Məhkəmə qərarları › İş №2(049)-2474/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2474/2023

05.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2474/2023 05.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh "xxxx" İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı istehlakçının hüquqlarının müdafiəsi tələbi barədə iddiası, "xxxx" X3 Hafiz Yəhya oğluna qarşı təbii qazın dəyərinin ödənilməsi tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" X2 X6 İdarəsi tərəfindən tərtib edilmiş “Təbii X5nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında ona, yəni istehlakçı İddiaçı hesablanmış 45.264 kub metr qaz sərfıyyatı üzrə 5431,68 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. "xxxx" İstehsalat Birliyi də qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı təbii qazdan istifadəyə görə 5699,42 manat məbləğində borcun, 76,99 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının, cəmi 5776,81 manat məbləğində pul vəsaitinin tutularaq Lənkəran RQİİ-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə olduğundan və onlara birlikdə baxılması mübahisəyə daha tez və düzgün baxmaqla nəticələndiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 156.1.3-cü maddəsinə əsasən məhkəmə həmin iddiaya İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı istehlakçının hüquqlarının müdafiəsi tələbi barədə iddiası ilə birlikdə baxılmasını qərara almışdır. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında ailə üzvlərilə birlikdə yaşayır. Lənkəran X6 İdarəsinin Lənkəran xidmət sahəsində **********00000 nömrəli kodla abonent kimi qeydiyyatdadır. İstehlak etdiyi qazın dəyərini hər ay ödəyir və hərdənbir maddi sıxıntıları olduqda az miqdarda borcu yaransa da, sonradan həmin borcu aradan qaldırır. Yaşadığı ev atasına məxsus olmuşdur və həmin ev köhnə tikili olmaqla hazırda 3 ailənin yaşadığı 3 girişli evdir. Həmin evin iki otaq, bir mətbəxdən ibarət hissəsində olmaqla o, ailəsi ilə birgə yaşayır. Digər hissələrdən isə hazırda Bakı şəhərində yaşayan qardaşı istifadə edir və onun daimi yaşayış yeri Bakı şəhəri olduğundan Lənkəran şəhərinə gələrkən bir neçə gün orada qalmaqla sonradan Bakı şəhərinə qayıdır. Qeyd olunan evin yerləşdiyi torpaq sahəsində yeni tikilmiş bir ev də var və həmin ev digər qardaşı Eldar Səfərova məxsusdur. X8 Federasiyasında yaşayır və həmin evdə yaşayış olmadığından kommunal xidmətlərdən də istifadə olunmur. O özü doğulduğu vaxtdan hazırki vaxtadək həmin evdə yaşayır. 2002-2003-cü illərdə isə həmin evdə valideynləri, özü və digər qardaşları da yaşamışlar. 2019-cu ilədək kommunal xidmətlər atasının adına qeydiyyatda olmuş, 2019-cu ildə atası vəfat etdikdən sonra o, qaz sayğacını öz adına qeydə aldırmışdır. Onun istifadəsində olan iki otaq və bir mətbəxdə bir ədəd 4 pilitəli qaz sobası və bir ədəd təbii qazla işləyən qızdırıcı soba (radiator) istifadə olunur. Evin isti su ilə təmin edilməsi üçün və vanna otağında isə ariston adlanan elektrik enerjisi ilə işləyən aparatdan istifadə edirlər. xx.xx.2023-cü il tarixdə o özü evdə olmadığı vaxt bir neçə şəxs evə gələrək özlərini qaz istismar idarəsinin işçiləri kimi təqdim etmişlər və arvadı onların qaz sayğacına, qaz xətlərinə baxış keçirilmələrinə şərait yaratmışdır. Bir neçə gündən sonra evdə olduğu vaxt özünü qaz istismar idarəsinin əməkdaşı kimi təqdim edən, adını xatırlamadığı şəxs gələrək ona yazılmamış bir vərəqə verib bir neçə gün əvvəl qaz xəttlərinə baxış keçirilməsi barədə sənədə abonent kimi imza etməsini bildirmiş, o da həmin vərəqədə heç nə yazılmadığını və buna görə də onu imzalaya bilməyəcəyini demişdir. Həmin şəxs ona təqdim edilən sənədin adının akt olduğunu, qaz xəttinə baxış keçirilən zaman onlarda akt forması olmadığından sonradan gedib idarədən götürdüyünü, aktın iş materiallarına əlavə etmək üçün onlara lazım olduğunu bildirmişdir. Bundan sonra o, həmin boş vərəqəyə imza etmişdir. Həmin vaxtdan bir neçə gün sonra ərazi üzrə nəzarətçi ona şifahi olaraq bildirmişdir ki, onun barəsində qərar qəbul olunmaqla 5431,68 manat məbləğində əlavə qaz sərfıyyat yazılmış və buna görə də onun yaşadığı evə təbii qazın verilməsi dayandırılacaqdır. Bundan sonra qaz idarəsinə müraciət etmiş və sənədlərin surətləri ona təqdim olunandan sonra məlum olmuşdur ki, "xxxx" X1 X6 İdarəsi onun barəsində ‘’Təbii X5nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib edərək guya sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmış və sayğacdan kənar qaz sərfiyyatını hesablayarkən 1 ədəd PQ-4, 2 ədəd PQ-3, 1 ədəd dəmir soba, 2 ədəd radiator sobası, 1 ədəd kamin cihazlarından istifadəyə görə 45.264 kub metr qaz sərfiyyatı hesablanmışdır. Halbuki, həmin aktda qeyd edilənlərdən onun yaşadığı evdə 1 ədəd PQ-4 və bir ədəd radiator sobası vardır. Digər qaz cihazlarının harada olduğu, onlardan istifadə olunubolunmaması ilə bağlı heç bir qeyd edilməmiş və yaşadığı evdə mövcud olmayan qaz cihazları ilə, həm də yüksək miqdarda hesablama aparılmaqla onun hesabına qanunsuz və əsassız olaraq əlavə qaz sərfiyyatı yazılmışdır. Həmin akt və akt əsasında yazılmış borc qanunsuz və əsassız olduğundan borcun silinməsi üçün Lənkəran X6 İdarəsinə müraciət etsə də, ona şifahi olaraq bildirmişlər ki, həmin akt yalnız məhkəmə qaydasında ləğv olunarsa, bundan sonra həmin akt əsasında yazılmış borc da silinə bilər. Ona görə də "xxxx" X2 X6 İdarəsi tərəfindən tərtib edilmiş “Təbii X5nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında istehlakçı kimi onun adına hesablanmış 45.264 kub metr qaz sərfiyyatı üzrə 5431,68 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" İstehsalat Birliyi ilə hazırki iş üzrə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 37265 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə” yə əsasən "xxxx" İstehsalat Birliyi üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq iddiaçı həmin müqavilənin şərtlərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş və xx.xx.2023-cü il tarixinə "xxxx" İstehsalat Birliyinə 5699,42 manat məbləğində borcu yaranmışdır. Borcun yaranmasına səbəb sayğacdan kənar istifadəyə görə “Təbii X5nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında qaz itkisinə görə hesablanmış 5431,68 manat məbləğində qaz sərfiyyatı və sayğac üzrə istifadə olunmuş təbii qaza görə hesablanmış 267,74 manat borcun ödənilməməsi olmuşdur. Belə ki, iddiaçı Lənkəran X6 İdarəsinin Lənkəran Xidmət Sahəsində abonent kimi qeydiyyatdadır. Lənkəran X6 İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçıya məxsus yaşayış sahəsində təbii qazın uçotu və təbii X5na riayət olunması vəziyyəti yoxlanılarkən onun “X5”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq istifadəsinə verilmiş sayğacdan əvvəl qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan sayğacdan kənar istifadə etməsi faktı aşkar edilmişdir. Ona görə də təbii X5nın pozulması haqqında ******* nömrəli akt tərtib edilmiş və bununla bağlı video çəkiliş aparılmışdır. Lənkəran X6 İdarəsinin istehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının xx.xx.2011-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii X5nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarına uyğun olaraq itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Yaşayış sahəsində istifadədə olan qaz cihazlarinın sərfiyyatına uyğun olaraq cəmi 45.264 kub metr olmaqla iddiaçının abonent hesabına 5431,68 manat qaz sərfiyyatı yazılmışdır. İddiaçı isə həmin məbləği ödəməmiş, əksinə, xx.xx.2023-cü il tarixli aktın etibarsız hesab olunması, 5431,68 manat borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan əlavə, iddiaçının sayğac üzrə istifadə etdiyi təbii qaza görə 267,74 manat borcu da ödənilməmiş qalmışdır. Borcun ödənilməsi barədə iddiaçıya dəfələrlə xəbərdarlıq olunmasına və bildiriş verilməsinə baxmayaraq o, borcunu ödəməmiş, kreditorla borclu arasında bağlanmış müqavilənin, eləcə də, mülki qanunvericiliyin tələblərini pozmuşdur. Ona görə də iddiaçının iddia tələbinin əsassız hesab edilərək təmin edilməməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasına gəlməmiş, onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 məhkəmə iclaslarının iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə prosesinin gedişində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə istinad etməklə məhkəməyə ərizə təqdim edib iddia tələbinin həcmini azaldaraq və tələbdə dəqiqləşmə apararaq "xxxx" İB tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında iddiaçının hesabına işlənmiş 45.264 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 5431,68 manat borc məbləğinin silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında ilk tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, iddiaçı onun qardaşıdır. İddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış qaz sayğacına heç bir müdaxilə edilməmiş, lakin qaz xəttinə sayğacdan kənar qoşulma halı olmuşdur. Təbii qazın istehlak edildiyi, iddiaçıya məxsus evdə, həqiqətən də, xx.xx.2023-cü il tarixli aktda qeyd edilən sayda və növdə təbii qaz işlədicisi olan cihazlardan istifadə edilir. Ancaq həmin cihazlardan faktiki istifadə müddəti aktda qeyd edildiyindən xeyli azdır. Lənkəran X6 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktda qazın sərfiyyatı maksimum həddlərdə göstərilmiş və həmin sərfiyyata görə iddiaçının hesabına 5431,68 manat miqdarında debitor borcu daxil edilmişdir. Eyni zamanda, qarşılıqlı iddia tələbinin iddiaçının yaşadığı evdə istifadə etdiyi təbii qaza görə 267,74 manat borcla bağlı hissəsi ilə əlaqədar qeyd edir ki, sayğac üzrə istifadə edilmiş təbii qaza görə yaranmış 267,74 manat borc məhkəməyə müraciət olunduqdan sonra ödənilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh "xxxx" İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə1 ilk iddia tələbini qəbul etmədiyini, qarşılıqlı iddia tələbini isə müdafiə etdiyini bildirdi və məhkəmə iclasında qarşılıqlı tələbinin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, iddiaçının yaşadığı evdə olan təbii qazdan sayğacdan kənar istifadə edilməsi halına görə “İstehlakçılar tərəfindən təbii X5nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarına uyğun olaraq hesabat aparılmışdır. Təbii qaz işlədicisi olan cihazlardan faktiki istifadəyə görə - 1 ədəd PQ-4, 2 ədəd PQ-3 üçün il boyu istifadə kimi 365 gün, 1 ədəd dəmir soba, 2 ədəd radiator sobası, 1 ədəd kamin üçün isə qış mövsümündə istifadə kimi 180 gün sərfiyyat hesablanmışdır. İddiaçının yaşadığı evdə həmin sayda qaz cihazlarının olması xx.xx.2023-cü il tarixdə tərtib edilən aktla təsdiq edilmiş, iddiaçı özü də qeyd olunan akta imza etmişdir. İddiaçının sayğac üzrə istifadə etdiyi təbii qaza görə yaranmış 267,74 manat borcu məhkəməyə müraciət olunduqdan sonra ödənilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırılması zamanı tərəflərin nümayəndələrinin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, Lənkəran şəhər İHB-nin 1 nömrəli sahə İƏD üzrə nümayəndəlyinin xx.xx.2023-cü il tarixli xx-xx/2423 nömrəli arayışı, qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında bağlanmış xx.xx.2019-cu il tarixli 37265 nömrəli qazın alqı-satqısı müqaviləsinin, təbii X5nın pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın, dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamənin surətləri, abonentin saldosundan xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli çıxarışlar və xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən müəyyən edildi ki, iddiaçı ünvan 1 ünvanında yaşayır. İddiaçı ilə cavabdeh arasında təbii qazdan istifadə ilə əlaqədar müqavilə bağlanmışdır. "xxxx" İB-nin X7 İstismar İdarəsinin Lənkəran sahəsinin əməkdaşları tərəfindən iddiaçının yaşadığı fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X5na riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair tərtib edilən xx.xx.2023-cü il tarixli ******* nömrəli aktda qeyd edilmişdir ki, abonentin sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. "xxxx" İBnin əməkdaşları tərəfindən tərtib edilmiş akt əsasında xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 45.264 kub metr müəyyən edilmiş, həmin miqdarda təbii qazın dəyəri olaraq 5431,68 manat debitor borc hesablanaraq borcun ödənilməsi iddiaçıdan tələb edilmişdir. Cavabdeh qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 76,99 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödəmişdir. Hazırda iddiaçı (onun nümayəndəsi) yaşadığı evin qaz xəttinə sayğacdan kənar qoşulma halı olsa da, həmin evdə olan qaz cihazlarından faktiki istifadə müddətinin aktda qeyd edildiyindən xeyli az olduğunu, eyni zamanda, sayğac üzrə istifadə edilmiş təbii qaza görə yaranmış 267,74 manat borcun məhkəməyə müraciət olunduqdan sonra ödənildiyini bildirərək iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələbinin əsası kimi tərəflər arasında bağlanmış təbii qazdan istifadə müqaviləsinə, qaz sayğacının yoxlanılması haqqında, təbii X5nın pozulması haqqında aktlara, dəymiş ziyanın bərpasına dair tələbnaməyə və abonentin saldosuna istinad edir. Cavabdehin nümayəndəsi iddiaçının yaşadığı evdə olan təbii qazdan sayğacdan kənar istifadə edilməsi halına görə “İstehlakçılar tərəfindən təbii X5nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarına uyğun olaraq hesabat aparıldığını, buna görə yaranmış 5431,68 manat debitor borcun indiyədək də ödənilmədiyini, iddiaçının sayğac üzrə istifadə etdiyi təbii qaza görə yaranmış 267,74 manat borcun isə məhkəməyə müraciət olunduqdan sonra ödənildiyini bildirir. Cavabdeh də ilk iddia tələbinə etirazı olaraq, həmçinin, qarşılıqlı iddia tələbinin əsası kimi tərəflər arasında bağlanmış təbii qazdan istifadə müqaviləsinin, qaz sayğacının yoxlanılması haqqında, təbii X5nın pozulması haqqında aktların, dəymiş ziyanın bərpasına dair tələbnamənin surətlərini, abonentin saldosunu məhkəməyə təqdim etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə tərəflərin ilk və qarşılıqlı iddia tələblərinə münasibətini nəzərə alaraq və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, həm ilk iddia tələbi, həm də qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, Lənkəran X6 İdarəsi tərəfindən iddiaçının yaşadığı evdə təbii X5 yoxlanılarkən qaz xəttinə sayğacdan kənar qoşulma faktı aşkar edilmiş və bununla bağlı akt tərtib edilmişdir. Qeyd olunan aktda iddiaçının yaşadığı evdə istifadə olunan qaz cihazlarının sayı və növü də dəqiq şəkildə sadalanmışdır. İddiaçı özü də həmin akta imza etmiş, bununla da aktda qeyd olunanlarla razılaşdığı barədə fikir ifadəsini nümayiş etdirmişdir. Eyni zamanda, iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi də iddiaçının yaşadığı evin qaz xəttinə sayğacdan kənar qoşulma halı olmasını, iddiaçıya məxsus evdə xx.xx.2023-cü il tarixli aktda qeyd edilən sayda və növdə təbii qaz işlədicisi olan cihazlardan istifadə edildiyini etiraf edir. Qeyd olunan əsaslara görə məhkəmə iddiaçının öz yaşadığı evin qaz xəttinə sayğacdan kənar qoşulma halı olması barədə məlumatının olmadığı, eyni zamanda, qaz cihazlarının sayı, yaşadığı evdə mövcud olmayan qaz cihazları ilə hesablama aparıldığı barədə iddia tələbində qeyd etdiyi, dəlillərini əsassız hesab edir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, iddiaçının yaşadığı evdə aşkar edilmiş, təbii qaz xəttinə sayğacdan kənar qoşulma faktı ilə bağlı qaz təchizatçısına dəymiş maddi ziyan iddiaçıdan tutularaq cavabdehin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X5”nın 2.11-2-ci bəndində qeyd edilmişdir ki, qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra - qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Həmin qaydaların 5.2-ci bəndində qeyd edilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydalara 2 nömrəli Əlavənin 2.1.9-cu bəndinə əsasən istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) paylayıcının vəzifələridir. “İstehlakçılar tərəfindən təbii X5nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarına əsasən istehlakçı tərəfindən sayğacdan əvvəl qaz xəttinə qoşulma ilə X5nın pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iddiaçının yaşadığı evdə aşkar edilmiş, təbii qaz xəttinə sayğacdan kənar qoşulma faktı ilə bağlı qaz təchizatçısına dəymiş maddi ziyanın (qaz sərfiyyatı) miqdarını müəyyən edərkən qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda iddiaçının yaşadığı evdə təbii qaz işlədicisi olan cihazlardan faktiki istifadəyə görə - 1 ədəd PQ-4, 2 ədəd PQ-3 üçün ilboyu istifadə kimi 365 gün, 1 ədəd dəmir soba, 2 ədəd radiator sobası, 1 ədəd kamin üçün isə qış mövsümündə istifadə kimi 180 gün sərfiyyat hesablanmış olsa da və bu cür hesablanma “İstehlakçılar tərəfindən təbii X5nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarının tələbləri ilə əsaslandırılsa da, həmin qaydalarda təbii qaz xəttinə sayğacdan kənar qoşulmaya görə belə bir müddətlərlə hesabatın aparılması bilavasitə nəzərdə tutulmamışdır. 1 ədəd dəmir soba, 2 ədəd radiator sobası və 1 ədəd kamindən qış mövsümündə istilik enerjisi almaq məqsədi ilə istifadə edilərkən 180 gün (yerli iqlim şəraitinə uyğun olaraq qış ayları və digər soyuq aylarda 6 ay ərzində) üçün mütəmadi olaraq, yəni 24 saat ərzində sərfiyyat hesablanması ağlabatan olsa da, 1 ədəd PQ-4 və 2 ədəd PQ-3 cihazlarından ilboyu 365 gün ərzində mütəmadi olaraq 24 saat ərzində istifadə edilmiş olması inandırıcı deyildir. Belə ki, həmin qaz cihazları təyinatına görə çay, yemək və digər qida növlərinin hazırlanmasında istifadə edildiyindən gün ərzində səhər yeməyi, nahar, şam yeməyi, uşaq qidaları, pəhriz qidalar və sair ərzaqların hazırlanması, habelə, digər növbədənkənar işlərlə bağlı qeyd olunan qaz sayğaclarından bir gündə maksimum 4 saat ərzində istifadə edilməsi ağlabatandır. Bununla yanaşı, məhkəmə həmin qaz cihazlarının gündəlik tələbatda istifadə edilən avadanlıqlar olmasını nəzərə alaraq onlardan ilboyu 365 gün ərzində hər gün istifadə edilmiş olması faktını qəbul edir. Qeyd olunan əsaslarla məhkəmə iddiaçının yaşadığı evdə təbii qaz xəttinə sayğacdan kənar qoşulma ilə 1 ədəd PQ-4 və 2 ədəd PQ-3 cihazlarından istifadəyə görə qaz sərfiyyatının miqdarını ilin 365 günündə hər gün 24 saat üçün deyil, 4 saat üçün hesablanmasını qanuni, əsaslı və ədalətli hesab edir. Belə olan halda, iddiaçının yaşadığı evdə təbii qaz xəttinə sayğacdan kənar qoşulma ilə bağlı itirilmiş təbii qaz sərfiyyatı istilik enerjisi cihazlarına görə xx.xx.2023-cü il tarixli aktda qeyd edildiyi kimi 180 gün ərzində hər gün 24 saat olmaqla - 1 ədəd dəmir soba üçün 6048 kub metr, 2 ədəd radiator sobası üçün 6912 kub metr (hər biri üçün 3456 kub metr olmaqla), 1 ədəd kamin üçün 7776 kub metr, digər cihazlara görə isə 365 gün ərzində hər gün 4 saat olmaqla - 1 ədəd PQ- 4 üçün 1752 kub metr, 2 ədəd radiator sobası üçün 2336 kub metr (hər biri üçün 1168 kub metr), ümumilikdə bütün cihazlar üçün 24.824 kub metr miqdarında, həmin miqdarda təbii qazın dəyəri isə 2978,88 manat həddində müəyyən edilməlidir. 24.824 kub metr miqdarında itirilmiş təbii qaz sərfiyyatının dəyəri olaraq 2978,88 manat debitor borc iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir. İddiaçının hesabına işlənmiş 45.264 kub metr itirilmiş təbii qazın 20.440 kub metrdən ibarət hissəsi və onun dəyəri olan 2452,80 manat debitor borc isə silinməli, ilk iddia tələbi də həmin miqdarda təbii qaz və onun dəyəri olan debitor borc həcmində təmin edilməli, digər hissədə təmin edilməməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi də 24.824 kub metr miqdarında itirilmiş təbii qaz sərfiyyatının dəyəri olan 2978,88 manat debitor borc həcmində təmin edilməli, digər hissədə təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin təbii qazdan istifadəyə görə sayğac göstəricisi üzrə hesablanmış borcla bağlı iddiaçıdan 267,74 manat pul tutulmasına dair hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğac üzrə sərfiyyat göstəricilərinə görə hesablanmış 267,74 manat borcun məhkəməyə müraciət olunduqdan sonra ödənildiyi müəyyən edilmiş, cavabdehin nümayəndəsi özü də bu faktı inkar etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin əsaslara görə məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi iddiaçının yaşadığı evdə istifadə edilmiş və sayğac göstəricisi üzrə hesablanmış 267,74 manat borcun tutulmasına dair hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırki iş üzrə iddiaçı ilk iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddiaçı olaraq qanunvericiliyə görə məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunan şəxs olsa da, qarşılıqlı iddia tələbi üzrə cavabdeh olduğuna görə qarşılıqlı iddia tələbinin ödənilmiş hissəsinə mütənasib olaraq ondan dövlət rüsumu tutulmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla qarşılıqlı iddia tələbinin dövlət rüsumunun tutulmasına dair hissəsi də qismən təmin edilməli, iddiaçıdan tutulmalı olan 2978,88 manat debitor borca mütənasib olaraq, məhkəməyə müraciət etmək üçün ödənilmiş 76,99 manat dövlət rüsumu məbləğinin 49,79 manatdan ibarət hissəsi və 0,40 manat bank xidmət haqqı iddiaçıdan tutularaq cavabdehə qaytarılmalı, 76,99 manat dövlət rüsumu məbləğinin 27,20 manatdan ibarət hissəsi cavabdehin özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5431,68-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İlk iddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" İstehsalat Birliyi tərəfindən xx.xx.2023-cü il tarixli akt əsasında İddiaçı hesabına işlənmiş 45.264 kub metr itirilmiş təbii qazın 20.440 kub metrdən ibarət hissəsi və onun dəyəri olan 2452,80 manat debitor borc silinsin. İlk iddia tələbinin digər hissəsi təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçı yaşadığı evdə təbii qazdan istifadəyə görə itirilmiş təbii qazın dəyəri olaraq hesablanmış 2978,88 manat borc, qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 76,99 manat dövlət rüsumu məbləğinin 49,79 manatdan ibarət hissəsi və 0,40 manat bank xidmət haqqı - cəmi 3029,07 manat məbləğ İddiaçı tutularaq cavabdeh "xxxx" X4 Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** nömrəli hesabına ödənilsin. Qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 76,99 manat dövlət rüsumu məbləğinin 27,20 manatdan ibarət hissəsi cavabdeh "xxxx" İstehsalat Birliyinə aid edilsin. Qarşılıqlı iddia tələbinin digər hissəsi təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar