Məhkəmə qərarları › İş №2(049)-2559/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2559/2023

28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2559/2023 28.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbi və pul tələbi üzrə əldən çıxmış mənfəətin tutulması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il taixli kredit müqaviləsi üzrə 200,00 manat əsas borc, xx.xx.2020-ci il tarixli 9490 saylı kredit müqaviləsi üzrə 4775,00 manat əsas borc, 620,00 manat faiz borcu, 1138,30 manat cərimə (dəbbə) borcu və 239,00 manat gecikdirilmiş vaxt üçün AR MM-nin 445.7 maddəsi üzrə hesablanmış 5% əldən çıxmış mənfəət borcu olmaqla ümumlikdə 6972,30 manat borc və ödənilmiş 90,00 manat dövlət rusumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Lənkəran şəhəri E.Əliyev keçəsi 13 ünvanında yerləşən “Qala Electroniks” məişət əşyaları və elektronika mallarının satışı dükanında faəliyyət göstərir. Fiziki şəxs kimi 6 saylı vergilər idarəsində qeydiyyatdadır və ********** saylı VÖEN üzrə fəaliyyət göstərib vergi ödəyir. “Qala Electroniks” dükanında məişət əşyaları, texnika malların və ona lazımi avadanlıqlarının nağd və ödənişini hissəhissə ödəmək şərtilə kredit kimi malların satışını həyata keçirir. İşlədiyi müddətdə ondan ünvan 2i ünvanında qeydiyyatda olan və hazırda yaşayan Cavabdeh1 alış məqsədilə 29 yanvar 2020-ci il tarixində 9490 saylı kredit müqaviləsi üzrə Samsung UE55RU7140UXRU 1134,00 manat dəyərində, Samsung UE43RU7200UXRU 879,00 manat dəyərində, Samsung 33J3420SA 1142,00 manat dəyərində, Samsung 65K52E69S EL 835,00 manat dəyərində və AUX 12 E1 765,00 manat dəyərində, məişət avadanlıqları almışdır. İlkin məbləğ olaraq 0 manat ödəniş etmişdir. Vətəndaş 4755,00 manat məbləğində məişət avadanlığı kreditlə aldığı üçün 20 manat komissiya xidmət haqqı olaraq hesablanmışdır. Ümumilikdə borclu 4775,00 manat dəyərində əmlakı almış və 4775,00 manat məbləği 12 ay müddətinə illik faizi 12 faiz olmaqla, vaxtında ödəmədiyinə görə faktiki faiz məbləğindən əlavə olaraq 22% cərimə faizi olmaq şərtilə xx.xx.2020-ci il tarixli 9464 saylı kredit müqaviləsi bağlamışdır. 12 iyul 2019-cu il tarixli 8354 saylı kredit müqaviləsi üzrə 1505,00 manat dəyərində Samsung UE55RU7300 markalı məişət əşyası, 1530,00 manat dəyərində AUX 12 EL məişət əşyası almışdır. Həmin kredit müqaviləsi üzrə borcunun qismən ödəmiş hazırda 200,00 manat məbləğində borcu vardır. Cavabdeh1 bu günə kimi aldığı əmlakın ödənişindən xx.xx.2023-cü il tarixində heç bir məbləğ ödəməmiş və qalan 4975,00 manat geri qaytarmamışdır. Cavabdeh1 ilə 4775,00 manat məbləğində məişət avadanlıqlarını təhvil aldığını imzası ilə təsdiq etmişdir. Eyni zamanda Cavabdeh1 Lənkəran şəhəri sakini Cavabdeh2 xx.xx.2019cu il tarixli 8354 saylı kredit müqaviləsi üzrə və xx.xx.2020-ci il tarixli 9490 saylı kredit müqaviləsi üzrə zamin durmuş və imzası ilə zaminliyini təsdiq etmişdir. Kredit müqaviləsinin 4-cu səhifəsində aşağıda zamin yerinə imzası ilə təsdiq etmişdir. Onlara dəfələrlə edilmiş şifahi xəbardarlıqlar və etdiyi zənglər borcun qaytarmasında heç bir irəliləyiş olmamışdır. Vətəndaş Cavabdeh1 yaşadığı ünvana poçt vasitəsilə xəbardarlıq göndərilmiş və kredit müqaviləsi üzrə yaranmış borcun istər əsas, istər faiz və istərsə də cərimə borcunun qaytarılmasında heç bir irəliləyiş olmamışdır. Hazırda vətəndaş Cavabdeh1 xx.xx.2023-cü il tarixinə müştərinin xx.xx.2019-cu il tarixli 8354 saylı kredit müqaviləsi üzrə 200 manat əsas borcu, xx.xx.2020-ci il tarixli 9490 saylı kredit müqaviləsi üzrə mağaza qarşısında 4775,00 manat əsas borc, 620,00 manat faiz borcu, 1138,30 manat cərimə (dəbb) borcu və 239,00 manat gecikdirilmiş vaxt üçün Mülki Məcəllənin 445.7-ci maddəsi üzrə hesablanmış 5 % əldən çıxmış mənfəət olmaqla, ümumilikdə 6972,30 manat borcu movcuddur. İddiaçı nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu çıxış edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Daha sonra məhkəmə MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə bildirişi cavabdehlərin qeydiyyat ünvanı üzrə icra nümayəndəliyinə təqdim edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Buna görə də məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş: İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 12 iyul 2019-cu il tarixli, 8354 №-li kredit müqaviləsindən görünür ki, alıcı 1505,00 manat dəyərində Samsung UE55RU7300 markalı məişət əşyası və 1530,00 manat dəyərində AUX 12 EL məişət əşyası almışdır. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 29 yanvar 2020-ci il tarixli, 9490 №-li kredit müqaviləsindən görünür ki, alıcı Samsung UE55RU7140UXRU 1134,00 manat dəyərində, Samsung UE43RU7200UXRU 879,00 manat dəyərində, Samsung 33J3420SA 1142,00 manat dəyərində, Samsung 65K52E69S EL 835,00 manat dəyərində və AUX 12 E1 765,00 manat dəyərində məişət avadanlıqları almışdır. Hökumət ödəniş portalından görünür ki, iddiaçı tərəfindən 90 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sübutları tədqiq edərək, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının izahatından və təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh1 arasında 12 iyul 2019-cu il tarixdə kredit müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan 1505,00 manat dəyərində Samsung UE55RU7300 markalı və 1530,00 manat dəyərində AUX 12 EL markalı məişət əşyalarını 3035 manatı 12 ay müddətində ödəmək şərti ilə Cavabdeh1 mülkiyyətinə verməyi, sonuncu isə satılmış malların dəyərini 12 ay müddətində ödəməyi öhdəliyinə götürmüşdür. Bundan başqa, İddiaçı ilə Cavabdeh1 arasında 29 yanvar 2020-ci il tarixdə kredit müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan 1134,00 manat dəyərində Samsung UE55RU7140UXRU markalı, 879,00 manat dəyərində Samsung UE43RU7200UXRU markalı, 1142,00 manat dəyərində Samsung 33J3420SA markalı, 835,00 manat dəyərində Samsung 65K52E69S EL və 765,00 manat dəyərində AUX 12 E1 markalı məişət əşyalarını 4755 manatı 12 ay müddətində ödəmək şərti ilə Cavabdeh1 mülkiyyətinə verməyi, sonuncu isə satılmış malların dəyərini 12 ay müddətində ödəməyi öhdəliyinə götürmüşdür. İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, razılaşdırılmış mlaralı Cavabdeh1 mülkiyyətinə vermiş, lakin sonuncu üzərinə götürdüyü malın dəyərini tam şəkildə ödəmək öhdəliyini yerinə yetirməmiş və nəticədə hər iki müqavilə üzrə borcu qalmışdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin adı «kredit müqaviləsi» kimi qeyd edilsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-cü maddəsinin tələbi baxımdan müəyən olunur ki, tərəflər arasında yaranmış hüquq münasibətləri borc müqaviləsindən deyil, alqı-satqı müqaviləsi üzrə hüquq münasibətləridir. Belə ki, Mülki Məcəllənin 404-cü maddəsinə əsasən: 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin alqı-satqı müqaviləsini tənzimləyən müddəaları təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar cavabdeh X1 münasibətdə iddianın əsaslılığını təsdiq edir. Belə ki, iddiaçı borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, müqavilə üzrə razılaşdırılmış əmlakı cavabdehin mülkiyyətinə vermişdir. Lakin cavabdeh həmin müqavilə üzrə aldığı əmlakın dəyərini tam şəkildə və vaxtında ödəməmiş və icra etməmişdir. Məhkəmə iddia tələbini Cavabdeh2 münasibətdə əsaslı hesab etmir və bununla bağlı aşağıdakılar qeyd edir: İddiaçı Cavabdeh2 qarşı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh2, tərəflər arasında bağlanmış müqavilələr üzrə ödəniş cədvəlinə imza etmiş və bununla da zamin kimi öhdəliyin icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Mülki Məcələnin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 471-ci maddəsinə görə zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, zamin zamin durduğu başqa şəxsin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürür və müqavilənin icra edilməsinə görə onunla birgə məsuliyyət daşıyır, o halda ki, tərəflər arasında yazılı zaminlik müqaviləsi bağlansın. Zaminlik müqaviləsinin yazılı şəkildə bağlanmaması həmin müqavilənin etibarsızlığına səbəb olur. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Hazırki işin hallarından isə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh2 arasında yazılı zaminlik müqaviləsi bağlanmamış, Cavabdeh2, tərəflər arasında bağlanmış müqavilələr üzrə ödəniş cədvəlinə zamin kimi imza etməsini isə tərəflər arasında arasında bağlanmış zaminlik müqaviləsi hesab etmək olmaz. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Qanunvericiliyin tələbindən də göründüyü kimi tərəflər arasında müqavilə o halda bağlanmış sayılır ki, onlar müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəlmiş olsunlar. Belə olan halda iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqavilələri o halda etibarlı müqavilə hesab edilə bilər ki, iddiaçı ilə Cavabdeh1 arasında 12 iyul 2019 və 29 yanvar 2020-ci il tarixlərdə bağlanmış müqavilələr üzrə ödəniş cədvəlində zaminlik müqaviləsinin predmetinə dair şərtlər, habelə həmin müqavilə üzrə zəruri şərtlər İddiaçılə Cavabdeh2 arasında razılaşdırılmış olsun. Lakin ödəniş cədvəllərindən görünür ki, Cavabdeh2 ilə İddiaçı arasında zaminlik müqaviləsinin predmeti və zəruri şərtləri ilə bağlı hər hansı razılaşma yazılı şəkildə qeyd edilməmiş, yalnız «Zamin» qrafasının qarşısında imza edilərək «Cavabdeh2» yazılmışdır. Bu hal isə qanunvericiliyin tələbi baxımdan zaminlik müqaviləsinin bağlanmış hesab olunmasını istisna edir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi Cavabdeh2 münasibətdə əsassızdır və rədd edilməlidir. Bundan başqa, məhkəmə işin hallarını nəzərə alaraq, mülki məhkəmə icraatı qaydasında müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı dəbbə pulunu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azalda bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə istinad olunanlara əsasən hesab edir ki, işin hallarına görə 1138,30 manat cərimə pulu əsas borcla müqayisədə tənasübsüz surətdə yüksək məbləğdir, həmin məbləğin ödənilməsi ədalətsizliyə səbəb ola bilər. Odur ki, məhkəmə dəbbə pulunun cavabdehdən 400 manat həcmində tutulmasını daha ədalətli hesab edir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 4975 manat əsas, 620 manat faiz, 400 manat cərimə, 239,00 manat gecikdirilmiş vaxt üçün Mülki Məcəllənin 445.7-ci maddəsi üzrə hesablanmış 5% əldən çıxmış mənfəət olmaqla, cəmi 6234 manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 82,34 manat pul alınaraq, İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumunun 7,66 manat hissəsi iddiaçıya aid edilməli və Cavabdeh2 münasibətdə isə iddia rədd edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 4975 manat əsas, 620 manat faiz, 400 manat cərimə, 239,00 manat gecikdirilmiş vaxt üçün Mülki Məcəllənin 445.7-ci maddəsi üzrə hesablanmış 5% əldən çıxmış mənfəət olmaqla, cəmi 6234 manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 82,34 manat pul Cavabdeh1 alınaraq, İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 7,66 manat hissəsi iddiaçıya aid edilsin. İddia Cavabdeh2 münasibətdə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar