Məhkəmə qərarları › İş №2(049)-2465/2022

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2465/2022

05.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2465/2022 05.09.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “30 iyun 2021-ci il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Lənkəran rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «Azəriqaz” İstehsalat Birliyinə qarşı X5 İstismarı İdarəsi tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 iyun 2021-ci il tarixli, ******* nömrəli aktın ləğv edilməsi, həmin akt əsasında hesablanmış 216.40 manat borcun silinməsi tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Lənkəran rayonu, Kərgəlan kəndində yaşayır. Yaşadığı ev mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin evin öz qaz xətti və öz sayğacı vardır. Həmişə mütəmadi olaraq qaz pulunu vaxtı-vaxtında ödəmişdir. Qaz sayğacı onun evinə çoxdan qoyulmuş və heç bir problemi də olmamışdır. Həmişə yoxlanmışdır. 23 iyun 2021-ci il tarixdə evdə olduğu zaman qaz idarəsinin işçiləri onun evinə gələrək onların sayğacına baxış keçirmişlər və heç bir qüsur aşkar olunmamışdır. Qaz idarəsinin əməkdaşları ona bildirmişdirlər ki, bütün sayğaclar yenisi ilə əvəz olunmalıdır. Sonra sayğacı dəyişmişdilər. Ona oxşar sayğacla əvəz etmişdirlər. 01 iyul 2022-ci il tarixdə qaz idarəsinin əməkdaşları, yeni sayğacla əvəz olunmasını demişdilər, lakin bildirmişdilər ki, 30 iyun 2021-ci il tarixdə akt tərtib etmişlər. 30 iyun 2021ci il tarixdə onun sayğacına baxış zamanı sayğacda nasazlıq aşkar edilmiş və bu barədə akt tərtib edilmişdir. Buna görə də ona 216 manat cərimə hesablanmışdır. Aktda göstərilmişdir ki, guya o, akta imza etməkdən imtina etmişdir. Əslində belə hal olmamışdır. Qaz idarəsində ona abonentin saldosunu təqdim etmişlər və saldoya baxanda görmüşdür ki, sayğaca görə onun üçün 216 manat cərimə hesablamışlar. Qaz sayğacının onun tərəfindən yararsız hala salınması sübut olunmamışdır. Qaz sayğacının kim tərəfindən yararsız hala salınması sübut olunmadığı halda ona 216 manat cərimə hesablanmışdır buna görə həmin akt ləğv edilməlidir. X5 İstismarı İdarəsi tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 iyun 2021-ci il tarixli ******* nömrəli aktın ləğv edilməsi, həmin akt əsasında hesablanmış 216.40 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılmış X5 İstismar İdarəsinin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın surətindən görünür ki, Lənkəran rayonu, Kərgəlan kəndində yaşayan İddiaçı istifadəsində olan sayğac yenisi ilə əvəz olunmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılmış X5 İstismar İdarəsinin təsdiq etdiyi təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, Lənkəran rayonu, Kərgəlan kəndində yaşayan İddiaçı istifadəsində olan sayğacın hesablanma mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilmişdir. Bu səbəbdən itirilmiş qazın bərpası barədə hesablamalar aparılmış və istehlakçıya 2160 kubmetr borc hesablanmışdır. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının izahatı, habelə iddia tələbi iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş digər sübutlarla tam təsdiq olunur. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək qeyd edir ki, qaz sayğacına müdaxilə edilməsi əsası ilə istehlakçıya borc hesablanmasına dair qərar qəbul etmiş cavabdeh «Azəriqaz» İB müdaxilənin konkret olaraq məhz istehlakçı tərəfindən edilməsinə dair hər hansı sübut təqdim etməmişdir. Halbuki, MPM-nin 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Eyni zamanda, qaz paylayıcısnın nümayəndələrinin tərtib etdikləri xx.xx.2021-ci il tarixli akta görə sözügedən qaz sayğacının yararsız vəziyyətə düşməsində, sayğacın hesablanma mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilməsi hallarının iddiaçının hər hansı bir müdaxiləsinin olmasının müəyyən edilməsi mümkünsüzdür. Belə ki, iddiaçının təsərrüfatına aid olan sözügedən qaz sayğacı onun təsərrüfatı, yəni həyəti daxilində yox, küçədə quraşdırılmışdır ki, belə olan halda da həmin sayğaca kənar şəxslərin müdaxiləsi də istisna deyildir. Bundan başqa, qeyd olunan müdaxiləyə dair məhkəməyə hər hansı foto, şəkil, sxem və ya bu kimi hər hansı sənəd əlavə edilməmiş, müdaxilənin kim (və ya kimlər) tərəfindən edilməsi, habelə məhz iddiaçı tərəfindən törədilməsinə dair hər hansı dəlil göstərilməmişdir. Həmçinin tərtib edilmiş aktda hal şahidlərinin iştirakının olmaması həmin aktın mötəbər olmasını sual altında qoyur ki, bu halda da həmin aktda göstərilənlərin qəbuledilənliyi hüquqi müəyyənlik baxımından əsassız və qanunsuzdur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 8 və 9-cü bəndlərində göstərilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qazdan istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 4.9-cü bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin qərarın 4.2, 4.7, 4.8 və 6.7-ci bəndlərinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin normalarda imperativ qaydada müəyyən olunmuşdur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamalıdır. Həmçinin qeyd edilməlidir ki, “Azəriqaz” İB-nin baş direktorunun təsdiq etdiyi xx.xx.2013-cü il tarixli, “Əhali abonentlərinin mənzillərində (evlərində) qaz sayğaclarının quraşdırılmaı və istismarı” qaydalarının 6.2-ci bəndinə əsasən sayğaclar xətdən açıldıqdan sonra 10 iş günü müddətində İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə (İTRİ) göndərilir. Həmin “Qaydalar’ın 6.6-cı bəndinə görə sayğacların İTRİ-yə daxil olan vaxtdan 10 iş günü müddətindən gec olmayaraq Dövlət yoxlamasından keçirilməsi, sənədləşdirilməsi və “Azəriqaz” İB-nin nümayəndəsinə (müvafiq X4) təhvil verilməsi təmin edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunduğundan, həmçinin qəbul edilməsi üçün əsas olmuş hallar cavabdeh təşkilat tərəfindən sübut edilmədiyindən iddia təmin edilməli, X5 İstismarı İdarəsi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 iyun 2021-ci il tarixli ******* nömrəli akt ləğv edilməli, həmin akt əsasında hesablanmış 216.40 manat borc silinməlidir. MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəlləmom 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Azəriqaz” X1 regional Qaz İstismarı İdarəsi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 iyun 2021-ci il tarixli ******* nömrəli akt ləğv edilsin və Lənkəran rayonu, Boladi kəndində yaşayan İddiaçı hesablanmış 216.40 manat məbləğində borc silinsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar