Məhkəmə qərarları › İş №2(049)-2413/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2413/2023

10.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2413/2023 10.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin aktın əsasında hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə 10 avqust 2023cü il tarixdə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması" haqqında xx.xx.2023cü il tarixli, ******* saylı saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 1555.20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, o, Lənkəran rayonununAşağı Nüvədi kəndində yaşayır. Yaşadığı ev mülkiyyət hüququ üzrə ona məxsusdur və evin qaz xətti və sayğacı vardır. Qaz sayğacı evlərinə çoxdan qoyulmuş və heç bir problem də olmamışdır. “Azəriqaz” X1 RQİİ-nin əməkdaşları da hər ay gəlib sayğacı yoxlamışlar. 31 mart 2023-cü il tarixdə “Azəriqaz” X1 RQİİ- nin əməkdaşları yaşadığı kənddə, bir sıra evlərin sayğacını dəyişdirmişlər. Həmin vaxt evdə olan oğlu sayğacların nə üçün dəyişdirildiyini soruşduqda “Azəriqaz” X1 RQİİ-nin əməkdaşları bildirmişdilər ki, həmin sayğaclar köhnəlib və növbəti dövlət yoxlamasına göndərilməlidir. “Azəriqaz” X1 RQİİ-nin əməkdaşları tərəfindən Elestr tipli G-4 markalı 10588547 nömrəli sayğac dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Köhnə sayğac dəyişdirilərkən sayğacın üzərində plomb olmuş və bunu “Azəriqaz” X1 RQİİ-nin əməkdaşları da görmüşlər. Elestr tipli G-4 markalı 10588547 nömrəli sayğac dəyişdirildikdən sonra sayğacın dəyişdirilməsi barədə “Azəriqaz” X1 RQİİ-nin əməkdaşları tərəfindən yerindəcə xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib olunmuş və oğlu da həmin akta imza etmişdir. Son bir ay ərzində o, qaz borcunu ödəyərkən ona məlum olmuşdur ki, onun “Azəriqaz” İstehsalat Biriliyinə guya 1555.20 manat borcu vardır. O, borcun nədən yarandığını örənmək üçün “Azəriqaz” X1 RQİİ-nə getmiş və orda ona bildirmişlər ki, köhnə sayğaca baxış keçirilərkən guya sayğacın hesablama mexanizminin qoruyucu plasmas qapağının ətrafında kənar təsir izləri aşkar olunmuşdur. Hesablama mexanizminin daxilində yad əşya (məftil) aşkar edilmişdir. Bununla bağlı xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Halbu ki, onun belə bir aktdan xəbəri olmamış və onu aktla heç kim tanış etməmişdir. Belə ki, köhnə Elestr tipli G-4 markalı 10588547 nömrəli sayğac “Azəriqaz” X1 RQİİ-nin əməkdaşları tərəfindən açılaraq dəyişdirilmişdir və həmin vaxtı sayğacın hesablama mexanizminin qoruyucu plasmas qapağının ətrafında kənar təsir izləri və sayğaca hər hansı bir xarici müdaxilə olsaydı bu barədə tərtib etdikləri xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın “sayğacın və plombların toxunulmazlığına cavabdeh şəxs” qrafasmda qeyd edərdilər və bu barədə ona hər hansı bir məlumat verərdilər. Göründüyü kimi həmin aktda belə bir qeyd yazılmamışdır. Bundan başqa qaz sayğacı onların həyətlərindən kənarda yerləşdiyindən qaz sayğaclarının təhlükəsizliyinə və işlək vəziyyətdə saxlanmasına Azərbaycan Respublikası Nazirlər Kabinentinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarının “Qazdan istifadə Qaydaları”nm 4.8 bəndinə və qaz təchizatı haqqında digər qanunvericilik aktlarına görə fiziki şəxs olaraq o, yəni istehlakçı yox, paylayıcı “Azəriqaz” İstehsalat Biriliyi daşıyır. Təqsirli şəxs müəyyən edilmədən, qanunsuz olaraq, Dövlət Laboratoriya rəyinə əsasən «Azəriqaz» X2 X4 İdarəsi tərəfindən ona “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023cü il tarixdə ******* nömrəli cərimə aktı tərtib edilmişdir. Aktın tərtib edilməsindən xəbəri belə olmamışdır. Cərimə aktına əsasən xx.xx.2023-cü il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamə sənədi tərtib edilmiş, Dövlət laboratoriya aktı “əsas səbəb” kimi götürülərək, təqsirli şəxs müəyyən edilmədən, 90 gün üçün ona 12960 m3 həcmində itirilmiş qaz, yəni 1555.20 manat məbləğində cərimə tətbiq edilmişdir. Bundan başqa qaz sayğacının üzərində plomb ola-ola o, qaz sayğacının daxilinə müdaxilə edə bilməzdi. Hesab edir ki, Lənkəran RQİİ əməkdaşları tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli, ******* saylı nömrəli akt qanunsuzdur və həmin akt ləğv edilməli, ona hesablanmış 1555.20 manat məbləğində cərimə məbləği silinməlidir. Sadalananları nəzərə alaraq hazır ki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini dəqiqləşdirərək məhkəmədən Lənkəran RQİİnin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması" haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 1555.20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, «Azəriqaz» İstehsalat Birliyi nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə «Azəriqaz» İstehsalat Birliyi nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərədən keçirib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktın surətindən görünür ki, İddiaçı yaşadığı Lənkəran rayonu, Aşağı Nüvədi kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış “Elster” tipli GT-4 marakalı, 10588547 nömrəli köhnə sayğac, ”Zenner” tipli, **********4 nömrəli təzə qaz sayğacı ilə əvəz olunmuşdur. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, “sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının ətrafında kənar təsir izləri var. Hesablama mexanizminin daxilində yad əşya (məftil) aşkar olundu. (qaz itkisi, müdaxilə)” qeyd edilmiş və İtirilmiş qazın bərpası barədə hesablamalar aparılaraq istehlakçıya 12960 m3 qaz sərfiyyatı hesablanmışdır. Abonentin saldosundan görünür ki, istehlakçıya 2023-ci ilin mart ayı üçün 1555.20 manat cərimə hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında hazırkı mübahisə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı deyildir. Çünki, iddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan müəyyən olunur ki, abonentin fərdi evinə quraşdırılmış qaz sayğacının hesablama mexanizminin qoruyucu plastmas qapağının ətrafında kənar təsir izləri vardır, hesablama mexanizminin daxilində yad əşya (məftil) və sayğacın istismara yarasız olduğu aşkar olunmuşdur. Buna görə də iddiaçı təqsirli hesab olunur və itirilmiş qaza görə hesablanmış ziyanın ödənilməsi tələb edilir. İddiaçı tərəf isə heç bir qanun pozuntusuna yol vermədiyi halda barəsində akt tərtib edilməsində Qaz idarəsinin təqsirli olduğunu bildirir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı mübahisə deliktdən yaranmışdır. Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iclasında iddiaçının sayğacındakı nasazlıqların onun təqsirli, hüquqa zidd əməlləri nəticəsində əmələ gəlməsi sübuta yetirtilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının qaz sayğacındakı nasazlıqlarında iddiaçının təqsirli olması sübuta yetirilmədiyi ücün onun barəsində hesablanmış cərimə ləğv edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını yoxlanması labaratoriyasında iddiaçıya məxsus qaz sayğacı Dövlət yoxlamasından keçmiş, yoxlama nəticəsində həmin sayğac yararsız hesab olunmuşdur. Buna görə də, sayğacın yararsız vəziyyətə düşməsi iddiaçının təqsiri üzündən baş vermədiyi üçün məhkəmə hesab edir ki, mübahisələndirilən akt əsassında hesablanmış 1555.20 manat cərimə məbləği ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərtbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumu 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında tutulur. İddianın qiyməti 1555.20 manat olduğundan dövlət rüsumu 35.56 manat təşkil eləyir. İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və iddia tələbi 1555.20 manat məbləğində borcun silinməsi hissəsində təmin edildiyindən həmin 35.56 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan tutularaq dövlət hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən «məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 77-ci maddəsinə əsasən «hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçının cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı aktın ləğv edilməsi və onun əsasında hesablanmış cərimənin silinməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh “Azəriqaz” İB-nin xx.xx.2023-cü il tarixli, ******* saylı aktı əsasında hesablanmış 1555.20 manat məbləğində borc silinsin. 35.56 manat dövlət rüsumu cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə aid edilsin və ondan tutularaq dövlət hesabına köçürülsün. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar