Məhkəmə qərarları › İş №2(049)-2447/2022

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2447/2022

15.12.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2447/2022 15.12.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Mürsəlov Mirnatiq Mirtofiq oğlunun katibliyi ilə, Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı, xx.xx.1973-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərinə qəyyum təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X6 2016-cı ildə X7 ilə nikahlarına xitam verildikdən sonra onun yanında qalır. O, 1997-ci ildə özünü qeyri-normal apardığına görə Lənkəran Şəhər Psixatriya Xəstəxanasına yerləşdirilmişdir. Orada bir müddət müalicə aldıqdan sonra özünü normal hiss etməyə başlamış və sonradan ev şəraitində resept əsasında müalicəsi davam etdirilmişdir. O, normal olduğundan ailə həyatı qurmuş, lakin ailə həyatı qurduqdan sonra ailəsində baş vermiş xoşagəlməz hadisələrə görə getdikcə daha da psixoloji durumu pisləşməyə, etdiyi hərəkətlərin mənasını qavramamağa, anlamamağa və nəticələrini dərk etməməyə başlamışdır. 2007-ci il də ona “şizofreniya, fasiləsiz gedişli paranoid forma, remissiya, baş verməyən psixotik vəziyyət” diaqnozu qoyulmuş və elə həmin il 2-ci qrup əllillik dərəcəsi verilmişdir. Bir qardaş kimi onun psixoloji və əqli problemləri olmasına inanmaq və bu barədə düşünmək istəmir, lakin artıq onun sağalmayacağını başa düşdüyü üçün qardaşının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Çünki qardaşı özünü idarə edə bilmədiyinə görə gündəlik məişətdə və hüquqi məsələlərdə ona böyük problemlər yaradır. Belə ki, qardaşı 2 qrup əlilliyə görə müavinət alır və müavinətin verilməsində, prosedur problemlər zamanı fiziki və psixi qüsurları səbəbi ilə heç bir hüquqi və notarial əməliyyatları yerinə yetirmək iqtidarında olmur. Asan xidmət mərkəzləri, bütün dövlət və qeyri-dövlət qurumları qardaşının özünün gəlməsini və ya qəyyumluğun müəyyən olunmasını tələb edir. Sonradan Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin azaldılması barədə ərizə ilə müraciət edərək, xx.xx.1973-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında Ərizəçi Məmmədhüseyn oğlu ərizəsinə uyğun izahat vermiş və ərizədəki tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs Lənkəran Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Lənkəran Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəyə əlavə edilmiş və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş: Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli 404 saylı arayışın dan görünür ki, X6 xx.xx.1996-cı il tarixdən Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatdadır. Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli 3716003AADEH saylı göndərişindən görünür ki, X4 “şizofreniya, fasiləsiz gedişli paranoid forma, remissiya, baş verməyən psixotik vəziyyət” diaqnozu qoyulmuş və ona 2-ci qrup əlillik və sağlamlıq imkanının məhdudluğu təyin edilmişdir. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 3915 saylı rəyindən görünür ki, X1 Şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik müəyyən edilir. Bunu anamnestik məlumatlarlar, təqdim edilmiş tibbi sənədlər və yoxlanılan şəxsin halhazırki psixi vəziyyəti (anamnestik məlumatlara görə ilk dəfə psixi vəziyyətində dəyişikliklər 1996-cı ildə meydana gəlməsi, ilk dövrlərdə yuxu pozuntusu, qorxu hissləri, şübhələr, həmçinin qavrama aldanmaları, qeyri-adekvat hərəkətləri biruzə verməsi, psixi vəziyyəti ilə əlaqədar Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasında xx.xx.1996-cı il tarixdən “Şizofreniya paranoid forma, fasiləsiz gedişli psixi qüsur halı” diaqnozu ilə qeydiyyatda olmaqla dəfələrə müalicələrdə olması, həmçinin bir neçə dəfə AR SN- nin Respublika Psixiatriya Xəstəxanasında müalicələrdə olması, xəstəliyi ilə əlaqədar İİ qrup əlil olması, həkim-psixiatr tərəfindən təyin edilmiş dərmanları mütəmadi qəbul etməsi, buna baxmayaraq psixi vəziyyəti ilə əlaqədar öz-özünə danışması, davranışında pozuntuları ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - ünsiyyətə formal daxil olması, təfəkkürünün paroloji olması, autikliyi, münasibət sayıqlama ideyaları və hallüsinator təsirə məruz qalması, öz hiss və həyəcanlarına qapılması, emosional-iradi sferasının enməsi, şəxsiyyətin qüsur əlamətləri biruzə verməsi, öz psixi vəziyyətinə qarşı tənqidinin olmaması və s.) sübut edir. X1 Şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik müəyyən edilir. X5 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X1 müəyyən edilən Şizofreniya paranoid forma, psixi qüsur halı ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlara obyektiv, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi qardaşı X3 şizofreniya paranoid forma, fasiləsiz gedişli psixi qüsur halı diaqnozu müəyyən edimişdir. Bu səbəbdən o, fəaliyyət qabliyyəti olmayan hesab edilməlidir. İşin göstərilən halları iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, qardaşbacıların) ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1973-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar