Məhkəmə qərarları › İş №2(049)-2465/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2465/2023

12.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2465/2023 12.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, «Azəriqaz» İstehsalat Birliyi tərəfindən hesablanmış 1555.20 manat qaz borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mütəmadi olaraq qaz pulunu vaxtı-vaxtında ödəyir. Qaz sayğacı ona məxsus evə öz adına çoxdan qoyulmuş və heç bir problemi də olmamışdır. Həmişə də gəlib yoxlayıblar. xx.xx.2023-cü il tarixdə evdə olmadığı zaman gördü ki, həyətdən səs-küy gəlir. O da çölə çıxıb və görüb ki, qaz idarəsinin işçiləridir və qaz sayğacını dəyişirlər. O səbəbini soruşduqda dedilər bəs bu sayğac hər 5 ildən bir dəyişilməlidir. Bundan sonra həmin evə dair köhnə sayğaclar yenisi ilə əvəz edilməlidir. Buna görə də onlar qaz sayğacını dəyişərək onları yenisi ilə əvəz ediblrə, qaz sayğacını yenisi ilə əvəz edərkən bu barədə akt tərtib ediblər. Qaz idarəsinin işçiləri köhnə qaz sayğacını özləri ilə aparıblar. Həmin akt onun iştirakı olmadan tərtib edilərək aktlarda qeyd olunub ki, guya o aktlara imza etməkdən imtina edib. O həmin aktları sonradan Qaz idarəsinə müraciət etdikdən sonra əldə edib. Sonradan ona bildiriş göndərmişlər və bildirişə baxdıqda förüb ki, onun üçün evə 1555.20 manat əlavə qaz pulu hesablanılmışdır. O bundan təəccüblənərək Qaz idarəsinə gedib ki, bütün bunlara aydınlıq gətirsinlər. Orda ona abonentin saldosunu təqdim etdilər və saldoya baxanda görüb ki, sayğaca görə onun üçün 1555.20 manat cərimə hesablayıblar. Baxmayaraq ki, qaz sayğacının onun tərəfindən yararsız hala salınması sübut olunmamışdır. Ona görə də qaz sayğacının kim tərəfindən yarrasız hala salınması sübut olunmadığı halda ona sayğaca görə 1555.20 manat cərimə hesablamışlar. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş: 4980938 saylı «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktın surətindən görünür ki, İddiaçı yaşadığı Lənkəran rayonu Boladı kəndində yerləşən fərdi yaşayış evində qaz sayğacı yeni qaz sayğacı ilə əvəz olunmuşdur. Azəriqaz İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması» haqqında xx.xx.2023cü il tarixli ******* saylı aktdan görünür ki, sayğacın hesablama mexanizminin qapağına vurulan plombun üzərində aşkar olunmadı. Sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Sayğac istismara tam yararsızdır. Abonentin saldosundan görünür ki, İddiaçı 2023-cü ilin aprel ayı üçün 1.555,20 manat borc hesablanmışdır. Hazırda iddiaçı “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən onun barəsində verilmiş xx.xx.2023-cü il tarixli qərar əsasında onun hesabına işlənmiş 12960 kub metr itirilmiş təbii qazın və onun dəyəri olaraq 1555.20 manat debitor borcun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı iddia tələbinin əsası kimi qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında bağlanmış qazın alqı-satqısı barədə müqaviləyə, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktlara, təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2023-cü il tarixli ******* nömrəli akta, abonentin saldosuna istinad edərək yaşadığı evdə istifadə etdiyi təbii qazın dəyərini mütəmadi olaraq ödədiyini, sayğacda olan qüsurdan məlumatı olmadığını, sayğaca ən geci ayda bir dəfə nəzarətçi tərəfindən baxış keçirildiyini, lakin nəzarətçinin də belə bir qüsur aşkar etmədiyini bildirir. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinə etirazlarının əsası olaraq məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış G-4 markalı ******* nömrəli sayğaca istehlakçı tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə, məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş abonent saldosundan da görünür ki, həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı olaraq baxış keçirilməklə həmin əməkdaşların sayğacda yaranan qüsuru vaxtında görmək imkanları olmuşdur. İstehlak edilmiş təbii qazın dəyəri də istehlakçı tərəfindən vaxtaşırı olaraq ödənilmişdir. İddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış G-4 markalı ******* nömrəli sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə edildiyi sübuta yetirilməmiş, həmin hallar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarının 4.2-ci bəndində qeyd edilmişdir ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qərarıın 4.7-ci bəndində qeyd edilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qərarın 4.9-cu bəndində qeyd edilmişdir ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndində qeyd edilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndində qeyd edilmişdir ki, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. “Qazdan istifadə Qaydaları”na 2 nömrəli Əlavənin 2.1.9-cu bəndinə əsasən istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) paylayıcının vəzifələridir. Həmin Əlavənin 3.3-cü bəndinə əsasən paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Qeyd olunan hüquq normalarının məzmunundan da göründüyü kimi, istehlak edilmiş qazın dəyəri qaz paylayıcısı tərəfindən yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablanmalıdır. Bu isə qaz paylayıcısı tərəfindən qaz sayğacına ayda bir dəfə baxış keçirilməsi yolu ilə müəyyən edilə bilər. İstehlak edilmiş təbii qazın dəyəri istehlakçı tərəfindən ödənilmədiyi təqdirdə, qaz paylayıcı tərəfindən istehlakçıdan tələb edilir. Hazırki iş üzrə isə itirilmiş təbii qazın dəyəri kimi iddiaçıdan tələb edilən debitor borcun onun həmin dəyərə uyğun miqdarda təbii qazdan istifadə etməsi və ya təbii qazı israf etməsi, habelə, qaz sayğacına o və ya ailə üzvləri tərəfindən müdaxilə olunması nəticəsində yarandığı sübuta yetirilməmiş, həmin faktlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış G-4 markalı ******* nömrəli sayğaca istehlakçı tərəfindən müdaxilə edildiyi sübuta yetirilmədiyindən iddiaçının hazırki iddia tələbi təmin edilməli, “Azəriqaz” İB tərəfindən xx.xx.2023-cü il tarixli akt əsasında İddiaçı hesabına işlənmiş 12960 kub metr itirilmiş təbii qaz və onun dəyəri kimi hesablanmış debitor borcun silinməsinə dair qətnamə qəbul edilməlidir. Məhkəmə məsrəfləri ilə əlaqədar aşağıdakıları qeyd edir: MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görəistehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddianın qiyməti 1.555,20 təşkil etdiyindən «Dövlət rüsumu haqqında» Qanunun 8.1.2-ci maddəsinə görə belə halda ödənilməsi müəyyən olunmuş dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, yəni 35,50 manat təşkil edir. İddia əsaslı olduğundan cavabdehdən 35,50 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 259, 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «Azəriqaz» X1 regional Qaz İstismar İdarəsi tərəfindən tərtib edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli, ******* saylı aktı əsasında hesablanmış 1.555,20 manat məbləğində borc silinsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyindən 35,50 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar