Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2459/2025 24.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2707 manat pulun və ödənilmiş 47.07 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cəlilabad rayonunun Maşlıq kəndində yaşamaqla kənd təsərrüfatı ilə məşğul olur. Ailəsinin ərzaq təminatı və digər xərclərinin təmin edilməsi məqsədi ilə özünə məxsus olan torpaq sahələrində kartof məhsulu yetişdirir və həmin kartofun ailənin ərzaq təminatından artıq qalan hissəsi satışa çıxarılır. 2023-cü ilin yazında həmkəndlisi Vüsal Alşanov iki nəfər tanımadığı şəxslə onun yaşadığı evə gələrək həmin şəxslərin Lənkəran rayonundan olduqlarını və kənd sakinlərinin əkibbecərdikləri kartof məhsulunu almaq istədiklərini bildirmişdir. O, Lənkəran rayonundan olan iki nəfərlə də həmin vaxt tanış olmuş və bu şəxslərin Lənkəran rayonu Şağlaser kəndindən olan ata və oğul - Cavabdeh və onun oğlu Kazım Ağayev olduqları məlum olmuşdur. Beləliklə, Vüsalın tanışlığı ilə onlarla da tanış olmuş və digər kənd sakini kimi o da təsərrüfatında becərdiyi kartofları həmin şəxslərə satmağa başlamışdır. 2023-cü ilin may ayında Cavabdeh və Kazım Ağayev onun təsərrüfatda becərdiyi kartof məhsulunu ondan nisyə alıb sonradan bir neçə gün keçdikdən sonra gətirib pulunu ödəmiş, beləliklə də, onun etibarını qazanmışlar. 2023-cü ilin may ayında Cavabdeh və Kazım Ağayev həmkəndlisi Vüsalla birlikdə onun yaşadığı ünvana gələrək onda olan kartof məhsulunu onlara nisiyə verməsini xahiş etmişlər. Cavabdeh xx.xx.2023-cü il tarixdə 150 kisə, hər kisədə 38 kiloqram olmaqla, cəmi 5700 kiloqram, 5 faiz itki nəzərə alınmqla, təmiz çəki 5415 kiloqram, hər kiloqramı 0.50 manatdan olmaqla, ümumilikdə 2707 manat dəyərində kartof məhsulunu nisiyə alıb aparmışdır. Lakin cavabdeh hazırki vaxta qədər həmin kartof məhsulunun dəyəri olan 2707 manat pulu isə ödəməmişdir. Cavabdeh kartof məhsulunu pulu bir neçə günə ödəyəcəyi barədə vəd verməklə aparmış, sonradan isə onu aldadaraq heç bir əsas göstərmədən kartof məhsulunun dəyərini ödəməkdən imtina etmişdir. Həmin məbləği cavabdehdən və oğlundan tələb etmək istəsə də, cavabdeh onun pulunu ödəməməklə ona 2707 manat məbləğində maddi ziyan vurmuşdur. Cavabdehin və onun oğlunun qanunsuz hərəkətləri və etdikləri dələduzluqla bağlı o, həmçinin, həmin şəxslərə kartof məhsulu satmış digər həmkəndliləri tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət olunmuş və həmin müraciət üzrə araşdırma tam və hərtərəfli aparıİmadığından təkrarən eyni məzmunlu şikayət ərizəsi ilə Baş Prokurorluğa yenidən müraciət olunmuşdir. Hər iki şikayət üzrə apaşdırma aparılmış, araşdırmanın nəticəsi olaraq Cəlilabad rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı İlkin İsmayılovun xx.xx.2023-cü il tarixli və həmin bölmənin təhqiqatçısı Rasim Hümmətovun xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarları ilə müəyyən edilmişdir ki, iş üzrə cavabdehlər tərəfindən onlara (ona və digər həmkəndlilərinə) ümumilikdə 85520 manat miqdarında ziyan vurulmuşdur. Lakin həmin məsələ aralarında olan nisiyə alqı-satqı müqaviləsi üzrə münasibətlərdən yaranan mübahisə olduğundan həmin mübahisə üzrə cinayət tərkibinin olmadığı qeyd edilməklə, ödənilməli olan pulun geri alınmasından ötrü mülki qaydada məhkəməyə müraciət etmək hüquqları onlara izah olunmuşdur. Həmin kartof məhsulunu Cavabdeh öz oğlu Kazım Ağayev ilə birlikdə gəlib götürsə də, Kazım Ağayev yetkinlik yaşına çatmadığından onu iddia ərizəsində cavabdeh kimi qeyd etməmişdir. Cavabdeh 2707 manat maddi ziyan məbləğini könüllü qaydada qaytarmadığı üçün həmin pulu ondan tələb etmək üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Əlavə olaraq qeyd edir ki, cavabdehi onun həyətinə gətirən həmyerlisi Vüsal Alşanov özünə, ona və digər kənd sakinlərinə ödənilməli olan pulun cavabdehdən alınması barədə qətnamə çıxarılması tələbi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-2528/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Vüsal Alşanov həmin qətnamədən apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(106)-249/2025 nömrəli qətnaməsi ilə Lənkəran Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi bilavasitə Vüsal Alşanovun özü tərəfindən satılan kartof məhsuluna görə ödənilməmiş qalan məbləğin və onun çəkdiyi xərclərin təmin olunmaması hissədə ləğv olunmuş və həmin hissədə iddia tələbi qismən təmin edilmişdir. Hazırki iddia tələbində qeyd edilən hallar həmin qətnamənin təsviri və əsaslandırıcı hissələrində də öz təsdiqini tapmışdır. Hazırda o, cavabdehdən kartof məhsuluna görə ödənilməmiş qalan 2707 manat pulun və ödədiyi 47.07 manat dövlət rüsumunun onun xeyrinə tutulmasını tələb edir. İddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, cavabdehin etiraz ərizəsinə əlavə etdiyi CD diskdəki görüntülər ondan alınmış məhsula aid deyildir. Bu səbəbdən həmin görüntülərə və fotoşəkillərə sübut kimi istinad edilməməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının cavabdehin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Cavabdeh hazırki iddia tələbi ilə bağlı məhkəməyə göndərdiyi etirazında göstərmişdir ki, iddiaçının ona qarşı irəli sürdüyü tələb qanunsuz və əsassız olduğundan, eyni zamanda, həmin tələbi irəli sürmək hüququna malik olmayan şəxs tərəfindən qaldırıldığından rədd edilməlidir. Belə ki, o, sahibkar olmaqla, kənd təsərrüfatı mallarını Azərbaycan Respublikasından Rusiya bazarlarına apararaq həmin məhsulların Rusiya bazarlarında satışını həyata keçirməklə məşğul olur. 2023-cü ildə Cəlilabad rayonu Maşlıq kənd sakini X2 ilə tanış olub ondan kartof məhsulu alaraq Rusiya Federasiyasına göndərmişdir. Həmin kartof məhsulları dövlət sərhədini keçərkən Rusiya Federasiyasının gömrük keçid məntəqəsində yoxlamadan keçirilməsi məqsədi ilə yük maşını açılmış və bu zaman məlum olmuşdur ki, X1 ona satdığı kartof məhsulu həddən artıq gübrələnmə ilə yetişdirildiyindən xarab olmuş və belə olan halda da həmin məhsul Rusiya Federasiyası tərəfindən gömrükdən buraxılmamışdır (görüntülər əlavə olunmuş videodiskdə əks olunur). Belə olan halda Vüsal Alşanovla telefon əlaqəsi saxlanılmış və Vüsal da ona həmin kartof məhsulunun əvəzinə növbəti ildə yeni məhsul verəcəyini bildirmişdir. Bundan sonra aralarında heç bir mübahisə olmamışdır. 2024-cü ilin əvvəllərində isə Vüsal və bir neçə tanımadığı həmkəndlisi onun barəsində polis və prokurorluq orqanlarına şikayətlər etmişlər. Həmin şikayətlərin araşdırılması zamanı müəyyən edilmişdir ki, guya Vüsalın ona satdığı kartof məhsulları onun özü ilə yanaşı, digər 28 nəfər kənd sakininə məxsus olmuşdur. O, Cəlilabad rayonunda kartof məhsulu alarkən məhsulu Vüsal Alşanovdan almış, həmin kartof məhsulu düzgün aqrotexniki qulluq edilmədən yetişdirildiyindən Rusiya Federasiyasına gedib çata bilməmiş və yolda çürümüşdür. Həmin kartof məhsulu çürüdüyünə görə onlar bazara çıxarılmadan məcburi şəkildə məhv edilmişdir. Həmin vaxt Vüsal Alşanovla telefon əlaqəsi saxlamış və Vüsal da ona həmin kartofun əvəzinə növbəti il yeni məhsul verəcəyini bildirmişdir. O, Vüsal Alşanovdan başqa heç kimdən bilavasitə kartof məhsulu almamış, Vüsaldan başqa heç kimlə görüşməmiş və Vüsalın həyətindən başqa heç kimin həyətinə də getməmişdir. Hazırki iş üzrə iddiaçını tanımır və onunla heç bir alış-verişi olmamışdır. Belə olan halda hazırki iş üzrə iddiaçı ona qarşı iddia tələbi irəli sürmək hüququna malik olmayan fiziki şəxsdir. Subyektiv hüququ tənzimləyən normativ sənəd olaraq S.Ələkbərovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2015ci il tarixli qərarından görünür ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları) Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilmiş qərarından da aşkar surətdə görünür ki, iddia tələbi ilə məhkəməyə müraciət edən şəxs subyektiv hüququ olmadan ona qarşı iddia qaldırılmışdır. Həmin iddia tələbi üzrə subyektiv hüquq isə Vüsal Alşanova məxsusdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin iddia qaldırmaq üçün subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırılması əsası ilə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçının vəsatəti ilə məhkəmə iclasında şahid qismində dindirilən X2 verdiyi ifadəsində bildirdi ki, o, Cəlilabad rayonu Maşlıq kəndində yaşayır. Hazırki iş üzrə cavabdehlə aralarında kartof məhsulunun alqı-satqısı ilə bağlı sövdələşmələr olmuşdur. O, yaşadığı kəndin sakinlərinin əkdiyi kartof məhsulunun satışında vasitəçilik edərək qazanc əldə etmişdir. 2023-cü ilin aprel-may aylarında cavabdeh ona yaxınlaşıb kartof almaq istədiyini bildirmişdir. O da cavabdehi iddiaçı və Maşlıq kəndinin kartof satışı ilə məşğul olan digər sakinləri ilə tanış etmiş, həmçinin cavabdehin həmin kənd sakinlərindən kartof məhsulu almasında vasitəçilik etmişdir. Cavabdeh aldığı məhsulu Rusiya Federasiyasına apararaq orada onun satışı ilə məşğul olur. O, bu işdə cavabdehə yalnız vasitəçi kimi kömək edərək harada yaxşı məhsul varsa, ona göstərmiş, hər dəfə də ona zəhmət haqqı kimi 300 manat verilmişdir. 2023-cü ilin may ayında cavabdeh iddiaçıdan kartof məhsulunu almaq üçün məhsula özü baxmış və öz aralarında razılaşmışlar. Bundan başqa cavabdeh digər 29 nəfərin də məhsulunu alıb onların da pulunu qaytarmamışdır. Cavabdehin barəsində hüquq-mühafizə orqanlarına şikayətlər edilmiş, sonradan məhkəmə qaydasında iddia tələbləri irəli sürülmüş, həmin faktlar öz təsdiqini taparaq sübut olunmuş və bu barədə məhkəmə qətnamələri artıq mövcuddur. O özü də cavabdehin barəsində kartof alqısatqısında ona yaranmış borcun qaytarılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş, apellyasiya instansiyası məhkəməsi onun xeyrinə qətnamə çıxarmışdır. Cavabdehin özünün iddiaçı və digər şəxslərə də borcunun olması barədə etirafı var və səs yazıları bunu təsdiq edir. O, borcunu 2-3 həftəyə ödəyəcəyini bildirsə də, aradan xeyli vaxt keçmiş, lakin o, borcunu qaytara bilməmişdir. Cavabdehin kartof alqı-satqısı ilə bağlı ümumilikdə ona və digər şəxslərə 70-80 min manat borcu vardır. Cavabdehin sifarişi ilə onun üçün xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixləri aralığında, təxminən, 24 maşın kartof məhsulu yığılmışdır. Bəzən bir gün ərzində 3 və ya 4 maşın kartof məhsulu toplanmışdır. Cavabdeh həmin 24 maşın məhsula görə ümumi borcundan, təxminən, 14 maşın məhsulun pulunu hələ də qaytarmamışdır. Onun borclu qaldığı şəxslərdən biri də hazırki iş üzrə iddiaçıdır. Hazırki məhkəmə iclasında qeyd etdiklərinin hamısı onun özü tərəfindən tərtib olunmuş qeyd dəftərində də öz əksini tapmışdır. Həmin dəftərdə kimdən, nə zaman və nə qədər məhsul alındığı, həmin məhsulun dəyəri, kimə nə qədər pul ödənildiyi və gələcəkdə ödəniləcəyi, onun özünün göstərdiyi xidmətlər üçün ödənilən məbləğlər barədə gündəlik və ətraflı məlumatlar qeyd edilmişdir. Qeyd etdiklərinin sübutu olaraq o, həmin dəftəri məhkəməyə təqdim edir. İş materiallarına əlavə edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(106)-249/2025 nömrəli qətnaməsindən müəyyən edilir ki, hazırki iş üzrə tərəfləri (iddiaçı ilə cavabdeh) tanış etmiş şəxs - Vüsal Alşanov cavabdehə nisyə məhsul satışına görə özünə, iddiaçıya və digər şəxslərə ödənilməli olan pulun cavabdehdən tutulması barədə iddia tələbi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-2528/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Vüsal Alşanov həmin qətnamədən apellyasiya şikayəti vermiş və apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qətnaməsi ilə Lənkəran Rayon Məhkəməsinin həmin qətnaməsi bilavasitə Vüsal Alşanovun özü tərəfindən satılan kartof məhsuluna görə ödənilməmiş qalan məbləğin və onun çəkdiyi digər xərclərin təmin olunmaması hissədə ləğv olunmuş və həmin hissədə iddia tələbi qismən təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(106)-249/2025 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh (yəni hazırki iş üzrə cavabdeh) kommersiya fəaliyyəti ilə məşqul olduğu zaman Rusiya Federasiyası və Ukrayna Respublikasına kartof məhsulunu göndərmək məqsədi ilə 2023-ci ilin aprel-may aylarında tanışı, Cəlilabad rayonu Maşlıq kənd sakini X1 vasitəsi ilə həmin kənd sakinləri İddiaçı və digərlərindən ümumilikdə 300-400 min manat dəyərində müxtəlif çəkilərdə kartof məhsullarını qəbul edərək məhsulun pulunun bir qismini nağd yolla X2 vasitəsi ilə həmin şəxslərə hissəvi şəkildə ödəmiş, lakin sonuncu dəfə alınan 104000 manat dəyərində kartof məhsulu ölkə hüdudlarından Rusiya Federasiyası və Ukrayna Respublikası ərazisinə ixrac edildiyi zaman tranzit yolda yararsız hala düşməsi nəticəsində kənd sakinlərinə yaranmış 85520 manat borcun ödənilməsi ilə bağlı mübahisə yaranmışdır. Qeyd edilən hallar həm Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-2528/2024 nömrəli, həm də Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(106)-249/2025 nömrəli qətnamələrinin təsviri və əsaslandırıcı hissələrində də öz əksini tapmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan diskə məhkəmə prosesinin gedişində tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə hazırki iş üzrə cavabdehin səs yazıları və fotoşəkillər (kartof məhsulu ilə dolu yük avtomobilinin yanında) vardır. Səs yazılarında cavabdehin kartof məhsulu aldığını etiraf edən məzmunda danışıqları, həmçinin, onun öz adını çəkərək “İqbal heç kimin haqqını yeməz” məzmunlu sözləri eşidilir. Məhkəmə araşdırması zamanı iddiaçının izahatı, şahidin ifadəsi, həmçinin, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, 2023-cü ilin may ayında tərəflər arasında olan qarşılıqlı razılığa əsasən iddiaçı ilə cavabdeh kartof məhsulunun nisyə olaraq alqı-satqısı barədə (iddiaçı satıcı qismində, cavabdeh isə alıcı qismində) razılaşmışlar. Cavabdeh ayrı-ayrı vaxtlarda iddiaçıdan aldığı məhsulun dəyərini qısa müddət sonra ödədiyindən onlar arasında məhsulun nisyə satışı ilə bağlı davamlı münasibətlər yaranmışdır. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdehə nisyə olaraq satılmış məhsulun dəyəri isə sonradan ödənilmədiyindən iddiaçı bununla bağlı hüquq-mühafizə orqanlarına müraciətlər etmiş, həmin müraciətlər əsasında Cəlilabad rayon Polis Şöbəsinin təhqiqat bölməsi tərəfindən araşdırma aparılaraq xx.xx.2024-cü il tarixdə “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Eyni zamanda, tərəflər arasında olan mübahisə nisiyə alqı-satqı müqaviləsi üzrə münasibətlərdən yaranan mübahisə olduğundan bununla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqları iddiaçıya izah olunmuşdur. Bundan sonra iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün 47.07 manat dövlət rüsumu ödəmişdir. Hazırda iddiaçı cavabdehə nisyə olaraq satılmış kartof məhsulunun dəyərinin ödənilməmiş qalan hissəsi olaraq 2707 manat və dövlət rüsumu kimi ödənilmiş 47.07 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələbinin əsası olaraq cavabdehlə aralarında olan şifahi danışıq və razılaşmlara, şahidin ifadəsinə, həmçinin, cavabdehin razılaşmadan sonrakı danışıqlarının və səs yazılarının qeydə alındığı diskə, habelə, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə istinad edir. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə etiraz göndərərək iddia tələbinin iddia qaldırmaq üçün subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırılması əsası ilə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etirazının əsası olaraq aldığı kartof məhsulunun xarab olması barədə CD diski etirazına əlavə etmiş, məhkəməyə bundan başqa hər hansı sənəd və ya digər sübut təqdim etməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 571-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. Yolda olduğu vaxt satılmış əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, alqı-satqı müqaviləsində və ya işgüzar dövriyyə adətlərində ayrı qayda nəzərdə tutulmayıbsa, alqı-satqı müqaviləsinin bağlandığı andan alıcıya keçir. Əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riskinin malın birinci daşıyıcıya təhvil verildiyi andan alıcıya keçməsi barədə müqavilə şərti alıcının tələbi ilə məhkəmə tərəfindən o halda etibarsız sayıla bilər ki, müqavilənin bağlandığı anda satıcı əşyanın itirildiyini və ya zədələndiyini bilirdi və ya bilməli idi, lakin bu barədə alıcıya məlumat verməmişdir. Həmin Məcəllənin 598.1-ci və 598.2-ci maddələrinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, 2023-cü ilin may aylarında tərəflər arasında (iddiaçı satıcı qismində, cavabdeh alıcı qismində) kartof məhsulunun nisyə alqı-satqısı ilə bağlı müəyyən razılaşma və sövdələşmələr olmuş, lakin sonradan məhsulun dəyərinin tam şəkildə ödənilməməsi ilə bağlı tərəflər arasında narazılıq yarandığından iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırki iddia tələbinin prosessual əsasları, o cümlədən, iş üzrə şahid qismində dindirilmiş Vüsal Alşanovun məhkəməyə təqdim etdiyi qeyd dəftərində olan məlumatlarla bağlı ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, həmin dəftərdə əksini tapan məlumatlar məhz hazırki iddia tələbində mübahisə predmetinə aid olan mövzu ilə əlaqədar olmaqla, hazırda araşdırılan mülki mübahisədə iddia tələbinin əsaslılığına dair mümkün sübut növü kimi təqdim edilmişdir. Həmin əsaslara görə məhkəmə Vüsal Alşanovun məhkəməyə təqdim etdiyi qeyd dəftərini hazırki iş üçün mötəbər sübut hesab edir. Eyni zamanda, məhkəmə cavabdehin hazırki iddia tələbi üzrə iddiaçının subyektiv hüququ olmadan ona qarşı iddia qaldırdığı, həmin iddia tələbi üzrə subyektiv hüququn Vüsal Alşanova məxsus olduğu barədə etiraz ərizəsində göstərdikləri ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)- 2528/2024 nömrəli qətnaməsindən müəyyən edilir ki, Vüsal Alşanovun cavabdehə nisyə məhsul satışına görə özünə, iddiaçıya və digər şəxslərə ödənilməli olan pulun cavabdehdən tutulması barədə iddia tələbi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş, onun iddia tələbi təmin edilməmişdir. Həmin iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı (Vüsal Alşanov) iddia tələbində adlarını qeyd etdiyi şəxsləri kartof məhsulu satmaq məqsədi ilə cavabdehlə şəxsən tanış etməsinə baxmayaraq, məhsulun qiyməti də daxil olmaqla bütün danışıqlar bilavasitə cavabdehlə həmin şəxslərin özləri arasında şəxsən aparılmış, cavabdeh mütəmadi olaraq aldığı məhsulların dəyərini həmin şəxslərə özü şəxsən ödəməsi barədə razılaşmışdır. Məhsullar sahibləri tərəfindən şəxsən cavabdehə təhvil verilmişdir. İddiaçının (Vüsal Alşanov) isə razılaşma tərəfi olmadığı halda, iddia tələbində adı çəkilən 28 nəfəri cavabdehlə tanış etməsinə istinad edərək, onlar arasındakı razılaşmaya əsasən cavabdehin 28 nəfərə yaranmış (yaranması iddia edilən) borclarına görə həmin borcların cavabdeh tərəfindən ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Ona görə də iddia tələbi cavabdehin iddia ərizəsində adları çəkilən 28 nəfərə yaranmış borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində rədd edilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-2528/2024 nömrəli qətnaməsi qeyd edilən hissədə yuxarı məhkəmə instansiyaları tərəfindən də dəyişdirilmədən saxlanılmış, qətnamə həmin hissədə qanuni qüvvəyə minmişdir. Eyni zamanda, Şirvan Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi ilə Vüsal Alşanovun adı çəkilən 28 nəfərə aid borcları cavabdehdən tələb etməyə subyektiv hüququnun olmamasının müəyyən edilməsi onu deməyə əsas verir ki, bununla bağlı subyektiv hüquq məhz həmin 28 nəfərin özünə (o cümlədən, onlardan biri kimi hazırki iş üzrə iddiaçıya) məxsusudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-2528/2024 nömrəli qətnaməsində cavabdeh ayrı-ayrı vaxtlarda iddiaçı və digər şəxslərdən dəyərini sonradan qısa müddətə ödəmək şərti ilə nisyə kartof məhsulu aldığı, həmin qətnamədə adı çəkilən 28 nəfərin, o cümlədən, hazırki iş üzrə iddiaçının cavabdehlə aralarında olan nisyə alqı-satqı müqavilələrinə görə yaranmış borcu tələb etmək üçün subyektiv hüququnun olması qanuni qüvvəyə minmiş qətnamələri ilə də müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə, hazırki iş üzrə cavabdehin qeyd olunan əsasla iddia tələbinin rədd edilməli olması barədə etiraz ərizəsində göstərdiyi dəlilləri qanunsuz və əsassız hesab edir. Cavabdeh tərəfindən təqdim edilən CD diskdəki videogörüntülər və fotoşəkillərdə təsvir olunan, xarab olmuş kartof məhsulunun məhz hansı tarixdə və kimdən alınan məhsullar olması bəlli olmadığından, məhkəmə araşdırması zamanı da bununla bağlı ətraflı məlumat əldə edilə bilmədiyindən, məhkəmə cavabdeh tərəfiindən təqdim edilən həmin dəlilləri hazırki işin həlli üçün mümkün və mötəbər sübut hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hazırki iddia tələbinin maddi əsasları ilə bağlı qeyd edir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, iddiaçıdan kartof məhsulunun nisyə olaraq satın alınması (dəyəri sonradan hissə-hissə ödənilmək şərti ilə) barədə tərəflər arasında olan danışıq, razılaşma və sövdələşmələr iddiaçı ilə cavabdeh arasında olmuş, iddiaçı kartof məhsulunu da məhz həmin şəxsə təhvil vermişdir. Lakin məhsulun dəyərinin tam olaraq ödənilib-ödənilmədiyi hazırki iş üzrə mübahisə predmeti olmaqla, məhsulun dəyərinin ödənildiyini sübut etmək vəzifəsi (sübutetmə yükü) məhz cavabdehin üzərinə düşür. Cavabdeh isə iddiaçıdan bilavasitə hər hansı miqdarda məhsul almadığını, bu səbəbdən iddiaçıya borclu olmadığını iddia etsə də, ayrı-ayrı şəxslərdən, o cümlədən iddiaçıdan nisyə olaraq satın aldığı kartof məhsulunun dəyərinin sonradan tam olaraq ödənildiyini, daha döğrusu, xx.xx.2023-cü il tarixdə iddiaçıdan alınmış məhsulun dəyərinin nə vaxt və hansı üsulla ödənildiyini və ya buna görə ödənilməmiş qalan borcun miqdarını təsdiq edə biləcək mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, cavabdeh xx.xx.2023-cü il tarixdə alınmış məhsulun həddən artıq gübrələnmə ilə yetişdirildiyindən xarab olduğunu, yəni istifadəyə yararsız hala düşdüyünü bildirsə də, bununla bağlı sübutlar da məhkəməyə təqdim edilməmişdir. Məhsulun sonradan xarab olması halında məhsulu satan şəxsə məlumat verildiyi və baş verə biləcək bu cür hallarda xarab olmuş məhsula görə maddi məsuliyyətin həmin şəxsin (konkret halda iddiaçının) üzərində olması barədə tərəflər arasında hər hansı razılaşmanın olması halları da müəyyən edilməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara bir-biri ilə əlaqəli şəkildə və məcmu halında qiymət verərək iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdehə nisyə satılmış kartof məhsulunun dəyərinin sonradan tam olaraq ödənilmədiyi, nisyə alınmış məhsullara görə ödənilməmiş qalan məbləğin 2707 manat miqdarında olduğu faktlarını sübuta yetirilmiş sayır və hesab edir ki, həmin məbləğə görə məhz cavabdeh maddi məsuliyyət daşıyır. Qeyd olunan əsaslara görə və məhkəmənin müəyyən etdiyi hallara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin kartof məhsulunun nisyə alqı-satqısına görə ödənilməmiş qalan 2707 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normalarının tələbinə görə məhkəmə qərara gəlir ki, nisyə alqı-satqı üzrə ödənilməmiş məbləğin cavabdehdən tutulmasına dair iddia tələbinin ödənildiyi nəzərə alınmaqla və həmin məbləğə mütənasib olaraq iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 47.07 manat dövlət rüsumu məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənlməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh kartof məhsulunun nisyə alqı-satqısına görə ödənilməmiş qalan 2707 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 47.07 manat dövlət rüsumu - cəmi 2754.07 manat pul tutularaq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzrə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(049)-2459/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2459/2025
24.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver