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X7 iddianı qəbul etmədiyini, boşanmış qadın olaraq yeni tikilmiş evin yalnız ona aid olmalı olduğunu bildirib bərabər bölünməsyə qəti etiraz edərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş JN-035 A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Lənkəran rayon, Darquba kəndinə yerləşən 0,11 ha torpaq sahəsi X9, X2, X7, İddiaçı3, İddiaçı2 və İddiaçı1 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Çıxarışın surətindən görünür ki, Lənkəran rayon, Darquba kəndinə yerləşən 0,11 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 72.6 kv m olan yaşayış sahəsi olan fərdi yaşayış evi xx.xx.2020-ci il tarixdən X9, X2, Cavabdeh, İddiaçı3, İddiaçı2, İddiaçı1 ümumi mülkiyyəti kimi dövlət qeydiyyatındadır. İş materiallarında əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X2 11 may 1982-ci il tarixdə 67 sayla rəsmi nikaha daxil olmuşlar. İş materiallarında əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş ölüm haqqında şəhadətnamələrdən görünür ki, X9 xx.xx.2023-cü il tarixdə, X2 xx.xx.2022ci ildə ölmüşdür. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, mübahisəsinin hüquqi əsasını aşağıda qeyd edilən qanunvericilik norması təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardir. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. MM-nin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-nin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvəədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-nin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. MM-nin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. MM-nin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlakı) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-nin 1159.1 və 1159.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. MM-nin 1146-cı maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümüş və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. MM-nin 1243.3-cü maddəsinin tələbinə görə - vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. MM-nin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çaqrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. MM-nin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. MM-nin 1276-cı maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Məhkəmə iclasında müəyyən edildi ki, reyestr nömrəsi **********05-10301 olan və Lənkəran rayonu, Darquba kəndində yerləşən 0,11 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 72.6 kv m olan yaşayış sahəsi olan fərdi yaşayış evi hazırda faktiki olaraq İddiaçı1, İddiaçı2, İddiaçı3 və X3 mülkiyyətindədir. Eyni zamanda, miras əmlaka dair miras (pay) sahibi, indiki halda X9 və X2 tərəfindən hər hansı bir şəxsin adına vəsiyyətnamə qoyulmamışdır. Belə olan halda da mübahisə predmeti olan miras əmlak vərəsələr arasında qanun üzrə vərəsəlik qaydasında bərabər qaydada bölünməlidir. Məhkəmə, qeyd edir ki, həmin 0,11 ha torpaq sahəsində paylar bərabər olmaqla X9, X2, X7, İddiaçı3, İddiaçı2 və İddiaçı1 hər birinə 1/6 hissədə ümumi birgə mülkiyyətdə olmuş, X9 və X2 vəfat etdiklərindən hazırda İddiaçı1 və İddiaçı2 İddiaçı3 və X3 hər birinə ¼ hissədə pay müəyyən edilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbində Lənkəran rayonu, Darquba kəndində 0,11 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaq və zaldan ibarət evin və eləcə də həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 72,6 kv.metr yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin və torpaq sahəsinin vərəsələr arasında bərabər qaydada bölünərək payların müəyyən edilməsi, yəni iki yaşayış evi və bir torpaq sahəsinə paylarıən müəyyən edilməsi tələb edilsə də, məhkəmə iclasında yalnız bir yaşayış evinin və bir torpaq sahəsinin çıxarışı olması müəyyən edilmiş, digər iddia edilən yaşayış evinə dair hər hansı mülkiyyəti təsdiq edən sənəd müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia yalnız mülkiyyət hüququ üzrə sənədlərlə təsdiq edilən torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evinə münasibətdə təmin edilməli, digər hissədə də isə rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Reyestr nömrəsi **********205-10301 olan və Lənkəran rayonu, Darquba kəndində yerləşən 0,11 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 72.6 kv m olan yaşayış sahəsi olan fərdi yaşayış evi İddiaçı1, İddiaçı2, İddiaçı3 və X7 arasında hər birinə ¼ hissə olmaqla bölünməklə payları müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar