Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2528/2024 10.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 85.520 manat (səksən beş min beş yüz iyirmi manat) pulun və ödənilmiş 347.52 manat (üç yüz qırx yeddi manat 52 qəpik) dövlət rüsumunun alınıb ona, yəni İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cəlilabad rayonunun Maşlıq kəndində yaşamaqla kənd təsərrüfatı ilə məşğul olur. Ailənin ərzaq təminat və ailənin digər ödəniş xərclərinin təmin edilməsi məqsədi ilə ona məxsus olan torpaq sahələrində kartof məhsulu yetişdirir və həmin kartofun bir hissəsini ailənin ərzaq təminatı üçün saxlanılmaqla bir hissəsi də satışa çıxarılır. 2023-cü ilin aprel-may aylarında Lənkəran rayonunun Şağlaser kənd sakinləri Cavabdeh və onun oğlu X41 təsərrüfatda becərdikləri kartof məhsulunu ondan nisyə alıb sonradan bir neçə gün keçdikdən sonra gəlirib pulunu ödəmişdir. Beləliklə, onlar onun etibarını qazanmışlar. 2023-cü ilin may ayında Cavabdeh və onun oğlu X41 yaşadığı ünvana gələrək onun özündə olan kartof məhsulunu və tanığı digər şəxslərdə də kartof olarsa həmin şəxslərlə də danışıq aparıb onların da məhsullarını nisyə almalarına köməklik göstərməyini xahiş etmişlər. O da həmkəndliləri olan X19, X4, X5, X8, X14, X9, X33, X46, X10. X47, X11, X20, X48, X34, X2, X15, X3, X24, X25, X42, X6, X26, X35, X21, X7, X22, X16, X27 ilə görüşüb bu barədə danışmış və həmin şəxləri öz həmkəndliləri ilə də tanış eldikdən sonra həmkəndliləri onu hazırki iş üzrə cavabdehi tanıdığı üçün öz kartof məhsullarını onun vasitəçiliyi ilə cavabdehə nisiyə vermişlər, cavabdeh yuxarıda adlarını qeyd eldiyi şəxslərin pulunun bir hissəsini gətirib ayrı ayrı vaxtlarda ona vermiş və o da həmkəndlilərinə pulu vermişdir. Beləliklə, cavabdeh hər dəfə nisyə kartof məhsulu götürəndə pulu ödəmək istədikdə onun vasitəsi ilə həmkəndlilərinə ödəyirdi. Cavabdeh ümumilikdə götürülən kartof məhsulunun dəyərinin bir qismini ödəsə də, ödənilməmiş pulu bir neçə günə qaytaracağı vədini verməklə aparmış və sonradan həmin pulu heç bir əsas gətirmədən onları aldadaraq kartof məhsulunun dəyərini ödəməkdən imtina etmişdir. Həmin pulları onlardan tələb etsələr də ata və oğul olan Lənkəran rayon sakinləri onların pullarını mənimsəmiş və ümumilikdə onlara 85.520 manat məbləğində ziyan vurmuşlar. İddiaçı məhkəmə iclasında iştirak edərək, iddia tələbini müdafiə etməklə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddia tələbində adlarını qeyd etdiyi özündən başqa 28 nəfər Cəlilabad rayonunun Maşlıq kənd sakinləri ilə Cavabdeh onlarda becərdikləri kartof məhsullarını almaq üçün o özü tanış etmişdir. Bundan sonra Cavabdeh özü şəxsən bir-bir həmin şəxslərlə görüşmüş, becərdikləri kartof məhsulunun qiymətini onlarla razılaşmış və kartof məhsullarını onlardan təhvil almışdır. Sonradan kartof məhsulu aldığı şəxslərə həmin məhsulların dəyərini Cavabdeh şəxsən ödəmişdir. Onun özünə də şəxsən Cavabdeh 12.312 manat borcu vardır. Belə ki, həmin borcun 1.512 manat olan hissəsi ondan şəxsən aldığı kartof məhsuluna görə yaranmmışdır. Borcun digər hissəsi isə kənd sakinlərindən alınan kartof məhsullarının yük maşınlarına yüklənməsi üçün Cavabdeh əvəzinə ödədiyi ödənişlərə dair yaranmışdır. O, bu barədə polis orqanına da müraciət etmişdir. Məhkəməyə sübut kimi təqdim etdiyi CD diskdə olan səs yazısında da polis sahə rəisi Ağazadə Fərasətlə Cavabdeh arasında olan danışıqdan da cavabdehin ona borcu olduğu təsdiqlənir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək, iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, qardaşı olan Cavabdeh iddiaçı Vüsal Alışanovla 10 ilə yaxın aralarında kartof alveri olub. Hazırda Cavabdeh Vüsal Alışanova heç bir borcu qalmamışdır. Əksinə qardaşı Cavabdeh Vüsal Alışanova 40 ton toxumluq kartof vermişdir ki, Vüsal Alışanov hal-hazıradək həmin kartofun pulunu İqbala borclu qalmışdır. İddia tələbi tamamilə əsassız olmaqla, heç bir sübuta əsaslanmır. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X49 izahatında bildirdi ki, o, Cəlilabad rayonunun Maşlıq kəndində yaşayır və kənd təsərrüfatı ilə məşğul olur. Cavabdeh onun qapısına X28 gətirmişdir. O, həyətyanı sahəsində becərdyi kartofu satmaqla əlaqadar Cavabdeh ilə şəxsən razılaşaraq, qiyməti də onunla razılaşmışdır. Bundan sonra kartof məhsulunu sahəsindən toplayaraq İqbala təhvil vermişdir. Hazrda Cavabdeh ona nisyə verdiyi 197 kisə kartof məhsuluna dair 3497 manat borcu qalıb. Həmin kartofu iki ilə yaxındır ki, İqbala vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X36 izahatında bildirdi ki, o, Cəlilabad rayonunun Maşlıq kəndində yaşayır və kənd təsərrüfatı ilə məşğul olur. Vüsal Alışanov həmkəndlisidir. X1 qapısına gətirib kartof alıcısı kimi təqdim etmişdir. Sonradan İqballa aralarında qiyməti razılaşıb və ona nisyə olaraq 150 kisə kartof vermişdir. Satdığı nisyə kartofdan İqbalın ona 2707 manat borcu qalmışdır. Məhkəmə, tərəflərin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, tələb təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Cəlilabad RPŞ-nin TB-nin təhqiqatçısı, polis polkovnikleytenantı İlkin İsmayılov tərəfindən tərtib edilmiş 26 dekabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın təsviri-əsaslandırıcı hissəsində Lənkəran rayonun Şağlaser kənd sakinləri Cavabdeh, X23 və Cəlilabad rayonu Maşlıq kənd sakini X13 əməllərində Azərbaycan Respublikasının CM-nin 178-ci (dələduzluq) maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri aşkar olunmadığına görə barələrində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Cəlilabad RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru Rasim Hünbətov tərəfindən tərtib edilmiş 19 fevral 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın təsviri-əsaslandırıcı hissəsində Lənkəran rayonun Şağlaser kənd sakinləri Cavabdeh, X23 və Cəlilabad rayonu Maşlıq kənd sakini X13 əməllərində Azərbaycan Respublikasının CM-nin 178-ci (dələduzluq) maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri aşkar olunmadığına görə barələrində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Cəlilabad RPŞ-nin TB-nin təhqiqatçısı, polis polkovnikleytenantı Əflatun Məmmədov tərəfindən tərtib edilmiş 24 iyun 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarla HK-1-423 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbinə qiymət vermək üçün ilk öncə onun bu barədə iddia qaldırmağa subyektiv hüququn sahibi olub-olmamasını müəyyən etmək vacibdir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı iddia tələbində adlarını qeyd etdiyi şəxsləri kartof məhsullarını almaq məqsədi ilə cavabdehlə şəxsən tanış etməsinə baxmayaraq, məhsulun qiyməti də daxil olmaqla bütün danışıqlar cavabdehlə həmin şəxslərin özü arasında şəxsən aparılmış, cavabdeh mütəmadi aldığın məhsulların dəyərini cavabdehlərə şəxsən ğdəməsi barədə razılaşmışdır. Məhsullar sahibləri tərəfindən şəxsən cavabdehə təhvil verilmişdi. Hazırda cavabdehlə iddia tələbində adı çəkilən 28 nəfərin arasında kartof məhsullarının alqı-satqısı ilə bağlı razılaşmadan irəli gələn öhdəliklər pozulmuşdursa, razılaşma tərəfləri pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İddiaçının isə razılaşma tərəfi olmadığı halda, cavabdehlə iddia tələbində adı çəkilən 28 nəfəri tanış etməsinə istinad edərək, sonuncular arasındakı razılaşmaya əsasən cavabdehin 28 nəfərə yaranmış (yaranması ehtimal edilən) borclarına görə həmin borcların cavabdeh tərəfindən ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Ona görə də iddia tələbi cavabdehin iddia ərizəsində adları çəkilən 28 nəfərə yaranmış borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində rədd edilməlidir. Məhkəmə, aşağıda qeyd edilənlərə əsasən iddiaçının özünə münasibətdə iddia tələbini əsassız hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, ...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir... Çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir...Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Hazırkı mübahisədə cavabdehin ona borcunun olduğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahata əsaslanmaqla sübut etməyə çalışmışdır. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan borcun yaranmasına əsas olacaq dəlillərini təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməli idi. Lakin bu hallarla bağlı yalnız iddiaçının mülahizə xarakterli izahatı mövcuddur ki, həmin izahat da formal əsaslar kimi qiymətləndirilir. Belə ki, iddiaçının izahatı iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Eyni zamanda, məhkəmə tərəfindən iddiaçının təqdim etdiyi CD diskdəki səs yazısı dinlənilmiş, həmin səs yazısındakı danışıqlar iddiaçı (iddia ərizəsində adları çəkilən şəxslər) və cavabdeh arasında aparılmamış, bundan əlavə, danışıqlarda cavabdehin konkret olaraq hansı şəxsə hansı məbləğdə borcunun olduğunu müəyyən etmək mümkün olmamışdır. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən «birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Belə ki, qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz». Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Odur ki, məhkəmə, CD diski və həmin diskdəki səs yazısı mətninin əks olunduğu cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarları sübut kimi qəbul etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, idiaçı tərəfindən ödənilmiş 347,52 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiası təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 347.52 manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-2528/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2528/2024
10.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver