Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2418/2023 09.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X1 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı Mirsadiq oğlunun iştirakı ilə, İddiaçı Mirsadiq oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı «"xxxx" ASC tərəfindən tərtib edilmiş 05 noyabr 2022-ci il tarixli, 029363 nömrəli akt əsasında yazılmış 584 manat məbləğində cərimənin azaldılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Mirsadiq oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən tərtib edilmiş 05 noyabr 2022-ci il tarixli, 029363 nömrəli akt əsasında yazılmış 584 manat cərimənin azaldılaraq 05 manat həddində saxlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiasını onunla əsaslandırılmışdır ki, O, Lənkəran rayonu Qumbaşı kəndində yaşayır. Evi Lənkəran elektrik şəbəkəsi tərəfindən öncədən ödənişli kart sayğacı ilə təmin edilib. Keçən ilin noyabr ayının əvvəllərində sayğacın balansında vəsait bitdiyi üçün evində işıqlar sönmüşdür. Yaxın ərazidə ödəmə aparatı olmadığı üçün həmin gecə karta pul yükləyə bilməmişdir. Gecəni işıqsız qalmamaq üçün kəndin elektrik montyoruna zəng vurmuş, o da bir gecəlik işığı bərpa etməyə kömək edəcəyini bildirmişdir. Təxminən yarım saat sonra gələrək sayğacda hansısa xətləri birləşdirərək çıxıb getmişdir. Təxminən iki saat sonra bir nəfərin qapıda onu çağırdığını görmüş, özünü “Azərişığ”ın əməkdaşı kimi təqdim edən Nazim adında şəxs onun elektrik sayğacında kənar xətt aşkar eldiyini bildirərək sayğacın və evin şəklini çəkmişdir. O, ona bu xəttin 1-2 saat əvvəl elə öz işçiləri tərəfindən bir gecəlik qoşulduğunu desə də, həmin şəxs ona əhəmiyyət verməmişdir. Həmin xətti də açaraq yerə tullayaraq çıxıb getmişdir. Sonra ona məlum olmuşdur ki, həmin vaxtı heç iki saat istifadə etmədiyi işığa görə, onu, akt tərtib edərək 584 manat cərimə etmişlər. Sahə nəzarətçisi bundan bir neçə gün əvvəl sağyaca baxış keçirib ona bildiriş vermişdi. Əgər orada hər hansı kənar xətt olsaydı o da bunu görə ona cərimə yaza bilərdi. Cəmi bir saat istifadə etdiyi enerjiyə görə 584 manat cəriməni ədalətsiz və həddindən artıq şişirdilmiş hesab edərək onun 05 manat həddində saxlanılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı Mirsadiq oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaхtı və yеri barəsində cavabdеh "xxxx" ASC-i lazımi qaydada хəbərdar еdilməsinə baхmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat vеrməmişdir. Məhkəmə оnun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Rеspublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə оnun iştirakı оlmadan baхılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını dinləyərək, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edirki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan 05 noyabr 2022-ci il tarixli, 029363 nömrəli aktın surətindən görünür ki, “elektrik sayğacının alt qapağının altından giriş faza tıxacından sayğacın çıxış faza xətti üzərində quraşdırılmış qoruyucu avtomatın çıxışına xüsusi açar vasitəsi ilə birləşdirərək sayğacı dövriyyədən kənarlaşdırmışdır” qeyd edilmiş və kənar xətt ləğv olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində həmin gün sayğacın balansında vəsait bitdiyi üçün evində işıqların söndüyünü bildirərək kəndin elektrik montyoruna zəng vurduğunu, montyorun ona işığı bir gecəlik bərpa etməyə kömək edəcəyini bildirdiyini və təxminən yarım saat sonra gəlib, hansısa xətləri birləşdirərək çıxıb getdiyini qeyd etmişdir. Beləliklə, iddiaçı həmin gün ona məxsus evin elektrik enerjisinin kənar xətt vasitəsi ilə bərpa edildiyini etiraf etmiş olur. Lakin iddiaçı, evin elektrik enerjsinin məhz kəndin montyoru tərəfindən bərpa edildiyini təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də onun iddiası əsassız hesab edilərək təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Mirsadiq oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı «"xxxx" ASC tərəfindən tərtib edilmiş 05 noyabr 2022-ci il tarixli, 029363 nömrəli akt əsasında yazılmış 584 manat məbləğində cərimənin azaldılaraq 05 manat həddində saxlanılması» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2
Məhkəmə qərarları › İş №2(049)-2418/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2418/2023
09.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver